Məhkəmə qərarları › İş №2(076)-176/2024

Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(076)-176/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-176/2024 08.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və "xxxx" firmasına qarşı “subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh1 və "xxxx" firmasına qarşı iddia ərizəsi ilə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər “Saf’ Firmasından və Cavabdeh1 5000 (beş min) manat, ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat, müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsinə görə 10 manat, ümumilikdə 5080 (beş min səksən) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış "xxxx" Firmasına məxsus “LG 936 A” markalı, 10 D 937 dövlət qeydiyyat nişanlı frontal yükləyici xx.xx.2021-ci il tarixdə Bakı-Qazax yolunun 46-ct km-də Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X8 Prado” markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “X8 Prado” markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar aparılmış araşdırma və toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 həmin frontal yükləyicini sürücülük hüququ olmadan, yəni sürücülük vəsliəsiz idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tətbiq edilmişdir. Tərəflərin izahatları: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı müdafiə etdi və təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, xx.xx.2023-cü il tarixli ********* nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, “X8 Prado” markalı maşına dəymiş ziyanın məbləği 5595 manat müəyyən edilmiş, 5000 manat məbləğində sığorta ödənişi köçürmə yolu ilə maşının sahibi X2 ödənilmişdir. İş materiallarında olan 2145/21 nömrəli qiymətləndirmə aktından görünür ki, ** HX *** dövlət qeydiyyat nişanlı “X8 Prado” markalı maşına dəymiş ziyanın məbləği 5595 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 bank hesabına 5000 manat pul köçürülmüşdür. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, AZ 10D937 dövlət qeydiyyat nişanlı, LG956L markalı xüsusi təyinatlı nəqliyyat vasitəsi sığortalı "xxxx" firması tərəfindən "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan qeydiyyat şəhadətnaməsindən görünür ki, ban nömrəsi B********** olan frontal yükləyici LG-936A marklalı nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" firmasıdır. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrıə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, qəza baş verən zaman 10D937 markalı frontal yükləyici nəqliyyat vasitəsi hadisə baş verən zaman Cavabdeh1 idarə etmiş, qəza nəticəsində ** XH *** dövlət qeydiyyat nişanlı “X8 Prado” markalı maşının qabaq hissəsinə ziyan dəymişdir. İş materiallarında olan ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 eyni istiqamətdə olan “X8 Prado” markalı 90 xh 229 dövlət qeydiyyat nişanlı maşının manevr edərək qarşısına çıxmış və nəticədə yol nəqliyyat hadisəsi törədərək, ona ziyan vurmuşdur. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi və 332.4cü maddəsində göstərilən inzibati xətaları törətmişdir. İş materiallarında olan X6 haqqında qərardan görünür ki, Cavabdeh1 İXM-nin 327.1, 332.4-cü maddəsində göstərilən inzibati xətaları törətmiş və onun barəsində 400 manat məbləğində inzibati cərimə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilən Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci ildə Cavabdeh1 idarə etdiyi "xxxx" firmasına məxsus “LG 936 A” markalı 10D937 dövlət qeydiyyat nişanlı frontal yükləyici nəqliyyat vasitəsi ilə ** XH *** dövlət qeydiyyat nişanlı “X8 Prado” markalı maşının toqquşması nəticəsində sonuncuya zərər dəydiyinə görə, həmin vaxt cavabdehin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və 5000 manat məbləğində pul vəsaiti sığorta şirkəti tərəfindən ödənildiyinə görə, iddiaçının 5000 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulması barədə iddiası əsaslıdır. Göründüyü kimi, yol nəqliyyat hadisəsi baş verdiyi vaxt Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olmamış, qeyd edilən nəqliyyat vasitəsinin müliyyətçisi isə "xxxx" firması olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 5000 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulmalıdır. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 manat və müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizənin verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" firmasından 5000 (beş min) manat məbləğində pul vəsaiti və dövlət rüsumun əvəzi olaraq 70 (yetmiş) manat və 10 (on) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" firmasına qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə vermək hüququ izah edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar