Məhkəmə qərarları › İş №2(075)-146/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-146/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-146/2021 15.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «şərəf və ləyaqətin müdafiəsi, maddi-mənəvi ziyanın ödənilməsi və kollektiv qarşısında üzr istəmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən şərəf və ləyaqətinin alçaldılması ilə bağlı ona dəymiş mənəvi zərər görə 20000 (iyirmi min) manat, maddi zərərə görə 10000 (on min) manat olmaqla, ümumilikdə 30000 (otuz min) manat məbləğin cavabdehdən alınaraq ona verilməsi, həmçinin Cavabdeh müəllim işlədiyi Şəki rayonu Çələbixan qəsəbəsi N.Süleymanov adına Kaha kənd orta məktəbinin kollektivi qarşısında üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Laçın rayonundan məcburi köçkündür. Hazırda Şəki rayonu Çeşməli kənd Əhmədbəyli meşə yaşayış massivi ərazisində məskunlaşmışdır və orada yaşayır. Özü Şəki rayonu Çələbixan qəsəbəsi N.Süleymanov adına Kaha kənd orta məktəbində əmək fəaliyyəti ilə məşğul olur. Həmkəndlisi – Cavabdeh da Laçın rayonundan məcburi köçkündür. Onunla eyni kənddə yaşayır. Cavabdeh xx xxxx 2020-ci ildə Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək onun saxta diplomla orta məktəbdə fəaliyyət göstərdiyini, qeyri-qanuni hərəkətlərlə və “reket” hərəkətləri ilə məşğul olduğunu bildirmişdir. Şəki ŞRPŞ-nin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin barəsində verdiyi şikayət araşdırılaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh ona qarşı qərəzli mövqe nümayiş etdirərək kənd arasında, işlədiyi kollektivdə nüfuzuna xələl gətirmiş, onu el arasında gözdən düşürmək istəmişdir. Onun polis şöbəsinə yazdıqları yalan və iftira xarakterli ərizəsi sübut olunmamış, bundan başqa Təhsil Nazirliyindən Şəki şəhər-polis Şöbəsinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubda diplomunun saxta olmadığı bildirilmişdir. Cavabdehin hərəkətləri əsnasında müəllim kollektivi arasında olan nüfuzu, şərəf və ləyaqəti alçaldılmışdır. Cavabdeh ona qarşı milli mentalitetə sığmayan hərəkətlərini hazırda davam etdirir. Müxtəlif fırıldaqlarla onu cinayət törətməyə məcbur edir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, o, Şəki rayonu Çeşməli kənd ərazisi Əhmədbəyli meşə yaşayış massivində ailəsi ilə birgə yaşayır. O, həqiqətən də xx xxxx 2020-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinə ərizəsi ilə müraciət edərək onunla eyni ünvanda məskunlaşmış İddiaçı saxta diplomla Şəki rayonu Çələbixan qəsəbəsi N.Süleymanov adına Kaha kənd orta məktəbində əmək fəaliyyəti ilə məşğul olmasını bildirmişdir. Ərizədə göstərmişdir ki, İddiaçı 8 il müddətinə məhkumluq həyatı yaşamış, mal-qara oğurluğuna görə hazırda məhkumluq müddəti ödənilmədiyi halda “reket” hərəkətləri və saxta diplomla əmək fəaliyyəti ilə məşğuldur. Belə ki, İddiaçı saxta diplomla Şəki rayonu Çələbixan qəsəbəsi N.Süleymanov adına Kaha kənd orta məktəbində gənc nəslin tərbiyəsi ilə məşğul olur. Polis şöbəsində İddiaçı canı dildən müdafiə edir, onun qanuna zidd hərəkətlərini ört-basdır edirlər. İddiaçı ilə qohum olduğundan, həmçinin onunla eyni kənddən, yəni Laçın rayonu Katos kəndindən olduğu üçün Cahangirin haradasa ali və ya orta-ixtisas təhsili almasını görməmişdir. İddiaçı əvvəllər onu və ailə üzvlərini döymüş, nalayiq söyüşlərlə təhqir etmiş, onları hədələməklə “reket” hərəkətləri etmişdir. Ərizəsi Şəki ŞRPŞ tərəfindən araşdırılmış, xx xxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, iddiaçıya şər atmamış, onun barəsində hər hansı həqiqətə uyğun olmayan məlumat yaymamışdır. Sadəcə polis şöbəsinə şikayət etmişdir. Belə ki, iddiaçı onun azyaşlı qızını təhqir etmişdir. Ona görə də bu cür xarakterə malik birinin müəllim ola biləcəyinə şübhə ilə yanaşmışdır. Hesab edir ki, bu, onun konstitusion hüququdur. Ona görə məhdudlaşdırıla bilməz. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008-ci il tarixli, 7 saylı Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirilməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Şərəf, ləyaqət və işgüzar nüfuz insanı bir şəxsiyyət kimi xarakterizə edən qeyrimaddi məzmunlu mənəvi göstəricilərdir. İnsan bu ali keyfiyyətlərə şəxsən özünün davranışı ilə. özünü bır şəxsiyyət kimi formalaşdırmaqla və öz insanlıq təyinatına müvafiq hərəkətləri ilə əldə edir. Bu keyfiyyətlərə malik olan insan cəmiyyət qarşısında, onun iştirakçıları qarşısında, nəhayət bir şəxsiyyət kimi şəxsən özü qarşısında öz məsuliyyətini aydın dərk edir və öz davranışını düzgün nizamlayır. Bütün bu keyfiyyətlər insana əxlaqi baxımdan öz davranışını mənəviyyata, qanunlara, əxlaq qaydalarına müvafiq olaraq nizamlamağa imkan verir və bunların nəticəsində insanın özünə qarşı şəxsi münasibəti və ona qarşı cəmiyyətdə ictimai münasibət formalaşır. Şərəf – şəxsin ictimai və şəxsi davranışı barədə mənəvi və əxlaqi prinsiplər baxımından ictimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət qiymətdir. Ləyaqət – şəxsin öz mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə, ictimai davranışına özünün verdiyi qiymətdir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi haqqında işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halda qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi: həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir. Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkənlənməsi kimi qiymətləndirilə bilməz. Qeyd edilən Plenum qərarının 4-cü bəndində göstərilir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülkiprosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi kimi baxıla bilər. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə, yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərdə səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. İddiaçı şərəf və ləyaqətinin alçaldılması ilə bağlı ona dəymiş mənəvi zərər görə 20000 (iyirmi min) mana və maddi zərərə görə 10000 (on min) manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsini xahiş etməsinə baxmayaraq, cavabdehin qanunsuz hərəkətlərinin nədən ibarət olması, cavabdeh tərəfindən ona şər və böhtan atılması barədə hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, bu hallar şahid ifadələri ilə təsdiqlənməmişdir. Bununlа yаnаşı “Vətəndаşlаrın mürаciətləri hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 1.1-ci mаddəsinə əsаsən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Göründüyü kimi, Аzərbаycаn Respublikаsının qаnunvericiliyi vətəndаşlаrın dövlət оrqаnlаrınа mürаciət etmək, о cümlədən şikаyət vermək hüququnu tаnımışdır. Bu hüququn həyаtа keçirilməsi ilə əlаqədаr vətəndаşın hər hаnsı fоrmаdа təqib edilməsi yоlverilməzdir. İşdən görünür ki, Cavabdeh İddiaçı bаrəsində mürаciətini məhz dövlət оrqаnınа etmişdir. Bu isə onun Konstitusiyada təsbit olunan hüququdur. Analoji hüquqi mövqe oxşar məzmunlu başqa bir mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2012-ci il tarixli (iş № 2(102)-2916/2012) qərarında da əks olunmuşdur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «şərəf və ləyaqətin müdafiəsi, maddi-mənəvi ziyanın ödənilməsi və kollektiv qarşısında üzr istəmə» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şəki rayonu nümayəndəliyi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 1114 nömrəli arayışdan görünür ki, İddiaçı Laçın rayonu məcburi köçkünü olmaqla, ünvan 4 ünvanında müvəqqəti qeydiyyatdadır. İddiaçı məcburi köçkün olmaqla dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «Cavabdeh tərəfindən şərəf və ləyaqətinin alçaldılması ilə bağlı ona dəymiş mənəvi zərər görə 20000 (iyirmi min) manat, maddi zərərə görə 10000 (on min) manat olmaqla, ümumilikdə 30000 (otuz min) manat məbləğin cavabdehdən alınaraq ona verilməsi, həmçinin Cavabdeh müəllim işlədiyi Şəki rayonu Çələbixan qəsəbəsi N.Süleymanov adına Kaha kənd orta məktəbinin kollektivi qarşısında üzr istəməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar