Məhkəmə qərarları › İş №2(075)-2065/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2065/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2065/2021 26.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 850.00 manat məbləğində sığorta ödənişinin əvəzi, 30.40 manat dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə 04 oktyabr 2021-ci il tarixdə elektron ərizə göndərərək, üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 26 sentyabr 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni 14 noyabr 2020-ci il tarixdə Qax rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan “VAZ-21070” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Qax DYPB-nin protokolu ilə Cavabdeh qeyd olunan yol-nəqliyyət hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Tərəflərindən zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 850 manat məbləğində sığorta ödənişi verilmişdir. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, “VAZ-21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 26 sentyabr 2020-ci il tarixində "xxxx" ASC-də sığortalanmışdır. 14 noyabr 2020-ci il tarixdə idarə etdiyi VAZ-21013 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-21070” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə VAZ-21070 markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə 850.00 manat məbləğində zərər vurmuşdur. Həmin vaxt sürücülük hüququ məhdudlaşdırılmış olmuşdur. Sığorta şirkəti tərəfindən ona zəng olunmuş, birdəfəyə 700 manat ödədiyi təqdirdə məhkəməyə müraciət etməyəcəkləri bildirilmişdir. Lakin maddi imkanı yaxşı olmadığından borcu birdəfəyə ödəyə bilməmişdir. Sığorta ödənişini ödəməkdən yayınmır. Məhkəmədən borcun hər ay 40 manat olmaqla hissə-hissə ödənilməsinə köməklik edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 14 noyabr 2020-ci il tarixli, İXP-3629793 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh 14 noyabr 2020-ci il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi VAZ-21013 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonunda hərəkətdə olarkən VAZ-21070 markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə VAZ-21070 markalı, **-ST-*** maddi ziyan vurmuşdur. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 14 noyabr 2020ci il tarixli, 2475/20 nömrəli arayışdan görünür ki, Cavabdeh 14 noyabr 2020-ci il tarixdə "xxxx" ASC-də sığortalanmış idarə etdiyi VAZ-21013 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili Qax rayonunda sürücülük vəsiqəsi olmadan idarə etmiş, VAZ-21070 markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə VAZ-21070 markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. İş materiallarında olan 19 noyabr 2020-ci il tarixli dəymiş ziyanın hesablanmasına dair aktdan görünür ki, VAZ-21070 markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri 230.00 manat, işçilik 620.00 manat olmaqla, cəmi 850.00 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan "xxxx" ASC-nin 16 dekabr 2020-ci il tarixli sığorta aktından görünür ki, sığortalanmış VAZ-21013 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 14 noyabr 2020-ci il tarixdə VAZ-21070 markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində "xxxx" ASC tərəfindən VAZ-21070 markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla bağlı 850.00 manat sığorta ödənişinin verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 18 dekabr 2020-ci il tarixli, 67573 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən VAZ-21070 markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 850.00 manat sığorta ödənişi köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunu”nun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Şərh edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində zərərçəkmişə vurulmuş zərərin əvəzi 850.00 manat həcmində pul vəsaiti "xxxx" ASC tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, 1097.1-ci və 1114-cü maddələrinin tələblərinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 850.00 manat məbləğində sığorta ödənişinin əvəzi və 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 880.40 manat tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar