Məhkəmə qərarları › İş №2(075)-2645/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2645/2022

22.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2645/2022 22.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı “şərəf və ləyaqətin alçaldılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəyən maddi və mənəvi ziyanlığı, evinə edilən hücumlar barəsində cinayət işinin başlanılmasını, şərəf və ləyaqətini alçaldıcı söyüşlər söyməklərinə görə cavabdehlərdən 100000 manat təzminatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi və ona əlavə edilmiş iddiaçının özünə geri qaytarılmalıdır. Birincisi iddia ərizəsi məhkəməyə elektron deyil, kağız daşıyıcı üzərində verilmişdir. Belə ki, MPM-nin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçı “şərəf və ləyaqətin alçaldılması” tələbinə dair iddia ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yox, kağız daşıyıcı vasitəsilə məhkəməyə göndərmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Şəki Rayon Məhkəməsi respublikada “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdən biridir. Buna görə də ərizə məhkəməyə kağız daşıyıcı formasında deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə MPM-nin yeni redaksiyada olan müvafiq tələblərinə riayət edilməklə verilməlidir. İkincisi, iddiaçı MPM-nin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl etməmişdir. 149-cu maddənin tələbinə görə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. İddia ərizəsində cavabdehin adı, poçt ünvanı göstərilməmişdir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlər iddia ərizəsinə əlavə edilir. Məhkəmə hesab edir ki, cavabdehin poçt ünvanı olaraq ünvanın göstərilməsi və sonuncunun həmin ünvanda rəsmi qeydiyyatda olması (yaşaması) barədə irəli sürdüyü dəlil iddiaçının tələbidir və iddiaçı həmin tələbini təsdiq edən sübutları ərizəyə əlavə etməlidir. Hazırki vəziyyətdə məhkəmə bu halı cavabdehin poçt ünvanı barədə məlumatın olmaması kimi qiymətləndirir. Məhkəmə həmçinin bu xüsusatla bağlı qeyd edir ki, cavabdehin rəsmi qeydə alındığı yer barədə məlumatın olmaması, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsini, o cümlədən məhkəmə sənədlərinin rəsmi qaydada cavabdehə təqdim edilməsinin mümkünlüyünü şübhə altında qoyur. Halbuki, MPM-nin 134 və 168.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərə (cavabdehə) iddia ərizəsi və ona əlvə edilmiş sənədlərin rəsmi qaydada verilməsi təmin olunmalıdır. İddia tələbinə nəzər saldıqda aydın olur ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, lakin cavabdeh şəxslərin adlarını, soyadlarını, ünvanlarını iddia ərizəsində qeyd etməmişdir. Üçüncüsü İddiaçı şərəf və ləyaqətinin alçaldılmasına görə 100000 manat məbləğdə təzminat tələb etsə də, qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəməmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu ödənilir. Dördüncüsü, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri təhlil edərkən aydın olur ki, iddiaçı onun şərəf və ləyaqətinin cavabdehlər tərəfindən alçaldılması barədə hər hansı bir sübut əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə dəqiq və aydın göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Buna görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 35, 149, 151, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı “şərəf və ləyaqətin alçaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar