Məhkəmə qərarları › İş №2(075)-1403/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1403/2020

22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1403/2020 22.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Şəki ŞRPŞ-nin DYPB-nin vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh Şəki ŞRPŞ-nin DYPB-nə qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şəki ŞRPŞ-nin YPX-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 97000 manat məbləğində dəymiş maddi və mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə cavabdeh Şəki ŞRPŞ-nin YPX əsl cavabdeh olan Şəki ŞRPŞ-nin DYPB ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2019-cu il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin Yol Patrul Xidməti tərəfindən qanunsuz olaraq ******* saylı qərar əsasında qanunsuz olaraq minik avtomobili həbs edilmişdir. Həmin gün respublikanın konstitusion dövlət bayramı olan Ramazan bayramı gününü təsadüf etmişdir. Onun məqsədi bazarlıq etdikdən sonra ailəsi ilə birlikdə kəndə gedərək valideynlər, qohum-əqrəba və dost-tanışlarla bayramlaşmaq və vəfat etmiş şəxsləri ziyarət edərək dini ayini keçirmək olmuşdur. Ancaq evi Şəki şəhər-rayon Polis Şöbəsinin DYP-nin yaxınlığında olduğundan evinə yaxınlaşarkən polis şöbəsinin əməkdaşları tərəfindən avtomobili saxlanılaraq əsas gətirilmədən cərimə dayanacağına salınmışdır. Dini ayinləri icra etməli olduğunu bildirsə də sonuncular heç bir məhəl qoyulmamışdır. Bununla bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli, 3(075)- 319/2019 saylı qərarı ilə xx xxxx 2019-cu il tarixdə əsassız tərtib edilmiş ******* saylı qərarı ləğv etmişdir. Qarşı tərəf bu qərardan narazı qalaraq Şəki Apelyasiya Məhkəməsinə müraciət etmiş, lakin birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Buradan məlum olmuşdur ki, həqiqətən də Şəki şəhər-rayon Polis Şöbəsinin DYP-nin əməkdaşları tərəfindən avtomobili saxlanılaraq əsas gətirilmədən cərimə dayanacağına qanunsuz şəkildə müsadirə olunmuşdur. Bu hallar içərisində bəzi rüşvət faktları, polis şöbəsinin əməkdaşlarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin saxta sənəd hazırlama və məhkəməyə saxta sənəd təqdim etmə maddəri ilə müəyyən olunan hallar da aşkar olunaraq DYP-nin əməkdaşlarının qanun pozuntusu ifşa olunmuşdur. Bundan sonra hazırkı vaxtadək dünyada baş alıb gedən COVİD-19 virusu yayılmış, bir çox karantin qaydaları tətbiq edilmiş, Şəki rayonu karantin zonasına alınmış, məhkəmələr bağlanmış, hətta iş yerində də bir sıra karantin qaydaları tətbiq edilmişdir. Ona görə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə indi müraciət edə bilmişdir. Belə ki, avtomobili qanunsuz həbs edildiyindən 6-7 gün taksilərə müraciət etmiş, bəzi hallarda isə isti havada, qızmar günəş altında piyada yerimək məcburiyyətində qalmışdır. Avtomobilin həbsi sərxoşluq və s. bu kimi bəyənilməyən hallarda həyata keçirildiyindən onun avtomobilinin qanunsuz həbs edilməsi, onun bu kimi xəta törətməyisi el içində nümayiş etmiş olunmuş, bütün qohum-qonşular arasında gülüş mənbəyi olmuş, şərəf-ləyaqəti alçaldılmışdır. Xidmət yerində yüzlərlə əməkdaş yanında avtomobilinin qanunsuz həbs edilməsi, onu “xətalı imiş” kimi qınaq altına almış və zabit şərəfi alçaldılmışdır. Bu hala görə ailədə söz-söhbətlər yaranmış, ailə münaqişələri baş vermişdir. Bundan başqa psixoloji sarsıntılar, əsəb və həyəcan keçirmişdir. Onun 10 ildir ki, uşağı olmur. Həkimlər bunun bir növ həyəcan və stresslə qiymətləndirirlər ki, bələ xəstələr, evli cütlüklər həyəcan və stressdən uzaq olmalıdırlar. Lakin onlar bu həyəcan və stresi Şəki ŞRPŞ-nin DYP-nin əməkdaşlarının xətaları ucbatından hələ də üzərlərindən ata bilmirlər. Maşını həbs olunaraq Azərbaycan Respublikasının dövlət bayramı olan Ramazan bayramının dini ayinlərini keçirməsinə bilərəkdən mane olunmuş, həmin vaxt vəfat etmiş şəxsləri və qohumlarını ziyarət edə bilməmişdir. Yuxarıda göstərdiyi hallar əsas gətirilərək onun şərəf və ləyaqətinin alçalmasına, mənəviyyatına 30000 manat, bu vaxta qədər keçirdiyi stress, psixoloji sarsıntılarına və əsəblərinin pozulmasına, bioloji olaraq mənəviyyatına 32000 manat, maddi olaraq əziyyət və xərclərinə görə isə 2000 manat, zabit şərəfi alçaldılaraq zabit şərəfinə 33000 manat dəyərində ziyan dəymişdir. Övladları olmadığından uşaq müalicəsi üçün külli miqdarda vəsait tələb olunur. İndiyə qədərki psixoloji gərginlik və stresslərin dolayısı ilə ona ağır nəticələrinin olmasını da nəzərə alaraq, onların bu dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə çox böyük ehiyacları vardır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, onun şərəf və ləyaqətinin alçalmasına, mənəviyyatına 30000 manat zərər dəymişdir. Belə ki, onun qohumlarından və tanışlarından polis və digər dövlət orqanlarında işləyən şəxslər var. Onlar onun avtomobilinin cərimə meydançasında saxlanması barədə bilmiş, "inzibati xəta törətməsi" el içində nümayiş olunaraq qınaq obyektinə çevrilmişdir. Bu vaxta qədər keçirdiyi stress, psixoloji sarsıntılarına və əsəblərinin pozulmasına, bioloji olaraq mənəviyyatına 32000 manat zərər dəymişdir. Belə ki, onun uzun müddətdir övladı olmur. Barəsində bu cür qanunsuz qərar qəbul edilməsini həyat yoldaşı da bilmiş və əsəb-sarsıntı keçirmişdir. Bu isə onların övladının olmasına maneəçilik yaratmışdır. Həmçinin, maddi olaraq əziyyət və xərclərinə görə 2000 manat xərc çəkmişdir. Belə ki, avtomobili olmadığından taksilərə müraciət etməli olmuş, həmçinin digər gündəlik zəruri tələbatlarını da ödəməkdə çətinliklərlə üzləşmişdir. Zabit şərəfi alçaldılaraq zabit şərəfinə 33000 manat dəyərində ziyan dəymişdir. Belə ki, avtomobilinin qanunsuz həbs olunması iş yerində yüzlərlə əməkdaş yanında onu “xətalı imiş” kimi qınaq altına almış və zabit şərəfi alçaldılmışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Şəki ŞRPŞ-nin DYPB-nin vəkili X2 iddianı qəbul etməyərək göstərdi ki, barəsində inzibati xəta haqqında qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilməsi qanunvericiliklə nəzərdə tutulmuşdur. Hazırkı halda iddiaçı bu hüququndan istifadə etmiş, Şəki Rayon Məhkəməsi xx xxxx 2019cu il tarixli, 3(075)-319/2019 saylı qərarı ilə Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis kapitanı X3 tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar qanunsuz hesab edilərək ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçı barəsində qəbul edilmiş qərarın məhkəmə tərəfindən ləğv edilməsi ona hər hansı maddi və mənəvi ziyan vurulmasına dəlalət etmir. Bundan başqa hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və iddiaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ziyan vurulduğunu sübut etməlidir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(075)- 319/2019 nömrəli qərarından görünür ki, Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis kapitanı X3 tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar qanunsuz hesab edilərək ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 3(107)- 203/2019 nömrəli qərarından görünür ki, apelyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(075)-319/2019 nömrəli qərarı isə dəyişdiirlmədən saxlanılmışdır. İşdə olan Şəki ŞRPŞ-nin xx xxxx 2019-cu il tarixli, 189-13734-1219 saylı məktubundan və Şəki Penitensiar Xidmətin xx xxxx 2019-cu il tarixli, 96 ş/h nömrəli əmrindən görünür ki, “İddiaçı yol verdiyi inzibati xətaya görə səmimi peşmançılıq hissi çəkməsi, qanunvericiliyin tələblərinə ciddi əməl etməsi əvəzinə əsaslı bir səbəb göstərmədən polis şöbəsinə gəlib izahat verməkdən, məlumatda göstərilənlərə aydınlıq gətirməkdən yayınması, qulluq mövqeyinə yaraşmayan tərzdə hədyanlar söyləməklə düşünülməmiş təsadüfi sözlər işlətməsi, həmçinin, telefon danışığı zamanı lüzumsuz mübahisə yaratmağa cəhd göstərib hörmətsizlik nümayiş etdirməsi” məzmununda onun xidmət etdiyi Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə məlumat xarakterli məktub göndərilmiş və Müəssisənin xx xxxx 2019-cu il tarixli, 96 ş/h nömrəli əmri ilə İddiaçı “töhmət” intizam tənbehi elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Şərəf, ləyaqət və işgüzar nüfuz insanı bir şəxsiyyət kimi xarakterizə edən qeyrimaddi məzmunlu mənəvi göstəricilərdir. İnsan bu ali keyfiyyətlərə şəxsən özünün davranışı ilə. özünü bır şəxsiyyət kimi formalaşdırmaqla və öz insanlıq təyinatına müvafiq hərəkətləri ilə əldə edir. Bu keyfiyyətlərə malik olan insan cəmiyyət qarşısında, onun iştirakçıları qarşısında, nəhayət bir şəxsiyyət kimi şəxsən özü qarşısında öz məsuliyyətini aydın dərk edir və öz davranışını düzgün nizamlayır. Bütün bu keyfiyyətlər insana əxlaqi baxımdan öz davranışını mənəviyyata, qanunlara, əxlaq qaydalarına müvafiq olaraq nizamlamağa imkan verir və bunların nəticəsində insanın özünə qarşı şəxsi münasibəti və ona qarşı cəmiyyətdə ictimai münasibət formalaşır. Şərəf – şəxsin ictimai və şəxsi davranışı barədə mənəvi və əxlaqi prinsiplər baxımından ictimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət qiymətdir. Ləyaqət – şəxsin öz mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə, ictimai davranışına özünün verdiyi qiymətdir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi haqqında işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halda qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi: həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir. Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkənlənməsi kimi qiymətləndirilə bilməz. Qeyd edilən Plenum qərarının 4-cü bəndində göstərilir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülkiprosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi kimi baxıla bilər. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə, yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərdə səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı cavabdeh Şəki ŞRPŞ-nin DYPB-dən onun şərəf və ləyaqətinin alçalmasına, mənəviyyatına 30000 manat, bu vaxta qədər keçirdiyi stress, psixoloji sarsıntılarına və əsəblərinin pozulmasına, bioloji olaraq mənəviyyatına 32000 manat, maddi olaraq əziyyət və xərclərinə görə isə 2000 manat, zabit şərəfi alçaldılaraq zabit şərəfinə 33000 manat olmaqla, cəmi 97000 manat məbləğində dəymiş maddi və mənəvi ziyanın alınaraq ona ödənilməsi məhkəmədən xahiş edərək, bu ziyanın cavabdehin əməkdaşlarının qeyriqanuni hərəkətləri nəticəsində vurulduğunu iddia etsə də qeyd edilən ziyan məbləğinin cavabdeh tərəfindən vurulmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehin vəkili isə məhkəmə iclasında iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göründüyü kimi Şəki ŞRPŞ-nin DYPB-nin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya ziyan vurulmaması sübut olunmamaqla yanaşı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya zərər vurulduğu halda belə təqsirdən asılı olmayaraq Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. Məhkəmə iddiaçı tərəfindən iddia tələbinin təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Şəki ŞRPŞ-nin DYPB-nə qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “97000 manat məbləğində dəymiş maddi və mənəvi ziyanın Şəki ŞRPŞ-nin DYPB-dən alınaraq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar