Məhkəmə qərarları › İş №2(075)-1127/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1127/2021

29.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1127/2021 29.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2462.31 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək göstərdi ki, İddiaçı onun qardaşıdır. Cavabdeh isə tanışlarıdır. 2015-ci ilin yay aylarında cavabdeh onlara müraciət edərək onu işdən çıxardacaqlarını, təcili 2000 manat pul lazım olduğunu qeyd etmiş, onlardan borc pul istəmiş, onun müxtəlif banklara və şəxslərə borcu olduğundan ona kredit verilmədiyini bildirmişdir. İddiaçı əlində nağd pulu olmadığını bildirmiş, cavabdeh israr etdiyindən ona yazığı gəlmiş və “xxxx” MMC-nin Şəki filialından 2000 manat kredit götürmüş və hər kəsin yanında nağd şəkildə 2000 manat pulu cavabdehə vermişdir. Cavabdeh iddiaçıya narahat olmamalarını, bankın borcunu özü faizlərlə birlikdə ödəyəcəyini bildirmişdir. Lakin Cavabdeh banka olan borcu vaxtında qaytarmamış, iddiaçıya bankdan tez-tez zəng vurulmuş, ona görə də iddiaçı məcbur qalıb “xxxx” MMC-nin Şəki filialına borcu faizlərlə birlikdə özü hissə-hissə ödəmişdir. İddiaçı tərəfindən “xxxx” MMC-yə ödənilmiş borc 2537 manat 31 qəpik təşkil edir. Cavabdeh həmin puldan cəmi bir dəfə 75 manat ödəmişdir. Hal-hazırda Cavabdeh iddiaçıya 2462.31 manat borcu vardır. Cavabdeh 6 ildir ki, borcla əlaqədar 75 manatdan əlavə heç bir ödəniş etməmişdir. Bu səbəbdən ailələri ağır maddi vəziyyətə düşmüşdür. Hətta iddiaçı banka olan borcu qaytarmaqda çətinlik çəkdiyindən müqaviləni 5 ay müddətinə uzatmışlar. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Şəki ŞRPŞ-yə müraciət etmiş, lakin tələb mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhz buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehlə borc barədə dəfələrlə əlaqə saxlamışlar. Lakin cavabdeh hər dəfə telefonda onları hədələmiş, ona heç nə edə bilməyəcəklərini bildirmişdir. Həmçinin, cavabdeh tərəfindən ödənilmiş 75 manatı da banka ödənilmiş cəmi borcdan çıxırlar. Bundan başqa keçən müddət ərzində onlara dəymiş maddi-mənəvi zərəri tələb etmirlər. Onlar halal zəhmətlə, min bir əziyyətlə qazanıb banka ödədikləri pulu cavabdehdən tələb edirlər. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan “xxxx” MMC-nin Şəki filialı ilə İddiaçı arasında bağlanmış 19 iyun 2015-ci il tarixli, L-SK-0037964 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, İddiaçı 12 ay müddətinə illik faiz dərəcəsi 34 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. İddiaçı götürdüyü 2000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. Müqavilə 31 may 2016-cı il tarixdə 5 ay müddətinə uzadılmışdır. İddiaçı tərəfindən götürülmüş 2000 manat kreditə 537.31 manat faiz hesablanmış, cəmi ödəniləcək borc 2537.31 manat təşkil etmişdir. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, “xxxx” MMC-nin Şəki filialına olan 2537.31 manat borc ödənilmişdir. İşdə olan Şəki ŞRPŞ-nin Sarıca PB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş “Telefon danışığı ilə əlaqədar arayış”ın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aşağı Daşağıl kənd sakini İddiaçı nümayəndəsi X1 Şəki ŞRPŞ-nin Sarıca PBnə daxil olmuş 12 may 2021-ci il tarixli müraciətinə baxılıb nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi məzmunlu arayışına əsasən şikayət ərizəsi Şəki ŞRPŞ-nin Sarıca PB-nin dəftərxanasında M-20 nömrə ilə qeydə alınaraq icrası ona həvalə edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar ona məxsus ***-***-**-** nömrəli mobil nömrədən Cavabdeh istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək telefon əlaqəsi yaratmışdır. Həmin nömrəyə gələn zəngə cavab verən şəxs həqiqətən də Cavabdeh olduğunu qeyd edərək həqiqətən də iddiaçının bankdan 2000 manat pul götürüb ona verdiyini etiraf etmiş və maddi durumu aşağı olduğu üçün bu günə qədər cəmi 200 manat qaytara bildiyini, lakin sonralar sözügedən borcu qaytaracağına söz verdiyini bildirmişdir. İşdə olan Şəki ŞRPŞ-nin Sarıca PB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş “İddiaçı nümayəndəsi X1 Şəki ŞRPŞ-nin Sarıca PB-nə daxil olmuş müraciətinə baxılıb nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi məzmunlu Şəki ŞRPŞ-nin Sarıca PB-nə daxil olmuş 12 may 2021-ci il tarixli, M-20 nömrəli məktubu əsasında toplanmış sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, müraciətdəki borc məsələsi mülki xarakterli olmaqla, polis orqanlarının səlahiyyətinə aid olmadığından şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı nəticəsində müəyyən edildi ki, Cavabdeh İddiaçı borc istəmiş, iddiaçı “xxxx” MMC-nin Şəki filialından borc alıb cavabdehə vermiş, cavabdeh borcu faizlərlə birlikdə kredit təşkilatına qaytaracağına razılıq versə də, borcunu ödəməmiş, 2537.31 manat əsas və faiz borcu iddiaçı tərəfindən kredit təşkilatının xeyrinə ödənilmişdir. Cavabdeh bugünədək borcundan cəmi 75 manat ödəmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə Cavabdeh M-20 nömrəli material üzrə telefon vasitəsilə Şəki ŞRPŞ-nin Sarıca PB-nə şifahi verdiyi ifadəsinə hüquqi qiymət verərək, onu borcun etirafı kimi qəbul edir. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı “xxxx” MMC-nin Şəki filialından 2000 manat kredit götürməsi, öhdəliyin faizlərlə birlikdə 2537.31 manat olması və öhdəliyi iddiaçının özü icra etməsi iş materialları ilə sübuta yetirilir. İddiaçı cavabdeh tərəfindən indiyədək 75 manat ödəniş edildiyini bildirir. Ona görə də iddiaçı qalan borcu (2537.31 manat – 75 manat = 2462.31 manat) cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdeh özü də iddiaçının bankdan pul götürüb ona verdiyini etiraf etmiş, məhkəmə iclaslarında iştirak etməyərək M-20 nömrəli material üzrə telefon vasitəsilə Şəki ŞRPŞ-nin Sarıca PB-yə şifahi verdiyi ifadəsini mübahisələndirməmiş, tərəfindən borcunun olmadığı ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə Cavabdeh telefon vasitəsilə verdiyi şifahi izahatında iddiaçıya qalıq borcunun 1800 manat olması ilə bağlı fikirlərinə tənqidi yanaşır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya 200 manat ödəniş edilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Şərh edilənlərlə əsasən Cavabdeh 2462.31 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2492.31 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2462.31 (iki min dörd yüz altmış iki manat otuz bir qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 2492.31 (iki min dörd yüz doxsan iki manat otuz bir qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar