Məhkəmə qərarları › İş №2(075)-40/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-40/2022

05.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-40/2022 05.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı Muxrəddin oğlunun iştirakı ilə İddiaçı Muxrəddin oğlunun Cavabdeh qarşı su çəninin yerinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı Muxrəddin oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evin həyətində olan su çəninin yerinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun qonşusu Cavabdeh evin arxasına su çəni qoyduqdan sonra onun evinin divarları nəmlikdən qabarın tökülür. Dəfələrlə bu barədə cavabdehə bildirsə də, buna məhəl qoyulmamışdır. Hər il evin divarını təmir etdirmək üçün maddi imkanı yoxdur. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Muxrəddin oğlu, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, ünvan 2 ünvanda anası ilə birlikdə yaşayır. Mübahisə predmeti olan su çəni cavabdeh tərəfindən sərhəd divarına yaxın yerə qoyulduğu vaxtdan etibarən onun evinin divarları nəmlənmiş və divarın üst qatı yarasız hala düşmüşdür. Əlavə olaraq qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyindən də narazıdır. Belə ki, mütəxəssis olmayan şəxs tərəfindən də müəyyən oluna bilər ki, onun evinin divarları cavabdeh tərəfindən qoyulmuş su çəni səbəbi ilə yararsız hala düşmüşdür. Ona görə də, iddia tələbinin təmin edilməsini və Cavabdeh tərəfindən qoyulmuş su çəninin yerinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmənin hazırkı iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Muxrəddin oğlu onun doğma əmisi oğlu olmaqla, onun yaşadığı evin sol yanında yaşayır. İddiaçı ilə onun həyətinin ortasından sərhəd hasarı vardır. Tahirin ona qarşı qaldırdığı iddia tamamilə əsassızdır. Belə ki, iddiaçı bu idialarla əvvəllər də məhəllə nümayəndəsinə, Şəki şəhər-rayon Polis Şöbəsinə şikayətlər etmiş, onun şikayətinin heç bir əsasının olmaması, Tahirin evinin divarı onun qoyduğu su çəni səbəbli yox, əslində həm onun özünə məxsus olan evin damından və həm də aşağı qonşusu olan əmisi oğlunun evinin damından su axarının həmin şikayət olunan hissəyə yönəldiyini və yağan yağışların həmin axarlar vasitəsi ilə həmin yerə tökülməsi səbəbli olduğunu bildirmişlər. Lakin nə Tahir, nə də onun ailə üzvləri verilən rəylərlə qətiyyən razılaşmır, onun qoyduğu su çəninin həmin yerdən götürülməsi üçün müxtəlif yollara əl atırlar. Ona görə də, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(075)-40/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş 01 noyabr 2022-ci il tarixli, 10/5664 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mübahisə predmeti olan su çəni ilə sərhəd hasarı arasında 0.4 metr (40 sm) məsafə olduğunu, həmçinin su çənində və həmin su çəninin boru birləşmələrində hər hansı bir qüsurun (su sızıntısı, çatlar və.s) aşkar edilmədiyini nəzərə alaraq qeyd olunan su çəninin sərhəd divarının aşınmasına, zədələnməsinə və ya nəmlənməsinə səbəb olmadığı müəyyən olunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Yusifov X3 şəhəri, Musabəyov küçəsi 24 ünvanda yaşayır. Cavabdeh isə iddiaçı ilə qonşu olmaqla ünvan 1 ünvanda yaşayır. Cavabdeh, özünə məxsus evin həyətində iddiaçıya məxsus evin hasarına yaxın əraziyə su çəni yerləşdirmişdir. İddiaçı, ona məxsus evin divarlarının həmin su çəni səbəbindən nəmlənməsini, aşınmasını və yararsız hala düşməsini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edilənlərə məcmu halında qiymət verərək qeyd edir ki, cavabdeh tərəfindən onun yaşadığı evində qoyulmuş su çəninin iddiaçıın iddia etdiyi kimi, yəni ona məxsus evin divarına ziyan vurması, həmin divarın nəmlənməsi və aşınması müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və həmin rəyi sübut növü kimi qəbul edir. “X2rşı” işi üzrə 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Muxrəddin oğlunun Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evin həyətində olan su çəninin yerinin dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Muxrəddin oğlunun Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evin həyətində olan su çəninin yerinin dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı Muxrəddin oqğlundan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar