Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1691/2023 17.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Şəki rayonunun Qayabaşı Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Şəki rayonunun Qayabaşı Bələdiyyəsinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; İddiaçı Şəki rayonu Qayabaşı Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon Qayabaşı bələdiyyəsinin 15 may 2007-ci il tarixli, 05 nömrəli qərarının və onun əsasında verilmiş 25 iyun 2007-ci il tarixli, 05 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin cavabdeh tərəfindən məcburi olaraq boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qayabaşı bələdiyyəsinin 15 may 2007-ci il tarixli, 05 saylı qərarı ilə Cavabdeh ilə aralarında Şəki rayon Qayabaşı bələdiyyəsi arasında 25 iyun 2007-ci il tarixli 05 saylı torpaq icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən onun icarəsinə 100 ha örüş-otlaq torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Qayabaşı bələdiyyəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli 09/M-1635 saylı məktubdakı təklif təmin edilməsi üçün 10 noyabr 2022-ci il tarixli 21 saylı protokolda adı göstərilən cavabdehə xəbərdarlıq olunmuş, məktub və protokoldan çıxarışın bir surəti ona göndərilmiş, həmin sahənin boşaldılması üçün qərar qəbul edilmiş, lakin cavabdeh tərəfindən həmin torpaq sahəsinin boşaldılması təmin edilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Şəki rayonunun Qayabaşı Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh icarə müqaviləsi üzrə icarə haqqını vaxtı-vaxtında ödəyir. Lakin cavabdehlə müqavilə bağlanan zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Torpaq məcəlləsinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondundunun örüş və biçənək sahələri bir qayda olaraq hüquqi və fiziki şəxslərin icarəsinə on ildən on beş ilədək müddətə verilməsi nəzərdə tutulmuşdur. Buna görə də, cavabdehlə Qayabaşı bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsi ləğv edilməlidir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, müqavilə bağlanarkən hansı müddətə bağlanması barədə məlumatı olmamışdır. Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirir və vaxtı-vaxtında icarə haqqını ödəyir. Müqavilənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona verilmiş torpaq sahəsini qoruyur. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İşin halları Şəki rayonu, Qayabaşı Bələdiyyəsinin 10 noyabr 2022-ci il, 21 saylı iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin Qayabaşı bələdiyyəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli 09/M-1635 saylı məktubdakı təklifin təmin edilməsi, Cavabdeh ilə bağlanmış xx.xx.2007-ci il tarixli, 05 saylı qərara əsasən verilmiş 100 ha torpaq sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi və qərarın ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Şəki rayonu, Qayabaşı Bələdiyyəsi tərəfindən göndərilmiş 17 dekabr 2022-ci il tarixli, 84 nömrəli bildirişdən görünür ki, Cavabdeh ilə aralarında 15 may 2007-ci il tarixli, 8 saylı qərarı ilə 100 ha örüş torpaq sahəsi üçün bağlanmış müqaviləyə, X2 daxil olan 10 noyabr 2022-ci il tarixli təklif əsasında tərəflərindən xitam verilmişdir. Odur ki, onun tərəfindən həmin ərazini boşaldaraq bələdiyyənin ümumi istifadəsinə verilməsinə şərait yaradılması bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən göndərilmiş 27 oktyabr 2022-ci il tarixli, 09/M-1635 nömrəli təklifdən görünür ki, 5 iş günündən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə çıxarılmaqla Sənan Xəlilovun icarəsinə 180 ha örüş torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.2000-ci il tarixli 09 saylı qərarın, Cavabdeh icarəsinə 100 ha örüş torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.2007-ci il tarixli, 05 saylı qərarın ləğv edilməsi, həmin qərarlara əsasən bağlanmış icarə müqavilələrinin etibarsız hesab edilməsi üçün müvafiq tədbirlərin görülməsu, Qayabaşı Bələdiyyəsi ilə vətəndaş Məzahir Əmrahovun arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin müddəti bitdiyi üçün icarə hüququna xitam verilməsi və torpaq sahəsinin bpşaldılaraq bələdiyyənin sahibliyinə qaytarılması təklif edilmişdir. Azərbaycan Respublikası Qayabaşı Bələdiyyəsinin 16 may 2023-cü il tarixli, 21 nömrəli cavab məktubundan görünür ki, Şəki rayonu Qayabaşı kənd sakini X1 Şəki rayonu, Sarıca bələdiyyəsi (indiki Qayabaşı bələdiyyəsi) ilə bağlanmış xx.xx.2007-ci il tarixli, 06 saylı müqavilədə göstərilən 30 (otuz) illik örüş sahəsi, Şəki rayonu, Sarıca kənd sakini Cavabdeh ilə bağlanmış xx.xx.2007-ci il tarixli 05 saylı müqavilə əsasında 100 (bir yüz) ha 20 icarəyə götürmüşlər Həmin icarələr 15 (on beş) ildən artıq olduğu üçün ləğv olunmasını tələb edirlər. Şəki rayonu Sarıca bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 25 iyun 2007-ci il tarixli, 05 saylı müqavilədən görünür ki, Şəki rayonu, Sarıca kənd sakini Cavabdeh İlyaz oğluna heyvandarlıqa məşğul olması üçün 100 (bir yüz) ha torpaq sahəsi 20 (iyirmi) il müddətinə icarəyə verilmişdir. Cavabdeh İlyaz oğlu 240 (iki yüz qırx) manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 16-cı maddəsinin 4-cü bəndinin 24 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyasında göstərilir ki, yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondundunun örüş və biçənək sahələri bir qayda olaraq hüquqi və fiziki şəxslərin icarəsinə on ildən on beş ilədək verilə bilər. 50-ci maddəsinin 3-cü bəndinə əsasən Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. 73-cü maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyrikənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. 73-cü maddəsinin 6-cı bəndinə əsasənTorpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 6.2 maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 11.3 maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-hissəsinin və 75ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 16 iyun 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh Şəki rayonu Sarıca Bələdiyyəsinə ona heyvandarlıqla məşğul olmasına görə torpaq sahəsi verilmişdir. Tərəflər arasında “torpaq sahəsinin icarəyə verilməsi haqqında” 25 iyun 2007-ci il tarixli, 05 saylı icarə müqaviləsi bağlanmış və 100 (bir yüz) hektar torpaq sahəsi uzun müddətli- 20 il müddətinə heyvandarlığın inkişafı üçün cavabdehə icarəyə verilmişdir. Müqavilənin surətindən müəyyən edilir ki, Cavabdeh həmin torpaq sahəsini hər ili üçün 240 (iki yüz qırx) manat olmaqla icarəyə verilmişdir. Hazırda iddiaçı qeyd olunan icarə müqaviləsini mübahisələndirərək bildirirmişdir ki, cavabdehlə müqavilə bağlanan zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Torpaq məcəlləsinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondundunun örüş və biçənək sahələri bir qayda olaraq hüquqi və fiziki şəxslərin icarəsinə on ildən on beş ilədək verilməsi nəzərdə tutulmuşdur. Buna görə də, onunla cavabdeh arasında bağlanmış icarə müqaviləsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər əsasında məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan icarə müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin forması və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd edilən müqavilənin ləğv edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsində örüş və biçənək sahələrinin icarəyə verilməsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddətdən artıq bağlandığını iddia etsə də, müqavilə bağlandığı zaman bələdiyyə sədrinin qanunvericilikdə nəzərdə tutulan halları bilməsinə baxmayaraq həmin müqavilənin bağlaması hazırda müqavilənin ləğvi üçün əsas olmamaqla bələdiyyənin hüquqdan sui istifadə etməsi kimi qiymətləndirilməlidir. Belə ki, iş üzrə tərəflərin izahatı və iş materialları ilə müəyyən edilir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək eyni zamanda icarə müqaviləsi üzrə hər il icarə haqqını vaxtında ödəmişdir. Məhkəmə eyni zamanada qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunvericiliyin normasından da göründüyü kimi cavabdeh tərəfindən müqavilənin şərtləri yerinə yetirilməklə heç bir pozuntunun törədilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Şəki rayonunun Qayabaşı Bələdiyyəsinin Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Azərbaycan Respublikası Şəki rayonunun Qayabaşı Bələdiyyəsinin Cavabdeh qarşı “Şəki rayon Qayabaşı bələdiyyəsinin 15 may 2007-ci il tarixli, 05 nömrəli qərarının və onun əsasında verilmiş 25 iyun 2007-ci il tarixli, 05 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin cavabdeh tərəfindən məcburi olaraq boşaldılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №2(075)-1691/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1691/2023
17.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver