Məhkəmə qərarları › İş №2(075)-119/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-119/2022

06.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-119/2022 06.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 iştirakları ilə İddiaçı X1 cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı «notariat hərəkətlərinin tapşırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə onun mülkiyyətində olan Şəki şəhəri Baş Layısqı kəndində yerləşən fərdi yaşayış evinin bağışlanması müqaviləsinin rəsmiləşdirilməsinin tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə iddiaçı X1 mülkiyyətində olan ünvan 2ində yerləşən fərdi yaşayış evinin cavabdehlərin razılığı olmadan bağışlanması müqaviləsinin rəsmiləşdirilməsinin tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 iddiaçının razılığı ilə cavabdeh qismində cəlb edilmişlər. İddiaçı X3 iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2ində yaşayır. Həmin kənddə ona məxsus fərdi yaşayış evi mövcuddur. O, həmin fərdi yaşayış evini qızına bağışlamaq istəyir. Bunun üçün Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət etsə də, notarius tərəfindən bununla bağlı notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu Xətai Səmədov bildirmişdir ki, həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxslərin razılığı tələb edilir. O, həmin vaxt ona bildirmişdir ki, “bəxşişi qəbul edən şəxs onu qeydiyyatda olan şəxslər olmaqla qəbul edir və onlar yenə də həmin ünvanda yaşamağa davam edəcəklər”. Lakin yenə də notarius tərəfindən notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu Xətai Səmədov tərəfindən 17 sentyabr 2021-ci il tarixli, 3588 nömrəli imtina məktubu verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “Sizə məxsus ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinin qızınıza bağışlanması üçün həmin evdə qeydiyyatda olan şəxslərin razılığı olmadan bağışlama müqaviləsini rəsmiləşdirmək mümkün deyildir. Azərbaycan Respublikası Notariat haqqında qanunun 2ci maddəsinə əsasən “Notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları, habelə bu Qanuna zidd olmayan müvafiq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar rəhbər tutulur” və eyni zamanda Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Odur ki, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Göründüyü kimi onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır və mülkiyyətində olan əmlakı barəsində sərəncam verilməsinin məhdudlaşdırılması barədə hər hansı bir məlumat dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də hesab edir ki, notariat orqanı tərəfindən mülkiyyətində olan əmlak barəsində sərəncam vermək hüququnun məhdurlaşdırılması, istər Azərbaycan Respublikası Konstitusiyasına, istərsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinə ziddir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdiyini bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı X3 onun anası, cavabdehlər Cavabdeh4 bacısı, Cavabdeh5 qardaşı, Cavabdeh3 isə sabiq həyat yoldaşıdır. Bütün bacı-qardaşları ailə qurmuşlar. Hər birinin ayrıca evi vardır. Anası da uzun müddətdir ki, Bakı şəhərində yaşayır. ünvan 2ində yerləşən ata yurdunda doğulduğundan bəri, yəni 55 ildir ki, yaşayır. Evin bütün kommunal xərclərini özü ödəyir, digər tələbatlarını qarşılayır. Özünün iki oğlu, bir qızı var. Heç bir övladına ayrıca ev tikib verməmişdir. Hazırda isə anası atasından qalan yurdu ayrıca evi olan bacısına bağışlamaq istəyir. O, bununla heç cür razılaşmır. Hesab edir ki, anası olmadıqdan sonra bacısı və yeznəsi onu və övladlarını yurdundan çıxara, evsiz-eşiksiz qoya bilər. Ona görə də tələb edir ki, anası bir övlad kimi ona düşən payı versin. Qalan əmlak üzərində istədiyi kimi sərəncam verər. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi 19 oktyabr 2021-ci il, 14 dekabr 2021-ci il və 22 dekabr 2021-ci il tarixlərdə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi **********29-10301, qeydiyyat nömrəsi ********** olan 18 may 2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 116.90 kv.m fərdi yaşayış evi X1 tam, evin yerləşdiyi 0.2810 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 2ində yerləşən fərdi yaşayış evi X1 tam, evin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi tərəfindən X2 ünvanlanmış 17 sentyabr 2021-ci il tarixli, 3588 saylı məktubdan görünür ki, ünvan 2ində yerləşən fərdi yaşayan evinin evdə qeydiyyatda olanların razılığı olmadan bağışlanılması qeyri-mümkündür. İş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Baş Layısqı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli, 431 nömrəli arayışdan görünür ki, ünvan 2ində yerləşən fərdi yaşayan evində aşağıdakılar qeydiyyatdadır: X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, ünvan 2ində yerləşən fərdi yaşayış evi X1 tam, torpaq sahəsi X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərindədir. İddiaçı X3 həmin fərdi yaşayış evini qızına bağışlamaq istəsə də evdə qeydiyyatda olan şəxslər notariusa gedərək buna razılıq vermədikləri üçün notarius müqavilənin bağlanmasından imtina edir və iddiaçı konstitusion hüquqlarından istifadə edə bilmir. İddiaçı qanunla qorunan mülkiyyət hüquqlarının pozulduğunu əsas gətirərək, pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edir. Cavabdeh2 isə iddianı qəbul etmir. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməməklə iddiaya münasibət bildirməmişlər. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-nin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40-cı maddəsində notariat hərəkətlərini aparmaqdan imtina edilməsi üçün əsas olan hallar sadalanmışdır :

1. hərəkətin aparılması qanuna zidd olduqda;

2. hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda;

3. hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə;

4. hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda;

5. qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda;

6. notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda;

7. əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Həmin Qanunun 45-ci madəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. Göründüyü kimi ünvan 2ində yerləşən fərdi yaşayış evi X1 tam mülkiyyətindədir. İddiaçı özünün konstitusion hüquqlarından istifadə edərək əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilər. Odur ki, iddiaçının tələbi qanunvericiliyin tələblərinə uyğundur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********29- 10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2ində yerləşən, X1 tam mülkiyyətində olmaqla, ümumi sahəsi 116.90 kv.m olan fərdi yaşayış evinin cavabdehlər Rəsulova (Cəbrayılova) Kamalə Zahid qızı, Cavabdeh5, Qabilova (Cəbrayılova) Əfsanə Ehtibar qızı və Cavabdeh2 razılığı olmadan bağışlanılması barədə müqavilənin təsdiq edilməsi öhdəliyi cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb etməməsi nəzərə alınaraq iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********29-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2ində yerləşən, X1 tam mülkiyyətində olmaqla, ümumi sahəsi 116.90 kv.m olan fərdi yaşayış evinin cavabdehlər Rəsulova (Cəbrayılova) Kamalə Zahid qızı, Cavabdeh5, Qabilova (Cəbrayılova) Əfsanə Ehtibar qızı və Cavabdeh2 razılığı olmadan bağışlanılması barədə müqavilənin təsdiq edilməsi öhdəliyi Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar