Məhkəmə qərarları › İş №2(076)-2233/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2233/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2233/2023 11.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Cavabdeh: Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 idarə etdiyi, Cavabdeh2 məxsus olan və "xxxx" ASC–də xx.xx.2019–cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ 2106” markalı ** DT *** nömrəli avtomobillə xx.xx.2020–ci il tarixdə Şəmkir–Gədəbəy yolunda hərəkətdə olarkən yol– nəqliyyat hadisəsi törətmiş, nəticədə “BMW 320” markalı ** VD *** nömrəli avtomobilə maddi zərər dəymişdir. Cavabdeh1 barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan sonra BMW 320” markalı ** VD *** nömrəli avtomobilin sahibinə dəymiş ziyana görə 1.184 manat sığorta ödənişi ödənilmişdir. Bu səbəbdən də hazırda həmin məbləğ cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehlərə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, iddiaçı şirkətə vurulmuş ziyanı aradan qaldırmamışdır. Ona görə də iddiaçı şirkət hazırki iddianı qaldırmağa məcbur olmuşdur. Odur ki, iddianın təmin olunaraq, cavabdehlərdən 1.184 manat sığorta ödənişinin, 31,84 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının müştərək qaydada alınıb iddiaçı şirkətə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli “VAZ 2106” markalı ** DT *** nömrəli avtomobili xx.xx.2021–ci il tarixdə başqa bir şəxsə satmışdır. Hazırda həmin avtomobil onun mülkiyyətində deyildir. Həmçinin, qeyd edir ki, yol–nəqliyyat hadisəsi zamanı avtomobil onun adına qeyd edilmiş olsa belə, o, xx.xx.2019–cu il tarixdə avtomobilə dair Cavabdeh1 etibarnamə vermiş, bundan sonra həmin avtomobil Cavabdeh1 sahibliyində və istifadəsində olmuşdur. Belə olan halda ona qarşı iddia qaldırılmasını əsassız hesab edir. Odur ki, iddianın ona münasibətdə rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı "xxxx" ASC–yə və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri, qanuni qüvvəyə minmiş məhkəmə qərarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21063” markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019–cu ildən xx.xx.2020–ci ilədək "xxxx" ASC–də sığortalamışdır. İşdə olan ƏN Vİİ–055730 saylı etibarnamədən görünür ki, Cavabdeh2 xx.xx.2019–cu il tarixdə “VAZ 21063” markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobili sərəncam vermək hüququ da daxil olmaqla, idarə etməyi xx.xx.2020– ci il tarixədək Cavabdeh1 etibar etmişdir. İşdə olan xx.xx.2020–ci il tarixli TYP 104860 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 xx.xx.2020–ci il tarixdə “VAZ 2106” markalı ** DT *** nömrəli avtomobillə Şəmkir–Gədəbəy yolunda hərəkətdə olarkən “BMW 320” markalı ** VD *** nömrəli avtomobillə toqquşaraq yol–nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikası İXM–nin 327.2 və 332.4–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2020–ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM–nin 327.2 və 332.4–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2020–ci il tarixli aktdan görünür ki, "xxxx" ASC tərəfindən “BMW 320” markalı ** VD *** nömrəli avtomobilin sahibi X3 1.184 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2021–ci il tarixli nəqliyyat vasitəsinin alqı–satqı müqaviləsindən görünür ki, Cavabdeh2 “VAZ 21063” markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobili X1. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ–nin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, komputer uçot bazasının məlumatlarına əsasən Cavabdeh2 adına hər hansı nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, Cavabdeh1 xx.xx.2020–ci il tarixdə idarə etdiyi, həmin vaxt Cavabdeh2 mülkiyyətində olan və "xxxx" ASC–də xx.xx.2019–cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ 21063” markalı ** DT *** nömrəli avtomobillə Şəmkir–Gədəbəy yolunda hərəkətdə olarkən yol–nəqliyyat hadisəsi törətmiş, nəticədə “BMW 320” markalı ** VD *** nömrəli avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi ziyanla əlaqədar "xxxx" ASC tərəfindən “BMW 320” markalı ** VD *** nömrəli avtomobilin sahibi X3 1.184 manat sığorta ödənişi ödənilmişdir. xx.xx.2020–ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh1 təqsiri sübuta yetirilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM–nin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, iddia Cavabdeh1 münasibətdə əsaslı olsa da, Cavabdeh2 münasibətdə əsaslı deyildir və ona münasibətdə iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108–ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022–ci il tarixli Qərarında göstərilmişdir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Həmin Qərarda daha sonra göstərilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: – törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; – əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; – törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; – zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Eləcə də, qeyd olunan Qərarda göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099–cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114–cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108–ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə qeyd edir ki, xx.xx.2020–ci il tarixdə yol–nəqliyyat hadisəsi zamanı “VAZ 21063” markalı ** DT *** nömrəli avtomobil Cavabdeh2 adına qeyd edilmiş olsa da, sonuncu xx.xx.2019–cu il tarixdə avtomobilə dair Cavabdeh1 qanuni əsaslarla etibarnamə vermiş, bundan sonra, həmçinin yol–nəqliyyat hadisəsi zamanı həmin avtomobil Cavabdeh1 sahibliyində və istifadəsində olmuşdur. Belə olan halda, Cavabdeh2 mülki məsuliyyətinin olması istisna edilir və məhkəmə hesab edir ki, iddia ona münasibətdə təmin edilməməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən Cavabdeh1 1.184 manat sığorta ödənişi, 31,84 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınıb iddiaçı şirkətə verilməli, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1.184 (bir min yüz səksən dörd) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh1 31,84 (otuz bir manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar