Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1066/2021 14.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı «pul» tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110000 (bir yüz on min) ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 07 may 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. 02 avqust 2021-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəmənin dəftərxanasına təqdim edərək, İddiaçıla arasında bağlanmış olan 16 may 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 02 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı ilk iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında biznes əlaqələri olmuş və bu əlaqələrə görə münasibətləri yaranmışdır. Qeyd olunan münasibətə görə də cavabdehə etibarı yaranmışdır. 16 may 2017-ci il tarixdə cavabdeh ondan borca 110000 (bir yüz on min) ABŞ dolları borc istəmiş və o da inandığı üçün həmin məbləği sonuncuya vermişdir. Bununla bağlı 16 may 2017-ci il tarixdə cavabdehlə aralarında borc müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə görə borclu 110000 (bir yüz on min) ABŞ dollarını 16 may 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan borcun verilməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı cavabdehə pulu borc olaraq vermiş və bu günə kimi cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, borcunu qaytarmamışdır. Qarşılıqlı iddiaya münasibət bildirərək qeyd etdi ki, müqavilə notarial qaydada təsdiq edilmiş, müqavilə bağlanan zaman qanunvericiliyin tələblərinə riayət edilmişdir. Bundan başqa müqavilənin əsassızlığına dair hər hansı sübut qarşılıqlı iddiaçı tərəfindən ərizəyə əlavə edilməmişdir. Odur ki, qarşılıqlı iddia tələbi əsassızdır. Məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qarşılıqlı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ilk iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Belə ki, mübahisənin əsasını təşkil edən 16 may 2017ci il tarixli kredit müqaviləsi onu aldadaraq və zor tətbiq edilərək, müqavilənin məzmunu gizlədilərək, yəni “müqaviləyə imza etməsən alış-veriş olmaz” deyilərək imzalatdırılmış, borcu olmamasına baxmayaraq “aralarında olan ticarətin qarantiyası” kimi göstərilərək imza etdirilmişdir. Bundan əlavə müqavilədə göstərilən və iddia ərizəsi üzrə tələb edilən məbləğin ona təqdim edilməsinə dair hər hansı bir sənəd mövcud deyil və ya varsa saxtadır. O, həmin pulu almamışdır. Müqavilə formal olaraq bağlanmış və ona aralarında etibar olsun deyə imzalatdırılmışdır. O, İddiaçıla ticarət əlaqələrinin olmasını inkar etmir. Belə ki, onunla ticarət etdiyi müddətdə aldığı malların və göstərilən xidmətin qarşılığını daim ödəmişdir. Lakin iddiaçının onu aldadaraq imzalatdığı kredit müqaviləsi həqiqəti əks etdirmir. İddiaçı həmin müqaviləni daim ondan alış-veriş etməyi məcburiyyətində buraxmaq üçün ona imzalatmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, Cavabdeh 26 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş şikayətində göstərmişdir ki, onunla İddiaçı arasında hər hansı borc münasibəti mövcud deyildir. Belə ki, o, məhkəmə qaydasında üzərinə həbs qoyulmuş Samux rayonu Sərkər kəndində yerləşən 1 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1707.2 kv.m olan gön-dəri sexinin mülkiyyətçisidir və gön-dəri emalı sahəsində sahibkarlıq fəaliyyəti göstərir. Bu əsasla da onunla eyni sahədə fəaliyyət göstərən İddiaçıla münasibətləri yaranmışdır. Sonuncunun təsisçisi olduğu “Crown Hides LTD” İtaliya istehsalı olan RİZZİ SR6 3000 mm dəri bölmə makinasını 2017-ci ildə Azərbaycan Respublikasına gətirmişdir. Həmin vaxt “Crown Hides LTD” tərəfindən həmin makina burada istifadə edilə bilmədiyindən və makinanın Qazaxıstan Respublikasına aparılması zərurəti yarandığından o, makinanın özünə satılmasını iddiaçıya təklif etmişdir. Ona makinanın dəyərinin 110000 (bir yüz on min) ABŞ dolları olduğu bildirilmiş və o, makinaya görə ödəniş edə bilməyəcəyini, lakin bir-iki ay ərzində makinanın dəyərini malla (dəri ilə) ödəyə biləcəyini təklif etmişdir. Bu əsasla aralarında razılaşma olmuş, lakin İddiaçı ilkin olaraq onu tanımadığından aralarında olan sövdələşməni rəsmiyyətə daşımağı təklif etmişdir. Bu minvalla aralarında 16 may 2017-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Reallıqda isə bu müqavilə yalnız görüntü məqsədilə bağlanmış və iddiaçı tərəfindən ona qeyd olunan pul vəsaiti verilməmişdir. Bir neçə ay sonra o, makinanın pulunu malla (dəri ilə) ödəmişdir. Qeyd olunan xüsusatlar Bakı şəhəri Qaradağ RPİ-nin 08 dekabr 2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında əks olunmuşdur. Hazırkı mübahisənin yaranmasına səbəb əslində iddiaçı deyil, iddiaçının Azərbaycan Respublikasındakı nümayəndəsi Ablikim Mirsalehdir. Belə ki, mülkiyyətində olan daşınmaz əmlak obyekti tərəfindən 01 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi ilə X1 icarəyə verilmiş, sonuncu isə həmin obyekti subicarə hüququ üzrə 19 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Ablikim Mirsalehin təsisçisi və rəhbəri olduğu “Akyol İnternational" MMC-yə icarəyə vermişdir. Bir müddət sonra H.Hüseynovla A.Mirsaleh arasında mübahisə yaranmış, H.Hüseynov "xxxx" MMC-yə qarşı 19 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, obyektin boşaldılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra X3 Hüseynovun iddia qaldırmasında onu günahkar bilmiş, H.Hüseyn və ona qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, obyektin aylıq icarə haqqını ödəməməyə başlamışdır. Qeyd olunan məhkəmə mübahisəsi 11 aya yaxındır ki davam edir və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(003)-2430/2020 saylı, 20 noyabr 2020-ci il tarixli, 2(003)-2430/2020 saylı və 12 mart 2021-ci il tarixli 2(003)- 175/2021 saylı və 19 may 2021-ci il tarixli, 2(003)-2430/2020 saylı qərardadları ilə “Akyol İnternational" MMC-yə məxsus ümumilikdə 234200 (iki yüz otuz dörd min iki yüz) manat dəyərində əmlaklarının üzərinə həbs qoyulmuşdur. Qeyd olunan məsələlərə görə Ablikim Mirsaleh onu günahkar bildiyindən onun sahibkarlıq fəaliyyətinə mane olmaq, ona ziyan vurmaq və nəhayət ona təsir göstərmək niyyəti ilə əslində əhəmiyyətsiz olan bir əqd üzrə ona qarşı iddia qaldırılmasına və əmlakının üzərinə həbs qoyulmasına nail olmuşdur. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, “borc verən” – İddiaçı “borc alan” – Cavabdeh 187000 (bir yüz səksən yeddi min) manat ekvivalentlə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc vermişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndindən görünür ki, "borc alan" – Cavabdeh krediti 16 may 2018-ci il tarixədək “borc verən” – Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. Notarius tərəfindən şəxsiyyəti müəyyən edilməklə İddiaçı tərəfindən 16 may 2017-ci il tarixdə şəxsən yazılmış ərizənin təsdiq edilmiş surətindən görünür ki, Qazaxıstan Respublikası vətəndaşı İddiaçı Cavabdeh 1 il müddətinə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc verdiyini bildirmişdir. Notarius tərəfindən şəxsiyyəti müəyyən edilməklə Cavabdeh tərəfindən 16 may 2017ci il tarixdə şəxsən yazılmış ərizənin təsdiq edilmiş surətindən görünür ki, Məmmədov X2 Respublikası vətəndaşı İddiaçı 1 il müddətinə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc aldığını bildirmişdir. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 187000 (bir yüz səksən yeddi min) manat ekvivalentlə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc verilmiş, müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini 16 may 2018-ci il tarixədək ödəməli olmuşdur. Cavabdeh hazırkı vaxtadək borcundan heç bir ödəniş etməmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdeh tərəf qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbində borcun yaranmasının əsası kimi göstərilən kredit müqaviləsini mübahisələndirmiş, müqavilənin görüntü xatirinə bağlandığını, iddiaçıdan 110000 (bir yüz on min) ABŞ dolları məbləğində makina aldığını və makinanın pulunu malla (dəri ilə) ödədiyini bildirmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Məhkəmə ilk iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı kredit müqaviləsi üzrə 110000 (bir yüz on min) ABŞ dolları pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşır. Belə ki, cavabdeh tərəf öz ifadəsində iddiaçıdan 110000 (bir yüz on min) ABŞ dolları məbləğində makina aldığını, makinanın pulunu malla (dəri ilə) ödədiyini, müqavilənin formal bağlandığını, müqavilə bağlamağa məcbur edildiyini bildirsə də, cavabdeh tərəfindən iddiaçıya ödəniş müqabilində hər hansı mal verməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, bu hallar məhkəmə iclasında təsdiq edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfin qeyd etdikləri məqsədli şəkildə iddianın təmin edilməməsinə yönəldilmişdir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Həmin Məcəllənin 339.4-ci maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin sərbəst iradə ifadəsini ifadə etmiş, müqavilə bağlanarkən onun etibarsızlığa səbəb ola biləcək hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa Cavabdeh həmin müqaviləni görüntü xatirinə bağladığını, ona heç bir məbləğdə pul verilmədiyini bildirsə də, məhkəmə tərəfindən müqavilənin rəsmiləşdirildiyi Bakı şəhəri 19 saylı notariat kontoruna sorğu verilmiş, cavabdehin öz xətti ilə pulu aldığını göstərdiyi ərizə notariat işində aşkar edilmişdir. Həmçinin, Cavabdeh onunla İddiaçı arasında bağlanmış, 16 may 2017-ci il tarixli, 3M- 304 reyestr nömrəli kredit müqaviləsinin etibarsızlığını və ya həmin əqdi bağlamağa məcbur edildiyini (zorakılıq və ya hədələmə) sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclasında da bu cür hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən ilk iddia təmin edilərək Cavabdeh 110000 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, əsassız olduğundan Cavabdeh “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh 110000 (bir yüz on min) ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh «İddiaçıla arasında bağlanmış olan 16 may 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1066/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1066/2021
14.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver