Məhkəmə qərarları › İş №2(075)-964/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-964/2024

30.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-964/2024 30.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı X1 və onun etibarnamə üzrə nümayəndəsi İddiaçı iştirakları ilə, İddiaçı X1 Cavabdeh Ramil oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı X2 Cavabdeh Ramil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ramil oğlundan 1300 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən 18 mart 2024-cü il tarixdə İddiaçı əsl olmayan tərəfin əvəzin edilməsinə dair ərizə təqdim edərək, onu əsl iddiaçı ilə yəni, etibarnamə üzrə nümayəndəsi olduğu Ağdam şəhəri, Muradbəyli sahəsi ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2ayan X2 ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə MPM-nin 54-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21 avqust 2001-ci il təvəllüdlü övladı X2 2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağırılmışdır. Döyüş bölgələrində xidmət keçib. Qazax döyüşlərində yaralanıb və cidd kəllə-beyin travması aldığı üçün hərbi xidmətdən tərxis edilimişdir. Ambulator kitabçada, o cümlədən xəstəlik şəhadətnaməsində təsbit edilmiş məlumatlardan aydın görünür ki, xəstəlik 22 yanvar 2020-ci ildə, yəni hərbi xidmət dövründə başlamış və oğlu, 22 yanvar 2020-ci il tarixdən 14 fevral 2020-ci il tarixədək hərbi hospitalda müalicədə olmuşdur. İİİ dərəcə əlil kimi 4.000 (dörd min) manat məbləğində birdəfəlik sığorta ödənişi almışdır. Həmin pulla kiçik təsərrüfat yaradaraq ailələrinin maddi ehtiyaclarını qarşılamaq üçün qazanc əldə etməyi planlaşdıran Niymət, bu işdə ona kömək edə biləcəyini düşünərək onlarla qonşu ünvanda - Şəki şəhəri, F.X.Xoyski küçəsi 4/6-da yaşayan X5 öz fikirlərini açıqlamış və Əli ona planlaşdırılmış işin təşkili və həyata keçirilməsində yaxından yardımçı olacağını vəd etmişdir. Toyuq-cücə yetişdirmək və ondan yararlanmaq üçün kiçik fermanın təşkili, satış obyektinin tapılması, icarəyə götürülməsi və sair təşkilati işləri həyata keçirmək adı altında X8 2022-ci ildə təxminən 40-45 gün müddətində müxtəlif vaxtlarda oğlundan hissə-hissə 3000 (üç min) manat pul götürmüşdür. Əli Xəlilovun işə cəlb etdiyi və onunla eyni ünvanda yaşayan əmisi oğlu X4 da toyuq satışı üçün icarəyə obyekt tapmaq adı altında Niymətdən 2022-ci ildə 200 (iki yüz) manat pul almışdır. Oğlu ilə aralarında olan tanışlığı daha mötəbər münasibətlər səviyyəsinə çatdırmağa nail olmuş bu şəxslər həmin münasibətlərdən suiistifadə edərək ələ keçirdikləri 3200 (üç min iki yüz) manat məbləğində pulun müqabilində heç bir iş görməmiş, pulu sahibinə, yəni oğlu Niymətə qaytarmamışlar. Oğlu da müəyyən məbləğdə pul vəsaitinin olduğunu qardaşı X6, tanışları X3 (dodulu Fərid), Cavabdeh Ramil oğluna bildirən X8 onları da bu vəsaitdən yararlanmağa sövq etmişdir. Həmin şəxslər isə fürsəti qaçırmayıb əsl niyyətlərini büruzə vermədən müxtəlif bəhanələrlə oğluna məxsus pulu 2022-ci ildə hissə-hissə ələ keçirməyə müvəffəq olmuşlar. Belə ki, X9 320 (üç yüz iyirmi) manat, Cavabdeh Ramil oğlu 1230 (bir min iki yüz otuz) manat, daha sonra 70 (yetmiş) manat, taksi sürücüsü işləyən, “dodulu Fərid” kimi tanınan X7 200 (iki yüz) manat pulu Niymətdən alaraq qısa bir zamanda qaytaracaqlarını vəd etmişlər. Göstərdiyi məqamları təsdiq edən whatsapp səs mesajları oğlunun telefon yaddaşında qalmışdır. Oğlu hərbi xidmət dövründə ciddi kəllə-beyin travması almışdır. Bu səbəbdən o, vaxtaşırı olaraq psixi idarəetmə funksiyalararının fəaliyyətinin qismən pozuntusu problemi ilə üz-üzə qalır. Həmin şəxslər öz çirkin niyyətlərini həyata keçirmək üçün oğlunun bu zəif cəhətindən vicdansızcasına istifadə etmişlər. Hadisə barədə Şəki ŞRPŞ-yə ərizə ilə rəsmi müraciət etmişdir. Ərizəsinə cavab olaraq hadisənin mülki xarakter daşıdığı bildirilmiş və işin məhkəmə qaydasında həlli tövsiyə edilmişdir. Cavabdehlərin əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olduğunu düşünərək təhqiqatçının bu mövqeyi ilə razılaşmayıb ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəki rayon prokurorundan işin obyektiv, tam və hərtərəfli araşdırılmasını təmin etməyini xahiş etmişdir. Lakin, prokurorluğun da mövqeyi eyni olmuş, işin mülki mübahisə xarakteri daşıdığı, məhkəmə qaydasında həllinin məqsədəuyğun olduğu bildirilmişdir. Bu səbəbdən hazırkı iddia ilə Şəki rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı X2 və onun etibarnamə üzrə nümayəndəsi Alxasova Aydın qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh Ramil oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Hafiz Kərimovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 fevral 2023-cü il tarixli qərarından görünür ki, HK-1/242 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Ramil oğlunun Şəki ŞRPŞ-nin Təhqiqa Bölməsində verdiyi 25 fevral 2023cü il tarixli izahatından görünür ki, Alxasov Niymət Hicran xalanın oğludur. Niymət 2019-cu ilin oktyabr ayında hərbi xidmətə getmişdir. 2020-ci ildə Niymət Qazax döyüşlərində yaralandığı üçün ordudan təxris olunmuşdur. Təxminən 2-3 aydır ki Niymətlə münasibətləri yaranmışdır. Niymətlə tez-tez Qədim Şəki restoranında oturub, yeyib içmişlər. Elə olub ki, yeməyin pulunu Niymət vermiş, elə də olub ki, o vermişdir. Təxminən 1 ay bundan qabaq Niymətin anası onaların evinə gelmişdir ki, Niymətin pulunu yemisən. O da yalan olduğunu, restoranda oturanda hesabı onunda verdiyini demişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1091.1-ci maddəsinə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı və onun nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Material üzrə araşdırma zamanı izahatı alınmış X2 izahatında bildirmişdir ki, iddiaçı 1300 manat pulu borc kimi Cavabdeh vermiş, tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmiş pulu, verildiyi valyuta ilə geri qaytaracağını vəd etmişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməyərək, aldığı pulu geri qaytarmamışdır. Bu səbəbdən 1300 manat pulun cavabdehdən tutularaq ona qaytarılmasını tələb etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehlə aralarında iddia ərizəsində göstərilən məzmunda razılığın olmasını, bu razılığın müqabilində iddiaçının cavabdehə ümumilikdə 1300 manat pul verməsinin həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı X1 məhkəmə iclasında Cavabdeh Ramil oğluna hər hansı bir məbləğdə pul vəsaitinin verilməsi ilə bağlı qeyd etdikləri öz təqsdiqini tapmamışdır. Lakin, iddiaçı X2 tərəflər arasında iddia tələbində göstərilən məzmunda razılığın olması, həqiqətən də iddianın predmeti olan pul məbləğinin cavabdehə verilməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia tələbini təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı X1 Cavabdeh Ramil oğluna qarşı “pul tələbi”nə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən iddiaçı X1 məhkəməyə müraciət üçün dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun ödənilməsi hissəsində də təmin edilməməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı X1 Cavabdeh Ramil oğluna qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar