Məhkəmə qərarları › İş №2(077)-300/2023

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-300/2023

10.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-300/2023 10.08.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi X1, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehə məxsus olan cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehə məxsus olan cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət etmişdirlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən məzmunundan müəyyən olunur ki, İddiaçı2 ilə Cavabdeh arasında nikah Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-315/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh özünə məxsus cehiz əşyalarını iddiaçıların məcburi köçkün kimi məskunlaşdıqları və qanuni sahibliklərində olan Gəncə şəhəri, Abbas Səhhət küçəsi 28, NQÇ-3, Dəmiryolçular Yataqxanasının 2-ci mərtəbəsində yerləşən 4 otağın 2 otağında yerləşdirmiş və həmin otaqları kilidlə bağlayaraq, iddiaçıların həmin otaqlardan istifadə etməsinə maneçilik törədir. İddiaçıların tələbi cavabdehə məxsus cehiz əşyalarının həmin otaqlardan çıxarılması (otaqların boşaldılması) barədə qətnamə qəbul edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələbinə görə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda qeyd edilən iddia tələbi daşınmaz əşyanın qanuni sahiblərinin hüquqlarının pozulmasını aradan qaldırmaqla əlaqədar olduğundan, iddia ərizəsinə cavabdehin rəsmi qeydiyyat ünvanı üzrə deyil, daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Ona görə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalı və onlara yenidən daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152 və 263,264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehə məxsus olan cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçılara izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar