Məhkəmə qərarları › İş №2(075)-907/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-907/2021

21.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-907/2021 21.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh və Şəki rayon qeydiyyat şöbəsinə qarşı «doğum akt qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 04 mart 2013-cü il təvəllüdlü uşağı Nihatın adına Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 05 may 2013-cü il tarixdə verilmiş AZ-İİİ 094605 nömrəli doğum haqqında şəhadətnamədə həmin uşağın atası kimi Cavabdeh ilə bağlı göstərilmiş qeydlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə Şəki rayon qeydiyyat şöbəsi cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1970-ci il tarixdə, Cavabdeh isə xx xxxxx 1962-ci il tarixdə Şəki şəhərində anadan olmuşlar. O, iş üzrə Cavabdeh birlikdə bir müddət Şəki şəhərində yerləşən şadlıq evində işləmişdir. Onlar birlikdə işlədikləri müddətdə iş yoldaşı kimi yaxşı münasibətləri olmuşdur. Həmin ərəfələrdə o, bir nəfər türk vətəndaşı ilə qeyri-rəsmi qaydada ailə quraraq həmin türk vətəndaşı ilə birlikdə yaşamışdır. Lakin sonradan ailə qurduğu həmin türk vətəndaşı ondan ayrılmış və bundan da bir müddət sonra yəni, 04 mart 2013-cü il tarixdə onun həmin türk vətəndaşından Nihat adlı uşağı anadan olmuşdur. Onun həmin türk vətəndaşı ilə rəsmi nikahı olmadığına, həmin türk vətəndaşının yerini müəyyən etmək mümkün olmadığına, nəticə etibarı ilə həmin türk vətəndaşı 04 mart 2013-cü il təvəllüdlü Nihatın atasının olması barədə ərizə təqdim etməkdən yayındığına görə o, uşağına həmin şəxsin atalığını tanıtdıra bilməmişdir. Buna görə o və digər iş yoldaşları kömək etmək məqsədi ilə 04 mart 2013-cü il təvəllüdlü uşağı Nihata müvəqqəti olaraq atalıq verməsini Cavabdeh xahiş etmişlər. Cavabdeh da kömək etmək məqsədi ilə 04 mart 2013-cü il təvəllüdlü uşağı Nihatın atası kimi onun adının yazılmasına razılıq vermişdir. Halbuki, Cavabdeh 04 mart 2013-cü il təvəllüdlü uşağı Nihatın faktiki olaraq atası deyildir. Cavabdeh belə bir məsələyə razılıq verməsinin gələcəkdə hansı məsuliyyətlər, vəzifələr və öhdəliklər daşıyacağını bilməmişdir. Hazırda ona kömək etmiş bir şəxsin gələcəkdə ailəsində çətinliklərin yaranmasını istəmir. Həqiqətən də, onunla Cavabdeh arasında ər-arvad münasibətləri olmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı çıxış edərək ərizənin məzmununa uyğun izahat verdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, İddiaçı onun keçmiş iş yoldaşı olmuşdur. Mahiyyəti üzrə bildirdi ki, həqiqətən də 04 mart 2013-cü il təvəllüdlü Nihatın atası o deyildir. 2013-cü ildə uşağın atası kimi yazılmasına razılıq verməsinin gələcəkdə hansı məsuliyyətlər, vəzifələr və öhdəliklər daşıyacağını bilməmişdir. İddiaçı və övladının gələcəkdə ona qarşı hər hansı əmlak tələbi olacağından ehtiyat edir. Ona görə də uşağın adından silinməsini xahiş edir. Digər cavabdeh Şəki rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan AZ-İİİ seriyalı, 094605 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 04 mart 2013-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 09 fevral 2021-ci il tarixdə verilmiş 05/Q-508/15 nömrəli arayışdan görünür ki, İddiaçı atalığı müəyyən etmək haqqında ilkin akt qeydinin ləğv edilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinə əsasən qeyd edir ki, məhkəmələr pozulmuş hüquqların müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Şəxsin tələblə məhkəməyə müraciəti zamanı ilk növdədə onun həmin tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması və cavabdeh tərəfindən şəxsin subyektiv hüququnun pozulub-pozulmaması halları araşdırılmalıdır. Subyektiv hüququn yaranması üçün ən vacib elementi olan öz hərəkətlərinə hüquqi ixtiyar hazırkı tələbdə iddiaçıya məxsus deyildir. Birinci element olmadığı təqdirdə subyektiv hüququn digər elementlərindən söhbət gedə bilməz. Göründüyü kimi 04 mart 2013-cü il təvəllüdlü X2 doğum haqqında şəhadətnamə verilərkən İddiaçı rəsmi nikahda olduğu şəxs mövcud olmamış, uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında aparılmışdır. Hazırda iddiaçı uşağın atasının Cavabdeh olmadığını, bunu cavabdehin özünün də bildiyini, cavabdehin uşağa doğum haqqında şəhadətnamə verilərkən ona kömək etmək üçün razılıq verdiyini, lakin sonrakı hüquqi nəticələrindən xəbərdar olmadığını bildirərək doğum qeydinin ata qrafası ilə bağlı hissəsinin ləğv edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən iddiaçı həmin qeydi mübahisələndirmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Şərh edilənlərə əsasən, İddiaçı cavabdehlər Cavabdeh və Şəki rayon qeydiyyat şöbəsinə qarşı «doğum akt qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddia təmin edilmədiyindən Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı «onun 04 mart 2013-cü il təvəllüdlü uşağı Nihatın adına Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 05 may 2013-cü il tarixdə verilmiş AZ-İİİ 094605 nömrəli doğum haqqında şəhadətnamədə həmin uşağın atası kimi Cavabdeh ilə bağlı göstərilmiş qeydlərin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar