Məhkəmə qərarları › İş №2(076)-2327/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2327/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2327/2023 17.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Cavabdeh: Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samed oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samed oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 məxsus “Audi A4” markalı 99–EK–267 nömrəli avtomobil xx.xx.2019–cu ildən xx.xx.2020–ci ilədək "xxxx" ASC–də PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalamışdır. Cavabdeh2 Samed oğlu xx.xx.2019–cu il tarixdə idarə etdiyi həmin “Audi A4” markalı 99–EK–267 nömrəli avtomobillə Şəmkir şəhəri, N.Nərimanov küçəsində hərəkətdə olarkən X3 idarə etdiyi “VAZ 21011” markalı 10–HS–961 nömrəli avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomaşına 1.629 manat məbləğində maddi zərər dəymişdir. Həmin zərər iddiaçı şirkət tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Baş vermiş hadisə ilə bağlı xx.xx.2019–cu il tarixdə Şəmkir DYPŞ tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh Azərbaycan Respublikası İXM–nin 332.1 və 327.2–ci maddələri ilə təqsirli bilinmişdir. Lakin sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə ödənilən 1.629 manat pul cavabdeh tərəfindən ödənilməmişdir. Odur ki, iddianın təmin olunaraq, cavabdehdən 1.629 manat sığorta ödənişinin və 36,29 manat dövlət rüsumunun alınıb iddiaçı şirkətə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X2 təqdim etdiyi etiraz ərizəsində və məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, Cavabdeh2 Samed oğlu təmsil etdiyi şəxsə məxsus “Audi A4” markalı 99–EK–267 nömrəli avtomobilə xx.xx.2019–cu il tarixdə Şəmkir şəhəri, N.Nərimanov küçəsində hərəkətdə olarkən X4 məxsus “VAZ 21011” markalı 10–HS–961 nömrəli avtomobillə toqquşmuşdur. Nəticədə sonuncu avtomobildə yüngül əzniklər yaranmışdır. Bundan sonra Cavabdeh1 Şəmkir RPŞ–nin DYPB-nə çağırmışlar, təmsil etdiyi şəxs polis əməkdaşları ilə birlikdə avtomobilə baxış keçirmiş və “VAZ 21011” markalı 10–HS–961 nömrəli avtomobildə cüzi zədə olmasını görmüşlər. Təmsil etdiyi şəxsə dəymiş zərərin əvəzi kimi 70–80 manat məbləğində pulu “VAZ 21011” markalı 10–HS–961 nömrəli avtomobilin sürücüsünə yerində ödəmək istədikdə, polis əməkdaşları buna ehtiyac olmadığını, sığorta şirkəti tərəfindən zərərin ödəniləcəyini bildirmişlər. Bundan sonra sığorta şirkətinin nümayəndəsi tərəfindən “VAZ 21011” markalı 10–HS–961 nömrəli avtomobilə baxış keçirilmiş və zədənin yüngül olmasını bildirilmişdir. Bundan sonra baş vermiş hadisə barədə təmsil etdiyi şəxsə heç bir məlumat verilməmiş, 3 illik iddia müddəti bitdikdən sonra, yəni 4 il sonra məhkəmədə iddia qaldırılmışdır. Həmçinin, qeyd edir ki, “VAZ 21011” markalı 10– HS–961 nömrəli avtomobilin özünün tam dəyəri 300–400 manat olduğu halda, dəymiş ziyanın 1.629 manat olması ağlabatan deyildir. Hesab edir ki, iddiaçı şirkət təmsil etdiyi şəxsə və digər cavabdehə qarşı əsassız iddia qaldırmışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı "xxxx" ASC–yə və Cavabdeh2 Samed oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019–cu il tarixli PXA ********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Audi A4” markalı 99–EK–267 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019–cu ildən xx.xx.2020–ci ilədək "xxxx" ASC– də sığortalanmışdır. İşdə olan AD 441172 saylı Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, “Audi A4” markalı 99–EK–267 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1dur. İşdə olan xx.xx.2019–cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 Samed oğlu Azərbaycan Respublikası İXM– nin 332.1 və 327.2–ci maddələrində nəzərəd tutulan inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2019–cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Samed oğlu Azərbaycan Respublikası İXM–nin 332.1 və 327.2–ci maddələri ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2019–cu il tarixli təmir smetasından görünür ki, “VAZ 21011” markalı 10–HS–961 dövlət qeydiyyat nişanlı avtomobilə 1.629 manat zərər dəymişdir. İşdə olan xx.xx.2019–cu il tarixli PXA 47747 nömrəli sığorta aktından görünür ki, iddiaçı tərəfindən “VAZ 21011” markalı 10–HS–961 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4 1.629 manat sığorta ödənişi ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus Audi A4” markalı 99–EK–267 nömrəli avtomobil xx.xx.2019–cu ildən xx.xx.2020–ci ilədək "xxxx" ASC–də PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalamışdır. Cavabdeh2 Samed oğlu xx.xx.2019–cu il tarixdə idarə etdiyi həmin “Audi A4” markalı 99–EK–267 nömrəli avtomobillə Şəmkir şəhəri, N.Nərimanov küçəsində hərəkətdə olarkən X3 idarə etdiyi “VAZ 21011” markalı 10–HS–961 nömrəli avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomaşına 1.629 manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2019–cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Cavabdeh2 Samed oğlu Azərbaycan Respublikası İXM–nin 332.1 və 327.2–ci maddələri ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. Hadisə zamanı “VAZ 21011” markalı 10–HS–961 nömrəli avtomaşına dəymiş 1.629 manat maddi ziyan iddiaçı şirkət tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Məhkəmə hesab edir ki, yol–nəqliyyat hadisəsi zamanı təsvir olunmuş sənədlərə əsasən hesablanmış ziyanın məbləği işin reallıqlarına uyğun gəlir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM–nin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bununla belə məhkəmə cavabdehin etiraz ərizəsində göstərdiklərinə əsasən qeyd edir ki, cavabdeh tərəf 3 illik iddia müddətinin keçdiyini bildirmiş, dəymiş ziyanın məbləği ilə razılaşmamış, zərərin daha az olmasını iddia etmiş, lakin etirazının əsası kimi hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM–nin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İcbari Sığotalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir Həmin Qanunun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərərçəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir Həmin Qanunun 22.1-ci maddəsinə əsasən sığortalının aşağıdakı hüquqları vardır: 22.1.1. sığortaçıdan sığortanın aparılması qaydaları və şərtləri, həmçinin sığortalının hüquq və vəzifələri barədə məlumat almaq; 22.1.2. bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi üzrə sığorta şəhadətnaməsi itirildikdə, onun dublikatını ödənişsiz almaq; 22.1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinin tələbini nəzərə almaqla, əmlaka və ya sağlamlığa dəymiş zərərin məbləğini müəyyənləşdirmək məqsədi ilə müstəqil ekspertin xidmətlərindən istifadə etmək; 22.1.4. sığortaçı və ya müstəqil ekspert tərəfindən dəymiş zərərin miqdarının və sığorta ödənişinin məbləğinin müəyyən edilməsinin nəticələri ilə tanış olmaq; 22.1.5. bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada, o cümlədən məbləğdə və müddətdə sığorta ödənişini almaq; 22.1.6. bu Qanunun 57.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada nəzərdə tutulmuş hallarda sığorta haqqı ilə bağlı güzəştlərdən istifadə etmək; 22.1.7. sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda Mərkəzi Banka və məhkəməyə şikayət etmək; 22.1.8. bu Qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər hüquqlar. Göründüyü kimi cavabdeh hadisə baş verdikdən sonra, habelə sığorta ödənişi həyata keçirilən zaman sığortalı kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz etirazını bildirməmiş, sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda şikayət etməmişdir. Bu isə ona dəlalət edir ki, cavabdeh formal mülahizə şəklində izahat verməklə mülki məsuliyyətdən yayınmaq istəmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçı şirkətin iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2–ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2–ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2–ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında sığorta müqaviləsi bağlansa da, hazırki mübahisə müqavilə münasibətlərindən yaranan tələb deyil, mülki hüquq pozuntusu ilə bağlı tələbdir. Qanunda nəzərdə tutulmuş üç illik iddia müddəti isə müqavilə münasibətlərindən yaranan tələblərə şamil edilir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh Bairamly X6 Federasiyasının vətəndaşı olsa da, qanunvericiliyin tələbinə əsasən məhkəmə hazırki tələbə baxmağa haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443–cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Samed oğlunun axırıncı yaşayış yeri Şəmkir şəhəri olmuşdur. Odur ki, həmin cavabdehin Azərbaycan Respublikasında, o cümlədən Şəmkir şəhərində yaşayış yeri olduğundan onunla bağlı mülki işə baxılması əsaslıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları əsasən hesab edir ki, cavabdehlərdən 1.629 manat pul və 36,29 manat dövlət rüsumu alınıb iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samed oğlundan müştərək qaydada 1.629 (bir min altı yüz iyirmi doqquz) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samed oğlundan müştərək qaydada 36,29 (otuz altı manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar