Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1118/2021 27.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı Niyazi qızı və onun vəkili Vəkil iştirakları ilə İddiaçı Niyazi qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Niyazi qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3000 manat maddi ziyan, ona cinayətlər törətməkdə böhtan ataraq şərəf və ləyaqətin alçaldılmasına görə vurulmuş mənəvi zərərin əvəzi olaraq hər birinin 20000 (iyirmi min) manat kompensasiya ödənilməsi, onun ətrafında cavabdeh tərəfindən yayılmış yalan məlumatların təkzib edilməsi, cavabdehin ünvanına yazılı məktub göndərməklə üzr istəməsi vəzifəsinin qoyulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı Niyazi qızı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 50000 manat mənəvi ziyanın Cavabdeh1, 20000 manat mənəvi ziyanın Cavabdeh2 və 3000 manat maddi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı Niyazi qızı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhər sakini Cavabdeh2 və Cavabdeh1 barəsində bilə-bilə yalan xəbərçilik edərək onun guya Cavabdeh2 qarşı cinayət törədilməsi barədə yalan xəbərçilik etmişlər (CM-nin 296-ci maddəsi). Belə ki, guya o, 02 yanvar 2021-ci il tarixdə, saat 19-20 radələrində əlinə bıçaq götürərək Elnura hədə qorxu gəlmiş, küçədə söyüşlər söymüşdür. Hər iki şəxs – Cavabdeh2 və Cavabdeh1 onun guya 2 (iki) cinayət törətməyini (CM-nin 134 və 221-ci maddələrində nəzərdə tutulan) Şəki şəhər-rayon Polis Şöbəsinə vermiş olduğu izahatlarında göstərmişlər. Həmin izahatlar onlardan alınan zaman hər iki şəxs şahid formasında CM-nin 297-ci maddəsi ilə məsuliyyət daşımaları barədə xəbərdar edilmişlər. Lakin bu xəbərdarlığa məhəl qoymayaraq Cavabdeh2 və Cavabdeh1 bilə-bilə yalan ifadə vermişlər. O, 02 yanvar 2021-ci il tarixdə, saat 19-20 radələrində oğlunun avtomobili ilə Balakən rayonunda olmuşdur. Bu müşahidə kameralarında da əks olunmuşdur. Onun heç bir cinayət törətmədiyi tam sübuta yetirilərək 02 fevral 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Polisə ünvanlanmış ərizələrdə cavabdehlər guya onun Elnuru ölümlə hədələməyini göstərmişdir. Həmçinin aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, o, həmin tarixdə, yəni 02 yanvar 2021ci il tarixdə, saat 19-20 radələrində Balakən rayonunda olmuşdur. Həmin tarixdə Balakən rayonundan satmaq üçün gül və meyvə tingləri almışdır. O, həmin tinglərə təxminən 2500- 3000 manat pul xərcləmişdir. Həmin gün müstəntiq Zəfər müəllim onu təcili polis şöbəsinə çağırdığından sözügedən tingləri torpağa basdıra bilməmiş, nəticədə ona 3000 manat maddi ziyan dəymişdir. Həmin ziyanı da cavabdehlərdən tələb edir. O, xuliqanlıq – yəni, ətrafda kənar şəxslərin rahatlığını pozan, o cümlədən ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcəli laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafeyinə toxunan hərəkətlərə yol verməmişdir. Yəni cavabdeh onu xuliqan kimi də tutdurmaq istəmişdir. 02 fevral 2021-ci il tarixdə DİN-nin Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Zəfər Cəlilov HK-1/12 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nəticə etibarilə cavabdehlərin onu şərləyərək, yəni üzərinə şər ataraq tutdurmaq, həbs etdirmək niyyəti olmuşdur. Belə ki, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm 134-cü, həm də 221.3-cü maddələri ilə tutdurmaq istəmiş, cinayətlər törətməkdə ittiham etmişlər. Bunun nəticəsində o, stress, əzab, sarsıntı və mənəvi ağrılar çəkmişdir. 3 aya yaxındır ki, onun bu böhtan və şərlər nəticəsində psixiologiyası pozulmuşdur. Hətta bu məsələləri ətrafı bilmişdir. Belə ki, o, Şəki Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində tibb bacısı işləyir. Bu məsələ ilə bağlı bir neçə dəfə Zaqatala Rayon Polis Şöbəsinə çağırılmışdır. Əslində bütün bu olanlara səbəb Cavabdeh1 onu 2 (iki) müxtəlif tarixlərdə döyməsi barədə şikayətlərindən sonra olmuşdur. O, etdiyi şikayətləri geri götürsün deyə cavabdehlər bu yollara əl atır. Onun hansısa qadına qarşı cinayət törətməkdə şərlənməyi cəmiyyətdə qazandığım hörmətə kölgə salır, onun cəmiyyətdə nüfuzunun aşağı düşməsinə gətirib çıxarır. Ona bu cinayətlərlə ittiham verilsə idi, o, cəmiyyət içinə çıxa bilməzdi. Barəsində yalandan edilmiş şikayət onun şərəf və ləyaqətini alçaltmadır. Hesab edir ki, cavabdehlərin etmiş olduqları şər və böhtan xarakterli hərəkətlər nəticəsində onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gəlmişdir. Bu səbəbdən hesab edir ki, yayılan yalan məlumat əxlaqi prinsiplər baxımından həyat yoldaşı, ailə üzvləri və öz ətrafı arasında mənfi rəy yaratmışdır. Cavabdehlər yaşadığı ünvana məktub göndərməklə ondan yazılı formada üzr istəməli və mənəvi zərərin əvəzi kimi ona 20000 manat pul ödəməlidir. Məlumatların yayılması onda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Mənəvi zərərin əvəzinin 20000 manat müəyyən edilməsi ağlabatandır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Niyazi qızı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, aldığı gül və meyvə tingləri aşağıdakılardır: 30 ədəd lyupin 1 ədədi 10 manatdan olmaqla – 300 manat, 5 ədəd Ağ pion 35 manata – 175 manat, 5 ədəd arkideya 25 manat – 125 manat, 4 ədəd auterim 20 manata manat, 3 ədəd ağ prenses 10 manat – 30 manat, 50 ədəd liliya 10 manata – 500 manat, 4 ədəd həmişəyaşıl ağac 20 manat – 80 manat, meyvə ağacları yapon əzgili, yapon alçası, yapon şaftalısı – 16 ədəd 4 manat – 64 manata, 5 ədəd çiyələk ağacı 6 manata – 30 manat, 3 ədəd palma – 35 manata 105 manat, 4 ədəd kivi 8 manata – 32 manat, 5 ədəd yolka budaqları aşağı sallanan 35 manata 175 manat, 6 ədəd gürgü alması 4 manata – 24 manat, 10 ədəd karalyok 8 manata – 80 manat, 12 ədəd gülaçan ağac 35 manata – 420 manat, moruq qırmızı və qara rəngdə iridən 20 ədəd – 160 manat, tənək 10 kök 5 manat – 50 manat, gül 1 gülün içində 5 cür rəngi olan 10 ədəd 100 manat olmaqla, cəmi 2530 manat, toxumlar gül 350 manat, 10 ədəd maqluniya 80 manat olmaqla, cəmi 430 manat. O, aldığı tinglərə, ağaclara və s. cəmi 2960 manat pul sərf etmişdir. Yol xərci olaraq həm yanacaq xərci və yeməyə də 40 manat sərf etmişdir. Beləliklə, ona ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. Həmçinin qeyd etdi ki, Cavabdeh1 onu vurmuş, nəticədə beyin silkələnməsi keçirmiş və qulağının pərdəsi deşilmişdir. Onun xəsarət alması faktı ilə bağlı Şəki ŞRPŞnin İstintaq Bölməsində Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsilə 01 iyul 2021-ci il tarixdə ********* nömrəli cinayət işi başlanılmışdır və hazırda ibtidai istintaqı aparılır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Niyazi qızının vəkili Vəkil İddiaçı Niyazi qızının verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən HK- 1/12 nömrəli material üzrə qəbul edilmiş 02 fevral 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 04 yanvar 2021-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək İddiaçı adlı qadının 02 yanvar 2021-ci il tarixdə oğlu Vasifin idarə etdiyi avtomaşınla yanlarında iki nəfər tanımadığı qadın olmaqla onun qızının yaşadığı evə getdiyini, oğlunun və qadının avtomaşında qaldığını, İddiaçı əlində bıçaqla evə girib yeznəsi Cavabdeh2 ilə qızı Aliyə Nurəlizadəyə hücum edib onları öldürəcəyi ilə hədələdiyini və onların ünvanına nalayiq ifadələr işlətdiyini bildirərək müraciəti ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin, ünvan 3 ünvanında yaşayan Cavabdeh2 04 yanvar 2021-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 02 yanvar 2021-ci il tarixdə, təxminən saat 19 radələrində evdə olarkən İddiaçı adlı qadının əlində bıçaq ilə onun yaşadığı ünvana gedərək onun və həyat yoldaşı Aliyə Nurəlizadənin ünvanına nalayiq ifadələr işlədərək onları öldürəcəyini ilə hədələdiyini bildirmiş və müraciəti ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı tərəflərin ayrı-ayrılıqda izahatları alınmış, İddiaçı Cavabdeh2 hədə-qorxu gəlməsi, onu öldürəcəyi ilə hədələməsi və nalayiq ifadələr işlətməsi faktı öz təsdiqini tapmadığından cinayət işi başlanmasının rədd edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirilməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Şərəf, ləyaqət və işgüzar nüfuz insanı bir şəxsiyyət kimi xarakterizə edən qeyrimaddi məzmunlu mənəvi göstəricilərdir. İnsan bu ali keyfiyyətlərə şəxsən özünün davranışı ilə. özünü bır şəxsiyyət kimi formalaşdırmaqla və öz insanlıq təyinatına müvafiq hərəkətləri ilə əldə edir. Bu keyfiyyətlərə malik olan insan cəmiyyət qarşısında, onun iştirakçıları qarşısında, nəhayət bir şəxsiyyət kimi şəxsən özü qarşısında öz məsuliyyətini aydın dərk edir və öz davranışını düzgün nizamlayır. Bütün bu keyfiyyətlər insana əxlaqi baxımdan öz davranışını mənəviyyata, qanunlara, əxlaq qaydalarına müvafiq olaraq nizamlamağa imkan verir və bunların nəticəsində insanın özünə qarşı şəxsi münasibəti və ona qarşı cəmiyyətdə ictimai münasibət formalaşır. Şərəf – şəxsin ictimai və şəxsi davranışı barədə mənəvi və əxlaqi prinsiplər baxımından ictimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət qiymətdir. Ləyaqət – şəxsin öz mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə, ictimai davranışına özünün verdiyi qiymətdir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi haqqında işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halda qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi: həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir. Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Qeyd edilən Plenum qərarının 4-cü bəndində göstərilir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülkiprosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi kimi baxıla bilər. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə, yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərdə səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. “Vətəndаşlаrın mürаciətləri hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 1.1-ci mаddəsinə əsаsən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Göründüyü kimi, Аzərbаycаn Respublikаsının qаnunvericiliyi vətəndаşlаrın dövlət оrqаnlаrınа mürаciət etmək, о cümlədən şikаyət vermək hüququnu tаnımışdır. Bu hüququn həyаtа keçirilməsi ilə əlаqədаr vətəndаşın hər hаnsı fоrmаdа təqib edilməsi yоlverilməzdir. Analoji hüquqi mövqe oxşar məzmunlu başqa bir mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2012-ci il tarixli (iş №2(102)-2916/2012) qərarında da əks olunmuşdur. İşdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Niyazi qızı bаrəsində mürаciətlərini məhz dövlət оrqаnınа – Şəki ŞRPŞ-yə etmişlər. Bu isə onların Konstitusiyada təsbit olunan hüquqlarıdır. İş üzrə müvafiq araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı Niyazi qızı Cavabdeh1 və Cavabdeh2 3000 manat maddi ziyanın alınıb ona verilməsini xahiş etməsinə baxmayaraq, cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə ona hər hansı bir maddi ziyan vurması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, öz tələbini təsdiq edən sübut qismində yalnız qurumuş və ya qurumaqda olan ağac (ting) fotoşəkilləri təqdim etmişdir. Lakin iddiaçıya həmin miqdarda ziyanın vurulması və bu ziyanın məhz cavabdehlər tərəfindən yetirilməsi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı qurumuş ağac tinglərinin dəyərini tələb etsə də, həmin ağac tingləri qurumuş olsa belə, cavabdehlərin dövlət orqanına şikayəti ilə həmin maddi ziyan arasında səbəbli əlaqə müəyyən edilmir. İddiaçı Niyazi qızı ona dəymiş mənəvi zərər görə 50000 manatın Cavabdeh1 və 20000 manatın Cavabdeh2 alınıb ona verilməsini xahiş etməsinə baxmayaraq, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə əsas ola biləcək cavabdehlərin qanunsuz hərəkətlərinin nədən ibarət olması müəyyən olunmur. Cavabdehlərin iddiaçıdan polisə şikayət etməsi isə qeyri-hüquqi hərəkət kimi qiymətləndirilməməlidir. Həmçinin iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Lakin iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bu hallar şahid ifadələri ilə təsdiqlənməmişdir. Bundan başqa İddiaçı Niyazi qızının xəsarət alması ilə bağlı hallara münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının müraciəti əsasında Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsilə cinayət işi açılmışdır və hazırda ibtidai istintaqı aparılır. Hal-hazıradək təqsirləndirilən şəxs və ya şəxslərin dairəsi müəyyən edilməmiş və ümumiyyətlə həmin işin nəticələrinə hüquqi qiymət verilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Niyazi qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Niyazi qızının «ona vurulmuş 50000 manat mənəvi ziyanın Cavabdeh1, 20000 manat mənəvi ziyanın Cavabdeh2 və 3000 manat maddi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödəlilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1118/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1118/2021
27.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver