Məhkəmə qərarları › İş №2(075)-1814/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1814/2021

16.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1814/2021 16.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı Cavabdeh qarşı “qeydiyyatdan çıxarmaq öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin üzərinə onu ünvan 1 ünvandan qeydiyyatdan çıxarmaq öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərində nəzərdə tutulmuş əsaslar olmadıqda şəxsin şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaması ilə bağlı müvafiq polis şöbəsinin vəzifəli şəxslərinin hərəkətləri qanuna uyğun olduğu üçün sonuncunun hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin (iddiaçının) hüquqlarının və qanunla qorunan maraqları pozulmadığından və şəxs (iddiaçı) həmin halları əsaslandıra bilmədiyindən iddia mümkünsüz sayılmalıdır. İşdə olan sənədlərdən də görünür ki, İddiaçı Cavabdeh məxsus Şəki şəhəri, İsmayıl Osmanlı küçəsi, ev 20 ünvanından qeydiyyatdan çıxarılmasına etiraz etmir. Beləliklə, tərəflər arasında mübahisə mövcud deyildir. İddiaçı izah olunur ki, Cavabdeh məxsus mənzildən qeydiyyatdan çıxarılmasına dair müraciət ərizəsini müvafiq polis şöbəsinə təqdim etməli, əgər müvafiq polis şöbəsi şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaqdan imtina edərsə o, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə iddia tələbi ilə inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müvafiq inzibati-iqtisadi məhkəməsinə (Şəki İnzibati Məhkəməsi) müraciət etməlidir. Bu səbəbdən də İddiaçı hazırkı tələbinə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153.2.1, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “qeydiyyatdan çıxarmaq öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar