Məhkəmə qərarları › İş №2(075)-1825/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1825/2021

23.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1825/2021 23.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh X7 iştirakı ilə, İddiaçı cavabdeh X9 qarşı “əmlakına zərər vuran ağacların cavabdeh tərəfindən budanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəki rayonu, Bideyiz kəndində yerləşən, həyətyanı torpaq sahəsinin qonşuluğunda olan cavabdeh X7 mülkiyyətində olan 8 qoz və 8 tut ağaclarının kəsilməsi və ya budanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək göstərdi ki, uzun müddətdir ki, ailəsi ilə birlikdə Şəki rayonunun Bideyiz kəndində cavabdeh X13 ilə qonşuluqda yaşayır. Göstərdi ki, cavabdehlə qonşuluqda ona məxsus həyətyanı torpaq sahəsi vardır. Cavabdehin mülkiyyətində olan evin həyətində ona yaxın hissədə 8 qoz və 8 tut ağacları mövcuddur. Həmin ağaclar uzun müddət budanmadığından budaqları uzanmış və onun mülkiyyətində olan evin həyətyanı torpaq sahəsində yerləşən tövlənin damının üzərinə qədər uzanmışdır. Bu hal isə onu narahat edir və onun mülkiyyət hüquqlarını pozur. O, bu barədə cavabdehə bildirsə də, cavabdeh onun sözlərinə məhəl qoymamış, nə həmin ağacları kəsməmiş, nə də budamamışdır. Hüquqları pozulduğundan o da məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etmişdir ki, mübahisə predmeti olan ağaclar cavabdehin mülkiyyətində olan torpaq sahəsində bitmişdir. O, hazırda ağacların kəsilməsini deyil, onların budanmasını xahiş edir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdeh X13 iddianı qəbul etməyərək göstərdi ki, uzun müddətdir ki, Bideyiz kəndində yaşayır. İddiaçının onunla qonşuluqda həyətyanı torpaq sahəsi vardır. Göstərdi ki, iş materiallarında olan fotoşəkillərdən də göründüyü kimi sözügedın ağaclar onun mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir və iddiaçının hər hansı hüququna toxunmur. Həmçinin iddiaçıya məxsus tikili olan tövlə onun mülkiyyətində olan torpaq sahəsində yox, kənd yolunun iddiaçı tərəfindən zəbt edilmiş hissəsində tikilmiş və nəticədə iki tikili arasında olan yol qısalmışdır. Ümumiyyətlə iddiaçı özü problemli adamdır. Belə ki, başqa qonşulardan da müxtəlif dövlət qurumlarına şikayət edir və qonşuları narahat edir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan KOD 40408028 JN-221F, nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X17 Komissiyasının 16 dekabr 1997 il tarixli, 41 saylı qərarı ilə İddiaçı, X2, X8, X5 və X6 0,45 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş KOD 40408028 JN-253A, nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X17 Komissiyasının 16 dekabr 1997 il tarixli, 41 saylı qərarı ilə Cavabdeh, X3 və X4 0,05 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş JN-0251 KOD 40408028 saylı “torpağa mülkiyyət hüquna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Cavabdeh və X1 cizgidə göstərilən sərhəd daxilində 1,76 hektar torpaq sahəsi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh Şəki rayonunun Bideyiz kəndində qonşudurlar. Məhkəmə iclasında hər iki tərəfin iştirakı ilə işə əlavə edilmiş 4 işarəsi işarələnmiş şəkil üzrə təhlil aparılmışdır. Həm iddiaçı, həm də cavabdeh bildirmişdir ki, şəkilə baxdıqda görünən tövlə iddiaçıya, sağda dəmir torun içərisində olan ağacların isə cavabdehə məxus olması göstərilmişdir. Bildirilmişdir ki, tövlə ilə dəmir tordan ibarət olan çəpər arasında 3 metrlik yol keçir. Cavabdeh həmin yolun iddiaçı tərəfindən zəbt edildiyini qeyd etmiş, məhz tövlənin də həmin zəbt olunmuş yol hissəsində tikildiyini vurğulamışdır. Məhkəmə hər iki tərəfi dinləyərək və şəkilə baxaraq hesab edir ki, cavabdehin mülkiyyətində bitən çıxıntılı ağaclar hər hansı bir formada iddiaçının mülkiyyət hüququnu pozmur. Ümumiyyətlə MM-nin 174.1-ci maddəsinin məzmununa görə əgər çıxıntılı budaqlar qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları kəsib özündə saxlaya bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MM-nin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə görə Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məhkəmə qonşular arasındakı mövcud mübahisəni MM-nin 171.1-ci madəsinə əsasən digər oxşar amillərin təsiri kimi qiymətləndirir və hesab edir ki, qonşu olan iddiaçının MMnin 171-ci maddəsinə əsasən qonşu təsirinə dözmək vəzifəsi vardır. Həmin Məcəllənin 174.1-ci maddəsinə əsasən əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Qeyd edilən normanın mahiyyətindən çıxış edərək məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, əgər çıxıntılı budaqlar və uzanan köklər iddiaçının (qoşunun) mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, bu zaman o, həmin budaqları və kökləri kəsə bilər. Məhkəmə hesab edir ki, İddiaçı məxsus Şəki rayonunun Bideyiz kəndində yerləşən həyətyanı torpaq sahəsində olan tövləyə cavabdehin mülkiyyətində olan torpaq sahəsində mövcud olan ağaclar və onun budaqları iddiaçının mülkiyyətindən istifadəsinə hər hansı maneçilik yaratmır. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı deyildir. Ona görə də İddiaçı mülkiyyətində olan Şəki rayonu, Bideyiz kəndində yerləşən, həyətyanı torpaq sahəsinin qonşuluğunda olan cavabdeh X7 mülkiyyətində olan 8 qoz və 8 tut ağaclarının kəsilməsi və ya budanması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edilmədiyindən İddiaçı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı X9 qarşı mülkiyyətində olan Şəki rayonu, Bideyiz kəndində yerləşən, həyətyanı torpaq sahəsinin qonşuluğunda olan cavabdeh X7 mülkiyyətində olan 8 qoz və 8 tut ağaclarının kəsilməsi və ya budanması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 (on) manat dövlət rüsumu xərci özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar