Məhkəmə qərarları › İş №2(075)-2838/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2838/2021

07.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2838/2021 07.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış Şəki rayonu İkinci Biləcik kəndində yerləşən JN-0107 nömrəli, 40404058 kodlu “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunmuş 1.15 ha torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi və ona düşən payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 2-ci bəndinin 3-cü hissəsinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq notarius vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. İddiaçı cavabdeh X2 qarşı vərəsəliyin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınma qaydasına əməl edilməmiş və bu barədə ərizəyə sənəd əlavə edilməmişdir. Ona görə də İddiaçı ərizəsi geri qaytarılmalı, ona qərardada göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar