Məhkəmə qərarları › İş №2(075)-1196/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1196/2020

07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1196/2020 07.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "şərəf və ləyaqətin bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurduğu maddi ziyana görə 20 000 manat, ona dəymiş mənəvi zərərə (əsəb-stres, sarsıntı, ailə nüfuzunun hörmətdən düşməsi, rüsvayedici məlumatlara) görə Cavabdeh onun xeyrinə 110 000 (bir yüz on min) manat məbləğində vəsaitin tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun Şəki rayonu Bideyiz kəndində yerləşən 110 nömrəli pay torpağının seyrangah sahəsində olan 2,24 ha hissəsinin bir hissəsini 20 il müddətində cavabdeh X2 onun icazəsi olmadan əkibbiçmişdir. Cavabdehə dəfələrlə torpaqdan çıxarılma ilə bağlı müraciət etsə də, heç bir məhəl qoymamış və o, 2017-ci ildən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırmasından sonra onun torpağının 12 sotunun cavabdehin tərəfində olduğu müəyyən edilmiş və buna görə ondan 200 manat təzminatın cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Özü kəndli olduğuna görə ailəsini və uşaqlarını əkin əkib-becərməklə torpaq sahəsindən istifadə etməklə dolandırır. Başqa gəlir yeri yoxdur. Cavabdeh ona məxsus olan torpaq sahəsindən artıq 20 ildir ki, istifadə etməsi az deyilmiş kimi, yalan məlumatlarla ona böhtan atmışdır. Yalan informasiyaları nəinki öz kəndlərində, həmçinin qonşu 4 kəndə, orada yaşayan qohumlarına da yayaraq onu rüsvay etmiş, öz qohumlarıgilə gedən zaman orada da bu ifadələri işlətmiş, həmçinin qonşu kənddə yaşayan qohumlarına da bu sözlər çatmışdır. Həmin 4 kənddə 10 000-dən çox adam yaşayır. Cavabdeh Şəki Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli rəsmi müraciətdə və Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli izahatda ona qarşı şər-böhtan xarakterli, rüsvayedici, işgüzar nüfuzunu ləkələyən ifadələr işlətmişdir. Cavabdeh Şəki Rayon Məhkəməsinə verdiyi rəsmi müraciətində faktiki qeyriqanuni istifadə etmişdir. Belə ki, cavabdeh bildirmişdir ki, “İddiaçı və torpağı icarəyə götürən Kərimov Maqsud öz dediklərindən, yalan ifadələrindən dönmürlər. Hər ikisi şərböhtan atmaqla böyük məbləğdə kompensasiya almaq istəyirlər”. Bundan başqa cavabdeh Şəki Apellyasiya Məhkəməsinə verdiyi xx.xx.2020-ci il tarixli rəsmi izahatında göstərmişdir ki, “Valehin yerinə bitişik bölgüdən əlavə artıq torpağı vardır. Bunu nəzərə alsaq, onun torpağı nəinki əskik, əksinə xeyli artıqdır. Valehin özü cür-bəcür haqsız şiakyətlər edərək camaatı bezdirməklə, xəstəliyə tutmaqla məşğuldur. Valeh öz doğma qardaşı Salehi də torpaq üstündə polisə, məhkəmələrə sürüyüb, ürəyini partladıb öldürmüşdür. Həmçinin o, ailə üzvlərinə başçılıq edərək gəlinini ölümcül döyərək, oğlunun 2 il həbsdə yatmasına və oğlunun ailəsinin dağılmasına səbəb olmuşdur. Heç kim ona salam verib-almaq istəmir. Kənddə əksəriyyət adamla küsülüdür”. Onun rəsmi müraciətində və izahatında işlətdiyi fikirlər heç bir həqiqətə uyğun gəlməyən, şər-böhtan xarakterli ifadələrdir. Bu məlumatlar böhtan xarakterlidir. Onun 110 nömrəli pay torpağının 0,40 ha hissəsinin məhkəməyə qədər 20 il müddətində və cavabdehin nəyinsə hesabına düzgün ekspert rəyinin verilməsinin ləngidilməsi, məhkəmə prosesinin uzanması səbəbindən 3 il müddətində əkib-biçib, torpağından götürdüyü gəlirlə bərabər arzu olunan işlərindən yayındığına görə 20 000 manat maddi ziyan vurmuşdur. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinə verdiyi rəsmi ifadəsində ona qarşı işlətdiyi sözlərlə ona “Valeh öz doğma qardaşı Salehi də torpaq üstündə polisə, məhkəmələrə sürüyüb, ürəyini partladaraq öldrümüşdür” ifadəsi ilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, iddianı qəbul etmir. Belə ki o, hər hansı sosial şəbəkələrdə, televiziya kanallarında və ya digər kütləvi informasiya mənbəələrində iddiaçı barəsində hər hansı şərəf və ləyaqəti alçaldacaq, şər-böhtan əks etdirən ifadələr işlətməmişdir. İddiaçının mübahisələndirdiyi izahatlar isə onun digər məhkəmə proselərində iş üzrə verdiyi izahatlardır. Əslində isə İddiaçı özü özünü alçaldmışdır. Belə ki, İddiaçı “LİDER” telekanalında yayımlanan “ÇİXİŞ YOLU”, “SPACE” telekanalında yayımlanan “GƏL DƏRDİNİ DANİŞ” və “ATV” kanalında yayımlanan “BİZİMLƏSƏN” verlişilərində öz gəlini haqqında şərəf və ləyaqəti alçaldacaq ifadələr işlətmişdir. Həmin verilişlərin videosu “youtube”.com sosial şəbəkəsində vardır. Həmçinin iddiaçı oğlunun ailəsində müxtəlif söz-söhbətlərə səbəb olmuş və nəticədə oğlunun ailəsii dağılmış, həmçinin Valehin oğlu Vazeh məhkəmə hökmü ilə CM-nin 133-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmişdir. Bunları isə öz kəndlərində, qonşu kəndlərdə və İddiaçı tanıyan hər kəs bilir. Hesab edir ki, iddia əsassızdır. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili X3 da Cavabdeh ilə eyni məzmunlu izahat verərək bildirdi ki, iddia əsassızdır. Həmçinin bildirdi ki, iddiaçının Cavabdeh qarşı "şərəf və ləyaqətin bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair başqa bir iddiası da məhkəmənin icraatında olmuş, buna görə də hesab edir ki, hazırki mülki işin icraatına xitam verilməlidir. O, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Şərəf, ləyaqət və işgüzar nüfuz insanı bir şəxsiyyət kimi xarakterizə edən qeyrimaddi məzmunlu mənəvi göstəricilərdir. İnsan bu ali keyfiyyətlərə şəxsən özünün davranışı ilə özünü bır şəxsiyyət kimi formalaşdırmaqla və öz insanlıq təyinatına müvafiq hərəkətləri ilə əldə edir. Bu keyfiyyətlərə malik olan insan cəmiyyət qarşısında, onun iştirakçıları qarşısında, nəhayət bir şəxsiyyət kimi şəxsən özü qarşısında öz məsuliyyətini aydın dərk edir və öz davranışını düzgün nizamlayır. Bütün bu keyfiyyətlər insana əxlaqi baxımdan öz davranışını mənəviyyata, qanunlara, əxlaq qaydalarına müvafiq olaraq nizamlamağa imkan verir və bunların nəticəsində insanın özünə qarşı şəxsi münasibəti və ona qarşı cəmiyyətdə ictimai münasibət formalaşır. Şərəf – şəxsin ictimai və şəxsi davranışı barədə mənəvi və əxlaqi prinsiplər baxımından ictimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət qiymətdir. Ləyaqət – şəxsin öz mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə, ictimai davranışına özünün verdiyi qiymətdir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi haqqında işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halda qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi: həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir. Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkənlənməsi kimi qiymətləndirilə bilməz. Qeyd edilən Plenum qərarının 4-cü bəndində göstərilir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülkiprosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi kimi baxıla bilər. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə, yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərdə səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurduğu maddi ziyana görə 20 000 manat onun xeyrinə, ona dəymiş mənəvi zərərə (əsəb-stres, sarsıntı, ailə nüfuzunun hörmətdən düşməsi, rüsvayedici məlumatlara) görə Cavabdeh onun xeyrinə 110 000 (bir yüz on min) manat məbləğində vəsaitin tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehə aid edilməsini xahiş etməsinə baxmayaraq, MPM-nin 77-ci maddəsinə əsasən sübut etmə vəzifəsinin iddiaçının üzərinə düşməsi halını da nəzərə alaraq cavabdehin qanunsuz hərəkətlərinin nədən ibarət olması, cavabdeh tərəfindən ona şər və böhtan atılması və ya onun şərəf və ləyaqətinin alçaldılması barədə hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, iddiaçı işə əlavə edilmiş cavabdehin Şəki rayon məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli müraciətinindəki və Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli izahatdakı ifadələrin ona qarşı şər-böhtan xarakterli, rüsvayedici, işgüzar nüfuzunu ləkələyən ifadələr kimi qiymətləndirmiş və hesab etmişdir ki, bu ifadələrlə cavabdeh ona mənəvi zərər vurmuşdur. Göründüyü kimi cavabdeh həmin müraciət və izahatı sırf məhkəməyə ünvanlamış, onu iddiaçının yaşadığı kənddə və ya digər qonşu kəndlərdə, həmçinin hər hansı KİV-də qəsdən yaymamışdır. Həmçinin iddiaçı cavabdeh tərəfindən onun şərəf və ləyaqətini qəsdən alçaldan hər hansı sübut və dəlilərini məhkəməyə təqdim etməmiş və ya edə bilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh məhkəməyə ünvanlanan iş üzrə müraciət və izahatlar verməklə iddiаçının şərəf və ləyаqətinin alçaldılmasını deyil, özünün ehtimal olunan pozulmuş hüquqlarının bərpasını istəmişdir. Analoji hüquqi mövqe oxşar məzmunlu başqa bir mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2012-ci il tarixli (iş № 2(102)-2916/2012) qərarında da əks olunmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçıona vurduğu maddi ziyana görə 20 000 manat onun xeyrinə, ona dəymiş mənəvi zərərə (əsəb-stres, sarsıntı, ailə nüfuzunun hörmətdən düşməsi, rüsvayedici məlumatlara) görə Cavabdeh onun xeyrinə 110 000 (bir yüz on min) manat məbləğində vəsaitin tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehə aid edilməsitələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı ona vurduğu maddi ziyana görə 20 000 manat, ona dəymiş mənəvi zərərə (əsəb-stres, sarsıntı, ailə nüfuzunun hörmətdən düşməsi, rüsvayedici məlumatlara) görə Cavabdeh onun xeyrinə 110 000 (bir yüz on min) manat məbləğində vəsaitin tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şəki Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar