Məhkəmə qərarları › İş №2(075)-1235/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1235/2021

04.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1235/2021 04.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13900 manat pulun, 20000 manat mənəvi ziyanın, əldən çıxmış faydanın əvəzi olaraq 6000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, təxminən 25 ildir ki, Şəki şəhərində maşın ustası kimi fəaliyyət göstərir. Evakuator yığdırmaq üçün 2020-ci ilin noyabr ayında özünə İsuzu markalı avtomobil almışdır. Daha sonra həmin İsuzu markalı avtomobilin arxa hissəsini kəsib evakuatora çevirmək istəmişdir. 2020-ci ilin dekabr ayında Şəkidəki tanışı Cavabdeh1 ona Bakı şəhərində “Sərxan” adlı bacarıqlı usta olmasını və həmin ustanın sırf evakuator yığmaq işinə baxdığını ona demişdir. Ondan “Sərxan” adlı ustanın nömrəsini alıb onunla telefon əlaqəsi saxlayan zaman sonuncu İsuzu markalı avtomobili evakuatora çevirmək üçün 15000 manat pul lazım olduğunu və 1 ay gözləməli olduğunu bildirmişdir. 2020-ci ilin dekabr ayının 13-də aldığı İsuzu markalı avtomobili “Sərxan” adlı şəxsin işlədiyi Binəqədi rayonunda “Elit ticarət mərkəzi”nin qarşısındakı “Naxçıvanlıların qarajı” adlanan sexə aparmışdır. Sexdə Cavabdeh2la şifahi danışıqlar zamanı aralarında razılaşma olduqdan sonra Cavabdeh1 zaminliyi ilə ilkin olaraq 6000 manat pulu Sərxan ustaya vermişdir. Geri qalan pulu isə tez zamanda verəcəyini Cavabdeh2 bildirmişdir. Təxminən 1 həftə sonra Cavabdeh2 ona zəng edərək Şəki şəhərində olmasını və əgər alınırsa, geri qalan pulu verməyini demişdir. Rahat olmaq üçün tanışı Çingizi çağıraraq onunla bilikdə Sərxanla görüşmüş, Sərxana Şəki şəhərində yerləşən “Ət dünyası” adlı dükanın qarşısında 7000 manat da əlavə pul vermişdir. Bundan təxminən 10 gün sonra Cavabdeh2 500 manat da pul göndərmişdir. Bir neçə gün sonra Sərxan onun mobil nömrəsinə zəng edərək evinə bazarlıq edilməsini, buna görə qardaşı Rəşada 500 manat da pul verməyini və Rəşadın pulu ona göndərəcəyini demişdir. O da etiraz etmədən Rəşadla zəngləşib görüşərək Sərxana göndərməsi üçün onun qardaşına – X2 400 manat pul vermişdir. Danışıqları zamanı Sərxan usta evakuatorun yanvar ayının 10-u hazır olacağını bildirmişdir. 2021-ci ilin yanvar ayının 18-i sexə gedib işin hansı səbəbdən hələ də hazır olmadığını Sərxan ustadan soruşan zaman Cavabdeh2 karantin səbəbindən sexlərin bağlanmasını və bir müddət işləyə bilmədiyi üçün işin uzanmasını demiş, işi tamamlamaq üçün ondan fevral ayının sonuna qədər vaxt istəmişdir. Sərxanla razılaşıb Şəki şəhərinə geri qayıtmışdır. Cavabdeh2la fevral ayında əlaqə saxlamış, sonuncu maşını düzəltmək üçün ona verdiyi pulların xeyli hissəsini ehtiyacı olduğundan xərclədiyini demişdir. Beləliklə, Cavabdeh2 ümumilikdə 13900 (7000+6000+500+400) manat pul vermişdir. Cavabdeh2 götürdüyü öhdəliyi yerinə yetirmədiyini gördüyü üçün Şəki şəhər-rayon polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa o, həmin pulun arxasınca dəfələrlə Bakı şəhərinə getmiş, yol puluna və digər şeylərə (yemək, qalmaq və s.) pul xərcləmişdir. O, həmin pulu bankdan götürüb vermiş və hər ay bunun üçün faiz ödəmişdir. Əsəbdən stressdən ailəsində problemlər yaranmışdır. O, həmin avtomobili düzəldirsə idi, ondan indiyədək təxminən 4000 manat gəlir əldə edərdi. Cavabdehlər istər mənəvi, istərsə də maddi cəhətdən ona ziyan vurmuşlar. O, tanışı kimi bildiyi Çingizin zaminliyi ilə 13900 manat pulu Sərxana vermişdir. Cavabdehlər isə ona verdikləri sözlərə əməl etməmiş, onu ziyana uğratmışlar. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, Cavabdeh2 ona dəfələrlə bəhanələr gətirdiyini görüb pulu qaytarmayacağından narahat olmuş, ona görə də ondan notarial qaydada ərizə verməsini xahiş etmişdir. Cavabdeh 04 fevral 2021-ci il tarixdə notariusda borcun etirafı haqqında ərizə vermişdir. Notariusa 100 manat xərc çəkmişdir. Hətta cavabdeh notariusa gedib-gəlmək üçün ondan 5 manat maşın pulu da almışdır. Cavabdehin onu aldatdığını başa düşdükdən sonra aprel ayının əvvəlində gəlib maşını götürmüşdür. Bundan sonra yenidən bankdan kredit götürmüş, düzəltmək üçün başqa ustaya vermiş və xeyli miqdarda ziyana düşmüşdür. Sərxana avtomobilin düzəldilməsi üçün Çingizin zaminliyi ilə verdiyi cəmi pul 13900 manatdır. Ona dəymiş 20000 manat mənəvi ziyan get-gələ düşməsi, polisə və məhkəməyə müraciəti ilə bağlı çəkdiyi stress, ailəsində yaranan problemlər, uzun müddət qazanc əldən etməkdən məhrum olması ilə bağlı çəkdiyi sıxıntılarla əlaqədardır. Həmçinin, cavabdeh maşını söz verdiyi kimi yanvarın sonuna hazırlayıb çatdırmadığı üçün ötən müddət ərzində o, maşından gəlir əldə etməkdən məhrum olmuşdur. Bütün bunları nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X3 məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, özü təxminən 10 ildən çoxdur ki, Bakı şəhərində usta kimi fəaliyyət göstərir. İddiaçı əvvəlcədən tanımamış, onunla hər hansı əlaqəsi olmamışdır. 2020-ci ilin dekabr ayında iddiaçı ona zəng edərək avtomobilin arxa hissəsini kəsib evakuatora çevirmək istədiyini bildirmişdir. Həmin telefon danışığından 2 gün sonra Samir adlı şəxsin İsuzu markalı avomobili ilə işlədiyi sexə gəlib həmin maşını gətirmiş, danışıq zamanı İddiaçı evakuator yığmaq üçün 15000 manata razılaşmışlar. Samirə işin bitməsi üçün bir ay gözləməli olacağını demiş, Samir də razılaşdıqdan sonra ona 6000 manat pul vermiş, gətirdiyi İsuzu markalı avtomobili sexə qoyub getmiş və qalan pulu isə tez zamanda verəcəyini demişdir. Həmin gündən təxminən 1 həftə sonra şəxsi işi ilə bağlı Şəki şəhərinə gəlmiş, Samirlə zəngləşib Şəkiyə gəldiyini ona bildirmiş və onunla “Ət dünyası” adlı dükanın qarşısında görüşən zaman sonuncu ona 7000 manat da əlavə pul vermişdir. Bundan 10 gün sonra Samirin ona 500 manat da kartla, bir neçə gün sonra qardaşı Rəşadla 400 manat pulu ona göndərmişdir. Aralarındakı razılığa əsasən evakuator 2021-ci ilin yanvar ayının 10-u hazır olmalı idi. Lakin karantin səbəbindən sexlər bağlanmış və bir müddət işləyə bilməmişdir. Yanvar ayının 18-i Samir sexə gəlib işin hansı səbəbdən hələ də hazır olmadığını soruşmuş, ona vəziyyəti izah edib işi tamamlamaq üçün fevral ayının sonuna qədər vaxt istəmişdir. Fevral ayında evakuatorun dəmir işini tamamlamış, lakin sistem işi qalmışdır. Karantinlə əlaqədar iş zəif olduğundan iddiaçı verdiyi puldan təxminən 3000 manat şəxsi ehtiyacları üçün xərcləmiş, Samirə zəng edib sistem işi görmək üçün isə bir qədər də pul lazım olduğunu demişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, dəfələrlə Samirə bildirmişdir ki, karantinlə bağlı sexi aça bilmir. Şəkidə şərait yaratsın, qalıq 1100 (15000-13900) manatı və bir qədər də pul versin, o da gəlib Samirin sexində işi tamamlasın. Həmçinin, Samir bir neçə dəfə gəlib sexdə onun yanında dayanarkən o, sonuncuya bildirmişdir ki, burda dayanmağın mənası yoxdur, gedib sexində öz işini görsün, tamamlayanda xəbər edəcək. Əlavə olaraq bildirdi ki, iddiaçı gəlib maşını aparanda o, işin 80%-ni yekunlaşdırmışdı. Maşına isə usta pulundan əlavə ümumilikdə təxminən 9700 manatlıq ləvazimat almışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 bildirmişdir ki, uzun müddətdir ki, Şəki rayonunda usta kimi fəaliyyət göstərir. 2021-ci ilin aprel-may aylarında İddiaçı yarımçıq təmir edilmiş nəqliyyat vasitəsini onun yanına gətirmiş, ondan işi yekunlaşdırmasını xahiş etmişdir. O da razılaşmış və avtomobili sözləşdikləri vaxtda təhvil vermişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, İddiaçı nəqliyyat vasitəsini onun yanına gətirəndə təxminən 1000-1500 manatlıq iş görülmüşdü. İddiaçı sonradan avtomobilə usta pulu isə birlikdə təxminən 15000 manat xərc çəkmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Azəbaycan Respublikası DİN-nin Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən HK-1/260 nömrəli material üzrə qəbul edilmiş 18 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı 08 mart 2021-ci il tarixdə Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək 2020-ci ilin dekabr ayında Cavabdeh2 və Rəşad Əhmədov qardaşlarının onu aldadaraq 14000 (on dörd min) manat pulunu mənimsəmələri barədə məlumat vermişdir. Material üzrə izahatı alınmış İddiaçı izahatında təxminən 25 ildir ki, Şəki şəhərində maşın ustası kimi fəaliyyət göstərməsini, evakuator yığdırmaq üçün 2020-ci ilin noyabr ayında özünə İsuzu markalı avtomobil almasını, daha sonra həmin İsuzu markalı avtomobilin arxa hissəsini kəsib evakuatora çevirmək üçün bacarıqlı usta axtarmağa başlamasını, 2020-ci ilin dekabr ayında Şəkidəki tanışlarından birinin Bakı şəhərində Sərxan adlı bacarıqlı usta olmasını və həmin ustanın sırf evakuator yığmaq işinə baxdığını ona deməsini, Sərxan adlı ustanın nömrəsini alıb onunla telefon əlaqəsi saxlayan zaman Sərxan ustanın İsuzu markalı avtomobili evakuatora çevirmək üçün 15000 manat pul lazım olduğunu, 1 ay gözləməli olduğunu ona telefonda bildirməsini, 2020-ci ilin dekabr ayının 13-də aldığı İsuzu markalı avtomobili Sərxan adlı şəxsin işlədiyi Binəqədi rayonunda “Elit ticarət mərkəzi”nin qarşısındakı “Naxçıvanların qarajı” adlanan sexə aparmasını, sexdə Cavabdeh2la şifahi danışıqlar zamanı razılaşmaları olduqdan sonra ilkin olaraq 6000 manat pulu Sərxan ustaya verməsini, geri qalan pulu isə tez zamanda verəcəyini Cavabdeh2 bildirməsini, təxminən 1 həftə sonra Cavabdeh2 ona zəng edərək Şəki şəhərində olmasını və əgər alınırsa geri qalan pulu verməyini deməsini, daha sonra Sərxana Şəki şəhərində yerləşən “Ət dünyası” adlı dükanın qarşısında görüşməklərini bildirib həmin yerə getməsini, deyilən yerdə görüşən zaman Cavabdeh2 orada 7000 manat da əlavə pul verməsini, bundan təxminən 10 gün sonra Cavabdeh2 500 manat da pul göndərməsini, bir neçə gün sonra Sərxanın onun mobil nömrəsinə zəng edərək evinə bazarlıq edilməsini, buna görə qardaşı Rəşada 500 manat da pul verməsini, Rəşadın pulu Sərxana göndərəcəyini deməsini, daha sonra Sərxana etiraz etmədən qardaşı Rəşadla zəngləşib görüşüb Sərxana göndərməsi üçün qardaşı Rəşada 400 manat pul verməsini, danışıqları zamanı Sərxan ustanın evakuatoru yanvar ayının 10-u hazır olacağını bildirməsini, yanvar ayının 18-i sexə gedib işin hansı səbəbdən hələ də hazır olmadığını Sərxan ustadan soruşan zaman Cavabdeh2 karantin səbəbindən sexlərin bağlanmasını və bir müddət işləyə bilmədiyi üçün işin uzanmasını deməsini, daha sonra Sərxan işi tamamlamaq üçün fevral ayının sonuna qədər ondan vaxt istəməsini, Sərxanla razılaşıb Şəki şəhərinə geri qayıtmasını, Cavabdeh2 fevral ayında onunla əlaqə saxlayaraq maşını düzəltmək üçün Sərxana verdiyi pullların xeyli hissəsini ehtiyacı olduğu üçün xərclədiyini deməsini, ümumilikdə Cavabdeh2 13900 manat pul verməsini lakin Cavabdeh2 ona qarşı götürdüyü öhdəliyi yerinə yetirmədiyini gördüyü üçün Şəki polis şöbəsinə ərizə ilə müraciət etməsini bildirmişdir. Material üzrə izahatı alınmış Cavabdeh2 izahatında təxminən 10 ildən çoxdur ki, Bakı şəhərində usta kimi fəaliyyət göstərməsini, 2020-ci ilin dekabr ayının təxminən ortaları tanımadığı nömrədən zəng gəlməsini, həmin zəng edən şəxs adının Samir olduğunu, Şəki şəhərində yaşadığını və maşını evakuatra çevirmək istədiyini deməsini, həmin telefon danışığından 2 gün sonra Samir adlı şəxsin İsuzu markalı avomobili ilə işlədiyi sexə gəlib həmin maşını evakuatora çevirmək istədiyini deməsini, danışıq zamanı İddiaçı evakuator yığmaq üçün 15000 manat pula razılaşmalarını, həmin zaman Samirdən işin bitməsi üçün bir ay gözləməli olacağını deməsini, razılaşdıqdan sonra İddiaçı ona 6000 manat pul verməsini və gətirdiyi İsuzu markalı avtomobili sexə qoyub getməsini, geri qalan pulu isə Samir tez zamanda verəcəyini deməsini, təxminən 1 həftə sonra şəxsi işiylə bağlı Şəki şəhərinə gələn zaman Samirlə zəngləşib Şəkiyə gəldiyini ona bildirməsini, Samirlə Şəki şəhərində yerləşən “Ət dünyası” adlı dükanın qarşısında görüşən zaman Samir orada ona 7000 manat da əlavə pul verməsini, bundan 10 gün sonra Samirin ona 500 manat da pul göndərməsini, bir neçə gün sonra Samirə zəng edərək evinə bazarlıq edilməsini, buna görə ona 500 manat da pul göndərməsini, həmin pulu qardaşı Rəşadın götürəcəyini Samirə deməsini, Samir onunla razılaşdıqdan sonra qardaşı Rəşadla zəngləşib-görüşüb ona 400 manat pul verməsini, daha sonra qardaşı Rəşadın həmin 400 manat pulu ona göndərməsini, danışıqları zamanı evakuatorun yanvar ayının 10-u hazır olacağını Samirə deməsini, yanvar ayının 18-i Samirin sexə gəlib işin hansı səbəbdən hələ də hazır olmadığını soruşmasını, karantin səbəbindən sexlərin bağlanmasını və bir müddət işləyə bilmədiyi üçün işin uzanmasını Samirə deməsini, daha sonra işi tamamlamaq üçün fevral ayının sonuna qədər Samirdən vaxt istəməsini, Samirin onunla razılaşıb çıxıb getməsini, fevral ayında evakuatorun dəmir işini tamamlamasını, lakin sistem işinin qalmasını, həmin işi görmək üçün isə bir qədər də pul lazım olmasını, Samirin ona maşını düzəltmək üçün verdiyi puldan təxminən 4000 manatını öz ehtiyacları üçün xərclədiyinə görə sistem işini dediyi vaxta hazır edə bilməməsini bildirmişdir. Təhqiqat araşdırma zamanı İddiaçı Cavabdeh2 ilə arasında rəsmi və ya qeyri rəsmi heç bir müqavilənin olmadığı müəyyən edilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Şəki ŞRPŞ-nə daxil olmuş müraciəti əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh2 tərəfindən verilmiş **********36 nömrəli notarial ərizədən görünür ki, Əhmədov X1 Samir Məmməd oğluna 14000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. «Kristal MM Qiymətləndirmə» tərəfindən 18 avqust 2021-ci il tarixdə verilmiş 2002/21 nömrəli qiymətləndirmə rəyindən görünür ki, **-NY-*** dövlət qeydiyyat nişanlı, xüsusi təyinatlı İsuzu NQR 71R markalı avtonəqliyyat vasitəsinə alınmış hissələrin dekabr 2020-ci il tarixinə olan dəyəri 1252.40 (bir min iki yüz əlli iki manat qırx qəpik) manat təşkil edir. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, İddiaçı özünə məxsus nəqliyyat vasitəsini evakuatra çevirmək üçün Cavabdeh2 ilə 15000 manata razılaşmış, Cavabdeh2 müxtəlif vaxtlarda cəmi 13900 (6000+7000+500+400) manat pul vermişdir. Cavabdeh2 işi 10 yanvar 2021-ci ilədək yekunlaşdırmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh işi müxtəlif bəhanələr gətirərək yekunlaşdırmamışdır. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdeh2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiaçının verdiyi puldan 9700 manatlıq ləvazimat aldığını, 3000 manatı öz şəxsi ehtiyacları üçün xərclədiyini, işin 80%-ni yekunlaşdırdığını bildirərək iddianı qəbul etmir. Digər Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməməklə iddiaya münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmış, Cavabdeh2 podratçı, İddiaçı sifarişçi qismində çıxış etmişlər. Tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsinə görə podratçı Cavabdeh2 müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi İddiaçı isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdələrinə götürmüşlər. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Göründüyü kimi podratçı işi qüsurlu icra etmiş və nəqliyyat vasitəsinə bir neçə detal almışdır ki, həmin detalların da qiyməti «Kristal MM Qiymətləndirmə» tərəfindən 18 avqust 2021-ci il tarixdə verilmiş 2002/21 nömrəli qiymətləndirmə rəyinə əsasən 1252.40 manat müəyyən olunmuşdur. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Göründüyü kimi Cavabdeh2 sifarişi qüsurlu olaraq icra etdiyindən sifarişçinin müqavilədən imtina etməklə ona vurulmuş zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Cavabdeh2 məhkəmə iclasında iddiaçıdan həqiqətən də 13900 manat pul aldığını etiraf etmiş, həmin puldan 9700 manatlıq detal aldığını bildirmişdir. Lakin bununla bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı tərəfindən təqdim edilmiş «Kristal MM Qiymətləndirmə» tərəfindən 18 avqust 2021-ci il tarixdə verilmiş 2002/21 nömrəli qiymətləndirmə rəyində alınan detallar 1252.40 manat həcmində hesablanmışdır. İddiaçı cavabdehə verdiyi 13900 manatı tələb etdiyindən, Cavabdeh2 da həmin məbləğdə pul aldığını həm məhkəmə iclasında, həm də Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən HK- 1/260 nömrəli material üzrə qəbul edilmiş 18 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda etiraf etdiyindən məhkəmə hesab edir ki, avtomobil üçün alınmış detalların cəmi qiyməti həmin məbləğdən çıxılmalıdır (13900.00- 1252.40=12647.60). Sifarişçi isə həmin məbləğdə pulun cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirilməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı cavabdehlərdən 20000 manat mənəvi ziyanın alınıb ona verilməsini xahiş etməsinə baxmayaraq, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə əsas ola biləcək cavabdehlərin qanunsuz hərəkətlərinin nədən ibarət olması müəyyən olunmur. Həmçinin, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Lakin iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bu hallar şahid ifadələri ilə təsdiqlənməmişdir. Bundan başqa iddiaçı cavabdehlərdən əldən çıxmış faydanın əvəzi olaraq 6000 manatın alınıb ona verilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, iddiaçının tələblərinin faktiki təmin edilmə tarixi qabaqcadan bəlli olmadığından, həmin tarixin bəlli olmaması səbəbindən gələcək dövr üçün tələb edilən məbləği də hazırda müəyyən etmək qeyri-mümkündür. Həmçinin, iddiaçı tərəfindən 6000 manat məbləğində əldən çıxmış faydanın olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbini həmin hissədə də əsaslı hesab etmir. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsinə münasibətdə qeyd edir ki: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. İddiaçı mövcud borcun Cavabdeh1 zaminliyi ilə verildiyini bildirərək borc məbləğinin Cavabdeh1 da alınmasını xahiş etsə də, tərəflər arasında müqavilənin yazılı formasına əməl edilmədiyindən, bununla bağlı hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən və sübutetmə yükünün iddiaçının üzərinə düşdüyündən iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 12647.60 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 12677.60 manat alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia Cavabdeh1 aid və qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 12647.60 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 12677.60 manat alınaraq İddiaçı verilsin. İddia Cavabdeh1 aid və qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar