Məhkəmə qərarları › İş №2(075)-66/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-66/2022

18.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-66/2022 18.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı, Cavabdeh Bəxtiyar oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Bəxtiyar oğluna qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid həyətdə həmin həyəti ona məxsus evdən ayıran divarın yaxınlığındakı ağacın kəsilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli ********** saylı reyestr nömrəli çıxarışa əsasən Şəki şəhəri, Pişnamazzadə küçəsi ev 9 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdeh Bəxtiyar oğlu onun qonşuluğunda yaşayır. Cavabdeh Bəxtiyar oğlunun istifadəsində olan torpaq sahəsində onların həyətlərini ayıran sərhəd divarının yaxınlığında inkişaf edərək böyümüş ağacın onun həyətinə uzanmış budaqları təhlükəli vəziyyət yaratmışdır. Həmçinin, həmin ağacın inkişafda olan kökləri də onun mülkiyyətində inşa edilmiş sərhəd divarının bünövrəsini dağıtmaq üzrədir. Bundan əlavə həmin ağacın yarpaqları da il ərzində onun həyətinə tökülür və daim həyətlərini təmiz saxlamaq üçün həmin ağacın yaratdığı səliqəsizliyi özləri təmizləyirlər. Bu isə onları çətin vəziyyətə salır. Həmin ağac hündürboylu və geniş çətirə malik olduğundan ağacın çətir budaqlarının fərdi yaşayış evinin dam örtüyünə də meyillidir. O, öz mülkiyyətində olan torpaq sahəsindən öz istədiyi kimi istifadə edə bilmir. Ona görə də mübahisəli ağac kəsilib götürülməlidir. Qeyd olunanlara əsasən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia əsaslıdır və iddianı müdafiə edir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh Bəxtiyar oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun qonşusudur. Onların torpaq sahələrini ayıran sərhəd divarının yaxınlığında, yəni onun mülkiyyətində olan torpaq sahəsində mövcud ağac vardır. Lakin, həmin ağacın saxlanılması real təhlükə mənbəyi deyildir. Əgər, belə bir təhlükənin olduğu ehtimalı olarsa, o, özü həmin ağacın kəsilməsində maraqlı olardı. Əslində isə, iddiaçı qərəzli olaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia əsassızdır və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 23 iyul 2021ci il tarixdə verilmiş **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, Pişnamazzadə küçəsi ev 9 ünvanında yerləşən 0,03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 123,90 kvadrat metr sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli, 616 nömrəli məktubda göstərilmişdir ki, qeyd olunan ağaca idarənin əməkdaşları tərəfindən birgə baxış keçirilmiş və bu barədə akt tərtib olunmuş və ağacın fotoşəkilləri çəkilmişdir. Tərtib olunmuş baxış aktına və çəkilmiş fotoşəkillərə baxaraq müəyyən olundu ki, barəsində şikayət etdiyi həmin ağac onunla qonşu olan vətəndaşın həyətyanı torpaq sahəsindədir. Ağacın mövcud vəziyyətini əks etdirən fotoşəkil evinin giriş qapısındakı küçədən və həyətyanı sahəsindən çəkilmişdir. Həmin ağac hündürboylu və geniş çətirə malik olduğundan ağacın çətir budaqlarının fərdi yaşayış evinin dam örtüyünə həqiqətən meyilli olduğu müəyyən olundu. Həmin ağacın mövcud vəziyyəti, yəni çətir budaqları əlverişsiz hava şəraitində evin dam örtüyünə təhlükə yarada bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 may 2022-ci il tarixli, 10/999 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş üzrə Cavabdeh Bəxtiyar oğluna məxsus 9A saylı yaşayış evinə dair tərtib edilmiş texniki pasportun məlumatları və həmin evin həyətyanı torpaq sahəsinin faktiki parametrləri yerində müqayisə edilərkən mübahisəli ağacın faktiki olaraq 9A saylı yaşayış evinin həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 616 nömrəli, 05 iyul 2021-ci il tarixli və 182 nömrəli, 22 fevral 2022-ci il tarixli məktublarına əsasən idarənin əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində iş üzrə iddiaçı C.C.Şəmçiyevin bildirdiyi ağacın kök və gövdə hissələrinin tədqiq olunan yaşayış evinə təhlükə yaratmadığı, lakin ağacın çətir budaqlarının və təxminən 6-7 metr hündürlükdə yerləşən əsas gövdə hissəsinin C.C.Şəmçiyevin yaşayış evinə doğru meyilləndiyi, həmçinin, ağacın mövcud vəziyyətinin, yəni çətir budaqlarının əlverişsiz hava şəraitində evin dam örtüyünə təhlükə yarada biləcəyi müəyyən olunmuşdur. Qeyd olunur ki, yarada biləcək təhlükəni aradan qaldırmaq üçün ağacın hansı formada kəsilməsinin məqsədə müvafiq olmasının müəyyən edilməsi tikinti-texniki ekspertizasının səlahiyyətinə aid olmadığından sualın həmin hissəsi üzrə tədqiqat aparılmadı. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə iclasında tərəflərin izahatları, işdə olan sənədlərin və fotoşəkillərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 23 iyul 2021-ci il tarixdə verilmiş **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki şəhəri, Pişnamazzadə küçəsi ev 9 ünvanında yerləşən 0,03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 123,90 kvadrat metr sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh Bəxtiyar oğlu isə İddiaçı qonşuluğda yerləşən yaşayış evində yaşayır. İddiaçı Cavabdeh Bəxtiyar oğlunun istifadəsində olan torpaq sahəsində onların həyətlərini ayıran sərhəd divarının yaxınlığında inkişaf edərək böyümüş ağacın onun həyətinə uzanmış budaqları təhlükəli vəziyyət yaratdığını, həmin ağacın inkişafda olan köklərinin onun mülkiyyətində inşa edilmiş sərhəd divarının bünövrəsini dağıtdığını, həmin ağacın yarpaqlarının il ərzində onun həyətinə töküldüyünü, daim həyətlərini təmiz saxlamaq üçün həmin ağacın yaratdığı səliqəsizliyi özləri təmizlədiyini, həmin ağac hündürboylu və geniş çətirə malik olduğundan ağacın çətir budaqlarının fərdi yaşayış evinin dam örtüyünə də meyilli olduğunu əsas göstərərək, həmin ağacın kəsilməsini tələb edir. Məhkəmə iclası zamanı İddiaçı iddiasını müdafiə etmiş, Cavabdeh Bəxtiyar oğlu isə iddianı qəbul etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Həmin Məcəllənin 174.1-ci maddəsinə əsasən əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Həmin Məcəllənin 174.2-ci maddəsinə əsasən ağac və ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəsinin meyvəsi sayılır. Həmin Məcəllənin 174.3-ci maddəsinə əsasən əgər mülkiyyətçi tikililər və üst tikililər olan torpaq sahələrində çıxıntılı budaqların olmasına yol verirsə, həmin budaqlarda yetişən meyvələrə onun hüququ çatır. Bu göstərişlər meşə torpaq sahələrinə şamil edilmir. Göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 may 2022-ci il tarixli, 10/999 nömrəli ekspert rəyi, həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 616 nömrəli, 05 iyul 2021-ci il tarixli və 182 nömrəli, 22 fevral 2022-ci il tarixli məktublarla mübahisəli ağacın faktiki olaraq iş üzrə Cavabdeh Bəxtiyar oğluna məxsus 9A saylı yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, həmin ağacın kök və gövdə hissələrinin tədqiq olunan yaşayış evinə təhlükə yaratmadığı, lakin ağacın çətir budaqlarının və təxminən 6-7 metr hündürlükdə yerləşən əsas gövdə hissəsinin İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Pişnamazzadə küçəsi ev 9 ünvanında yaşayan fərdi yaşayış evinə doğru meyilləndiyi, həmçinin, ağacın mövcud vəziyyətinin, yəni çətir budaqlarının əlverişsiz hava şəraitində evin dam örtüyünə təhlükə yarada biləcəyi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərindən də göründüyü kimi İddiaçı Şəki şəhəri, Pişnamazzadə küçəsi ev 9 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin, mübahisəli ağacın hazırki vəziyyətində saxlanılması İddiaçı mülkiyyətində olan əmlakından öz ailəsi ilə birlikdə istifadə etməsinə çətinliklər, həmçinin, onların həyat və sağlamlığı üçün təhlükə yaradır. Nəticədə isə İddiaçı qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Buna görə də İddiaçı ehtimal olunan, hansı ki, özünün və ailə üzvlərinin həyat və sağlamlığı üçün, o cümlədən mülkiyyətində olan evinin damının tamlığının saxlanılması üçün təhlükəli olan həmin ağacın yaradacağı təhlükənin qarşının alınmasını tələb etmək hüququ vardır. Buna görə də həmin ağacın çətir budaqları budanmalıdır. Lakin, iş üzrə verilmiş ekspert rəyi ilə həmin ağacın kök və gövdə hissələrinin tədqiq olunan yaşayış evinə təhlükə yaratmadığı müəyyən edildiyindən qeyd edilən ağacın tamamilə kəsilərək götürülməsi hissəsində məhkəmə iddianı əsaslı hesab etmir. Şərh edilənlə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyani torpaq sahəsində olan mübahisəli ağacın çətir budaqları budanmalı, əsaslı olmadığından qalan hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən və iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyani torpaq sahəsində olan mübahisəli ağacın çətir budaqları budansın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar