Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1680/2021 26.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsinə qarşı «ad və soyadın dəyişdirilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X1 adının dəyişdirilərək «Rəcəb», soyadının «Ərdoğan» olaraq qeydə alınması üçün Şəki rayon qeydiyyat şöbəsinin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci madəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsаsən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İddiaçı izah olunur ki, oğlu X1 adının dəyişdirilərək «Rəcəb», soyadının «Ərdoğan» olaraq qeydə alınması üçün Şəki rayon qeydiyyat şöbəsinin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsinə Şəki Rayon Məhkəməsində deyil, Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Bu səbəbdən də İddiaçı hazırkı tələbinə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153.2.1, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsinə qarşı «ad və soyadın dəyişdirilməsi» tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1680/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1680/2021
26.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver