Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-914/2022 08.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X32, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus fermadan çıxarılması, onun həmin fermaya daxil olmağına cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh 186 baş xırdabuynuzlu heyvan, yəni qoyun, 6 baş camış, 2 baş inək, 47 yeşik bal arısı, 50 ədəd toyuq, 5 ədəd hind quşunun, onlar naturada olmadıqda isə onların dəyərinin yəni 58775 manatın, 196100 manat əldən çıxmış faydanın, 30.40 (otuz manat, 0,40 qəpik) dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahat verərək göstərmişdir ki, o, Şəki rayonu Böyük Dəhnə kəndində yaşayır. Cavabdeh onun oğludur. Bildirmişdir ki, o, 30 ilə yaxındır ki, ona əmlak payı kimi verilmiş Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən fermada yaşamaqla orada təsərrüfatla məşğul olmuşdur. 2019-cu ildə onun fermasında 186 baş xırdabuynuzlu heyvan yəni qoyun, 6 baş camış, 2 baş inək, 47 yeşik bal arısı, 50 ədəd toyuq, 5 ədəd hind quşu olmuşdur. Ona məxsus ferma eni 8 metr, uzunluğu 102 metr olan mal qara saxlamaq üçün olan binadan, 4 otaqlı yaşayış binasından ibarətdir. Həmçinin o, həmin fermanın kənarında müxtəlif şəxslərdən icarəyə götürdüyü 11 hektar ərazidə arpa əkmişdir. Təxmini bir hektardan 15 sentner arpa biçmişdir. Həmin fermada o və arvadı yaşamış və oranı birlikdə idarə etmişlər. 2019-cu ilin noyabr ayının sonlarında onun səhhətində ağırlaşmalar olmuş və ona görə də onlar Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən evlərinzə qayıtmalı olmuşlar. Buna görə də ona məxsus fermanın idarə edilməsini oğlu Cavabdeh həvalə etmiş və ondan sonra fermaya gedə bilməmişdir. X1 27 iyun 2020ci il tarixdə vəfat etmişdir. Ona görə də o, uzun müddət ferma ilə maraqlana bilməmişdir. Bildirmişdir ki, o, fermanın idarə edilməsini oğluna həvalə etməsinə baxmayaraq o hazırda həmin fermaya onu daxil olmağa qoymur, ona məxsus heyvanları və digər əmlakları ona verməkdən imtina edir və ona məxsus fermada olan yuxarıda qeyd etdiyi əmlakları özbaşına satmış və hələ də satmaqdadır. Oğlu dəfələrlə ona bildirmişdir ki, fermaya yaxın gəlsə onu güllə ilə vuracaq. Keçən 2 ildən artıq müddətdə o, həmin 186 baş qoyundan ümumilikdə 558 bala, 6 baş camışdan 9 ədəd bala, 2 baş inəkdən iki ədəd bala, 50 toyuqdan 100 ədəd toyuq, 5 ədəd hindquşundan 20 bala əldə edə bilərdi. Həmçinin mövcud 11 hektar torpaq sahəsindən hər hektara 1.5 ton olmaqla il ərzində 16.5 ton arpa əldə edilə bilərdi. 47 yeşik arı pətəyindən isə həmin müddətdə 2820 kiloqram bal əldə edilə bilərdi. Beləliklə bu müddət ərzində onun əldən çıxmış faydası 558 baş qoyun, 9 baş camış, 2 baş inək, 100 ədəd toyuq, 20 ədəd hindquşu, 16.5 ton arpa və 2820 kiloqram bal olmuşdur. Bir qoyunun ortala qiyməti 200 manat, 1 camışın qiyməti 2000 manat, bir inəyin qiyməti 1100 manat, bir toyuğun qiyməti 8 manat, hindquşunun qiyməti 25 manat, arpanın kiloqramı 0.40 qəpik, bir kiloqram balın qiyməti isə 20 manatdır. Beləliklə onun əldən çımış faydası 196 100 manat təşkil etməsini bildirmişdir. İddiaçı məhkəmə iclasında ona ünvanlanmış suallara cavabında bildirmişdir ki, uzun müddət Böyük Dəhnə kəndində yaşamaqla müxtəlif işlərdə işləmiş, həmçinin ferma müdiri də olmuşdur. SSRİ dağıldıqdan sonra kənddən 4 km aralı olan hazırkı mübahisəli ferma əmlak payı kimi ona qalmışdır. Kənddə evi olsa da o əksər vaxtlarını həmin fermada keçirmiş, orada işləmiş və yaşamışdır. O, həmin fermada və fermanın ətarfında olan təxminən 11 ha torpaq sahəsində təsərrüfatla məşğul olmuşdur. Həmin yerdə onun qoyun, camış, inək, toyuq və arı təsərrüfatı olmuş və ətraf ərazilərdə taxıl və ot becərmişdir. Bildirmişdir ki, 2 oğlan və 6 qız övladları olmuşdur. Oğlanlarından birinin adı Ağası, digərinin adı isə Caviddir. Göstərmişdir ki, bütün övladları ailə qurmuş və ayrıca təsərrüfatdırlar. X37 şəhərində yaşayır. Qızları da ayrılmış, Bakıda, Mİngəçevirdə və s. yerlərdə yaşayırlar. Cavabdeh olan oğlu Ağası uzun müddət RF-da yaşamış, sonda o şəxsən RF-na gedərək Ağasıni kəndə gətirmişdir. Bildirmişdir ki, onun Böyük Dəhnə kəndində evi vardır. O özü fermada yaşadığı müddətdə Ağası və ailəsi onun kənddəki evində qalmışlar. Ağası ilə təsərrüfatları ayrı olsa da fermadakı işlərə Ağası və onun uşaqları ona köməklik etmişlər. Belə demək mümkünsə onun yanında kiçik oğlu Cavid deyil, böyük oğlu Ağası qalmışdır. Qızları onunla yaşamasa da fermadakı işlərdə ona yaxından köməklik etmiş, ona dəstək olmuşlar. Göstərmişdir ki, 2019-cu ildə arvadı xəstələnəndə məcbur qalaraq iddia ərizəsində göstərdiyi heyvanları Ağasıyə etibar edərək arvadını müxtəlif xəstəxanalara müayinə və müalicəyə aparmışdır. Lakin 2020-ci ilin iyun ayında arvadı vəfat etmişdir. Bu müddət ərzində özünün də səhhətində problemlər yaranmış və buna görə də müayinə və müalicə olunduğu üçün bir müddət kəndə, həmçinin fermaya getməmişdir. Lakin sonradan fermaya getmək istəmiş, lakin cavabdeh onu fermaya buraxmamışdır. Göstərmişdir ki, cavabdeh ona etibar etmiş olduğu təsərrüfatı məhv etmişdir. Belə ki, heyvanların demək olar ki, hamısını satmışdır. Qeyd etmişdir ki, cavabdeh içki aludəçisidir. Onu kənddəki poçta işə düzəltmiş, içki səbəbindən onu işdən çıxarmışlar. Hətta arvadının yas mərasimini keçirməsi üçün cavabdeh təsərrüftda olan qyunlardan 1-ni belə ona verməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) X41 da məhkəmə iclasında İddiaçı izahatına oxşar olan eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, o, 1961-ci ildə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuşdur. Onlar iki qardaş, altı bacı olmuşlar. Bu günə kimi o, Şəki rayonu, Böyük Dəhnə kəndində yaşamışdır. 1994-cü ildə bir dəfə Rusiya Federasiyasına getmiş və 1998-ci ildə isə qayıtmışdır. Bundan sonra o, Rusiya Federasiyasına getməmişdir. Həmin vaxtdan bu günə kimi iddiaçı olan atasının yanında qalmışdır. Bildirmişdir ki, atası kənddə ferma müdiri olmuşdur. O, 1998-ci il tarixdə Rusiya Federasiyasından qayıdanda həmin fermada heç nə olmamışdır. Ümumiyyətlə 2003-cü ilə kimi həmin fermada heç nə olmamışdır. Həmin ildə fermada heyvan saxlamaq qərarına gəlmişlər. Buna görə də 2003-cü ildə ana bala iki camış, 3-4 baş qoyun və 10 balası olan 1 baş donuz alaraq saxlamışlar. Lakin bir müddət sonra iddiaçı onları həmin fermadan qovmuş və 2007-ci ilə kimi onları həmin fermaya buraxmamışdır. Belə ki, iddiaçı anasından böşanmadan həmin fermada qızı ilə yaşıd Aypara adlı başqa bir qadına qalmışdır. Həmin 2007-ci ilədək anası onlarla birlikdə atasına məxsus olan kənddəki evlərində qalmışlar. Sonradan həmin qadın fermada olan heyvanların hamısı aparıb getmişdir. 2007-ci ildə atası anasına zəng edərək onları fermaya çağırmışdır. Bundan sonra onlar birlikdə həmin fermada yaşamışlar. Bildirmişdir ki, 2019-cu ildə fermada 12 baş qoyun, 2 inək, 32 yeşik arı olmuşdur. Hal-hazırda fermada 27 yeşik arı, 5 baş qoyun var. Hazırda fermada arvadı ilə özü yaşayır. Fermadakı təsərrüfatı o özü yaratmışdır. Bacılarının fermadakı təsərrüfatın yaradılmasına heç bir köməyi olmamışdır. Cavabdeh məhkəmə iclasında ona ünvanlanmış suallara cavabında bildirmişdir ki, fermanın ərazisinə başqa şəxslərə məxsus heyvan keçə bilməz. Əgər keçərsə onları oradan qovub çıxarır. Məhkəmə iclasında fotoşəkilə baxaraq qeyd etmişdir ki, şəkildə arı yeşiklərinin arxa hissəsindəki ərazidə görünən qoyunlar onlara məxsus olmuşdur. Həmin vaxt şəkildə görünən qoyunların sayı 80-ə qədər olmuşdur. Göstərmişdir ki, 2020-ci il tarixdə 22 ədəd erkək toğlunu bordaqda saxlayaraq kökəltmiş və onları sataraq cəmi 4300 manat pulu iddiaçıya vermişdir. Bundan başqa 2021-ci ilin noyabr ayında da 20 ədəd anabala qoyunu 1 ədədini 200 manatdan sataraq cəmi 4000 manat pulu aparıb iddiaçıya vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, ümumiyyətlə həmişə işləyərək əldə etdiyi qazancı aparıb iddiaçıya vermişdir. Belə ki, həm özünə hə də iddiaçıya məxsus pay torpaq sahəsinə əkilmiş taxıldan və yoncadan əldə etdiyi gəlirləri, həmçinin qoyunların satılmasından əldə etdiyi gəlirləri aparıb atasına vermişdir. İddiaçı həmin puldan ona heç siqaret pulu belə verməmişdir. Elə olmuşdur ki, siqaret almağa pulu olmamışdır. Bu səbəbdən indiyədək evi belə olmamışdır. Belə ki, atası ilə bir yerdə bir evli kimi yaşadıqlarından düşünmüşdür ki, atası evi ona verəcəkdir. Lakin atsı hazırda həmin evi bacılarından birinin adına keçirmişdir. Hesab edir ki, iddia əsassızdır, buna görə də məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil2 da məhkəmə iclasında iddianı qəbul etməmiş və iddia müddətini tətbiq edərək iddianın təmin edilməməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 göstərmişdir ki, iddiaçı Cavanşir bacısının əri, cavabdeh Ağası isə bacısı oğludur. Göstərmişdir ki, yeznəsi ilə bacısı oğlunun arasında olan narazılıqdan xəbərdardır. Bacısı vəfat edənə qədər hər iki tərəflə münasibəti yaxşı olmuşdur. Cavanşirin qeyd edilən ərazidə olan fermadakı təsərrüfatında dəfələrlə olmuşdur. Bildirmişdir ki, həmin təsərrüfat Cavnşirinin özü tərəfindən yaradılmışdır. Son dövrlərdə həmin təsərrüfatda təxminən 100-dən çox qoyun, 4-5 baş camış, 30-dan çox arı yeşikləri, sayının xatırlamadığı qədər inəklər və toyuqlar olduğunu görmüşdür. Bildirmişdir ki, inəklər içərisində Ağasınin oğluna məxsus olan inəklər də var idi. Əgər Cavanşir əvvəllər təsərrüfatı tək idarə edirdisə, son 4-5 il olardı ki, həmin təsərrüfatı Ağası ilə birlikdə idarə etmişdir. Həmin təsərrüfatda Cavanşirin qızları da lazımı köməklik göstərmişlər, həmin təsərrüfatı hamısı bir yerdə yaradıblar. Belə ki, Ağası həmin təsərrüfatın idarə edilməsində Cavanşirə köməklik etmişdir. Göstərmişdir ki, Cavanşirlə Ağasınin münasibətləri bacısı vəfat etdikdən sonra yəni, 27 iyun 2020-ci il tarixdən sonra pozulmuşdur. Belə ki, bacısı vəfat edəndən sonra onlar arasında narazılıq yaranmış və Ağası Cavanşiri təsərrüfatına buraxmamışdır. Bundan sonra Cavanşir ona zəng vuraraq evə çağırmış və məsələnin həll edilməsində köməkllik etməsini xahiş etmişdir. Bir dayı kimi məsələni həll etmək üçün qardaşı Rəfaellə birlikdə fermaya Ağasınin yanına getmişdir. Söhbətləri əsasında qardaşı Rəfaellə birlikdə Ağasıyə demişlər “gəl Cavanşirə bir 10 baş qoyun, 10 yeşik arı ailəsi ver, onlara baxaraq başı qarışsın”. Qardaşı Rəfaellə ayrı-ayrı vaxtlarda onlar arasındakı gərginliyi yumşaltmaq üçün düz 3 dəfə Ağasınin yanına getmişlər. Lakin Ağası hər hansı razılığa gəlmədi. Hətta Ağası anasının yas mərasiminə kəsilməsi üçün də qoyun verməməmişdir. Göstərmişdir ki, Ağasınin yanına gedib gələndə Cavanşirin yaratmış olduğu təsərrüfat 80-90 % yerində durmuşdur. Həmin vaxtdan sonra fermaya getməmişdir. Bildirmişdir ki, Cavanşirin həmin təsərrüfatda heç nəyi olmamışdır. Həmin təsərrüfat vaxtilə Cavanşir tərəfindən yaradılmış təsərrüfat olmuşdur. Təsərrüfatda olan heyvanlar -qoyunlar, camışlar, inəklər, toyuqlar və arı yeşiklərini Ağası satıbmı, bağışlayıbmı – bu barədə heç nə deyə bilməyəcəyini göstərmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X23 göstərmişdir ki, Cavanşir onun qaynatası, Ağası isə qaynıdır. Bildirmişdir ki, 1985-ci ildə Cavanşirin qızı Güldanə ilə ailə qurmuşdur. Göstərmişdir ki, qeyd edilən təsərrüfatın iddiaçı tərəfindən şəxsən yaradılmasının şahididir. Qeyd etmişdir ki, iddiaçı qaynansı narahatlaşandan sonra təsərrüfatda olan 186 baş qoyunu, 6 baş camışı, 2 baş inəyi, 47 yeşik bal arısı ailəsini, 50 ədəd toyuğu və 5 ədəd hind quşunu Ağasıyə təhvil verərək fermadan çıxmışdır. Sonradan iddiaçının da səhhətində problemlər yaranmış və müayinə və müalicə alması səbəbindən bir müddət fermaya qayıda bilməmişdir. Göstərmişdir ki, həm arvadı Güldanə həm də özü Mingeçevir şəhərində yaşamaqla orada işləyirlər. Onlar demək olar ki, daima iddiaçı ilə əlaqədə olmuş, X27 kəndinə gələrək fermada iddiaçıya köməklik etmişlər. O, könüllü olaraq fermaya gələrək qoyunların qırxılmasına, tövlənin kürülməsinə (təmizlənməsi), onların iynələnməsinə, dərmanlanmasına köməklik etmişdir. Arı yeşiklərinə qulluq yalnız iddiaçı tərəfindən edilmişdir. Bildirmişdir ki, cavabdeh də təsərrüfatda işləmişdir. Belə ki, cavabdeh də qoyunların qırxılmasına, tövlənin kürülməsinə (təmizlənməsi), onların iynələnməsinə, dərmanlanmasına köməklik etmişdir. Qeyd edilən təsərrüfatın idarə edilməsində iddiaçı ilə yanaşı Ağasınin ailəsi də iştirak edib. Bildirmişdir ki, iddiaçının yanında cavabdeh Ağası qalmışdır. Belə ki, əvvəllər iddiaçı fermada, cavabdeh isə ailəsi ilə birlikdə iddiaçının kənddəki evində qalmışdırsa, hazırda iddiaçı kənddəki evində, cavabdeh isə ailəsi ilə birlikdə fermada qalır. İddiaçının digər qızlarının təsərrüfata gələrək orada iddiaçıya köməklik etməsini görsə də iddiaçının digər oğlu Cavidin təsərrüfata köməklik etməsini görməmişdir. İddiaçı iddiada göstərilən hehvanları cavabdehə təhvil verib fermadan çıxandan sonra bir daha fermaya qayıda bilməmişdir. Belə ki, Ağası iddiaçını fermaya buraxmır. Cavabdeh demək olar ki, təsərrüfatı dağıtmışdır. Hətta qaynanası vəfat edən zaman cavabdeh yas yerinə kəsmək üçün iddiaçıya qoyun verməmişdir. Qaynanasının yas mərasimləri iddiaçının və qızlarının maddi imkanları hesabına verilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X33 göstərmişdir ki, göstərmişdir ki, nə iddiaçı ilə nə də cavabdehlə qohumluq münasibəti yoxdur. Göstərmişdir ki, Böyük Dəhnə kəndində yaşamaqla özünə məxsus traktorla sifarişlə təsərrüfatlarda işləməklə ailəsinin dolanışığını təmin edir. Cavanşiri və Ağasıni kənd sakinləri kimi tanıyır. Bildirmişdir ki, Cavanşirin kənddə ferması var. Dəfələrlə Cavanşir kişinin sifarişi əsasında ona məxsus olan fermanın ətrafında təxminən 15 ha-ya yaxın torpaq sahəsini şümlamış və digər işlər görmüşdür. Həmin yerdə traktoru ilə işləri həmişə Cavanşir kişinin tapşırığı ilə yerinə yetirmişdir. Təsərrüfat işlərini yerinə yetirərkən fermanın ərazisində qoyun, mal, toyuq və arı yeşikləri görmüşdür. Lakin maraqlanmadığı üçün onları saymamışdır, buna görə də onların sayı barədə heç nə deyə bilməz. Göstərmişdir ki, həmin yerdə Ağasınin tapşırığı ilə heç bir təsərrüfat işi görməmişdir. Lakin təxminən 1 il bündan əvvəl Ağasınin tapşırığı ilə həmin fermanın ərazisində ot biçmişdir. Həmin vaxt da orada sayını xatırlamadığı miqdarda qoyun, mal və arı yeşikləri görmüşdür. Qeyd etmişdir ki, təsrrüfat işləri görərkən başqasına məxsus heyvanları saymır, sadəcə öz işini görüb, zəhmət haqqını alıb çıxıb gedir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X15 göstərmişdir ki, Bakı şəhərində yaşayır. Cavanşir atası, Ağası isə qardaşıdır. Onlar ailədə 2 qardaş və 6 bacı olmuşlar. Bildirmişdir ki, atası Cavanşir təxminən 20 ilə yaxın fermada yaşamışdır. Atasının yanında Ağası qalmışdır. Təsərrüfat işlərində özü də daxil olmaqla bütün bacıları atasına köməklik etmişdir. Göstərmişdir ki, anası xəstələndiyi ərəfədə atasının təsərrüfatında 186 baş qoyun, 6 baş camış, 2 baş inək, 47 yeşikdən çox bal arısı ailəsi, 52 ədəd toyuq olmuşdur. Anası vəfat edən gündən 12 yanvar 2021-ci ilədək fermaya gedib gəlmiş, həmin tarixdən sonra isə Ağası tamamilə dəyişmiş və buna görə də daha fermaya getməmişdir. 2020-ci ilin iyun ayının əvvələrində atası bütün təsərrüfatı Ağasınin umuduna qoyub fermanı tərk edərək kənddəki evə gəlmiş, Ağası isə fermada qalmışdır. Anasının yas mərasimlərini özləri vermişlər. Yasda Ağası də iştirak etmişdir. Hələ anası xəstələnməmişdən əvvəl atası qoyunlardan satmış və buna görə də onun 4500 manat pulu olmuşdur. Həmin pullar anasının yas mərasiminə xərclənmişdir. Anası vəfat edəndən sonra Ağası qoyun sataraq atasına verməyib. Bildiyinə görə fermadan qoyun gətirilərək yas mərasiminə kəsilib. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X16 göstərmişdir ki, Mingəçevir şəhərində yaşayır. Cavanşir atası, Ağası isə qardaşıdır. Onlar ailədə 2 qardaş və 6 bacı olmuşlar. Bildirmişdir ki, atası Cavanşir təxminən 20 ilə yaxın fermada yaşamışdır. Atasının yanında Ağası qalmışdır. Təsərrüfat işlərində özü də daxil olmaqla bütün bacıları atasına köməklik etmişdir. Göstərmişdir ki, qoyunlar sürü olanadək təsərrüfatı böyütmüşlər. Göstərmişdir ki, anası vəfat etməmişdən əvvəl təsərrüfatda təxminən 240 baş qoyun, 7-8 baş camış, 10-dan çox inək-dana və 47 yeşikdən çox arı yeşikləri olmuşdur. Qoyunların sayının 240 baş olmasını ona görə bilir ki, axırıncı dəfə atasının tapşırığı ilə Mingəçevirdən qoyunlar üçün 240 ədəd dərman almışdır. Axırıncı dəfə fermada 2020-ci ilin sentyabr ayında olmuşlar, ondan sonra fermaya getməmişlər. Həmin vaxt Ağası də orada olmuşdur. Belə ki, həmin vaxt atası bal kəsmişdir. Arıların atasına məxsus olduğunu və onlara yalnız atasının baxdığını bildirmişdir. Göstərmişdir ki, əvvəllər atası təsərrüfata təkbaşına baxmış, lakin son illərdə Ağası atası ilə birlikdə təsərrüfata baxaraq ona koməklik etmişdir. Bildirmişdir ki, anası xəstələnəndən sonra atası təsərrüfatı Ağasıyə etibar edərək fermadan çıxmışdır. Ağası isə bütün heyvanları satmış və beləliklə də atasının illərlə yaratmış olduğu təsərrüfatı dağıtmışdır. Anasının yas mərasimlərini atasının və bacılarının imkanları hesabina özləri vermişlər. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X13 şahid X8 vermiş olduğu ifadəyə oxşar olan eyni məzmunli ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, iddiaçı Cavanşir bacısının əri, cavabdeh Ağası isə bacısı oğludur. Göstərmişdir ki, yeznəsi ilə bacısı oğlunun arasında olan narazılıqdan xəbərdardır. Göstərmişdir ki, Cavanşirlə Ağası arasında olan münasibət bacısı vəfat edəndən 5-6 ay sonra pozulmuşdur. Hər iki tərəflə münasibəti yaxşı olmuşdur. Cavanşirin qeyd edilən ərazidə olan fermadakı təsərrüfatında dəfələrlə olmuşdur. Bildirmişdir ki, həmin təsərrüfat SSRİ dağıldıqdan sonra təxminən 90-cı illərdə Cavanşirə pay kimi qalmışdır. Belə ki, Cavanşir uzun müddət kənddəki həmin fermada müdir işləmişdir. Göstərmişdir ki, Ağası Cavanşirə məxsus olan evdə doğulub və son günlərə qədər həmin evdə yaşayıb. Cavanşir isə əsasən fermada yaşayıb. Hazırda isə Ağası fermada, Cavanşir isə kənddəki evdə yaşayır. Bildirmişdir ki, Ağasının 5-6 qoyunu, 2 baş inəyi və 10-15 yeşik arı ailəsi var. Ağasının camışı olmayıb. Göstərmişdir ki, qardaşı Sakitlə dəfələrlə Ağasının yanına getmişdir. Həmin vaxt Cavanşir ona kağızda siyahı verərək ona məxsus olan kravatları və 1 dəmir skameykanı ondan alıb gətirsin. Həmin vaxt Cavanşir ondan Ağasıdan qoyun və ya arı yeşikləri almasını xahiş etməmişdir. X36 yanına gedəndə Sakitin yanında olmadığından Sakitin Ağası ilə nə danışdığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadə verərək göstərmişdir ki, Böyük Dəhnə kəndində yaşayır və tərəfləri kəndçiləri kimi tanıyır. Göstərmişdir ki, Ağası həmişə kənddə yaşayıb. Cavanşir isə fermada qalırmış. Hazırda isə Ağası fermada Cavanşir isə kənddə evdə qalır. Göstərmişdir ki, Cavanşir əvvəllər sovet dövründə ferma müdiri işləyib, sonradan həmin ferma ona əmlak payı kimi qalmışdır. Fermada qoyunlar və arı yeşikləri görmüşdür. O özü də özünə məxsus 10-15 qoyunlarını fermanın ərazisində otarmışdır. Hətta başqa kənd sakinləri də həmin ərazidə qoyunlar otarmışlar. Bildirmişdir ki, əvvəllər Cavanşir başqa bir qadınla həmin fermanın ərazisində ər-arvad kimi yaşamışdır. Hazırda Ağasının 5 qoyunu və 2 inəyi var. Cavanşirin də qoyunları olduğunu bildirmiş, lakin onların sayını dəqiq bilməmişdir. İşdə olan 03 aprel 2018-ci il tarixli, 022359 saylı mədaxil qəbzindən görünür ki, Şəki rayonu, Böyük Dəhnə kənd sakini Cavabdeh arıçılıq təsərrüfatına baxış və baytarlıqdan qeydiyyatdan keçmək üçün 30 manat məbləğində rüsum ödəmişdir. İşdə olan 03 aprel 2018-ci il tarixli, 423 saylı arıxananın baytarlıq-sanitariya pasportundan görünür ki, arıçılıq təsərrüfatı rəhbəri Cavabdeh 34 (otuz dörd) ədəd arı ailəsi Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşir. Baytarlıq tədbirlərinin aparılması Şəki rayonu, Böyük Dəhnə kənd sahə həkimi X6 həvalə edilmişdir. İşdə olan 03 aprel 2018-ci il tarixli baytarlıq xidməti haqqında müqavilədən görünür ki, Şəki Baytarlıq İdarəsinin rəisi Ə.Mustafayev və Cavabdeh aralarında bağlanmış müqavilə əsasında Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən Cavabdeh məxsus olan 34 arı ailəsinə dövlət baytarlıq nəzarətinin təmin edilməsi məqsədilə razılığa gəlmişlər. İşdə olan 07 noyabr 2019-cu il tarixli, **********71 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 4 ha torpaq sahəsi Şəki rayonu, Böyük Dəhnə bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 187 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 07 noyabr 2019-cu il tarixli, AN seriyalı, 454264 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən **********71 reyestr nömrəli, 4 ha torpaq sahəsi Şəki rayonu, Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətindədir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş, 25 noyabr 2019-cu il tarixli, 1482 saylı arayışın surətindən görünür ki, Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 4 ha torpaq sahəsi torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 187 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 22 yanvar 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Şəki rayonu Böyük Dəhnə kənd bələdiyyəsinin nümayəndəsi X26 **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Böyük Dəhnə kənd bələdiyyəsinin mülkiyyətində olan 4 ha torpaq sahəsini Cavabdeh 22 yanvar 2035-ci il tarixədək icarəyə vermişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş, 24 avqust 2020-ci il tarixli, 157 invertar nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən **********35-10301 reystr nömrəli fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə İddiaçı, torpaq sahəsi ümumi birgə X3, torpaq sahəsi ümumi birgə X9, torpaq sahəsi ümumi birgə X14, torpaq sahəsi ümumi birgə X10, torpaq sahəsi ümumi birgə X19, torpaq sahəsi ümumi birgə X20 mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 24 avqust 2020-ci il tarixli, **********35-10301 reystr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, Şəki rayonu, Böyük Dəhnə kəndində mülkiyyətində olan 0.5809 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 94,9 m² yaşayış, 26,8 m² köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə, 0.5809 ha torpaq sahəsi ümumi birgə İddiaçı adına ********** nömrə ilə, torpaq sahəsi ümumi birgə X9, torpaq sahəsi ümumi birgə X3, torpaq sahəsi ümumi birgə X10, torpaq sahəsi ümumi birgə X19 və torpaq sahəsi ümumi birgə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş, JN-351, KOD 40400018 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktının notarial təsdiq edilmiş surətindən görünür ki, İddiaçı, X5, X15, X21 və X11 Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 48 nömrəli qərarına əsasən Şəki rayonu, Böyün Dəhnə kəndi ərazisində 2,28 ha torpaq sahəsi verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN seriyalı, 448749 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X18 Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisində 1286 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Böyük Dəhnə kəndindəki nümayəndəliyi tərəfindən verilmiş, 24 sentyabr 2021-ci il tarixli, 696 saylı arayışdan görünür ki, Cavabdeh Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan Şəki rayonu, Böyük Dəhnə kənd Bələdiyyəsi tərəfindən verilmiş, 12 oktyabr 2021-ci il tarixli, 67 saylı arayışdan görünür ki, Şəki rayonu, Böyük Dəhnə kənd sakini Cavabdeh və onun ailəsinin adına Böyük Dəhnə bələdiyyəsinin əhatə etdiyi ərazidə 6,39 ha pay torpağı və 4,0 ha örüş torpaq sahəsi vardır. İşdə olan Şəki şəhər İHB-nin Böyük Dəhnə kəndindəki nümayəndəliyi tərəfindən verilmiş, 12 oktyabr 2021-ci il tarixli, 735 saylı arayışdan görünür ki, Cavabdeh Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayır və onun adına nümayəndəliyin 2 saylı təsərrüfatbaşına kitabının 106-107-ci səhifəsində xx.xx.2019-cu ildə 2 (iki) baş iribuynuzlu və 10 (on) baş xırdabuynuzlu mal-qara qeydə alınmışdır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən ünvanlanmış 02 dekabr 2021-ci il tarixli, **********74 saylı məktubdan görünür ki, İddiaçı adına qeyri-yaşayış binasının olub-olmaması barədə müraciətə DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsində baxılmışdır. DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Şəki rayonunun Böyük Dəhnə kəndində qeydiyyata alınmış hər hansı qeyri-yaşayış binası aşkar edeilməmişdir. İşdə olan məhkəmə elektron portalından 16 noyabr 2021-ci il tarixdə çıxarılmış məlumatlardan görünür ki, İddiaçı digər dənli bitkilərin becərilməsi ilə bağlı (VÖEN **********) Azərbaycan Respublikası Vergilər nazirliyindən qeydiyyatdan keçmişdir. İşdə olan məhkəmə elektron portalından 16 noyabr 2021-ci il tarixdə çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh çovdarın becərilməsi ilə bağlı (VÖEN **********) Azərbaycan Respublikası Vergilər nazirliyindən qeydiyyatdan keçmişdir. İşdə olan İnternet Vergi İdarəsinin portalından çıxarışdan görünür ki, Cavabdeh (VÖEN **********) və İddiaçı (VÖEN **********) 11 saylı Ərazi Vergilər Baş İdarəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs kimi qeydiyyatdan keçmişlər. İşdə olan "xxxx" MMC-nin 27 iyun 2022-ci il tarixli, 119 nömrəli rəyindən görünür ki, 166 baş ana qoyunun və 20 ədəd erkək qoyunun 2 il ərzində 332 baş qoyun xeyir verə bilər. 186 baş qoyun + 332 baş qoyun = 518 baş qoyun. Hər bir qoyunun qiyməti 200 (iki yüz) manat olmaqla, cəmi : 103.600 (yüz üç min altı yüz) manat təşkil edir. 6 baş camışın 2 il ərzində 10 baş camış xeyir verə bilər. 6 baş camış + 10 baş camış = 16 baş camış. Hər bir camışın qiyməti 2000 (iki min) manat olmaqla, cəmi 32,000 (otuz iki min) manat təşkil edir. 2 baş inəyin 2 il ərzində 2 baş inək xeyir verə bilər. 2 baş inək + 2 baş inək = 4 baş inək. Hər bir inəyin qiyməti 1000 (min) manat olmaqla, cəmi : 4.000 dörd min) manat təşkil edir. 50 ədəd toyuq 2 il ərzində 100 ədəd toyuq xeyir verə bilər. 50 ədəd toyuq + 100 ədəd toyuq = 150 ədəd toyuq. Nər bir toyuğun qiyməti 8 (səkkiz) manat olmaqla, cəmi : 1.200 (min iki yüz) manat təşkil edir. 5 ədəd hind quşu 2 il ərzində 20 ədəd hind quşu xeyir verə bilər. 5 ədəd hind quşu + 20 ədəd hind quşu = 25 ədəd hind quşu. Hər bir hind quşunun qiyməti 25 (iyirmi beş) manat olmaqla, cəmi : 625 (altı yüz iyirmi beş) manat təşkil edir. 47 ədəd arı və arı yeşiyi 2 il ərzində 2820 kq. bal xeyir verə bilər. 1 ədəd arı yeşiyində 10 ədəd ramka olur, 1 ədəd arı ilə dolu ramka 1 il ərzində 3 kq bal ilə dolu olur. 1 ədəd arı yeşiyi 1 il ərzində 30 kq bal verir. 1 ədəd arı təknəsinin arı ilə birlikdə qiyməti 200 (iki yüz) manat dəyərindədir. 2820 kq balın 1 kiloqramının qiyməti 20 (iyirmi) manat olmaqla = 56.400 (əlli altı min dörd yüz) manat təşkil edir. 11 hektar torpaq sahəsindən 2 il ərzində 16.5 ton arpa xeyir götürmək olar. Hər bir kq. 40 (qırx) qəpik olmaqla 16.5 ton arpanın qiyməti 6.600 (altı min altı yüz) manat təşkil edir. Cəmi ümumi məbləğ 204,425 (iki yüz dörd min dörd yüz iyirmi beş) manat təşkil edir. Məhkəmə 31 may 2022-ci il tarixdə məhkəmə iclası keçirildikdən sonra Şəki rayonunun Böyük Dəhnə kəndində yerləşən və tərəflər arasında mübahisə predmeti olan fermaya, onun ərizisinə tərəflərin də iştirakı ilə yerli baxış keçirmişdir. Yerli baxış zamanı qeyd edilən ərzidə ferma, fermada qalanların yaşaması üçün tikili (ev), həmçinin yarımçıq və insanların yaşaması üçün yararlı olmayan tikili olan ev (üstü bağlanmamış) aşkar edilmişdir. Həmçinin yerli baxış zamanı fermada və onun ərazisində 5-6 yaşlarında 2 ədəd inək, 1 yaşında 1 ədəd inək (düyə), 25-30 günlük 1 dişi buzov, 5 ədəd dişi qoyunlar, 27 yeşik arı ailəsi və 30 ədəd toyuq aşkar edilmişdir. Həmçinin yerli baxış zamanı müəyyən olunmuşdur ki, həqiqətən də cavabdeh atası olan cavabdehi ferma ərazisinə buraxmır, ona ferma ərazisinə daxil olmağa maneçilik edir. Məhkəmə iclasında iddiaçı və cavabdeh tərəfin izahatları, şahidlərin ifadələri nəticəsində müəyyən edildi ki, iddiaçı ilə cavabdeh ata-oğul olmaqla birgə təsərrüfat aparmışlar. Belə ki, iddiaçı ilə cavabdeh Şəki rayonu Böyük Dəhnə kənd icra nümayəndəliyinin Təssərrüfat başına kitabında ayrıca təsərrüfat kimi qeydə alınsalar da onların təsərrüfatı faktiki olaraq birgə olmuşdur. Onların birgə təsərrüfat aparmaları iddiaçının, cavabdehin və məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilmişdir. Müəyyən olunmuşdur ki, iddiaçı hələ sovet dövründə kənddə yerləşən fermada müdir işləmiş və SSRİ dağıldıqdan sonra da o həmin hazırda mübahisələndirilən fermada qalaraq orada təsərrüfatla məşğul olmuşdur. İddiaçı həmin fermanın ona əmlak payı kimi qaldığını bildirsə də qeyd edilən ferma onun adına dövlət qeydiyyatına alınmamamışdır. İddiaçının 2 oğlan və 6 qız övladı olmuşdur. Oğlanlarından birinin adı Ağası, digərinin adı isə Cavid olmuşdur. Formalaşmış adət-ənənəyə müvafiq olaraq iddiaçının yanında oğlanlarından cavabdeh olan oğul övlad Ağası qalmışdır. Belə ki, şahid qismində dindirilən iddiaçının qızları və cavabdehin də doğma bacıları olan şahidlər, iddiaçının özü və şahid kimi dindirilən digər qohumlar bildirmişlər ki, iddiaçının yanında oğlanlarından Ağası iddiaçının yanında qalmışdır. Həmçinin müəyyən edilmişdir ki, 2020-ci ilin yaz aylarına qədər iddiaçının əsas yaşayış yeri Şəki rayonunun Böyük Dəhnə kəndində yerləşən hazırda mübahisə predmeti olan ferma, cavabdehin yaşayış yeri isə iddiaçının həmin kənddə mülkiyyətində olan fərdi yaşayış evi olmuşdur. 2020-ci ilin payız aylarından isə əksinə iddiaçı kəndd yerləşən evində, cavabdeh isə köçərək qeyd edilən mübahisəli ferma və onun ərazisində olan tikilidə yaşamağa başlamışlar. İddiaçının iddiasına görə arvadı 2020-ci ilin əvvəllərində xəstələnərək narahat olduğu zaman iddia ərizəsində göstərdiyi sayda təsərrüfatında olan heyvanları, toyuq-cücəni və arı təsərrüfatını cavabdehə həvalə edərək fermanı tərk etmişdir. Arvadının müalicəsi vaxt aparmış və nəticəsi olmadığından arvadı 2020-ci ilin iyun ayının 27-də vəfat etmişdir. Başı yas mərasiminə, həmçinin özünün də səhhətində narahatçılıq yarandığından bir müddət fermaya getməmiş, təsərrüfatı ilə əlaqə saxlaya bilməmişdir. Qeyd edilən dövrdə cavabdeh onun təsərrüfatını satıb-dağıtmış və özü də təsərrüfatına geri qayıtmaq istəyərkən cavabdeh onu fermaya və onun ərazisinə buraxmamışdır. Cavabdeh isə iddianı qəbul etməmiş, iddiaçının heç bir təsərrüfatının olmadığını, təsərrüfatın ona məxsus olduğunu bildirmiş və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində tələb etdiyi sözügedən təsərrüfatı ilə bağlı məhkəməyə fotoşəkillərdən başqa hər hansı sübut təqdim etməmişdir. Lakin cavabdeh məhkəmə iclasında bildirmişdir ki, 2019-cu ildə fermada 12 baş qoyun, 2 inək, 32 yeşik arı olmuşdur. Hal-hazırda fermada 27 yeşik arı, 5 baş qoyun var. Həmçinin Cavabdeh məhkəmə iclasında ona ünvanlanmış suallara cavabında bildirmişdir ki, fermanın ərazisinə başqa şəxslərə məxsus heyvan keçə bilməz. Əgər keçərsə onları oradan qovub çıxarır. Məhkəmə iclasında fotoşəkilə baxaraq qeyd etmişdir ki, şəkildə arı yeşiklərinin arxa hissəsindəki ərazidə görünən qoyunlar onlara məxsus olmuşdur. Həmin vaxt şəkildə görünən qoyunların sayı 80-ə qədər olmuşdur. Göstərmişdir ki, 2020-ci il tarixdə 22 ədəd erkək toğlunu bordaqda saxlayaraq kökəltmiş və onları sataraq cəmi 4300 manat pulu iddiaçıya vermişdir. Bundan başqa 2021-ci ilin noyabr ayında da 20 ədəd ana-bala qoyunu 1 ədədini 200 manatdan sataraq cəmi 4000 manat pulu aparıb iddiaçıya vermişdir. Göründüyü kimi cavabdeh 2019-cu ildə fermada 12 baş qoyun, 2 inək, 32 yeşik arı olduğunu bildirsə də, 2020-ci il tarixdə 80-ə yaxın qoyunlarının olduğunu, həmin ildə 22 ədəd erkək toğlunu bordaqda saxlayaraq kökəltmiş və onları sataraq cəmi 4300 manat pulu iddiaçıya verdiyini, həmçinin 2021-ci ilin noyabr ayında da 20 ədəd ana-bala qoyunu 1 ədədini 200 manatdan sataraq cəmi 4000 manat pulu aparıb iddiaçıya verdiyini göstərmişdir. İddiaçı isə bildirmişdir ki, cavabdeh tərəfindən ona satılmış qoyunlara aid hər hansı pul məbləği verilməmişdir. Əksinə bildirmişdir ki, arvadının yas mərasiminə kəsilməsi üçün cavabdeh ona 1 ədəd belə qoyun verməmişdir. Bunu iddiaçının vəsatəti ilə dindirilən şahidlər də təsdiq etmişdir. Göründüyü kimi cavabdeh 2020-ci ildə 80-ə yaxın qoyunlarının olduğunu etiraf etmişdir. Həmçinin yerli baxış zamanı fermada və onun ərazisində 5-6 yaşlarında 2 ədəd inək, 1 yaşında 1 ədəd inək (düyə), 25-30 günlük 1 dişi buzov, 5 ədəd dişi qoyunlar, 27 yeşik arı ailəsi və 30 ədəd toyuq aşkar edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh birgə təsərrüfat aparmış, buna görə də cavabdeh tərəfindən etiraf edilən qoyunlar və yerli baxış zamanı aşkar edilən heyvanlar, arı yeşiyi və quşlar tərəflərin birgə əmlakı hesab edilərək onlar arasında bölünməli, olmayanların isə dəyəri alınaraq iddiaçıya verilməlidir. Lakin iddia ərizəsində göstərilən digər heyvanlar və əldən çıxmış fayda ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bunlarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bunlarla bağlı qeyd edilənlər söz yığınından başqa heç bir şey deyildir. Buna görə də məhkəmə iddianı digər heyvanlar, həmin heyvanlara və iddianın digər hissələri ilə əlaqədar əldə çıxmış faydanı əsaslı hesab etmir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən iddiaçı özgəsinin qanunsuz sahibliyindən öz cehiz əşyaları və əmlakının qanunsuz sahiblikdən geri alınmasılarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən cehiz əşyaları və əmlakının qanunsuz sahiblikdən geri alınmasıını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibət bildirərək hesab edir ki, qeyd edilən hala iddia müddəti tətbiq edilə bilməz. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişduir ki, tərəflər arasındakı mövcud olmuş vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə münasibət 2020-ci ilin payız aylarında pozulmuşdur. Həmin vaxtdan da hesablandıqda 3 illik müddət hələ keçməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı deyildir, buna görə də qeyd edilən münasibətə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən: -373.1. Ümumi iddia müddəti on il təşkil edir. -373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. -373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Yuxarıda şərh edilənlərə əsasən iddia qismən təmin edilərək Cavabdeh tərəfindən onların faktiki istifadələrində olan Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən və onlar arasında mübahisə predmeti olan fermaya İddiaçı daxil olmağına törədilən maneələrin aradan qaldırılmalı və bu cür hərəkətlər ona qadağan edilməli, Cavabdeh 75 baş qoyunun yarı dəyəri olan 7500 (yeddi min beş yüz) manat, 2 baş qoyun, olmadıqa dəyəri olan 400 (dörd yüz) manat, 1 baş qoyunun yarı dəyəri olan 100 (yüz) manat, 1 baş inək, olmadıqda dəyəri olan 1000 (min) manat, 1 baş inək-düyənin yarı dəyəri olan 500 (beş yüz) manat, 30 ədəd toyuğun yarı dəyəri olan 120 (yüz iyirmi) manat, 26 yeşik arı ailəsindən 13 ədədi, olmadıqda dəyəri olan 2600 (iki min altı yüz) manat, 1 yeşik arı ailəsinin yarı dəyəri olan 100 (yüz) manat alınaraq İddiaçı verilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30.40 manat dövlət rüsumunun 20.40 manatı iddiaçının özünə aid edilməli, 10 manatı isə cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən onların faktiki istifadələrində olan Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən və onlar arasında mübahisə predmeti olan fermaya İddiaçı daxil olmağına törədilən maneələrin aradan qaldırılsın və bu cür hərəkətlər ona qadağan edilsin. Cavabdeh 75 baş qoyunun yarı dəyəri olan 7500 (yeddi min beş yüz) manat, 2 baş qoyun, olmadıqa dəyəri olan 400 (dörd yüz) manat, 1 baş qoyunun yarı dəyəri olan 100 (yüz) manat; 1 baş inək, olmadıqda dəyəri olan 1000 (min) manat, 1 baş inək-düyənin yarı dəyəri olan 500 (beş yüz) manat; 30 ədəd toyuğun yarı dəyəri olan 120 (yüz iyirmi) manat; 26 yeşik arı ailəsindən 13 ədədi, olmadıqda dəyəri olan 2600 (iki min altı yüz) manat, 1 yeşik arı ailəsinin yarı dəyəri olan 100 (yüz) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissələrdə təmin edilməsin. Ödənilmiş 30.40 manat dövlət rüsumunun 20.40 manatı iddiaçının özünə aid edilsin, 10 manatı isə cavabdehdən alınıb iddiaçıya verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-914/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-914/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver