Məhkəmə qərarları › İş №2(075)-616/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-616/2021

06.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-616/2021 06.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin etibarnamə üzrə nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-yə qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Şəki şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01 avqust 1978ci ildən 01 sentyabr 1979-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Şəki şəhər şöbəsi əsl cavabdeh olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF ilə əvəz edilmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, 01.08.1978-ci ildən 01.09.1979-cu ilədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləmişdir. Lakin nədənsə ona məlum olmayan səbəblərə görə 13 ay işlədiyi müddət əmək kitabçasında qeyd olunmamış və bu barədə Milli Arxiv İdarəsinin Şəki Filialında məlumat yoxdur. Halbuki, həmin müddətin onun əmək stajına daxil edilməsi olduqca əhəmiyyətlidir. Belə ki, o, Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsi təmin edilməmişdir. İddia ərizəsinin təmin edilməməsinin əsaslarından biri də odur ki, onun ümumi əmək stajı 25 il təşkil etmir. Əgər, hazırkı hal məhkəmə qaydasında tanınsa, yəni – işlədiyi 13 ay müddət əmək stajı hesab olunsa onun rəsmi əmək stajı 25 il 10 ay təşkil edəcək ki, bu hal da ona güzəştli şərtlərlə və ya ümumi qaydada əmək pensiyası təyin edilməsi üçün əsas olacaq. Bundan əlavə onun həmin müəssisədə işləməyi barədə çoxsaylı şahidləri də var. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X16 Filialının 31 iyul 2019-cu il tarixli məktubunda qeyd olunur ki, Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozun 1978-1979-cu illərin əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən həmin həmin illərdə işləməyinə dair qeydiyyat tapılmadı. Lenin adına kolxoz halhazırda fəaliyyət göstərmədiyi üçün həmin müəssisədən işləməyi barədə rəsmi arayış almağı qeyri-mümkündür. Göründüyü kimi o, həmin müddətdə həmin müəssisədə işləməyi barədə məlumat almağı digər vasitələrlə qeyri-mümkündür. Ona görə də hesab edir ki, bu fakt məhkəmə qaydasında tanınmalıdır. Hazırkı tələbini xüsusi icraat qaydasında məhkəməyə ünvanlasa da, maraqlı şəxs etiraz etdiyindən hazırda iddia icraatı qaydasında məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin etibarnamə üzrə nümayəndəsi X15 göstərmişdir ki, ərizəçinin ərizəsi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmiş, lakin müvafiq filial tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Daha sonra İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iddia tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4581/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı iddia tələbində 1973- 1978-ci illər ərzində M.Əzizbəyov adına X17 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığını və 1972-1973-cü illər ərzində Şəki rayonu Orta Zəyzid kəndində “Lenin adına kolxoz”da işlədiyini iddia etmiş və həmin illərin sosial sığorta stajına daxil edilərək ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Göründüyü kimi İddiaçı hal-hazırda hüquqi əhəmiyyətli fakt kimi təsdiq etdirmək istədiyi illər ərzində yuxarıda sözügedən kolxozda daha əvvəl də işləmişdir. Burada şübhə doğuran məqam ondan ibarətdir ki, İddiaçı 1972-1973-cü illər ərzində eyni Şəki rayonu Orta Zəyzid kəndində “Lenin adma kolxoz”da işlədiyi dövr müvafiq arxiv arayışı ilə təsdiq edildiyi halda daha sonrakı dövrü əhatə edən 1978-1979-cu illər öz təsdiqini arxiv arayışı ilə tapmır. Həmçinin, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət edən zaman sözügedən illər mübahisələndirilməmişdir. Belə olan halda İddiaçı həmin illər ərzində işləməsi faktı şübhə doğurur. Həmçinin, iddiaçının iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi “Əmək pensiyaları haqqında” Qanunda təsbit olunmamışdır. Normaların məzmunundan göründüyü kimi qanunvericilik əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə sığortaolunana əmək haqqı ödənilsin və həmin əmək haqqından müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Əvvəlki qanunvericiliklə yanaşı hazırda qüvvədə olan qanunvericilik də şəxslərin əmək pensiyası almaq hüququna malik olmalarını bilavasitə işlədiyi müddətdə sığortaolunana əmək haqqı ödənilməsi və sığortalı (işəgötürən) tərəfindən onun xeyrinə DSMF-yə sığorta haqlarını (məcburi dövlət sosial sığorta haqqı) ödənilməsi şərti ilə yol verilir. Əks təqdirdə əgər vətəndaşın işlədiyi müəsisələrdə onun xeyrinə sığorta haqları DSMF-yə ödənilmirsə, o zaman həmin iş iləri sığorta stajına daxil edilə və ona pensiya təyin edilib ödənilə bilməz. Belə ki, ərizəçi İddiaçı 0453797№li əmək kitabçasına müvafiq olaraq ümumilikdə 18 il 09 ay 05 gün sosial sığorta stajı vardır. Lakin ərizəçi İddiaçı 01.10.1996-cı il tarixdən 01.09.1998-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğundan yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə müvafiq olaraq həmin illər sosial sığorta stajına daxil edilə bilməz. Belə olan halda ərizəçi İddiaçı əmək kitabçasına müvafiq olaraq ümumilikdə 16 il 10 ay 05 gün sosial sığorta stajı vardır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X16 Filialı tərəfindən verilmiş 17 may 2019-cu il tarixli, 590 №li arxiv arayışa müvafiq olaraq ərizəçi İddiaçı 1 il sosial sığorta stajı vardır. İddiaçı məxsus 014045 №li diploma müvafiq olaraq o, 1973-1978-ci illər ərzində M.Əzizbəyov adına X17 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır və həmin dövrlər ərzində onun sosial sığorta stajı 5 il təşkil edir. Həmçinin, İddiaçı məxsus 044958 №li hərbi biletə müvafiq olaraq o, 1975-1977-ci illər ərzində hərbi xidmətdə olmuşdur. Lakin həmin illər təhsil aldığı dövrə təsadüf etdiyindən yenidən ikinci dəfə həmin illər sosial sığorta stajı kimi nəzərə alına bilməz. Göründüyü kimi ərizəçi İddiaçı ümumilikdə 22 il 10 ay 05 gün sosial sığorta stajı vardır. Həmçinin, ərizəçi İddiaçı hüquqi fakt kimi təsdiqlətmək istədiyi 01.08.1978 - 01.09.1979-cu illər də sosial sığorta stajına daxil edilsə belə, onun ümumilikdə 23 il 11 ay 05 gün sosial sığorta stajı vardır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq qeyd edilməlidir ki, məhkəmə tərəfindən hər hansı fakt deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və va əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktlar müəyyən edildiyindən İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yaranmadığından mübahisələndirilən illərin hüquqi əhəmiyyətli fakt kimi təsdiqlənməsi qanunamüvafiq deyildir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMFnin etibarnamə üzrə nümayəndələri Nümayəndə1 və Nümayəndə2 ayrı-ayrılıqda çıxış edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdilər. Mülki iş materiallarını araşdırıb, mülki proses tərəflərinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddiası əsaslı deyildir. Belə ki, faktla bağlı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, İddiaçı onun həmkəndlisidir. 1976-cı il tarixdən 1999-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda sürücü vəzifəsində işləmişdir. İddiaçı universiteti bitirdikdən sonra 1978-1979-cu illərdə həmin kolxozda təxminən 1 il – 1 il 2 ay elektrik montyoru işləmişdir. Faktla bağlı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı onun qabıbir qonşusudur. 1974-cü il tarixdən 1999-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda baş ekonomist vəzifəsində işləmişdir. İddiaçı 1978-ci ilin payız aylarından həmin kolxozda təxminən 1 il elektrik montyoru işləmişdir. Faktla bağlı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, İddiaçı onun həmkəndlisidir. 1973-cü il tarixdən Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda fəhlə işləmişdir. İddiaçı 1978-1979-cu illərdə həmin kolxozda elektrik montyoru işləmişdir. Faktla bağlı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, İddiaçı onun həmkəndlisidir. 1965-ci il tarixdən 1999-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda xırmançı işləmişdir. İddiaçı 1978-1979-cu illərdə həmin kolxozda elektrik montyoru işləmişdir. İşdə olan 014045 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973-1978-ci illər ərzində M.Əzizbəyov adına X17 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. İşdə olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 11 sentyabr 1979-cu ildən əmək fəaliyyətinə başlamışdır. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4581/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı 1973-1978-ci illər ərzində M.Əzizbəyov adına X17 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığını və 1972-1973-cü illər ərzində Şəki rayonu Orta Zəyzid kəndində “Lenin adına kolxoz”da işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X16 filialı tərəfindən 19 aprel 2021-ci il tarixdə verilmiş 316 nömrəli arxiv arayışından görünür ki, İddiaçı (Sehran) Əhməd oğlu 1972-1973-cü illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda işləmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X16 filialı tərəfindən 19 aprel 2021-ci il tarixdə verilmiş 316 nömrəli məlumatdan görünür ki, Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozun 1978-1979-cu illərin əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən İddiaçı həmin illərdə işləməyinə dair qeyd tapılmamışdır. İşdə olan X7 məxsus ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X10 XXX ildə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxoza üzv qəbul edilmiş, 12 yanvar 1999-cu ildə kolxoz üzvlüyündən azad edilmişdir. İşdə olan X1 məxsus 286 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X1 1962-1963, 1967-1968, 1974-1980, 1992-1998-ci illər ərzində əmək haqqı ödənmişdir. İşdə olan X4 məxsus 701/1 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X4 1973, 1975, 1978-1990-cı illər ərzində əmək haqqı ödənmişdir. İşdə olan X5 məxsus 941 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X5 1965-1968, 1974-1979-cu illər ərzində əmək haqqı ödənmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-358/2021 nömrəli, 19 fevral 2021-ci il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi Azərbaycan Respublikasının MPM-nin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikasının MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.1-13.4-cü bəndlərinə görə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. İddiaçının məhkəmə iclasında verdiyi izahatından və işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 1973-1978-ci illər ərzində M.Əzizbəyov adına X17 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. Daha sonra 01 avqust 1978-ci ildən 01 sentyabr 1979-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində çalışmışdır. Lakin həmin dövrdə işlədiyi müddət əmək kitabçasında qeyd olunmadığından ona hazırda güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsində problemlər yaranır. Odur ki, iddiaçı həmin dövrdə işləməsinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh təşkilatın nümayəndələri iddianı qəbul etmirlər. Məhkəmə tərəfindən müvafiq sorğular verilmiş, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X16 filialı tərəfindən müvafiq arxiv arayışları məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı 1972-1973-cü illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda işlədiyi, lakin kolxozun 1978-1979-cu illərin əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən sonuncunun həmin illərdə işləməyinə dair qeyd tapılmadığı aşkar edilmişdir. İddia ərizəsində qeyd edilən halların təsdiq edilməsi üçün İddiaçı sübutlarını məhkəməyə təqdim etməsi təklif olunmuş, iddiaçı tərəfindən məhkəməyə şahidlər təqdim edilmişdir. Məhkəmə şahid ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, şahidlərdən X6 neçənci ildən Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda işləməsi aydın görünmür. Belə ki, ona məxsus əmək kitabçasında işə daxil olma ilə bağlı hər hansı qeyd aparılmamışdır. Digər şahidlər isə kolxozda mövsümi işlədiklərini qeyd etmələrinə baxmayaraq, onlarla bərabər işlədiyini iddia etdikləri və 42-43 il əvvəl aid tarixin hətta ayına kimi xatırlamaları məhkəmədə şübhə doğurur. Həmçinin, 1978-1979-cu illər ərzində Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda işləyən bütün digər şəxslər barəsində məlumatlar mövcuddur ki, həmin məlumatlar arasında məhz İddiaçı məxsus məlumatların olmaması özü də şübhə doğurur. Göründüyü kimi İddiaçı 01 avqust 1978-ci ildən 01 sentyabr 1979-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləməsini təsdiq edən sənədlər mövcud olmadığından bərpası mümkün deyil. Bundan başqa müvafiq sənədlər üzrə İddiaçı 1978-1979-cu illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda işləməsi sübut olunmur. Odur ki, İddiaçı iş stajının müəyyən olunması qanunvericiliyə ziddir. Buna görə də iddiaçının iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-yə qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyinə görə İddiaçı ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı “onun 01 avqust 1978-ci ildən 01 sentyabr 1979-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləməsi hüquqi faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar