Məhkəmə qərarları › İş №2(075)-515/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-515/2021

08.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-515/2021 08.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 rəhbərliyinin göstərişi əsasında ona qarşı başlayan qərəzli kampaniya ilə əlaqədar qanunsuz hərəkətlər nəticəsində dəymiş 15000 (on beş min) manat maddi, 30000 (otuz min) manat mənəvi ziyan olmaqla, 45000 (qırx beş min) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsindən Cavabdeh2 vasitəsi ilə alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 rəhbərliyinin göstərişi əsasında ona qarşı başlayan qərəzli kompaniya ilə əlaqədar qanunsuz hərəkətlər nəticəsində dəymiş 3098 (üç min doxsan səkkiz) manat maddi ziyanın və 30000 (otuz min) manat mənəvi ziyanın, 200 manat ekpertiza xərci olmaqla, cəmi 33298 (otuz üç min iki yüz doxan səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsindən Cavabdeh2 vasitəsi ilə alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1964-cü il tarixdə Laçın rayonu Bozdağan kəndində anadan olmuşdur. 1992-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar məcburi köçkün düşərək müxtəlif ərazilərdə yaşadıqdan sonra nəhayət ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Özü ali təhsilli olmaqla Laçın rayonu Oğuz şəhərində yerləşən tam orta məktəbində müəllim işləyir. Ailəlidir, iki övladı var. O, heç bir inzibati və cinayət tərkibi yaradacaq hərəkətə yol verməmişdir. Ancaq Cavabdeh1 ona qarşı əsassız ittiham irəli sürərək onun nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmə və qəsdən yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törətdiyini iddia etmişdir. Lakin barəsində məhkəməyə verilmiş cinayət işi məhkəmə tərəfindən ətraflı araşdırılaraq, iş üzrə tərəflərin, eləcə də şahidlərin ifadələri və ekspertiza rəyləri ilə sübut edilmişdir ki, hadisə ilə onun heç bir bağlılığı yoxdur. Yəni iş üzrə çıxarılmış Şəki Rayon Məhkəməsirın xx xxxx 2020-ci il tarixli, 1(075)-1/2020 saylı hökmü ilə onun təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə ona bəraət verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işin ibtidai araşdırmasını aparan müstəntiq tərəfindən müəyyən hərəkətsizliklərə yol verilərək vaxtında görülməli olan işlər (kamera görüntülərinin götürülməsi, görüntülərdə olan iki əlavə avtomobilin sürücülərinin müəyyən edilməsi və s. kimi) görülməmiş, işin ibtidai araşdırılması səriştəsiz aparılmışdır. İbtidai araşdırmanın əvvəllərindən dəfələrlə idarə etdiyi avtomobildən əvvəldə iki avtomobilin olması barədə müstəntiq Mübariz Əhmədova şifahi və yazılı qaydada bildirməyimə baxmayaraq o, bu istiqamətdə heç bir addım atmamış və həmin avtomobillərin sahiblərini müəyyən etməmişdir. Bu da onun mənə qarşı qərəzli mövqedə çıxış etməsini əyani şəkildə sübut edir. Tərəfindən əldə edilərək məhkəməyə təqdim adilmiş hadisə baş verən istiqamətdən üzü bazar istiqamətə; doğru hərəkət adən avtomobillərin məhkəməyə gedib-gələrkən yolda xərclədiyi pul itkisinə, oğlunun mənəvi sarsıntı keçirərək artıq sağalmayan xəstəliyə düçar olmasına və iki ildən artıq müddətdə Cavabdeh1 DYPB-nin duracağında qalan avtomobilinin yarasız hala düşməsinə səbəb olmuşdur. Müstəntiq tərəfindən işin düzgün aparılmaması onun iki il müddətində etmədiyi bir əmələ görə təqsirli bilinərək suçlu görünməsinə səbəb olmuşdur. Oğlu bu hadisənin təsiri ilə sağalmayan xəstəliyə düçar olmuş və hazırda müalicə olunmaqdadır. Artıq o, oğlunun müalicəsinə 12000 manatdan artıq pul xərcləmişdir. Həkimlərin deməsinə görə onun bu xəstəliyə düçar olması ani sarsıntı keçirməsi ilə bağlıdır. İddia ərizəsinə əlavə etdiyi oğlu Məhəmmədin müalicə və müayinə olması ilə bağlı sənədlərin tarixi də elə hadisənin baş verdiyi tarixlə üst-üstə düşür. İki ildən artıq əsassız olaraq Cavabdeh1 DYPB-nin duracağında qalan ona məxsus avtomobilin 1500 manata yaxın xərci yaranmışdır. Bundan əlavə avtomobilin duracaqda qalması onun işə baxıldığı müddətdə taksidən istifadə edərək çoxlu pul xərcləməyinə səbəb olmuşdur. Onlar – Laçın rayon sakinləri respublikanın demək olar ki, bütün rayonlarında məskunlaşmışlar. Avtomobilinin həmin müddətdə onda olmaması onun xeyirşər məclislərində iştirak etmək üçün artıq pul xərcləməyinə səbəb olmuşdur. O, əsassız verilmiş ittihama görə iki gündən artıq həbsdə də qalmalı olmuşdur. Bütün bunlar Cavabdeh1 rəhbərliyinin ona qarşı qərəzli mövqe tutması və işin yekunda onun üstündə qalmasına çalışılması ilə bağlıdır. Buna görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, onun günahsız olmağını sübut edən məhkəmə cavabdehlər tərəfindən dəymiş ziyanın ona ödənilməsinə köməklik edəcəkdir. Cavabdeh1 ona qarşı olan haqsız hərəkətləri Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(075)-1/2020 saylı hökmü ilə öz təsdiqini tapır. İddia ərizəsində istinad etdiyi sübutlardan göründüyü kimi cavabdeh qarşısına qoyduğu məqsədə nail ola bilməmiş və onun Azərbaycan Respublikasının CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməyinə dair süni şəkildə təşkil etdiyi hadisələrlə bağlı toplanmış materiallar üzrə işlər həqiqi qiymətini almışdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, barəsində cinayət işi gedərkən şəxsi avtomobilinin Cavabdeh1 DYPB-nin duracağında olması ilə ona əlavə ziyan dəymişdir ki, həmin ziyan oğlu Məhəmməd Qasımovu xəstəliyi ilə bağlı Bakı şəhərinə apararkən taksiyə ödədiyi əlavə pulla bağlıdır. Belə ki, o, öz avtomobili ilə Bakı şəhərinə gedəkən 40 manat yanacaq pulu ödədiyi halda taksi ilə gedərkən gedib-gəlmək xərci olaraq hər dəfə əlavə 100 manat da ödəmək məcburiyyətində qalmışdır. O, oğlunun xəstəliyi ilə bağlı 2019-cu ilin iyul ayında bir dəfə, avqust ayında iki dəfə, 2020-ci ilin yanvar ayında iki dəfə, fevral ayında bir dəfə, mart ayında bir dəfə, may ayında bir dəfə, avqust ayında bir dəfə, oktyabr ayında bir dəfə olmaqla, cəmi 10 dəfə, hər dəfə 140 manat taksiyə ödəməklə Bakı şəhərinə getməli olmuşdur. Buna görə ona (140-40=100, 100*10=1000) 1000 manat ziyan dəymişdir. Əlavə olaraq bildirdi ki, pandemiya ilə əlaqədar ictimai nəqliyyat işləmədiyindən taksi ilə getməyə məcbur olmuşdur. Bütün bunları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçı tərəfin izahatını, şahidin ifadəsini dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X10 izahat verərək bildirmişdir ki, İddiaçı onun həmkəndlisidir. İddiaçının oğlu xəstə olduğundan onları özünə məxsus “Hyundai Sonata” markalı avtomobil ilə 2019-2020-ci illərdə, təxminən 10-11 dəfə (bəzən ayda iki dəfə) Bakı şəhərinə aparmışdır. Hər dəfə üçün iddiaçıdan 140 manat pul almışdır. Həmin pulun təxminən 50-55 manatı benzinə getmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Şəki Rayon Məhkəməsinin 4(075)-17/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarından görünür ki, Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, pоlis mаyоru Mübаriz Əhmədоv tərəfindən Qаsımоv Təvəkkül Qаsım оğlu 11 аprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının CM-nin 263.2 və 264-cü mаddələri ilə şübhəli şəxs qismində tutulmuş, 12 аprel 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi xx xxxx 2019-cu il tarixdə Şəki Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 1(075)-1/2020 saylı, xx xxxx 2020-ci il tarixli hökmünə əsasən İddiaçı təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə bəraət verilmiş, bəraət almış İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən onun qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. İş üzrə maddi sübut olan yolnəqliyyat hadisəsi yerindən aşkar edilərək götürülmüş boya nümunələri, VAZ-2170 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsindən aşkar edilərək götürülmiş lifin məhv edilməsi, İddiaçı məxsus 01 ədəd şalvar, bir ədəd pencək, VAZ-2170 markalı, **-FL- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağının üzlüyü, eləcə də Cavabdeh1 Dövlət X16 saxlanılan VAZ-2170 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı qaytarılması nəzərdə tutulmuşdur. Hökm xx xxxx 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. “X19” tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli kolonoskopiya raporundan görünür ki, X2 prokto-siqmoidit diaqnozu qoyulmuşdur. X6 xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində ultrasəs müayinəsindən keçmişdir. Onda “Kardianın çatışmazlığı. Qastrit. Kardianın polipi” aşkar edilmiş, ona müalicə üçün dərmanlar yazılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli komputer tomoqrammasından görünür ki, X1 lordozda düzlənmə aşkar edilmişdir. X6 xx xxxxxx 2019-cu il tarixdə “X18 Mərkəzi”ndə makroskopik müayinədən keçmiş, ona müalicə üçün dərmanlar yazılmışdır. X6 xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya X8 və Müalicəsində kolonoskopiya müayinəsindən keçmişdir. X6 xx xxxxxx 2019-cu il tarixdə “X7”ndə urogenital infeksiya Rt-PCR analizi vermişdir. X6 04-xx xxxxxx 2020-ci il tarixlərdə X18 Mərkəzində makroskopik müayinədən keçmişdir. X6 xx xxxxxx 2020-ci il tarixdə “Ege hospital”da fibrokolonoskopiya müayinəsindən keçmiş, ona müalicə üçün dərmanlar yazılmışdır. X6 xx xxxxxx 2020-ci il tarixdə “X12”nda müayinədən keçmişdir. X6 xx xxxxxx 2020-ci il tarixdə “Ege hospital”da müayinələrdən keçmiş, analiz vermiş, ona müalicə üçün dərmanlar yazılmışdır. Xidmət haqqı 281.00 manatdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 484 nömrəli məktuba əsasən 2003-cü il təvəllüdlü X6 “EBV. Ulserativ kolit” diaqnozu ilə ixtisaslaşmış tibbi yardım alması üçün Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasıya göndərilmişdir. X6 xx xxx 2020-ci il tarixdə “Ege hospital”da analiz vermiş, ona müalicə üçün dərmanlar yazılmışdır. Xidmət haqqı 144.00 manat, 324.00 manat olmaqla, cəmi 468.00 manatdır. X6 xx xxx 2020-ci il tarixdə “Ege hospital”da analiz vermişdir. Xidmət haqqı 230.00 manatdır. X6 xx xxx 2020-ci il tarixdə “Uniklinika”da elektroensefaloqrafiya müayinəsindən keçmiş, ona müalicə üçün dərmanlar yazılmışdır. X6 xx xxxxxx 2020-ci il tarixdə “Ege hospital”da fibroqastroduodenoskopiya müayinəsindən keçmişdir. X6 xx xxxxxx 2020-ci il tarixdə “xxxx” MMC-də laborator müayinədən keçmiş, ona müalicə üçün dərmanlar yazılmışdır. X6 xx xxxxxxx 2020-ci il tarixdə “Ege hospital”da fibrokolonoskopiya müayinəsindən keçmiş, ona müalicə üçün dərmanlar yazılmışdır. X6 xx xxxxxxx 2020-ci il tarixdə “Ege hospital”da analizlər vermiş, ona müalicə üçün dərmanlar yazılmışdır. Xidmət haqqı 10.00 manat, 279.00 manat və 176.00 manat olmaqla, cəmi 465.00 manatdır. X6 xx xxxxxxx 2020-ci il tarixdə müalicə üçün dərmanlar yazılmışdır. “Kristal-MM” Qiymətləndirmə tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli, 2001/21 saylı qiymətləndirmə rəyindən görünür ki, VAZ-2170 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx xxxxx 2021-ci il tarixə olan təmir dəyəri 2098 manatdır. Qiymətləndirmə xərci olan 200 manat İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə, iş üzrə bütün diqqətəlayiq halları araşdıraraq iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi və prosessual hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci maddəsinə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli Qərarında qeyd edilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X9 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmələrə mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutması izah edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 3-cü abzasında mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X9 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Plenumun Qərarının 11-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Şərh olunanlara və işin materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının haqsız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, onun barəsində 2 ilə yaxın müddət ərzində ibtidai və məhkəmə istintaqının aparılması nəticəsində hüquqları pozulmuş, ətrafdakılar tərəfindən ona «cinayətkar», «xətakar adam» gözü ilə baxılması şüurunda mənfi psixi reaksiyalara səbəb olması nəticəsində mənəvi sarsıntı keçirmişdir. Həmçinin, İddiaçı barəsində cinayət işi açıldıqdan sonra stress keçirən 2003-cü il təvəllüdlü X3 xəstəliyə düçar olmuş, müxtəlif xəstəxanalarda müayinələrdən keçmiş, müalicələrinə çoxlu pul vəsaiti xərclənmişdir və müalicəsi hazırda da davam etdirilməkdədir. Bundan başqa İddiaçı özü müəllim işləyir. Keçən müddət ərzində onun barəsində istintaq hərəkətlərinin aparılması bir müəllim kimi kollektiv qarşısında nüfuzuna xələl gətirmiş, şagirdlər və müəllim kolleqaları arasındakı mövqeyinə kölgə salmışdır. Bununla yanaşı, iddiaçı tərəf vurulmuş mənəvi ziyanın miqdarını 30000 manat məbləğində müəyyən etsə də, məhkəmə iclasında məhz həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında qeyd edilir ki, “Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Mülki işin faktiki hallarından görünür ki, Şəki Rayon Məhkəməsinin 1(075)-1/2020 saylı, xx xxxx 2020-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, hökmdə ona Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Məhkəmə bu qənaətə gəlir ki, İddiaçı əsassız olaraq CM-nin 263.2-ci və 264-cü maddələri ilə ittiham olunması iddiaçı və onun ailə üzvləri barəsində cəmiyyətdə, o cümlədən iş və ya yaşayış yerində, qonşuluqda yaşayan şəxslər və ya qohum-əqrəbalar arasında mənfi fikirlərin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərinin «soyuqlaşmasına» gətirib çıxarmış və digər mənəvi xarakterli mənfi nəticələrə səbəb olmuşdur. Lakin məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən işdə sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlaban məbləğdə, yəni 2000 manat məbləğdə müəyyən etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 7.0.5-ci maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanlaricraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir. 56.0 və 56.0.1-ci maddələrinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. 57.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.2-ci maddəsində deyilir ki, fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 60.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 63-cü maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun: 4-cü maddəsinə əsasən, vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxs vəfat etdikdə, vurulmuş ziyanın ödənilməsi hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada onun vərəsələrinə keçir. 6-cı maddəsində qeyd olunur ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsində göstərilir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının haqsız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində İddiaçı məxsus VAZ-2170 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 Dövlət X17 duracağına yerləşdirilmişdir. Avtomobil 2 il müddətində Cavabdeh1 Dövlət X17 duracağında qalmış, sazlığı pozulmuş, rəngi solmuşdur. “Kristal-MM” Qiymətləndirmənin xx xxxxx 2021-ci il tarixli, 2001/21 saylı rəyinə əsasən hazırda avtomobilin təmiri üçün 2098 manat xərc tələb olunur. Odur ki, həmin pul vəsaiti iddiaçıya dövlət tərəfindən və dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa iş materialları və məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci ilədək təxminən 10 dəfə oğlunu müalicə üçün Bakı şəhərinə aparmışdır. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən avtomobili duracağa yerləşdirildiyindən, hazırda avtomobil nasaz vəziyyətdə olduğundan və pandemiya şəraiti ilə əlaqədər ictimai nəqliyyatın hərəkəti dayandırıldığından Bakı şəhərinə taksi ilə getməli olmuşdur. İddiaçı öz şəxsi avtomobili ilə Bakıya gedərsə 40 manatlıq benzin istifadə edəcəyini bildirsə də, məhkəmə iclasında dindirilmiş şahid 50 manatlıq benzin istifadə etdiyini və iddiaçıdan hər dəfə 140 manat pul aldığını bildirmişdir. Buna görə də iddiaçıya əlavə olaraq 900 manat da (140-50=90, 90*10=900) ziyan dəymişdir ki, həmin pul vəsaiti də iddiaçıya dövlət tərəfindən və dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını sübut etmək isə cavabdehlər tərəfin üzərinə düşür. İddiaçı ona 3098 manat maddi ziyan vurulduğunu bildirsə də, məhkəmə iclasında ona 2998 manat maddi ziyan vurulduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən isə ona əlavə 100 manat da maddi ziyan vurulmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia maddi ziyanın qalan hissəsinin ödənilməsi hissəsində təmin edilməməlidir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Maliyyə Nazirliyidir. Hazırkı iş üzrə iddiaçıya təhqiqat orqanının (Cavabdeh1) səriştəsiz və ya kifayət qədər qanuni və əsaslı olmayan (iddiaçının mövqeyinə görə isə qərəzli) fəaliyyəti nəticəsində maddi və mənəvi zərər dəymişdir. CPM-nin və «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun müddəalarına müvafiq olaraq həmin zərər iddiaçıya dövlət tərəfindən və dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və məhkəmə iclasında tətbiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş maddi zərərə görə 2998 (iki min doqquz yüz doxsan səkkiz) manat, mənəvi zərərə görə 2000 (iki min) manat və qiymətləndiriciyə ödənilmiş 200 (iki yüz) manat olmaqla, cəmi 5198 (beş min bir yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti ödənilməli, iddia tələbi əsassız olduğundan qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İşdə olan 127898 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkün olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Odur ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Bundan başqa iddiaçı tərəfindən qiymətləndiriciyə ödənilmiş 200 manat dövlət tərəfindən və dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş maddi zərərə görə 2998 (iki min doqquz yüz doxsan səkkiz) manat, mənəvi zərərə görə 2000 (iki min) manat və qiymətləndiriciyə ödənilmiş 200 (iki yüz) manat olmaqla, cəmi 5198 (beş min bir yüz doxsan səkkiz) manat məbləğində pul ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar