Məhkəmə qərarları › İş №2(077)-298/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-298/2021

25.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-298/2021 25.11.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq,İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Sumqayıt şəhəri,7-8-12-ci məhəllə,ev 7A,mənzil 42 ünvanında yerləşən mənzilin hissə paylarına uyğun olaraq naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 2007-ci il tarixdə faktiki nikaha daxil olmuşlar və nikahlarını 01 may 2015-ci il tarixdə rəsmiləşdirmişlər.Birgə nikah dövründə Sumqayıt şəhəri,7-8-12-ci məhəllə,ev 7A,mənzil 42 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir.Tərəflərin ailə münasibətləri pozulduğundan Şuşa Rayon Məhkəməsinin 24.05.2019-cu il tarixli 2(077)- 53/2019 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur.Daha sonra Şuşa Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli 2(077)-167/2019 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri,7-8-12-ci məhəllə,ev 7A,mənzil 42 ünvanında yerləşən mənzildə İddiaçı payı ½ hissə,Cavabdeh payı isə ½ hissə müəyyən edilmişdir.Qeyd edilən mənzilin sahəsi 4.0 m2 dəhlizdən, 11.2 m2 və 14.8 m2 yaşayış otağından, 1.1 m2 balkondan, 4.9 m2 mətbəxdən və 1.9 m2 hamam tualetdən ibarət olmaqla,ümumilikdə 37.9 m2 təşkil edir.Hazırda həmin mənzilin hissə paylarına uyğun olaraq naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib,iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki,Sumqayıt şəhəri,7-8-12-ci məhəllə,ev 7A,mənzil 42 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli 10/4943 nömrəli ekspertiza rəyindən görünür ki,Sumqayıt şəhəri,7- 8-12-ci məhəllə,ev 7A,mənzil 42 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin otaqlarının təyinatının yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər (mülkiyyətçilər) arasında ½ hissə olmaqla 2 yerə bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı,yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx,dəhliz,ayaqyolu,hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda,İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2 bəndinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. - X3 ödənilmiş 05.07.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə hazırkı mübahisə üzrə ekspert rəyini nəzərə alıb hesab edir ki,Sumqayıt şəhəri,7-8-12-ci məhəllə,ev 7A,42 mənzilinin 1/2 hissəyə bölünməsi texniki cəhətdən mümkün olmadığından, İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, habelə iddiaçıdan 50 manat məbləğində keçirilmiş ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi,Kod 210005, VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar