Məhkəmə qərarları › İş №2(076)-2415/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2415/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2415/2023 05.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3250 manat məbləğində verilmiş sığorta ödənişinin və 52,90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 16 dekabr 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "BMW 5281" markalı 10XJ039 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 27 may 2022-ci il tarixdə Şəmkir rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan "Mercedes Benz E270" markalı 90HN720 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bundan başqa X5 yol-nəqliyyat hadisəsi nəticəsində az ağır xəsarət almışdır. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Zərərçəkmişə avtomobilinin zədələnməsi və xəsarətlə bağlı cəmi 3250 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği iddiaçıya verilməlidir. "BMW 5281" markalı 10XJ039 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olduğundan, avtomobili etibarnamə olmadan Cavabdeh2 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AB seriyalı 761364 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 BC kateqoriyalı sürücülük hüququ vardır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "BMW 5281" markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. İş materiallarında olan PGU********** nömrəli İcbari sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, "BMW 5281" markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də icbari qaydada sığorta olunmuşdur. Sığorta şəhadətnaməsinə əsasən yekun sığorta haqqı 63,75 manat, sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir sığorta hadisəsi üzrə 5000 manat müəyyən edilmişdir. Müqavilə üzrə tərəflər: sığortaçı - "xxxx" ASC və sığortalı – Cavabdeh1dur. İş materiallarında olan AC seriyalı 649801 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X2 BC kateqoriyalı sürücülük hüququ vardır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Mercedes Benz E270" markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. İş materiallarına əlavə edilmiş “Dəymiş zərərin hesablanmasına dair akt”ın surətindən görünür ki, "Mercedes Benz E270" markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobiliə vurulmuş ziyan üzrə ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 3500 manat təşkil edir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 1(076)-204/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə təxminən saat 18:53 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazindən keçən 402-ci kilometrliyində müvafiq etibarnamə olmadan, həmçinin alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi "BMW 5281" markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az-ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Hökmlə Cavabdeh2 Azərbaycan Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan sığorta ödənişi ilə bağlı aktlarının və ödəniş tapşırıqlarının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 dəymiş zərərə görə 1500 manat və «Mercedes Benz E270 CDİ» markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1750 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maaddəsinə əsasən hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri,əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanununun 25.1.2-ci maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazindən keçən 402-ci kilometrliyində Cavabdeh2 tərəfindən müvafiq etibarnamə olmadan, eyni zamanda sərxoş halda idarə olunan "BMW 5281" markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil, "Mercedes Benz E270" markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobillərə maddi zərər dəymiş, eyni zamanda "Mercedes Benz E270" markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az-ağır xəsarət almışdır. Baş vermiş hadisə zamanı Cavabdeh2 əməlində cinayət tərkibi olduğundan o, Azərbaycan Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilmişdir. "xxxx" ASC tərəfindən X4 mülkiyyətində olan "Mercedes Benz E270" markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə və sağlamlığına dəymiş ziyana görə ümumilikdə 3250 manat sığorta ödənişi edilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh2 qarşı hadisə zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh2 müştərək qaydada ümumilikdə 3250 manat sığorta ödənişi məbləği tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə Cavabdeh1 barəsində iddia tələbini əsassız hesab edərək qeyd edir ki, həmin cavabdehə qarşı irəli sürülmüş tələb iddia ərizəsində əsaslandırılmamış, iddia ərizəsində iddiaçı iddia tələbini yalnız onunla əsaslandırmışlar ki, avtonəqliyyat vasitəsi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuş və etibarnamə olmadan da Cavabdeh2 tərəfindən idarə edilmiş, bu hal isə sonuncunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən mülki məsuliyyətə cəlb olunması üçün əsas olmasını qeyd etmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, hadisə baş verərkən avtomobil sürücülük hüququ olan Cavabdeh2 tərəfindən idarə edilmişdir. Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etməsi cavabdehin sürücülük hüququnun olmaması və avtomobilin səlahiyyəti olmayan şəxs tərəfindən idarə olunması kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarından da göründüyü kimi Cavabdeh2 BC dərəcəli sürücülük vəsiqəsi vardır ki, bu da Cavabdeh2 sürücülük hüququ olmadan avtomobil idarə etməsi halını aradan qaldırır. Cavabdeh2 mülki məsuliyyətinin yaranmasının əsas səbəbi avtomobili “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə zidd olaraq sərxoş halda idarə etməsi olmuşdur. Qeyd edilən hallar isə ona dəlalət edir ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh1 mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 52,9 manat dövlət rüsumu da Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 3250 (üç min iki yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52,9 manat (əlli iki manat doxsan qəpik) pul alınaraq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar