Məhkəmə qərarları › İş №2(075)-222/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-222/2022

13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-222/2022 13.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, (Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etmişdir). İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin ləkələnməsi ilə bağlı dəymiş mənəvi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh həmin hərəkətləri ilə işgüzar nüfuzuma xələl gətirməklə bərabər ona və ailəsinə böyük mənəvi ziyan vurmuş, Cavabdeh həmin hərəkətlərinin məntiqi nəticəsi olaraq onun şərəf və ləyaqəti alçaldılmış, işgüzar nüfuzlarına xələl gətirilmiş, özünə və ailəsinə böyük mənəvi və psixoloji zərbə dəymişdir. Buna görə də cavabdeh həmin hərəkətləri ilə bağlı mülki məsuliyyətə də cəlb edilərək ona dəymiş mənəvi ziyan üçün 6000 AZN (altı min manat) təzminat ödənməsi və ona dəymiş 1000 AZN (min manat) məbləğində maddi ziyanın ödənməsi barədə, həmçinin ərizə üçün ödənmiş 90 AZN (doxsan manat) dövlət rüsumunun, ümumilikdə 7090 AZN (yeddi min doxsan manat) ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh hərəkətlərinin nəticəsi olaraq onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirilməsi ilə bağlı ona dəymiş mənəvi ziyan üçün 6000 AZN (altı min manat) və 1000 AZN (min manat) məbləğində də maddi ziyanın ödənməsi barədə, həmçinin ərizə üçün ödənmiş 90 AZN (doxsan manat) dövlət rüsumunun, ümumilikdə 7090 AZN (yeddi min doxsan manat) pulun cavabdehdən alınaraq ona ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, ixtisası həkim-stomatoloqdur. Həkimlikdən əlavə kənddə yaşadığı üçün kənd təsərrüfatı ilə, öz pay torpaqlarında taxıl əkib-becərməklə də məşğuldur. Cavabdeh onun bacısı X2 həyat yoldaşı olmuşdur. Cavabdeh bacısı ilə 1999-cu ildə birgə nikaha daxil olmuş, bu nikahdan iki övladları, X12 və X13 anadan olmuşdur. Onlar 20 il evli olmuşlar. Bacısı ilə Elşən 2 il bundan əvvəl, 07 noyabr 2019 tarixdə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən boşanmışlar. Cavabdeh müxtəlif vaxtlarda ailədə yaratdığı gərginliklər, həyat yoldaşına qarşı təhqirlər, şəxsiyyətini alçatmalar, hətta bıçaqla ölümlə hədələmələr, iyrənc böhtanlar səbəbindən bacısı X14 ondan boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Bacısı məhkəməyə mürciət etdikdən sonra tək bacısı deyil, onun ailə üzvləri, o, onun övladları, anası X9, digər bacısı X15 və onun övladları cababdehin təhqir və böhtanlarına məruz qalmışlar. Hələ evli ikən, 3 aprel 2019-cu il tarixində ünvan 1 ünvanında yerləşən evlərində yaranmış münaqişə zamanı bacısının şəxsi mobil telefonunu cavabdeh onun əlindən almış, söyüş və təhqirlərə məruz qalan bacısı L.Lətifova ona zərər yetirilməyindən qorxaraq, özünü otağa bağlamışdır. X1 və nənəsinin vasitəçiliyi ilə polis əməkdaşlarını köməyə çağırmışlar. Həmin gün cavabdeh onun və onun nəslinin ünvanına, araşdırma üçün gəlmiş polis əməkdaşlarının yanında Elşən tərəfindən təhqiredici və nalayiq kəlmələr işlədilərək təhqir olunmuşlar. Bildirmişdir ki, 2019-cu ilin yay aylarında, boşanma prosesi dövründə cavabdeh Elşən, dayısı oğlu Şahid1 (telefon +99*** *** ** **) telefonla zəng edərək, bacısı X10 övladlarını öldürməklə hədələmişdir. Özü öldürməsə də istədiyi vaxt pulla öldürtdürə bilər kimi ifadələr də işlətmişdir. Həmçinin digər dayısı oğlu X3 da ( telefon +99*** *** ** **) zəng vuraraq ailələrinin ünvanına nalayiq kəlmələr işlətmişdir. Müxtəlif tarixlərdə, işlətdiyi mobil nömrənin Whatsap ünvanına çoxlu sayda böhtan, təhqir, şərəf və ləyaqətinə toxunan cümlələr yazmışdır. O, cavabdehin nömrəsini gələn zəng və sms-lər üçün, eyni zamanda Whatsap səhifəsini ondan gələn məsajlar üçün bloklasa da cavabdeh yenə digər nömrələr vasitəsi ilə təhqirlərinə davam etmişdir. Cavabdeh qardaşı X11 məxsus nömrədən də ona (+99*** *** ** **) təhqir dolu məsaj göndərmişdir. Hətta o Xətai Rayonu 37-ci Polis bölməsinin əməkdaşı Pərviz İbrahimov adlı şəxslə əlbir olub, onun mobil nömrəsindən də ona qarğış məsajı yazmış və polis əməkdaşını da öz əməllərinə alət etmişdir. Bildirmişdir ki, cavabdeh daha bir böhtanı isə 20 iyul 2019-cu il tarixində 102 xidmətinə zəng vuraraq guya o, Elşəni Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində ölümlə hədələməsini bildirməsi olmuşdur. Həmçinin Elşən bilərəkdən polisə səhv məlumat vermişdir. Guya ki, o, qeyriqanuni stomatoloji fəaliyyətlə də məşğul olurmuş. Halbuki özü çox gözəl bilir ki, o, qanuni fəaliyyət göstərir. Şəki Rayon Polis şöbəsindən isə bu müraciət araşdırılaraq rədd edilmişdir. xx.xx.2019-cu tarixində bacısının adına olan ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının önündən keçərkən, binada usta işlədiyini müşahidə etmişdir. Bacısına zəng vuraraq, onun bu işdən xəbərinin olmamasını öyrənmişdir. Daha sonra yaxınlaşıb Şahid2 adlı şəxsdən nə baş verdiyini soruşduqda, məlum olmuşdur ki, obyektin Lalənin adına olmasına baxmayaraq, Elşən bu obyekti məhkəmədə əmlak bölgüsü başa çatmadan, Lalə ilə ortaq mülkiyyət hüquqları olduğu halda, Laləyə heç bir məlumat vermədən, heç bir icarə müqaviləsi bağlamadan, gəlir əldə etmək üçün Şahid2 adlı şəxsə icarəyə vermişdir. Rza ilə söhbətdən sonra Elşən onlara yaxınlaşaraq, onun ünvanına yüksək səslə bağıraraq söyüşlər söyməyə başlamışdır. Buna ərazidən keçən insanlar, qonşu yaşayış binalarında yaşayanlar, Rza və orda təmir işi görən ustalar da şahid olmuşlar. Bu təhqirlərdən təsirlənən anası bir müddət özünə gələ bilməmişdir. Uzun illərin şəkər xəstəsi olan anası X9 bu hadisədən sonra sonra infakt keçirmişdir. Mərkəzi Klinikada bir aylıq müalicədən sonra sağlamlığı qismən bərpa olunmuşdur. Bildirmişdir ki, onlar səbr etmişlər ki, bütün bunlar boşanma prosesindən sonra bitər. Lakin cavabdeh hələ də onu hədələməyə və ona ziyan vurmağa davam edir. Belə ki, cavabdehin niyyəti Moskvada yerləşən, Lalə ilə ortaq olan obyektlər üzərində üstünlük əldə etməkdir. Ordakı obyektlərin gəlirinin tamamını özü ələ keçirmək istəyir. Obyektləri icarəyə götürmüş şəxsləri qovaraq, yeni icarə müqaviləsini öz adına bağlanmasını şərt kimi irəli sürür. Lalə bu şərtlə təbii ki, razı deyil. Odur ki, durmadan bacısı Laləyə hədə-qorxu gəlməyə, nəticədə niyyətinə nail olmağa çalışır. Cavabdeh həmin hərəkətlərinin məntiqi nəticəsi olaraq onun şərəf və ləyaqətini alçaldılmış, işgüzar nüfuzlarına xələl gətirmiş, özünə və ailəsinə böyük mənəvi və psixoloji zərbə dəymişdir. Buna görə də cavabdeh həmin hərəkətləri ilə bağlı mülki məsuliyyətə də cəlb edilməlidir. Hazırda şərəf və ləyaqəti alçaldılmış, mənəvi əziyyət və istirab çəkmişdir. Belə ki, məhkəməyə təqdim etdiyi, cavabdehin onun bacısı və öz oğul övladı ilə telefon danışığının səs yazısında cavabdeh onu və ailəsini nəlayiq ifadələrlə təhqir edir. Həmin səs yazısında cavabdeh oğlu ilə danışığında ona xitabən onu “petux”, keçmiş arvadı Lalə ilə danışığında isə ona xitabən “sizin nəslinizdə kişi yoxdur, hamısı petuxdurlar” ifadəsi işlətmişdir. Həmçinin həmin səs yazılarında cavabdeh tərəfindən onun anasının, bacısının və ailə üzvlərinin də ünvanına nəlayiq ifadələr işlətmişdir. Bundan başqa Whatsap üzərindən ona yazmış olduğu mətnlərdə də onu və ailəsini təhqir etmişdir. Belə ki, həmin mətnərin məzmununda ona xitabən “sənin kişilikdən xəbərin yoxdur”, “sən arvad tumanı arxasında gizlənən bir insansan”, “arvadsız tualetə getməyən, kişilikdən xəbəri olmayan” ifadələrini işlətmişdir. Həmçinin göstərmişdir ki, cavadehin qeyri-qanuni hərəkət və şikayətləri üzündən ona 1000 manat maddi ziyan da dəymişdir. Belə ki, onun əsassız şikayətləri üzündən çağırışa əsasən polis şöbələrinə getməklə pul xərcləmişdir. Bütün bunlar nəticəsində kifayət qədər mənəvi-psixoloji sarsıntı keçirmiş, qohum-əqrəba, dost-tanış yanında, kənd içərisində biabır olmuş, şərəf və ləyaqəti alçadılmış və ona mənəvi ziyan dəymişdir. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq axırıncı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, İddiaçı 6000 min manat mənəvi, 1000 manat maddi ziyan və 90 manat dövlət rüsumunun ödənilməsi barədə iddia ərizəsini qəbul etmir və ona etiraz edir. Bildirmişdir ki, o, 1999-cu il tarixdə iddiaçının bacısı Lətifova Lalə ilə ailə qurmuşdur. Birgə nikahdan iki övladları anadan olmuşdur. 2019-cu ildə qaynanası Tamam Nağıyeva və qaynı İddiaçı müdaxilələri ilə ailələri dağılmışdır. Nikahları rəsmi qaydada pozulmuş və eyni zamanda notarial qaydada barışıq sazişi imzalamaqla mülklərin bölgüsünü aparmışlar. Barışıq sazişi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-13152/2019 saylı qərardadı ilə təsdiq edilmişdir. Həmin ərəfələrdə iddiaçı tərəfindən əmlaklardan imtina etməsi üçün ona çoxsaylı təzyiqlər olmuşdur. Balə ki, İddiaçı, qaynanası Tamam Nağıyeva sabiq həyat yoldaşı X24 orqanlarına çoxsaylı şikayətlər ünvanlayaraq ona qarşı şər-böhtan atmışlar. Lakin şikayətlər araşdırılmış və göstərilənlər həqiqətə uyğun olmadığı üçün rədd edilmişdir. Bunlardan başqa həmin vaxtdan bəri iddiaçı onu bir neçə əsassız iddialarla məhkəməyə müraciət etməklə onu lüzumsuz məhkəmə çəkişmələrinə cəlb etmişdir. Bildirmişdir ki, ayrılmaqlarına baxmayaraq Lalə Lətifova ilə 2019-cu ilin noyabr ayında barışmışlar. Ailəsi ilə birlikdə Şahdağa istirahətə getmişdirlər. Onların barışmağını bilən İddiaçı dərhal miqrasiya idarəsinə müraciət edərək onu yoldaşına bağışladığı ünvan 3 ünvandan pasport qeydiyyatdan çıxartmışdır. Bu hadisə onlar arasında yeni konflikt yaratmışdır. O, 2020-ci ilin iyul ayında yenidən ailə qurmuşdur. Buna baxmayaraq Lətifova Lalə ilə yenə də barışmış və aprel avqust aylarında münasibətləri bərpa olunmuşdur. Ancaq iddiaçı bundan sonra da ona şər böhtan ataraq, ona qarşı təzyiq edir. Heç kəsə SMS yazıb təhqir etməmişdir. Aydının danışdıqlarının hamısı yalandır, şər böhtandır. İddiaçı tərəf ondan hər vəchlə əmlak qoparmaq istəyir. Yenidən ailə qurmuşdur deyə hiddətlənirlər. Bildirmişdir ki, mübahisə keçmiş arvadı ilə onun arasında olmuşdur. İddiaçıya nə düşüb anlaya bilmir. Məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilən keçmiş arvadı Lalə və oğlu Qinyət ilə aparılan telefon danışığındakı səs yazısının ona məxsus olduğunu bildirmişdir. Əsəbi olduğundan həmin telefon danışığında Aydının ünvanına bəzi nəlayiq ifadə işlətmişdir. Lakin o bunu telefonda oğlu Qinyətə demişdir. Aydını digər şəxslərin yanında təhqir etməmiş, onu alçaltmamış və bu kimi ifadələri yaymamışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, iddiaçı ilə dayıoğli-bibioğludurlar. Elşənlə münasibətləri həmiş yaxşı olmuş, lakin son hadisələrdən sonra münasibətlərində sərinlik yaranmışdır. Elşənlə telefon danışıqları da çox olmuşdur. Məlum hadisələrdən sonra da Elşənlə telefon danışıqları olmuşdur. Həmin telefon danışıqları zamanı Elşən Aydının ünvanına nəlyiq ifadə olan “petux, qəhbə” ifadələri işlətmişdir. Həmin vaxt onun yanında heç kəs olmamış, tək özü olmuşdur. Elşən də həmin sözləri ona telefonda demiş, bu sözləri ondan başqa heç kəs eşitməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli, 4/564 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh keçmiş arvadı Lalə Lətifova ilə arasında olan telefon danışığı zamanı onun iddiaçıya xitabən “sizin nəslinizdə kişi yoxdur, hamısı petuxdur” ifadəsi, oğlu Qinyət Lətifovla olan telefon danışığında iddiaçıya xitabən “sən petux dayına oxşamısan” ifadəsi, bundan başqa işə əlavə edilmiş “WhatsApp” yazışmalarında olan “sənin kişilikdən xəbərin yoxdur”, “sən arvad tumanı arxasında gizlənən bir insansan”, “arvadsız tualetə getməyən, kişilikdən xəbəri olmayan” ifadələri İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən ifadələrdir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Həmin Plenumun 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nətcəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əla¬qənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 №-li qərarın 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir. Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkənlənməsi kimi qiymətləndirilə bilməz. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə görə, fikri ifadə etmək azadlığının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhrumiyyətlərə və ya sanksiyalara məruz qala bilər. “Bladet Tronso və Stensaas Norveçə qarşı” işində Avropa Məhkəməsi qərara almışdır ki, fiziki şəxslərin nüfuzuna qarşı hücum baş verdikdə və digər şəxslərin hüquqlarına xələl gətirildikdə ifadə azadlığını müşayiət edən vəzifə və öhdəliklər xüsusi əhəmiyyət kəsb edir. “Kastels İspanyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə digər şəxslərin hüquqlarını qorumaq məqsədi güdmüşdür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh keçmiş arvadı Lalə Lətifova ilə arasında olan telefon danışığı zamanı onun iddiaçıya xitabən “sizin nəslinizdə kişi yoxdur, hamısı petuxdur” ifadəsini, oğlu Qinyət Lətifovla olan telefon danışığında iddiaçıya xitabən “sən petux dayına oxşamısan” ifadələrini işlətmiş və bununla da İddiaçı onun şərəf və ləyaqətini alçaltmışdır. Lakin iddiaçının cavabdeh tərəfindən yazılması iddia edilən “WhatsApp” yazışmalarında “sənin kişilikdən xəbərin yoxdur”, “sən arvad tumanı arxasında gizlənən bir insansan”, “arvadsız tualetə getməyən, kişilikdən xəbəri olmayan” ifadələrinin əks olunduğu mətni məhkəməyə təqdim etsə də həmin cavabdeh həmin yazışmaların ona məxsus olduğunu bildirməmiş, onu inkar etmişdir. Lakin məhkəmə tərəfindən qeyd edilən ifadələr də qiymətləndirilməsi üçün linqvistik ekspertizaya təqdim edilsə də iddiaçı tərəfindən həmin yazışmaların cavabdehə məxsusluğu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Resbublikası Ali Məhkəməsinin sədri tərəfindən məhkəmələrə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2-740 saylı tövsiyyə məktubunda göstərilmişdir ki, Şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia tələbləri üzrə işlərin təhlili onu aşkara çıxarmışdır ki, bəzən istinad edilən bu iki məfhum arasında diferensiasiya aparılmır. Belə ki, bir çox hallarda mənəvi zərər tələbi ilə bağlı iddialar, iddianın əsasının şərəf, yoxsa ləyaqətin alçaldılması ilə bağlı olmasının fərqinə varmadan, ifadə edilmiş yalan məlumatların və ya ittihamedici ifadələrin yalnız yayılmaması əsası ilə rədd edilir. Halbuki, həm şərəf həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu o xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva ediirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin aiçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bır neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Odur ki, hətta yayılma halı olmadan da ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan, ağır cinayətlərdə ittiham edən ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi iztirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi zərərin tutulmasını istisna etmir. Göründüyü kimi Cavabdeh keçmiş arvadı Lalə Lətifova ilə arasında olan telefon danışığı zamanı onun iddiaçıya xitabən “sizin nəslinizdə kişi yoxdur, hamısı petuxdur” ifadəsi, oğlu Qinyət Lətifovla olan telefon danışığında iddiaçıya xitabən “sən petux dayına oxşamısan” ifadələri deməsi İddiaçı işgüzar nüfuzuna xələl gətirməsə də onun şərəf və ləyaqətini alçaltmışdır. Göründüyü kimi iddiaçı barəsində həqiqətə üyğun olmayan ifadələr ən azı iki nəfərə deyilməklə yayılmışdır. Belə olan halda cavabdehin hərəkətlərində iddiaçı barəsində həqiqətə uyğun olmayan ifadələrin yayılması baş vermişdir. Bu da cavabdehdən məhkəmə qaydasında mənəvi zərərin tutulması üçün əsas verir. Bundan başqa iddiaçı cavabdehdən 1000 manat məbləğində maddi zərər tələb etsə də cavabdeh tərəfindən ona vurulmuş maddi ziyan barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə cavabdehin iddiaçı barəsində ləkələyici, təhqiredici, nüfuzdansalıcı məlumatları yaymaqda ifadə olunan əməllərindən dolayı onun şüurunda yaranmış mənfi psixi reaksiyanın, keçirdiyim güclü psixoloji gərginlik və stress halının səbəb olduğu ciddi sarsıntını mənəvi-əxlaqi və ictimai-hüquqi baxımdan dözümsüz hesab edir və bunu mənəvi zərər kimi qiymətləndirir. Bu səbəbdən də iddiaçı cavabdehdən ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə tələb edilən mənəvi ziyan məbləğini işin hallarını nəzərə alaraq yüksək hesab edir və onun ağlabatan həddə azaldılmasının məqsədəmüvafiq hesab edilməsi qənaətinə gəlir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvriciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh keçmiş arvadı Lalə Lətifova ilə arasında olan telefon danışığı zamanı onun iddiaçıya xitabən “sizin nəslinizdə kişi yoxdur, hamısı petuxdur” ifadəsi, oğlu Qinyət Lətifovla olan telefon danışığında iddiaçıya xitabən “sən petux dayına oxşamısan” ifadələri deməsi İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələr hesab edilməli və buna görə mənəvi zərər olaraq Cavabdeh 1000 (min) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi isə əsaslı olmadığından təmin edilməməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş 90 manat dövlət rüsumunun 14 manatı Cavabdeh alınaraq İddiaçı verilməli, 76 manat isə İddiaçı özünə aid edilməlidir. İş üzrə 150 manat ekspertiza xərcinin 23 manatı Cavabdeh, 127 manatı isə İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X5 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 90 manat dövlət rüsumunun 14 manatı Cavabdeh alınaraq İddiaçı verilsin, 76 manat isə İddiaçı özünə aid edilsin. İş üzrə 150 manat ekspertiza xərcinin 23 manatı Cavabdeh, 127 manatı isə İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X5 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şəki Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar