Məhkəmə qərarları › İş №2(075)-1674/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1674/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1674/2021 25.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 225.38 manat vurulmuş ziyanın əvəzi və işə baxılması ilə əlaqədar ödənilən 20 (iyirmi) manat dövlət rüsumunun, ümumilikdə 245.38 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı iddia ərizəsi ilə birlikdə məhkəməyə 05 iyul 2021-ci il tarixli, 264 nömrəli ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 15 dekabr 2017-ci il tarixdə, saat 17:58 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində, cavabdeh Şəki şəhər sakini Cavabdeh, hazırda ləğvetmə prosesində olan İddiaçı tərəfindən icbari sığorta növü ilə sığortalanmış, özünə məxsus BMW 520 minik markalı, **- ZO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə Paşa Sığorta ASC-də sığortalanmış, Baku BUS MMC-yə məxsus olan, İVECO URBANWAY markalı, **-JX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuş və hadisə yerindən yayınmışdır. Yasamal rayon DYPŞ-nin inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və oıuıı barəsində 20 dekabr 2017-ci il tarixdə, TYP-115780 saylı “İnzibati xəta haqqında protokol” tərtib olunmuşdur. Hazırkı iddia ərizəsinə əlavə edilən qiymətləndirmə aktından görünür ki, Baku BUS MMC-yə məxsus olan, İVECO URBANWAY markalı, **-JX- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 225.38 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq. 24 dekabr 2018-ci il tarixli, İC AA 4034/18 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra İddiaçı tərəfindən zərərçəkən Baku BUS MMC-yə məxsus olan, İVECO URBANWAY markalı, **-JX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 22 yanvar 2019-cu ildə Paşa Sığorta ASC-yə 225.38 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 225.38 manat məbləğində sığorta ödənişi İddiaçı tərəfindən zərərçəkənə ödənildiyindən, hazırda İddiaçı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 20 dekabr 2017-ci il tarixli, TYP-115786 nömrəli inzibati xəta haqqında protokol əsasından qəbul edilmiş 20 dekabr 2017-ci il tarixli, TYP-115786 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh idarə etdiyi “BMW 520” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində hərəkət olarkən İVECO URBANWAY markalı, **-JX- *** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, Cavabdeh hadisə yerini tərk etmişdir. İş materiallarında olan 296 nömrəli zərər aktından görünür ki, İVECO URBANWAY markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 225.38 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan 17 iyul 2018-ci il tarixli, 55929 nömrəli sığorta aktından görünür ki, İVECO URBANWAY markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 225.38 manat sığorta ödənişinin "xxxx" ASC-yə köçürülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 22 yanvar 2019-cu il tarixli, 22.01.19/21 nömrəli ödəniş tapşırığından görünür ki, 225.38 manat sığorta ödənişi ASC İddiaçı Şirkəti tərəfindən "xxxx" ASC-yə köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunu”nun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində zərərçəkmişə vurulmuş zərərin əvəzi – 225.38 manat həcmində pul vəsaiti İddiaçı tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, 1097.1-ci və 1114-cü maddələrinin tələblərinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 225.38 manat vurulmuş zərərin əvəzi və iddia ərizəsinin verilməsi ilə bağlı 20 manat dövlət rüsumu olmaqla, cəmi 245.38 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar