Məhkəmə qərarları › İş №2(076)-1393/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1393/2024

14.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1393/2024 14.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququna xitam verilməklə yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun mülkiyyətində olan Şəmkir şəhəri M.Ə.Sabir küçəsi, 79, m1, m2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Əli qızı, xx.xx.2008ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X14 adlı uşaqları ilə birlikdə həmin evdən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə onun gəlinidir. Cavabdeh1lə Cavabdeh2 2005-ci ildə evlənmklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Əli qızı, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. Toylarından sonra Cavabdeh2 daimi yaşadıqları Şəmkir şəhəri Sabir küçəsi bina-6/5, mənzil-2 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçürmüşlər, ona məxsus cehiz əşyaları da onların mənzilinə yığılmışdır. Cavabdeh1 isə 1989-cu ildə çox uşaqlı (qəhrəman ana) kimi Dövlət tərəfindən ona mənzil verildikdən sonra digər övladları kimi onunla birlikdə həmin mənzildə yaşamışdır. Onun cavabdehlərdən başqa övladları da vardır. Cavabdeh1 avtomobil təmiri ustası olduğundan o və digər övladları ilə mərhum əri X5 məxsus Şəmkir şəhəri X22 küçəsi 33 saylı ünvanda yerləşən torpaq sahəsini ona bağışlamışlar ki, orada ailəsi ilə həm yaşasın, həm də avtomobil təmiri sexini işlədə bilsin. Həmin torpaq sahəsi üzərində hətta onların tərəflərdən fərdi yaşayış evi, tövlə və cavabdeh üçün avtomobil təmiri sexi də inşa edilmişdir. Cavabdeh hazırda orada işləyir və mal-qara saxlayır. Evin bir otağı da tam təmirli vəziyyətdədir. Onlar torpaq sahəsini Cavabdeh1 bağışlamadan əvvəl o, onlara tezliklə ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində yerləşən evə köçəcəyini bildirmişdir. Lakin, cavabdeh sonradan nəinki vədinə əməl etməmiş, hətta digər cavabdeh olan arvadı Cavabdeh2 ilə onu evdə incitməyə başlamışlar. Onlar onu hər gün təhqir edir, evdə yaşamağa qoymurlar. Ona görə də o məcbur olub bir müddət kirayədə, hazırda isə qızı Zibərin evində yaşayır. Onun hazırda vəziyyəti çox çətindir. Öz mülkiyyətində olan evdə yaşaya bilmir. Cavabdehlər başqa yerdə yaşayış sahələri olmasına baxmayaraq ona öz evində yaşamağa imkan vermirlər. Cavabdehlərin onun mülkiyyətində olan evdən onun iradəsənə zidd olaraq yaşamaları onun mülkiyyət hüquqlarını pozur. Cavabdhelərdən gəlini Cavabdeh2 onun evindən istifadə hüququ yoxdur. O, onun evinə 2005-ci ildə gəlin köçmüş, evə gəlin köçərkən onunla cavabdeh arasında evdən istifadə ilə bağlı heç bir müqavilə bağlanmamışdır. Ona görə hesab edir ki, Cavabdeh1 mübahisəli evdən istifadə hüququna xitam verilməli, o və digər Cavabdeh2 yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə onun mülkiyyətində olan evdən çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, İddiaçı onun anasıdır. Şəmkir şəhəri Sabir küçəsi bina-6/5, mənzil-2 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzil 1989-cu ildə onun valideynlərinə verilmişdir. Həmin vaxtdan onlar ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşamışlar. Cavabdeh2 onun arvadıdır. O, Cavabdeh2 ilə 2005-ci ildə evlənmklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Əli qızı, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. Onlar evlənərkən arvadı Cavabdeh2 da hazırda yaşadıqları mənzilə gəlin köçürmüşlər və arvadına məxsus cehiz əşyaları həmin mənzilə yığılmışdır. Mərhum atası X4 ölümündən sonra anası və digər qardaş-bacıları mərhum atasına məxsus Şəmkir şəhəri X22 küçəsi 33 saylı ünvanda yerləşən torpaq sahəsini ona bağışlamış olsalar da, həmin mənzildə olan istifadə hüququnun əvəzi kimi bağışlamamışlar. O fərdi əməklə məşğul olduğundan həmin torpaq sahəsində fərdi əməklə məşğul olması üçün bağışlamışlar. Eyni zamanda həmin torpaq sahəsində yaşayış üçün heç bir tikili yoxdur, yalnız həmin torpaq sahəsində yarımçıq tikili vardır. Orada yaşayış üçün ev yoxdur. Onun və ailə üzvlərinin hazırda yaşadıqları mübahisəli mənzildən başqa yaşamağa başqa yerləri yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, Cavabdeh1 izahatına uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********53-05101-093001 nömrəli reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şəmkir şəhəri, X17 küçəsi, ev 6/5, mənzil 2 Yeni qaydalarla : AZ 5700, Şəmkir rayonu, Şəmkir şəhəri, X17 küçəsi, giriş 79, M1, m2 ünvanda yerləşən əmlakın tam hüquqi sahibi İddiaçıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İnventar nömrəsi 504-1-4724 olan Texniki Pasportun təsdiqlənmiş surətindən görünür ki, Şəmkir şəhəri, X17 küçəsi, ev 6/5, mənzil 2 Yeni qaydalarla : AZ 5700, Şəmkir rayonu, Şəmkir şəhəri, X17 küçəsi, giriş 79, M1, m2 ünvanda yerləşən mənzilin hüquq subyekti İddiaçıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli miras payının bağışlanması müqaviləsindən görünür ki, İddiaçı, X6, X7, X3 rayon notariat ofisi tərəfindən verilmiş 2V- 760,761,762,763,764 nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 qalmış miras payının onlara düşən hissəsini Cavabdeh1 bağışlayırlar. Həmin əmlak 2-8MDK-nin yanında DƏDRX-nin Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə X5 verilmiş **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəmkir Şəhəri, X22 küçəsi, № 33 ünvanında yerləşən ümumi sahəsi 0.05-ha olan torpaq sahəsindən ibarətdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, **********53-05101-093001 nömrəli reyestr nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarış əsasında Şəmkir şəhəri, X17 küçəsi, ev 6/5, mənzil 2 Yeni qaydalarla : AZ 5700, Şəmkir rayonu, Şəmkir şəhəri, X17 küçəsi, giriş 79, M1, m2 ünvanda yerləşən mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh1 1989-cu ildən anası olan İddiaçı və digər ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayır. Cavabdeh2 isə 2005-ci ildə cavabdeh X13 ilə evləndikdən sonra mübahisəli mənzilə gəlin köçmüşdür. Onların birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Əli qızı, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. Tərəflər mübahisəli mənzildə birgə ailə şəraitində yaşamışlar. Sonradan onlar arasında ailə daxili mübahisə yaranmış, ona görə də iddiaçı cavabdehlərin yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə yaşayış evindən çıxarılmasını tələb edir. xx.xx.2023-cü il tarixli miras payının bağışlanması müqaviləsinə əsasən İddiaçı, X6, X7, X1 Telman Nəcəfalı oğlundan qalmış Şəmkir Şəhəri, X22 küçəsi, № 33 ünvanında yerləşən ümumi sahəsi 0.05-ha olan torpaq sahəsindən onlara düşən hissəsini Cavabdeh1 bağışlamışlar. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli zamanı əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir. Məhkəmə iddiaçının cavabdehlərin mənzildən çıxarılması tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə cavabdehlərin mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub–olmamasının və onun əsasında da iddiaçının subyektiv hüququnun pozulub–pozulması ilə bağlı iddiaçının cavabdehlərə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub–olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı deyildir. Belə ki, hazırkı iş üzrə Cavabdeh1 iddiaçının doğma oğlu olduğundan, mübahisəli mənzil əldə edildiyi gündən, uzun müddət həmin mənzildə iddiaçı ilə birgə təsərrüfatı idarə edib yaşadığından, onunla iddiaçı arasında mülki hüquq münasibəti doğulduğu andan, yəni xx.xx.1984-cü il tarixdən yaranmışdır. Ona görə də mübahisəli hüquq münasibətinə Cavabdeh1 münasibətdə 1982–ci il redaksiyalı Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123–cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd–şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53–cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfa aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin İ hissəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin maddənin İİİ hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Z.Nəsirovanın şikayəti üzrə xx.xx.2018–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd etmişdir ki, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53–cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Cavabdeh1 iddiaçının doğma oğlu olduğundan onun ailə üzvü kimi mübahisəli mənzil əldə edildiyi andan onun həmin mənzilin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ əmələ gəlmişdir. Belə ki, Cavabdeh1 həmin vaxt mübahisəli fərdi yaşayış evinin sahibi və istifadəçisi, sonradan isə mülkiyyətçisi olan iddiaçının övladı kimi onun ailə üzvü olmuşdur. Cavabdeh1 mənzil əldə edildiyi vaxtdan hazırkı vaxta qədər fasiləsiz olaraq həmin mənzildə yaşamış və iddiaçı ilə birgə təsrrüfatı aparmış, həmin əsasla onun da mübahisəli mənzilin yaşayış sahəsindən iddiaçı ilə bərabər şərtlər daxilində istifadə etmək hüququ əmələ gəlmişdir. İddiaçı onunla birlikdə yaşayan eyni hüquqa malik olan ailə üzvünün kompensasiya vermədən fərdi yaşayış evindən çıxarılmasını tələb edərkən subyektiv hüquqa malik olmamışdır. İddiaçının qeyd etdiyi Şəmkir Şəhəri, X22 küçəsi, № 33 ünvanında yerləşən ümumi sahəsi 0.05-ha olan torpaq sahəsinin isə cavabdehə məhz kompensasiya kimi verilməsi halını təsdiq edəcək sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş bağışlama müqaviləsindən də görünür ki, qeyd edilən torpaq sahəsi cavabdehə əvəzsiz olaraq verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4–cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə, həmçinin hesab edir ki, hazırkı vəziyyətdə Cavabdeh1 iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən yaranmış istifadə hüququ yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, Azərbaycan Respublikası MM–nin 228.2–ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.1–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmə, göstərilən hüquq normalarına istinadən iddia tələbinin Cavabdeh1 münasibətdə rədd olunmasına dair özünün mövqeyini onunla əsaslandırır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu özünün 26 sentyabr 2007–ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbində mübahisəli mənzilin tərkib hissəsindən Cavabdeh1 istifadə hüququ yarandığından, cavabdehin kompensasiya verilmədən mübahisəli fərdi yaşayış evindən çıxarılması, qanuni və əsaslı sayıla bilməz. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İddiaçı ilə Cavabdeh2 arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə daşınmaz əmlakdan istifadə hüquqları ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddədə mülki hüquqi əqdlər bağlamaq yolu ilə və qohumluq münasibətləri əsasında yaranan istifadə hüququ bir-birindən fərqləndirilmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Cavabdeh2 iddiaçının gəlini olmaqla MM-nin 228.5-ci maddəsində sadalanmış mülkiyyətçinin ailə üzvləri sırasına daxil olmadığından onun iddiaçıya məxsus torpaqdan və evdən istifadəsinin hüquqi əsası kimi mülki-hüquqi əqdlər çıxış edə bilərdi. Məhkəmə baxışı nəticəsində tərəflərin arasında hər hansı əqdin olmadığı, Cavabdeh2 yalnız iddiaçının şifahi razılığına əsasən həmin torpaq sahəsindən və evdən istifadə etdiyi müəyyən edilmişdir. Buna görə də Cavabdeh2 həmin evdən istifadə hüququnun olmadığı müəyyən edilir. Bundan başqa cavabdehlərin yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Əli qızı, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X14 adlı uşaqlara münasibətdə məhkəmə qeyd edir ki, mülkiyyətçinin ailə üzvü kimi Cavabdeh1 öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malik olduğundan həmin hissədə də iddia rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 **********53-05101-093001 nömrəli reyestr nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri Sabir küçəsi ev-6/5, mənzil-2 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 **********53-05101-093001 nömrəli reyestr nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri Sabir küçəsi ev-6/5, mənzil-2 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar