Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1250/2023 23.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5 000 (beş min) manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0.40 manat xidmət haqqının, ümumilikdə 5070.40 (beş min yetmiş manat qırx qəpik) manat vəsaitin Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz 230 minik” markalı, **-UH- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü ilədək PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2013-cü il tarixində saat 15:30-da Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı X2 mülkiyyətində olmuş, Cavabdeh2 sahibliyində və istifadəsində olmuş “Mercedes Benz 230 minik” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 sürücülük hüququ olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobildə olan sərnişin X4 aldığı xəsarətlərdən dünyasını dəyişmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 ölməsi faktı ilə əlaqədar xx.xx.2013-cü il tarixində başlanmış cinayət işi üzrə qəbul edilmiş “Cinayət işinin icraatına xitam verilməsi barədə” xx.xx.2014-cü il tarixli Qərara əsasən, “Mercedes Benz 230 minik” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 sözügedən avtomobili sürücülük hüququ olmadan idarə edərkən törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində sonuncuda olan sərnişin ağır dərəcəli bədən xəsarəti alaraq hadisə yerində dünyasını dəyişmiş, sonuncunun AR Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi sübuta yetirilmişdir. Lakin sonuncu cinayət törətdiyi zaman şəxsi cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığından, cinayət-prosessual qanunvericiliyə əsasən, cinayət işinin icraatına xitam verilmişdir. Sığorta hadisəsi ilə əlaqədar zərərçəkənin ailə üzvünün(atasının) Şirkətə daxil olmuş xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən, sığorta hadisəsi ilə əlaqədar iş üzrə 8447 nömrəli akt tərtib edilərək, sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən mərhumun vəfatına görə “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.1-ci maddəsinə uyğun olaraq 5 000 manat məbləğində sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair Şirkət tərəfindən xx.xx.2021-ci il tarixində cavabdehlərə pretenziya məktubları göndərilsə də, bu günədək Şirkətə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5 000 (beş min) manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0.40 manat xidmət haqqının, ümumilikdə 5070.40 (beş min yetmiş manat qırx qəpik) manat vəsaitin Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiklərini, işə iştirakları olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2013-cü il tarixli PDS********** saylı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ilə Cavabdeh2 arasında «Mercedes Benz 230 minik» markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair müqavilə bağlanmışdır. İşdə olan cinayət işinin icratına xitam verilməsi barədə qərardan görünür ki, Cavabdeh1 cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığından CM 263-1.3-cü maddəsi ilə başlanmış cinayət işinin icraatına xitam verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 4399 saylı ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X1 hesabına 5 000 manat məbləğində pul köçürülmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 70 (yetmiş manat) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətində Cavabdeh2 arasında xx.xx.2014cü il tarixli sığorta müqaviləsi bağlanmış və «Mercedes Benz 230 minik» markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. xx.xx.2013-cü il tarixdə Şəmkir rayonunda «Mercedes Benz 230 minik» markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 sürücülük hüququ olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobildə olan sərnişin X4 aldığı xəsarətlərdən dünyasını dəyişmişdir. Cavabdeh1 cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığından CM 263-1.3-cü maddəsi ilə başlanmış cinayət işinin icraatına xitam verilmişdir. Sığorta hadisəsi ilə əlaqədar zərərçəkənin ailə üzvünün (atasının) Şirkətə daxil olmuş xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən, sığorta hadisəsi ilə əlaqədar iş üzrə 8447 nömrəli akt tərtib edilərək, sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən mərhumun vəfatına görə “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.1-ci maddəsinə uyğun olaraq 5 000 manat məbləğində sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair Şirkət tərəfindən xx.xx.2021-ci il tarixində cavabdehlərə pretenziya məktubları göndərilsə də, bu günədək Şirkətə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1103.4-cü maddəsinə əsasən valideynlərin (övladlığa götürənlərin), qəyyumların, sosial xidmət müəssisələri və digər müəssisələrin azyaşlının vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə azyaşlı yetkinlik yaşına çatdıqda və ya zərərin əvəzini ödəmək üçün yetərli əmlak əldə etdikdə xitam verilmir. Beləliklə, məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 1103.4-cü maddəsi nəzərə alınaraq, iddia qismən təmin edilməli, zərərin ödənilmiş əvəzi miqdarında 5 000 (beş min) manat pul yalnız Cavabdeh2 tutularaq iddiaçı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş manat ) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 5 000 (beş min) manat sığorta ödənişi və 70 (yetmiş manat) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-1250/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1250/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver