Məhkəmə qərarları › İş №2(075)-94/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-94/2021

03.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-94/2021 03.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi X2, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Şəki rayonu Aşağı Küngüt kəndində 0,14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.7 kvadrat metr olan fərdi yaşayış evinin 4/5 hissəsinin və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.08 ha hissəsinin onun tərəfindən Cavabdeh1 bağışlanması ilə bağlı onlar arasında bağlanmış, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-424 nömrə ilə qeydə alınmış xx xxxxxx 2016-cı il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə qeydə alınmış RX seriyalı ******* nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət restrindən çıxarışının 4/5 pay hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddiaçı onun anasıdır. Onlar 3 bacı, 1 qardaş olmaqla qeyd edilən mübahisəli evdə doğularaq böyüyüb boyabaşa çatmışlar. Göstərmişdir ki, o özü Şəki şəhərində, bacısı Simuzər Şəki rayonu, İbrahimkənd kəndində, qardaşı Kazım ünvan 1ində, bacısı, yəni cavabdeh Könül isə Zaqatala rayonunun Çardaxlar kəndində yaşayır. Qeyd etmişdir ki, X4 xx xxxx 2008-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra uzun müddət fərdi yaşayış evini iddiaçı anası özü idarə etmişdir. 2016-cı il tarixdə artıq iddiaçı yaşlandığından və baxıma ehtiyacı olduğundan övladlarına, yəni onlara müraciət edərək, ona baxan övladına evini bağışlayacağını bildirmişdir. Bacısı Cavabdeh1 iddiaçıya ömrünün axırınadək baxacağını öhdəsinə götürmüş, bu səbəbdən də onlar atalarından miras qalmış paylarından iddiaçının xeyrinə imtina etmişlər. Beləliklə də sözügedən fərdi yaşayış evinin 1/5 hissəsi cavabdehin, digər 4/5 hissəsi isə iddiaçının adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh analarına baxacağına dair öhdəlik götürdüyündən və digər övladların da buna etiraz etmədiklərindən iddiaçı Cavabdeh3 gedərək özünə məxsus olan payı xx xxxxxx 2016-cı il tarixli 4Ə- 424 saylı bağışlama müqaviləsi ilə cavabdehə bağışlamışdır. Həmin müqaviləyə əsasən Şəki rayonu Aşağı Küngüt kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən umumi sahəsi 41,7 kv metr olan fərdi yaşayış evinin 4/5 hissəsi və 0,08 ha torpaq sahəsi Cavabdeh1 bağışlanmışdır. Cavabdeh bağışlama müqaviləsi bağlanan anda Zaqatala rayonunda öz ailəsi ilə birlikdə yaşamışdır. İddiaçının və onların təklifi ilə Cavabdeh1 Məmmədli qızı öz ailəsi ilə birlikdə Şəki rayonunun Aşağı Küngüt kəndinə-anasının yanına gələrək orada yaşamalı və iddiaçıya baxmalı idi. Çünki cavabdeh ömrünün sonunadək iddiaçıya baxmağı öhdəsinə götürmüşdür. Lakin bağışlama müqaviləsinin bağlanmasından və fərdi yaşayış evinin cavabdehin adına rəsmiləşdirilməsindən müəyyən müddət sonra cavabdeh iddiaçıya baxmamış, evdə əsassız söz-söhbətlər yaratmış, iddiaçını evdə tək qoyaraq fərdi yaşayış evini tərk edərək, Zaqatala rayonundaki ər evinə qayıtmışdır. Göstərmişdir ki, cavabdeh 1997-ci ildə ailə quraraq, Zaqatala rayonunun Yeni Çardaxlar kəndinə ərə getmişdir. Onun 2 qız övladı vardır. Cavabdeh həmin kənddə qaynı ilə eyni evdə yaşayır və həmin evdə onlara yalnız 1 otaq ayrılmışdır. Həmçinin qeyd etmişdir ki, anasının 83 yaşı var, özünə baxmaqda çətinlik çəkir. 6 aydır ki, iddiaçı yataq xəstəsidir. Cavabdeh əvvəllər gəlib anasına baxsa da, son zamanlar vədinə əməl etməyərək anasına baxmaqdan imtina edir. Halbuki, onlar əmlakın o şərtlə cavabdehə bağışlanmasına razı olmuşdular ki, o, gəlib anasına baxacaqdır. Hazırda anasına həftənin 3 gününü o, 3 günündə isə bacısı Simuzər baxır. X26 Aşağı Küngüt kəndində yaşasa da, iddiaçıya yalnız kənardan nəzarət edir. Gəlinləri isə anası gilə gəlibgetmir. Həmçinin anasının müəyyən işlərinin həlli üçün X14 etibarnamə vermişlər. Göstərmişdir ki, yuxarıda qeyd etdiyi kimi cavabdeh Yuxarı Çardaxlar kəndində 1 otaqlı evdə 4 nəfər bir otaqda çətin bir şəraitdə yaşayırlar. Anasına məxsus ev isə təxminən 5 otaq və həyətdə əlava yardımçı tikililərdən ibarətdir. Cavabdehdən yeganə tələbləri Zaqataladan köçərək gəlib kənddə anasının yanında yaşamaq və ona qulluq etməkdir. Əgər cavabdeh köçüb gəlib anasının ona bağışladığı evdə yaşayarsa ona qarşı hər hansı tələbləri olmaz. Məhz buna görə də tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 4Ə-424 saylı bağışlama müqaviləsinin ləğv olunmasını xahiş edir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin övladı (qızı) X2 məhkəmə iclasında vermiş olduğu izahata oxşar olan izahat vermişdir. Həmçinin məhkəmədə ona ünvanlanan suallara cavabında bildirmişdir ki, 83 yaşı olmaqla 4 övlad var, Könül onun övladlarından ən kiçiyidir. Digər övladlarının hamısının ev-eşiyi var, onların hamısını yer-bə-yer etmişdir. Hazırda mübahisələndirdiyi əmlakını öz istəyi ilə Könülə bağışlamışdır. Bu zaman digər övladları da notariusa gedərək əmlakını Könülə bağışlamağına razılıq vermişlər. Könül maddi cəhətdən digər övladlarından zəif olduğundan əmlakını ona bağışlamaq qərarına gəlmişdir. Əmlakını Könülə bağışlayan anda Könülün Zaqatalada yaşamağını bilmişdir. Göstərmişdir ki, Könül Zaqatalada Çardaxlar kəndində qaynı ilə birlikdə bir evin altında yaşayır. Könülün əri ruhi xəstədir. Onun iki qızı var, qızlarından birinin ruhi xəstə olmasından xəbəri yoxdur. Həmçinin Könülgilin Zaqatalada kənddə olan evlərinin onların mülkiyyətində olubolmamasını bilmir. Qeyd etmişdir ki, evini Könülə bağışlayandan sonra ilk əvvəllər Könül qızı ilə gəlib kənddə onun yanında qalaraq ona baxmışlar. Hətta Könül ona onunla Zaqatalaya gedib birlikdə yaşamasını təklif etmişdir. Lakin o uzun illər yaşadığı evdən kənara getmək istəməmişdir. Qeyd etmişdir ki, elə hallar olmuşdur ki, Könül baxmaq üçün gəlib onun yanında qalanda Könülün qaynı Zaqataladan zəng edərək onun dərhal geri qayıtmasını tələb etmişdir. O da taksiyə 20 manat pul verərək Könülü dərhal Zaqatalaya yola salmışdır. Göstərmişdir ki, keçən ildən, yəni təxminən 2020-ci ilin əvvəllərindən etibarən Könül gəlib ona baxmır. Hətta sonuncu dəfə onun yanına gələndə onu söymüş və saçından tutaraq ona fiziki ağrı yetirmişdir. Buna görə də bu barədə DİNnin “102” xidmətinə zəng vurmuşdur. 1995-ci ildə vəfat etmiş ərinin əmlakının hamısını Könülə bağışlamasından xəbəri var, lakin o Könülə belə bir vəsiyyət etməsini xatırlamır. Bildirmişdir ki, ola bilsin ki, həmin vəsiyyətnaməni mərhum əri onun adından tərtib etdirmişdir. Göstərmişdir ki, hazırda kənddə ona qonşuları baxır. Buna görə də bağıladığı evi özünə qaytarmaq istəyir. Həmin evi ona kim baxırsa ona hədiyyə edəcəkdir. Həmçinin göstərmişdir ki, bundan sonra Könülün gəlib ona baxmasını istəmir və gəlib ona baxacağı təqdirdə də onu evə buraqxmayacaqdır. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 izahzat verərək göstərdi ki, iddiaçı onun anasıdır. Onlar ailədə 3 bacı və 1 qardaşdırlar. Övladlardan ən kiçiyi o özüdür. Onlar hamısı həmin evdə doğulub boya-başa çatmışlar. Göstərmişdir ki, əvvəllər qısa müddət ərzində iki dəfə ailəli olmuş və həmin nikahdan uşağı olmamışdır. X4 xx xxxx 2008-ci il tarixdə vəfat etmişdir. Atası həm qardaşını, həm də digər bacılarını oxutdurmuş, onu isə oxutdurmamışdır. Buna görə də həm atası, həm də anası 1995-ci ildə onlara məxsus bütün əmlaklarını ona vəsiyyət etmişdir. O, 1997-ci ildə ailə quraraq Zaqatala rayonunun Çardaxlar kəndinə ərə getmişdir. 2 qız övladı vardır. Əri 2-ci qrup əlil olmaqla, ruhi xəstədir. Yaşadıqları ev qaynına məxsusdur. O, ailəsi ilə birlikdə sadəcə qaynına məxsus həmin evin 1 otağında yaşayırlar. Onun hər hansl başqa evi yoxdur. Çətinliklə dolanırlar. Mübahisəli evin ona bağışlanmasının əsas səbəbləri həm atasının vəsiyyəti, həm onun evinin olmaması, həm də maddi imkanının zəif olması olmuşdur. Buna görə də anası ümumi razılıqla qeyd edilən evi ona bağışlamışdır. Anası ona daşınmaz əmlakını heç bir şərt qoyulmadan bağışlamışdır. İddia ərizəsi anası tərəfindən yox, bacıları tərəfindən tərtib edilmişdir. Anasına bacıları tərəfindən böyük təzyiqlər edilir. Bacıları onu 2-ci qrup əlil həyat yoldaşından boşandırıb, anasına baxıcı olmasını istəyirlər. Bacıları Şəki şəhərində yaşasalar da, anasının evi ona bağışladığına görə bütün yükü onun üzərinə qoyurlar. Bağışlama müqaviləsindən sonra demək olar ki, hər ay Şəkiyə gələrək 10-20 gün qalaraq anasına baxıb qayıtmışdır. Hətta ərinə və uşaqlarına köçərək Aşağı Küngüt kəndinə getməsini təklif etmiş, lakin uşaqları buna razı olsa da, əri ruhi xəstə olduğundan buna qəti etiraz etmişdir və ümumiyyətlə onu bu mövzuda başa sala bilməmişdir. O özü də köçərək anasının yanında ona bağışlanmış evdə yaşamaq istəyir. Lakin yoldaşı bunu qəbul etmir. Bacıları hazırda onu əsassız yerə məhkəmə yollarına salırlar. O və həyat yoldaşı Zaqatala şəhərində yaşamalarına baxmayaraq, illərdir ki, anasına baxmış, onun himayəsində durmuş, onun bütün müalicəsini etdirmiş və hər işini həll etmişdir. Anasının digər övladları olmasına baxmayaraq, heç biri onun yanında olmamış və heç biri onunla maraqlanmamışdır. Ölkədə baş verən epidemiya ilə əlaqədar əvvəlki kimi anası ilə əlaqə saxlaya bilməyəcəyini görüb, Şəkiyə gələrək anasını evlərinə aparmağa təkid etsə də anası buna razı olmamışdır. Ümumiyyətlə pandemiya ilə əlaqədar karantin rejimi ilə bağlı son 6 ayda anasını cəmi 2 dəfə yoxlaya bilmişdir. Belə ki, Zaqataladan Şəkiyə gəlmək üçün karantin postlarından keçərkən müəyyən problemlər yaşayır. Həmçinin o, anasına pul və mülk xətrinə baxan övlad olmamışdır. Axırıncı dəfə anasına baxmaq üçün xx.xx.2020-ci ildə Şəkiyə onun yanına getmiş və bir neçə gün orada onun yanında qalmışdır. Lakin anası ona onun yanında daimi qalmasını demişdir. Laki anasına ruhi xəstə ərindən qorxduğunu, buna görə də daimi olaraq onun yanın köçə bilməyəcəyini demişdir. Bu zaman anası onunla razılaşmamışdır. Yenidən anasına onunla birlikdə Zaqatalaya getməsini xahiş etmişdir, lakin anası bundan qəti imtina etmişdir. Bundan sonra Zaqatalaya qayıtmışdır. Sonrakı vaxtlarda anasına baxmaq üçün gəldikdə anası onu evə buraxmaq istəməmişdir. Anasının polisə şikayət etməsindən sonradan xəbər tutmuşdur. Bu illər ərzində Zaqalaladan Şəkiyə zəmbillərlə bazarlıqlar edib anasının yanına getmiş və bir övlad olaraq bu gün də anasının qulluğunda durmağa hazırdır. Anası əmlakını ona öz iradəsi ilə bağışlamş, bu bağışlamadan digər övladlarının da xəbəri olmuş, anası bununla bağlı notariat kontoruna getmiş və öz iradə ifadəsini notariat kontorunda rəsmiləşdirməklə, bununla bağlı müvafiq müraciətlər etməklə, müqaviləni imzalamaqla öz fikrini dəqiqiləşdirmiş və evini ona bağışlamışdır. İddiaçı olan anası ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 4Ə-424 nömrəli bağışlama müqaviləsini anasının öz iradə ifadəsi ilə imzalanmış və belə bir müqavilənin bağlanmasından həmin tarixdən, yəni xx xxxxxx 2016-cı il tarixdən məlumatı olmuşdur. Göstərmişdir ki, anasının 83 yaşı var. Hesab edir ki, bütün bu məsələləri böyüdən və anasını öyrədən iki bacısıdır. Qardaşı isə bu işlərə qarışmır. Anası bacılarının təzyiqi altında bu iddianı qaldırmışdır. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) X15 da Cavabdeh1 ilə eyni məzmunda izahat vermiş, həmçinin əlavə olraq qeyd etmişdir ki, iddiaçı iddia müddətini də ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçının iddia tələbi həm də iddia müddəti ötürüldüyünə görə təmin edilməməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 4Ə-424 nömrəli bağışlama müqaviləsini iddiaçı özü öz iradə ifadəsi ilə imzalamış və belə bir müqavilənin bağlanmasından həmin tarixdən, yəni xx xxxxxx 2016-cı il tarixdən məlumatı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı öz hüquqlarının pozulduğunu iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən 4 il 2 ay bundan əvvəl bilmişdir. Buna görə hazırki iş üzrə iddia ərizəsinin məhkəməyə daxil olduğu 4 il 2 ay əvvəldən iddia müddətinin axımı başlamışdır. Müqavilənin bağlandığı vaxtdan 4 il 3 aya yaxın müddət keçməsinə baxmayaraq iddiaçı 2020-ci ilin sentyabr ayında məhkəməyə müraciət etmişdir. İddiaçı həmin müqavilənin ləğv edilməsi ilə bağlı mübahisənin həll edilməsi üçün hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il müddətində məhkəməyə müraciət etməli olduğu halda, həmin müddət ərzində bu hüququndan istifadə elməmişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, o özü Şəki şəhərində yaşayır və Baharın yoldaşı Sadəddinin qohumudur. Könülü heç vaxt Məkkənin yanında görməmişdir. Məkkə Şəki rayonunun Aşağı Küngüt kəndindəki evində tənha yaşayır. Ona qonşuluqda yaşayan qadın və onun oğlu baxır. Məkkə özü onun adına etibarnamə vermiş və o həmin etibarnamə əsasında onun hər hansı idarələrlə olan işlərini, pensiyasının alınmasını, kommunal xərclərinin ödənilməsini və digər məsələlərini həll edir. Məkkəyə kömək etməyi Bahar və onun əri Sadəddin ondan xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X10 göstərmişdir ki, iddiaçı onun nənəsi cavabdeh isə onun anasıdır. O, atası və anası ilə Zaqatala rayonunun Çardaxlar kəndində yaşayırlar. Onların ayrıca evləri yoxdur və əmilərinə məxsus tiraltı evin 1 otağında yaşayırlar. Ailə vəziyyətləri çox çətindir. Belə ki, atası X11 ruhi xəstədir. Qeyd etmişdir ki, nənəsi Məkkənin Şəki rayonunun Aşağı Küngüt kəndindəki evini anasına bağışlamasından xəbəri vardır. Anası nəinki əmlak bağışlanandan sonra, hətta ondan əvvəl də nənəsini daima diqqətdə saxlamışdır. Anası demək olar ki, hər ay Şəkiyə gedərək anasının yanında qalmış və ona qullux etmişdir. Lakin 2020-ci ilin əvvəllərindən pandemiya olduğundan karantin rejimi ilə əlaqədar anası nənəsinə baş çəkməyə getməkdə çətinlik çəkmişdir. Elə vaxtlar olmuşdur ki, o, özü də anası ilə bilikdə gedərək nənəsinin yanında qalmışdır. Həmçinin elə vaxtlar olmuşdur ki, o və bacısı Gülnar tək gedərək günlərlə nənəsinin yanında qalmışlar. Anası Könül dəfələrlə nənəsini Zaqatalaya gətirmək istəsə də nənəsi bundan imtina etmişdir. Nənəsi Məkkənin yanına köçüb orada yaşamaq istəyirlər, lakin atası buna qəti şəkildə etiraz edir. Atası xəstə olduğundan onu tərk etmək istəmirlər. Anası nənəsinin yanına gedəndə həmişə ona pay almış və beləcə onun yanına əlidolu getmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X8 digər şahid X10 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X16 göstərmişdir ki, Zaqatala şəhərində taxsi fəaliyyəti ilə məşğul olur. Cavabdeh1 müştərisi kimi tanımışdır. Belə ki, Könülü dəfələrlə 25 manat müqabilində Şəki rayonunun Aşağı Küngüt kəndinə anasıgilə aparmışdır. Axırıncı dəfə 2020-ci ilin təxminən mart aylarında aparmışdır. Həmişə Könülü kənddə düşürüb geri qayıtmişdir. Cavabdehlər Şəki regional “Asan xidmət” mərkəzinin notariat ofisi, Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər və işin başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, cavadeh iddiaçının doğma övladıdır. İddiaçı xx xxxxxx 2016-cı il tarixdə ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən 41,7 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (4/5 hissə fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsi) hədiyyə alan övladı Cavabdeh1 bağışlamışdır. Bundan sonra cavabdeh həmin bağışlama müqavilsi əsasında qeyd edilən əmaka dair çıxarış almış və həmin əmlak hal-hazırda cavabdehin mülkiyyətindədir. İddiaçı cavabdeh tərəfindən bağışlanma müqaviləsinin şərtlərinə əməl etməməyini əsas gətirərək həmin müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə bağışlanma müqaviləsi bağlanarkən iddiaçı tərəfindən müqavilədə hər hansı şərtin nəzərdə tutulmamasını göstərmiş, həmçinin onun güya anasına baxmaması ilə bağlı arqumentləri qəbul etməmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə, cavabdeh isə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiası təmin edilməməlidir. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, ünvan 1ində 0,30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34,7 kv.m yaşayış, 7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 35 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx xxxxxxx 2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2008-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi həyat yoldaşı İddiaçıdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 41,7 kv.m fərdi yaşayış evi üzrə 1/5 hissə fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi X6, 4/5 hissə fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli, 4Ə-424 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinnin təsdiq edilmiş sürətindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən 41,7 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (4/5 hissə fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsi) hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki 1 saylı dövlət notariat kontorunun dövlət notariusu Məmmədov İ.A. tərəfindən MM-1159-cu maddəsinə əsasə təsdiq edilmişdir ki, xx.xx.2008-ci il tarixdı vəfat etmiş X6 vərəsəsi Zaqatala rayonu, Y.Çardaxlı kəndində yaşayan Cavabdeh1dır. Şəhadətnamə miras verilən əmlak ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, seriya RX ******* nömrəli Çıxarışa əsasən ünvan 1i ünvanında, 0,14 ha torpaq sahəsində yerləşən 41,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 1/5 hissəsi və 0,06 ha torpaq sahəsi. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 41,7 kv.m fərdi yaşayış evi Cavabdeh1 tam pay üzrə xüsusi mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş İ-JQ 455391 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1973-cü il təvəllüdlü Hacıyeva Könül Məmmədəli qızının X4, anası isə İddiaçıdır. İşdə olan xx xxxxx 1995-ci il tarixdə Şəki rayonu Aşağı Küngüt kənd icra nümayəndəliyində tərtib edilmiş Vəsiyyətnamələrdən görünür ki, İddiaçı və X3 yerləşən 3 otaqlı evini, tövləni, təndirxananı və 0,30 ha torpaq sahəsini qızları Cavabdeh1 vəsiyyət etmişlər. İşdə olan xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə DİN-nin “102” xidmətinə zəng edərək qızı Könülün onu döyməsi barədə məlumat vermişdir. Həmin qərarın məzmunundan görünür ki, Cavabdeh1 xx.xx.2020-xx.xx.2020-ci il tarixdə anası Məkkənin yaşadığı ünvanda olmuşdur. İşdə olan Zaqatala RMX-sı PHŞ-nin KP şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X11 həmin xəstaxanada Paranoid şizofrenya diaqnozu ilə qeydiyyatdadır. İşdə olan Zaqatala rayonu Yuxarı Çardaxlar kənd icra nümayəndəliyi tərəfindən verilmiş 43 və 45 saylı arayışlardan görünür ki, X1 Könül Məmmədəli qızının həmin kənddə fərdi yaşayış evləri yoxdur. İddiaçı qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu əsas gətirərək, pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bağışlama müqaviləsinin, çıxarışın qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilməsi barədə iddia ərizəsinin dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X23 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X23 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: - bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; -hədiyyə alanın əmlakı artır; - hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; -hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; -hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Bu müqavilənin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü 4 şəxs qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Mübahisələndirilən bağışlama müqaviləsinin məzmununa nəzər saldıqda aydın olur ki, iddiaçı qeyd edilən əmlakı cavabdehə hədiyyə edərkən müqavilədə hər hansı şərt irəli sürməmiş, əmlakı şərtsiz olaraq hədiyyə etmişdir. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Mülki Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bütün yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin və çıxarışın ləğv edilməsinə əsas ola biləcək hər hansı sübut və ya dəlil məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddiaçı tərəfindən mübahisələndirilən RX seriyalı ******* nömrəli xx xxxxxx 2016-cı il tarixli çıxarış da ləğv edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Məhkəmə yuxarıda göstərilənləri şərh edərək belə qənaətə gəlir ki, iddia əsaslı deyildir. Belə ki, məhkəmə qeyd edir ki, birincisi iddiaçı qeyd edilən əmlakını cavabdehə bağışlayarkən həmin müqavilədə qızı Könülün ona baxması ilə bağlı hər hansı qeyd-şərt irəli sürməmiş və belə bir bənd müqaviləyə əlavə edilməmişdir. Hətta belə bir bənd nəzərdə tutlmasa da cavabdeh ailə-hüquq münasibətlərindənm irəli gələn öhdəliklərə əsasən anasına baxmışdır. Bu məhkəmə iclasında cavabdehin, həmçinin iddiaçının özünün izahatı və işdə olan xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan da aydın olur. Belə ki, həmin qərardan aydın olur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə DİN-nin “102” xidmətinə zəng edərək qızı Könülün onu döyməsi barədə məlumat vermişdir. Həmin qərarın məzmunundan görünür ki, iddiaçı cavabdeh xx.xx.2020-ci il tarixdə onun yaşadığı ünvana gəldiyini bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh əmlakın hədiyyə edildiyi vaxtdan xx.xx.2020-ci il tarixinədək fasilələrlə də olsa da anasına baxmağa gəlmişdir. İkincisi məhkəmə hesab edir ki, iddiaçı olan ana qızlarının təsiri altındadır. Belə olmasa idi qızlarından biri onun nümayəndəsi qismində məhkəmədə təmsil olunmazdı. Həmçinin iddiaçının digər qızı məhkəmə iclasında bu və ya digər şəkildə dindirilməsə də 2 məhkəmə iclasında iştirak etmiş və onun da bu iş üzrə maraqlı olması məhkəmə tərəfindən müşahidə edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin ailə-hüquq münasibətlərindənm irəli gələn öhdəlikləri pozmamış, əksinə Zaqatala rayonunun Çardaxlar kəndi kimi uzaq bir məsafədə yaşamasına, 2020-ci ilin əvvəllərindən respublikada başlamış COVİD-19 pandemiyası ilə əlaqədar rayonlararası karantin postlarının mövcudluğuna rəğmən, həmçinin həyat yoldaşının və bir övladının ruhi xəstə olmasına baxmayaraq Şəki rayonunun Aşağı Küngüt kəndinə gələrək anasına baxmağa çalışmışdır. Məhkəmə həmçinin iddiaçının digər 3 övladının evlərinin olmasını, cavabdehin isə ağır maddi şərait içində və qaynı ilə bir ev altında yaşamasını, bundan başqa iddiaçı və onun mərhum ərinin onlara məxsus əmlakı daha öncə-1995-ci ildə cavabdehə vəsiyyət etməsini də nəzərə alır. Bütün yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Şəki rayonu Aşağı Küngüt kəndində 0,14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.7 kvadrat metr olan fərdi yaşayış evinin 4/5 hissəsi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.08 ha hissəsinin onun tərəfindən Cavabdeh1 bağışlanması ilə bağlı onlar arasında bağlanmış, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-424 nömrə ilə qeydə alınmış xx xxxxxx 2016-cı il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə qeydə alınmış RX seriyalı ******* nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət restrindən çıxarışının 4/5 pay hissəsində ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Şəki rayonu Aşağı Küngüt kəndində 0,14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.7 kvadrat metr olan fərdi yaşayış evinin 4/5 hissəsi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.08 ha hissəsinin onun tərəfindən Cavabdeh1 bağışlanması ilə bağlı onlar arasında bağlanmış Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-424 nömrə ilə qeydə alınmış xx xxxxxx 2016cı il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə qeydə alınmış RX seriyalı ******* nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət restrindən çıxarışının 4/5 pay hissəsində ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar