Məhkəmə qərarları › İş №2(075)-1581/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1581/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1581/2021 14.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı «İcbari Sığorta Bürosu» X2 Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İcbari Sığorta Bürosu» X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5030 manat məbləğin Büronun xeyrinə tutulmaqla müvafiq bank hesabına ödənilməsi üçün iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı «İcbari Sığorta Bürosu» X5 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin iddiaçı «İcbari Sığorta Bürosu» X2 nümayəndəsi Rəşad Əhmədov 09 iyul 2021-ci il tarixdə ərizə göndərərək iddia tələblərinə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı «İcbari Sığorta Bürosu» X2 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «İcbari Sığorta Bürosu» X5 iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 24 iyul 2015-ci il tarixdə, saat 19:20 radələrində DAEWOO BS090 markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Səbail rayonu Neftçilər prospekti ünvanında hərəkətdə olarkən onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-211/2015 nömrəli, 16 noyabr 2015-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Ərizəçinin müraciəti əsasında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra “kompensasiya ödənişi üzrə məlumat cədvəli”ndə (cədvəl) qeyd olunanlara əsasən zərərçəkənlərə sağlamlığa dəyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir (ərizəçilər – X3 – 2500 manat, X6 – 2500 manat). Araşdırmalar nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə infornasiya sistemində DAEWOO BS090 markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 24 iyul 2015-ci il tarixdə, saat 19:20 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 5000 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir. Qanunvericiliyə əsasən kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Zərərvuran tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən kompensasiya ödənişi subroqasiya qaydasında zərərvuran şəxs olan cavabdehdən tələb edilir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, 2015-ci ildə "xxxx" MMC-yə sürücü kimi işə götürülmüş və 20 saylı avtobusu idarə etmişdir. 24 iyul 2015-ci il tarixdə DAEWOO BS090 markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus texniki cəhətdən yoxlanılaraq xəttə buraxılmışdır. Həmin gün saat 19:20 radələrində avtobusun qapısı açıq olduğundan avtobusun qapısında ayaq üstə dayanmış 1994-cü il təvəllüdlü sərnişin X7 avtobusdan yıxılaraq ölmüşdür. O, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 1(009)-211/2015 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkmişdir. Mahiyyəti üzrə bildirdi ki, məhkəmə və ibtidai istintaq gedişində zərərçəkənlər şikayətçi olmamaları üçün ondan pul istəmiş, lakin özünün maddi imkanı olmadığından və idarə etdiyi avtomobil sığortasız olduğundan sığorta şirkəti də pulu ödəməmiş, ona görə zərərçəkənlər ondan şikayətçi olmuşlar. Əgər kompensasiya ödənişi zərərçəkənlərə vaxtında ödənilsə idi, ona məhkəmə daha yüngül cəza verərdi. Ona görə hesab edir ki, hazırda ona qarşı qaldırılmış iddianın heç bir əsası yoxdur. Avtomobili şirkət sığorta etdirməli olduğundan kompensasiya ödənişini də sığortaçıya həmin şirkət ödəməlidir. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 1(009)-211/2015 saylı hökmünün təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun 04 avqust 2015-ci il tarixdən 05 avqust 2015-ci il tarixədək həbsdə saxlanması nəzərə alınaraq üzərində qəti olaraq 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 1(009)-211/2015 saylı hökmünün təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-nin direktoru ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, Cavabdeh sürücü vəzifəsinə qəbul olunmuş və ona hər ay 150 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. 057419 nömrəli şəhərdaxili və şəhərətrafı sərnişin nəqliyyatının yol vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-yə məxsus 20 nömrəli avtobus 24 iyul 2015-ci il tarixdə dispetçer və mexanik tərəfindən yoxlanılaraq saat 17:50-də xəttə buraxılmışdır. «İcbari Sığorta Bürosu»nun 25 iyun 2018-ci il tarixli, 004533 saylı “Kompensasiya ödənişinin verilməsi haqqında” qərarının təsdiq edilmiş surətindən görünür ki, 24 iyul 2015-ci il tarixdə, saat 19:20 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 ölümü ilə bağlı onun ailə üzvləri X6 və X1 hər birinə 2500 manat kompensasiya ödənişlərinin köçürülməsi nəzərdə tutulmuşdur. 27 iyun 2018-ci il tarixli, 413 və 414 nömrəli ödəniş tapşırıqlarından görünür ki, X6 və X1 hər birinə 2500 manat məbləğində kompensasiya ödənişi köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Həmin Məcəllənin 897.2-ci maddəsinə əsasən xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 897.3-ci maddəsinə əsasən icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu”nunun 14.1.3-cü maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün şəxsin ölümü hesab edilir. Həmin Qanunun 32.1.3-cü maddəsinə əsasən mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda Büro tərəfindən kompensasiya ödənişi verilir. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir. Həmin Qanunun 63.3-ci maddəsinə əsasən bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, "xxxx" MMC-nin sürücüsü Cavabdeh 24 iyul 2015-ci il tarixdə, saat 19:20 radələrində icbari sığorta müqaviləsi bağlanılmadan idarə etdiyi DAEWOO BS090 markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusla yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində X7 vəfat etmiş, sürücü Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 27 iyun 2018-ci il tarixdə «İcbari Sığorta Bürosu» tərəfindən mərhum X4 ailə üzvləri X6 və X1 hər birinə 2500 manat məbləğində kompensasiya ödənişi köçürülmüşdür. Hazırda iddiaçı həmin sığorta ödənişinin Cavabdeh alınaraq ona verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı «İcbari Sığorta Bürosu» X5 5000 manat kompensasiya ödənişinin Cavabdeh alınaraq ona verilməsini xahiş etsə də, cavabdeh yol qəza hadisəsini "xxxx" MMC-nin mülkiyyətində olan avtobusla törətmişdir. Törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunmuş və cəzasını çəkmiş, cinayət əməlini tərədərkən "xxxx" MMC-nin əmək müqaviləsi üzrə işçisi olmuş, avtobusun mülkiyyətçisi də "xxxx" MMC olmuşdur. DAEWOO BS090 markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh icarəsində olmamış, sonuncu nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, yol vərəqəsi ilə avtomobili idarə edən cavabdeh "xxxx" MMC-nin işçisi olduğundan və qanuni əsaslarla avtomobili idarə etsə belə, nəqliyyat vasitəsini icbari sığorta etdirmək vəzifəsini daşımamış, bu öhdəlik avtobusun mülkiyyətçisində olmuşdur. Beləliklə müəyyən olunur ki, DAEWOO BS090 markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusu icbari sığorta etdirmək vəzifəsi "xxxx" MMC-yə məxsus olduğu halda hüquqi şəxs həmin vəzifəsini icra etmədən hadisə baş verən gün avtobusu xəttə buraxmışdır. Sözügedən nəqliyyat vasitəsinin xəttə buraxılmağa yaralılığı barədə yol vərəqəsi "xxxx" MMC-nin məsul şəxsləri – dispetçer və mexanik tərəfindən təsdiq edilmişdir. Belə olan halda isə "xxxx" MMC qanunvericiliyə əsasən öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşımalıdır. Ona görə də iddiaçı hazırda mübahisələndirdiyi kompensasiya ödənişini Cavabdeh deyil, onun əmək müqaviləsi üzrə çalışdığı hüquqi şəxsdən tələb edə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı «İcbari Sığorta Bürosu» X2 Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «İcbari Sığorta Bürosu» X2 “Cavabdeh 5000 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5030 manat məbləğin Büronun xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar