Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1067/2021 19.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şahir oğlunun iştirakları ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şahir oğluna qarşı "mənəvi zərərin əvəzində təzminatın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun barəsində işlətdikləri şər-böhtan xarakterli ifadələrin onlar tərəfindən təkzib edilməsi, kənd camaatı içərisində ondan üzr istəmələri, həmin şəxslərin kimin tərəfindən öyrədilməsi və ona dəymiş mənəvi zərərin əvəzində təzminat olaraq 2000 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə ona qarşı şər-böhtan xarakterli ifadələrlə Şəki Şəhər-Rayon Polis Şöbəsinə şikayət ərizələri ünvanlamışlar. X1 polis idarəsinə dəvət etmiş və onun haqqında həmin şəxslər tərəfindən ərizə daxil olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən onun barəsində şikayət ərizəsi oxuduqda aydın olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun barəsində şər-böhtan xarakterli ifadələrlə Azərbaycan Respublikası Prezidentinə və Milli Təhlükəsizlik Xidmətinə şikayət ərizəsi ünvanlamışlar. Onların ərizəsində belə qeyd edilir ki, guya o, hərbi xidmətini Surət Hüseynovun təxribat tipli hərbi xidmətində zabit kimi xidmət etmiş və fərarilik etmişdir. Birinci Qarabağ müharibəsində ermənilərdən qarət kimi əşyalar gətirib kənddə satmışdır. Onun qazi olmağı həmin şəxslər üçün şübhə doğurur. O, 1993-cü ilin noyabr ayında müharibədə yaralanmış və buna dair bütün sənədləri qaydasındadır. O, başqa dövlətdə ailə qurmuş və boşanmışdır. Sual olunur ki, bu məsələnin həmin şəxslərə nə dəxli var? Ölkə başçısının verdiyi göstəriş əsasında qanuni sənədləri olan və anasının adına olan kafenin arxa hissəsində 150 ədəd ağac əkdirmişdir. O, bu işi ölkə başçısının çağırışı əsasında etmişdir. Həmçinin Şəki şəhər İcra Hakimiyyətindən də buna dair qanuni, rəsmi məktub almışdır. Cavabdehlərin iddialarına görə guya o, Rusiyada kirli pullar qazanaraq kənddə özünə ev, anasının adına kafe tikmişdir. Bütün bunlar şər-böhtan xarakterlidir. Bu işlərin hamısı təxribat xarakterlidir. Artıq neçənci dəfədir ki, bu cür hadisələr təkrar olunur. O, əsəb, qıcanma keçirərək dövlət xəstəxanalarında müalicə olunmuşdur. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 Şahir oğlu izahat verərək göstərdi ki, İddiaçı onun həmkəndlisidir. İddiaçı yaşadıqları kəndin giriş hissəsində “İlkin" adlı kafenin sahibidir. Dəfələrlə həmin kafenin ətraf hissəsini təmizləmək istəyərkən İddiaçı ona və iş yoldaşı İlqara öz iradlarını bildirmiş və buna gorə də aralarında mübahisələr olmuşdur. Hətta o, 2020-ci ilin yay aylarında ondan və İlqardan polis şöbəsinə şikayət etmişdir. Son zamanlar da həmin yerlərin zibilini təmizləyərkən onun və iş yoldaşı İlqarın şəkillərini çəkərək yenidən polis şöbəsinə şikayət edəcəyi ilə onları hədələmişdir. Halbuki, həmin yeri təmizləmək onların vəzifəsidir, bu barədə dəfələrlə Namiq Haşımova izah versələr də, İddiaçı buna məhəl qoymamışdır. İddiaçı mütəmadi olaraq onu Qarabağ əlili olması ilə əlaqədar onları hədələyir və həmin şəxsin Qarabağ əlillik statusunu saxta yolla olmasına dair kənd camaatı arasında söhbətlər gəzir. Buna görə də onlar məsələnin araşdırılması və Haşimovun saxta sənədlərlə ikinci qrup əlillik almasının ifşa olunması üçün Azərbaycan Respublikası Prezidendinə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə şikayət ərizəsi göndərmişlər. O, iddiaçı barəsində hər hansı şər-böhtan xarakterli ləkələyici məlumatlar yaymamışdır. O, bu barədə kənd arasında danışmamış, sadəcə Namiqin əlilliyinin araşdırılması üçün dövlət orqanlarına xəbərdarlıq məktubu yazmışdır ki, bu məsələləri yoxlasınlar. Hesab edir ki, iddia əsassızdır və onun rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 da Cavabdeh2 Şahir oğlu ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin TB-nin təhqiqatçısı, polis leytenantı X2 06 aprel 2021-ci tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, HK- 1/388 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin TB-nin təhqiqatçısı, polis başleytenantı X4 26 dekabr 2020-ci tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, HK- 1/1591 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iclasında tərəflərin izahatı nəticəsində müəyyən olundu ki, iddiaçı cavabdehlərin Azərbaycan Respublikası Prezidendinə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə şikayət ərizəsində göstərilən halları əsas gətirərək öz şərəf və ləyaqətinin ləkələnməsi kimi qəbul etmiş və buna görə də məhkəməyə müraciət etmişdir. Cavabdehlər isə iddiaçı barədə kənd arasında dolaşan şayələrin həqiqət olub-olmamasını yoxlanılıb müəyyən etmək üçün Azərbaycan Respublikası Prezidendinə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə məktub ünvanladıqlarını bildirmişlər. İddiaçı iddianı müdafiə etmiş, cavabdehlər isə iddianı qəbul etməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Şərəf, ləyaqət və işgüzar nüfuz insanı bir şəxsiyyət kimi xarakterizə edən qeyri-maddi məzmunlu mənəvi göstəricilərdir. İnsan bu ali keyfiyyətlərə şəxsən özünün davranışı ilə özünü bır şəxsiyyət kimi formalaşdırmaqla və öz insanlıq təyinatına müvafiq hərəkətləri ilə əldə edir. Bu keyfiyyətlərə malik olan insan cəmiyyət qarşısında, onun iştirakçıları qarşısında, nəhayət bir şəxsiyyət kimi şəxsən özü qarşısında öz məsuliyyətini aydın dərk edir və öz davranışını düzgün nizamlayır. Bütün bu keyfiyyətlər insana əxlaqi baxımdan öz davranışını mənəviyyata, qanunlara, əxlaq qaydalarına müvafiq olaraq nizamlamağa imkan verir və bunların nəticəsində insanın özünə qarşı şəxsi münasibəti və ona qarşı cəmiyyətdə ictimai münasibət formalaşır. Şərəf – şəxsin ictimai və şəxsi davranışı barədə mənəvi və əxlaqi prinsiplər baxımından ictimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət qiymətdir. Ləyaqət – şəxsin öz mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə, ictimai davranışına özünün verdiyi qiymətdir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi haqqında işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halda qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi: həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir. Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkənlənməsi kimi qiymətləndirilə bilməz. Qeyd edilən Plenum qərarının 4-cü bəndində göstərilir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülkiprosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi kimi baxıla bilər. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə, yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərdə səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Göründüyü kimi iddiaçı cavabdehlərin Azərbaycan Respublikası Prezidendinə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə şikayət ərizəsində göstərilən halları əsas gətirərək öz şərəf və ləyaqətinin ləkələnməsi kimi qəbul etmiş və buna görə də məhkəməyə müraciət etmişdir. Cavabdehlər isə iddiaçı barədə kənd arasında dolaşan şayələrin həqiqət olub-olmamasını yoxlanılıb müəyyən etmək üçün dovlət orqanlarına Azərbaycan Respublikası Prezidendinə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə məktub ünvanladıqlarını bildirmişlər. Məhkəmə mövcud iddia tələbi ilə əlaqədar qeyd edir ki, "Vətəndаşlаrın mürаciətləri hаqqındа" Аzərbаycаn Respublikаsı Qаnununun 1.1-ci mаddəsinə əsаsən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Göründüyü kimi, Аzərbаycаn Respublikаsının qаnunvericiliyi vətəndаşlаrın dövlət оrqаnlаrınа mürаciət etmək, о cümlədən şikаyət vermək hüququnu tаnımışdır. Bu hüququn həyаtа keçirilməsi ilə əlаqədаr vətəndаşın hər hаnsı fоrmаdа təqib edilməsi yоlverilməzdir. İşdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şahir oğlunun iddiаçı X6 bаrəsində mürаciəti məhz dövlət оrqаnınа etmişlər və bu mürаciət vаsitəsilə qаnun nоrmаlаrınа uyğun оlаrаq ictimai mənаfenin müdаfiəsinə səy göstərmişlər. Analoji hüquqi mövqe oxşar məzmunlu başqa bir mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2012-ci il tarixli (iş № 2(102)-2916/2012) qərarında da əks olunmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun barəsində işlətdikləri şər-böhtan xarakterli ifadələrin onlar tərəfindən təkzib edilməsi, kənd camaatı içərisində ondan üzr istəmələri, həmin şəxslərin kimin tərəfindən öyrədilməsi və ona dəymiş mənəvi zərərin əvəzində təzminat olaraq 2000 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun barəsində işlətdikləri şərböhtan xarakterli ifadələrin onlar tərəfindən təkzib edilməsi, kənd camaatı içərisində ondan üzr istəmələri, həmin şəxslərin kimin tərəfindən öyrədilməsi və ona dəymiş mənəvi zərərin əvəzində təzminat olaraq 2000 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şəki Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1067/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1067/2021
19.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver