Məhkəmə qərarları › İş №2(075)-1642/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1642/2025

23.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1642/2025 23.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim qızınun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı Mübariz oğlunun iştirakı ilə, İddiaçı Mübariz oğlunun Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Mübariz oğlu cavbdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhər Xətai Rayon Məhkəməsinə müraciət edərək, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Cavabdeh ona vurduğu maddi və mənəvi zərərə görə cavabdehdən 60000 (altmış min) manat məbləğində təzminatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun məqsədi Bakı şəhərindən yeni bir mənzil almaq olmuşdur. Buna görə də, müəyyən şəxslərlə əlaqə saxlamışdır. Cavabdeh adlı birisi öz ofisində ounla razılığa gəlmiş və bu məsələ ilə əlaqədar ilkin ödəniş olaraq ondan 8000 (səkkiz min) manat vəsait almışdır. O, etibarlılığı artırmaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə onun ondan aldığı 8000 (səkkiz min) manata dair aralarında rəsmi sənəd olmayan razılaşma kağızını (şəxsiyyət vəsiqəsinin surətini həmin kağıza əlavə etməklə) öz xətti ilə yazmağı və imzalamağı xahiş etmişdir. O da, razılaşaraq ondan 8000 (səkkiz min) manatı alması barədə “dilindən kağız” vermiş və imzasını atmışdır. Həmin kağız savadsız şəkildə tərtib edilsə də, o, buna əhəmiyyət verməmişdir. Cavabdeh ondan 8000 (səkkiz min) manat alması barədə yazdığını yenə də onun xahişi ilə telefon vasitəsi ilə video çəkilişdə təkrarlamış və üstəlik onu da bildirmişdir ki, oktyabr ayının 25-nə qədər (2024-cü il) müddətdən sonra həmin məsələni həll edəcəkdir. Lakin deyilən vaxt keçsə də, həmin şəxs heç bir iş görməmiş və 8000 (səkkiz min) manatı ona qaytarmaq niyyətində olmamış və hazırda da bu niyyətdə deyil. Onunla əlaqə yaratmaq qeyri-mümkündür. O, hesab etməzdi ki, bir dələduza rast gələr. Düşünürdü ki, telefonla videoçəkiliş də var, əlyazma şəklində razılaşma da var. Lakin yanıldığını və aralıqda pul qoparan bir dələduza rast gəldiyini və pulunun ona qaytarılmayacağını anlayandan sonra psixoloji gərginlik yaşamış və həmin dələduz barəsində Bakı şəhər məhkəməsinə müraciət etməyi qərara almışdır. Ümid edir ki, məhkəmə onun başqa bir şəxs tərəfindən pozulmuş hüququnu bərpa edər və daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Cavabdeh tərəfindən ondan alınmış və mənimsənilmiş 8000 (səkkiz min) manatın qaytarılmasını, həmçinin, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin 60000 (altmış min) civarında ona ödənilməsini təmin edər. Daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Bakı şəhər sakini, Cavabdeh ədalətsiz hərəkəti və vədinə əməl etməməklə ondan mənimsəmiş olduğu çox böyük gərginlik gətirmiş və güclü stress yaşatmış, güclü depressiyaya və stressə məruz qalmışdır. Bu vaxt ərzində keçirdiyi iztirablara, mənəvi sarsıntılara məruz qaldığı üçün onu ddepressiyalara məhkum etdiyinə və ona iztirablar yaşatdığına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsaslanaraq maddi və mənəvi zərər kimi cavabdehdən 60000 (altmış min) manat məbləğində təzminat tələb edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-3647/2025 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçı Mübariz oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Cavabdeh şəxsiyyət vəsiqəsinin surətində əl yazısında qeyd edilmişdir ki, “Mən, İddiaçı Mübariz oğlundan 8 min manat pul vəsaitini ilkin ödəniş olaraq aldım. xx.xx.2024. - xx.xx.2025-ci il tarixli 14373 saylı qəbzə əsasən iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün 296 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Prosessual Məcəllənin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 567-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia edir ki, onunla Cavabdeh arasında əldə edilmiş razılaşmaya əsasən 8000 manat ilkin ödəniş olmaqla ev satışı ilə bağlı razılıq əldə edilmiş, iddiaçı tərəfindən ilkin ödəniş olaraq 8000 manat ödənilmiş, lakin cavabdehin öz öhdəliyini yerinə yetirməməsi səbbindən iddiaçı həmin məbləğin ona geri qaytarılmasını xahiş edir. Cavabdeh isə iddia tələbinə qarşı hər hansı münasibət bildirməmişdir. İddiaçı iddia tələbinin əsası kimi cavabdehin öz şəxsiyyət vəsiqəsinin surətinə əl yazısı ilə yazdığı yazıya və həmin yazının cavabdeh tərəfindən oxunması ilə bağlı video görüntüyə istinad edir. Məhkəmə iclasında təqdim edilmiş video çəkiliş tədqiq edilmiş və həmin video çəkilişdən müəyyən edilmişdir ki, cavabdeh məhkəmə təqdim edilən əl yazısını ucadan oxuyur və əl yazısını çəkiliş aparan şəxsə təqdim edir. Mülki Prosessual Məcəllənin 76-cı maddəsi mülki məhkəmə icraatında sübutların anlayışını və əsas əlamətlərini verir, sübutetmə vasitələrini sadalayır və mülki iş üzrə sübutetmə predmetinin ümumi çərçivəsini müəyyən edir. Sübutetmə predmeti, mülki prosesdə işin ədalətli və obyektiv həlli üçün sübut edilməli olan haların məcmusudur. Sübutetmə predmeti işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə həmin mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normlarının məzmunu ilə müəyyən edilir. Sübutların aidliyi dedikdə isə, sübut mənbəyində olan məlumatın məhkəmə baxışında müəyyən edilməli olan faktlarla və hallarla obyektiv əlaqəsinin olması başa düşülür. Məhkəmə, cavabdehin video görüntü ilə əl yazısını ucadan oxumasını inandırıcı və əsaslı hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 8000 manat ödənilmiş məbləğin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. İddiaçı, ümumilikdə 60000 manat məbləğin tutulmasını xahiş edir və həmin məbləği maddi və mənəvi zərər kimi qiymətləndirir. Məhkəmə tərəfindən təmin edilən 8000 manatdan başqa iddiaçıya hansı maddi ziyanın dəyməsi iddiaçı tərəfindən əsaslandırılmamış və bu barədə hər hansı sübut təqdim edilməmişdir. Mənəvi zərərin tutulmasına münasibətdə isə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin iddiaçı tərəfindən ona mənəvi zərərin dəyməsi əsaslandırılmamış və bu barədə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat pul, 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Mübariz oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar