Məhkəmə qərarları › İş №2(077)-4/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-4/2022

03.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-4/2022 03.02.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil1 və Cavabdeh vəkilinümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh avtomobilə vurulmuş maddi ziyana görə 12540 (bir on iki min beş yüz qırx) manat tutularaq İddiaçı1,azyaşlı qızı X4 və İddiaçı2 səhətinə vurulmuş ziyana görə 10000 (on min) manat mənəvi ziyan və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin artırılması barədə ərizə verərək,Cavabdeh təqsiri nəticəsində avtomobilə vurulmuş maddi ziyana görə 12540 manat tutularaq İddiaçı1 xeyrinə,mənəvi zərərə görə 10000 manat və özünün və azyaşlı qızının səhətinə vurulmuş ziyana görə 10000 manat tutularaq İddiaçı2 xeyrinə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı2 27 may 2021-ci il tarixdə saat 11:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Veloster” markalı,** EN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri,Səbail rayonu,Salyan yolu ilə şəhər istiqamətinə doğru hərəkət edən zaman qəfildən sol istiqamətdən baş yola daxil olan Cavabdeh tərəfindən idarə olunan “X12” markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur.Yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “Hyundai Veloster” markalı,** EN *** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətə düşmüş,qızı və özü isə müxtəlif bədən xəsarətləri almışlar.Aldığı xəsarətlərlə bağlı həm Travmatologiyada,həm də,Neyrocərrahiyyə xəstəxanasında ambulator müalicələr almışlar.Səbail RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Elnur Həsənov cinayət işinin başlanmasının rədd edilməsi qərarı ilə Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli qərarı ilə Cavabdeh İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır.Yol-nəqliyyat hadisəsindən sonra avtomobilini "xxxx" MMC-də qiymətləndirmiş və avtomobilə 12540 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir.Ona görə də,Cavabdeh 12540 manat məbləğində maddi ziyan tutularaq İddiaçı1,mənəvi zərərə görə 10000 manat,azyaşlı qızı X4 və İddiaçı2 səhətinə vurulmuş ziyana görə 10000 manat məbləğində mənəvi ziyan tutularaq iddiaçı İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddianı qismən qəbul edərək bildirdi ki,iddia ərizəsinin əsasını vurulmuş ziyanın əvəzinin tutulması təşkil etsə də,ziyanın həcmi həqiqətə uyğun qeyd edilməmiş və şişirdilmişdir.Belə ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş PXA87751 nömrəli Sığorta aktından görünür ki,sığorta predmetinə dəymiş zərər "xxxx" MMC tərəfindən təqdim olunan akt əsasında 8500 manat məbləğində müəyyən edilmiş,İddiaçı1 həmin məbləğə etiraz etməmiş və 5000 manat məbləğində sığorta ödənişini almışdır.Bundan başqa İddiaçı2 sağlamlığına dəymiş zərərə görə 10000 manat məbləğində pul tələb etsə də,sağlamlığına hansı ziyanın dəydiyinə dair sübutları məhkəməyə təqdim etməmişdir.Belə ki,baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa vurulmuş ziyan “yüngül” xəsarət kimi müəyyən olunmuşdur.Həmçinin "xxxx" ASC tərəfindən təqdim edilmiş PXA87751 nömrəli sığorta aktından görünür ki,İddiaçı2 sağlamlığına dəymiş zərərlə bağlı 750 manat məbləğində sığorta ödənişi almışdır ki,bu da sağlamlığa dəymiş zərəri əhatə edir və iddiaçının sağlamlığına bu məbləğdən artıq ziyan dəyməsinə dair heç bir sübut yoxdur.Ona görə də,iddia tələbinin mənəvi zərər hissəsində təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib,işin materiallarını araşdırıb,işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - AD № 295414 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki,2012-ci il buraxılışlı,tünd narıncı metallik rəngli “Hyundai Veloster-minik” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı1dur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin 308 nömrəli ekspert rəyindən görünür ki,1983-cü təvəllüdlü vətəndaş İddiaçı2 almış olduğu xəsarətlər – baş beyin silkələnməsi ilə müşaiət olunan qapalı kəllə beyin travması,döş qəfəsinin və sağ saidin orta və aşağı 1/3-nin səthlərinin,qarının ön divarının qançırları,eləcə də sol diz oynağı nahiyəsinin ön səthi sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni 27.05.2021-ci il tarixdə avtomobil travması,o cümlədən hərəkətdə olan avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdilər,dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. - Bakı şəhəri Səbail RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı,polis mayoru Elnur Həsənovun 12.06.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki,toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilı toplanmış material Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1383/2021 saylı 16.07.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. - “Auto Badamdar” firmasının 04.06.2021-ci il tarixli aktından görünür ki,** EN *** dövlət nömrə nişanlı “Hyundai Veloster” markalı minik avtomobilinə ümumilikdə 15279 manat məbləğində ziyan dəymişdir. - "xxxx" MMC-nin 17 iyun 2021-ci il tarixli ƏEM/İ76-632-21 saylı avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, ** EN *** dövlət nömrə nişanlı “Hyundai Veloster” markalı minik avtomobilinə ümumilikdə 12540 manat məbləğində ziyan dəymişdir. - "xxxx" MMC-nin 05.06.2021-ci il tarixli 1455 nömrəli qiymətləndirmə aktından görünür ki, ** EN *** dövlət nömrə nişanlı “Hyundai Veloster” markalı minik avtomobilinə ümumilikdə 8500 manat məbləğində ziyan dəymişdir. - "xxxx" ASC-nin PXA87751 nömrəli sığorta aktından görünür ki, X2 mülkiyyətində olan «X12» markalı ** RU *** dövlət nömrə nişanlı avtomobil 22.11.2020-ci il tarixdən - 22.11.2021-ci il tarixinə kimi PXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığortalanmış, 27.05.2021-ci il tarixdə Bakı şəhəri,Salyan şossesi ərazisində «X12» markalı ** RU *** dövlət nömrə nişanlı avtomobil «Hyundai Veloster» markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, "xxxx" MMC-nin aktına əsasən dəymiş ziyan 8500 manat müəyyən edilmiş,sığorta ödənişin məbləği 5000 manat və sığorta ödənişi alan şəxs İddiaçı1 müəyyən edilmişdir. - "xxxx" ASC-nin PXA89291 nömrəli sığorta aktından görünür ki, X2 mülkiyyətində olan «X12» markalı ** RU *** dövlət nömrə nişanlı avtomobil 22.11.2020-ci il tarixdən - 22.11.2021-ci il tarixinə kimi PXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığortalanmış, 27.05.2021-ci il tarixdə Bakı şəhəri,Salyan şossesi ərazisində «X12» markalı ** RU *** dövlət nömrə nişanlı avtomobil «Hyundai Veloster» markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sürücü İddiaçı2 yüngül xəsarət almış,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin ekspert rəyinə əsasən dəymiş zərər 750 manat müəyyən edilmiş,sığorta ödənişin məbləği 750 manat və sığorta ödənişi alan şəxs İddiaçı2 müəyyən edilmişdir. - X8 ödənilmiş 29.06.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin 13.12.2021-ci il tarixli 9/7956 saylı ekspert rəyindən görünür ki,nəzəri hesablama yolu ilə,avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Hyundai Veloster” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci,avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə “Auto Badamdar” firmasının 04.06.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən təxminən 10123 manat, "xxxx" servisin 05.06.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 7817 manat və "xxxx" MMC-nin 17.06.2021-ci il tarixli rəyindəki məlumatlara əsasən təxminən 10123 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki hallarına əsasən müəyyən olundu ki,X2 mülkiyyətində olan etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan «X12» markalı ** RU *** dövlət nömrə nişanlı avtomobil 27.05.2021-ci il tarixdə Bakı şəhəri,Səbail rayonu,Salyan yolunda hərəkətdə olarkən İddiaçı1 mülkiyyətində olan etibarnamə əsasında İddiaçı2 tərəfindən idarə olunan “Hyundai Veloster” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuşdur.Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1383/2021 saylı 16.07.2021-ci il tarixli qərarına əsasən sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır.Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin 308 nömrəli ekspert rəyinə əsasən sürücü İddiaçı2 sağlamlığına “yüngül” dərəcəli xəsarət dəydiyi müəyyən edilmişdir."xxxx" ASC tərəfindən tərtib edilmiş PXA87751 nömrəli sığorta aktına əsasən “Hyundai Veloster” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 8500 manat müəyyən edilmiş və ödəniləsi 5000 manat sığorta ödənişi İddiaçı1 ödənilmişdir.Həmçinin "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA89291 nömrəli sığorta aktına əsasən sürücü İddiaçı2 sağlamlığına dəymiş zərərə görə 750 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə hesab edir ki,Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı1 mülkiyyətində olan etibarnamə əsasında İddiaçı2 tərəfindən idarə olunan “Hyundai Veloster” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurması öz təsdiqini tapmışdır.Lakin İddiaçı1 avtomobilə 12540 manat məbləğində maddi ziyan dəydiyini bildirsə də,Məhkəmə Ekspertizası Mərkəzinin 13.12.2021-ci il tarixli 9/7956 saylı ekspert rəyi ilə dəymiş ziyanın məbləği "xxxx" MMC-nin, "xxxx" MMC-nin aktına əsasən 10123 manat və "xxxx" MMC-nin aktına əsasən 7817 manat müəyyən edilmişdir ki,"xxxx" ASC tərəfindən tərtib edilmiş PXA87751 nömrəli sığorta aktı "xxxx" MMC-nin qüsur aktı əsasında tərtib edilmiş,İddiaçı1 "xxxx" MMC-nin qüsur aktına etiraz etməmiş və həmin sığorta aktı əsasında 5000 manat ödənilmiş sığorta ödənişini qəbul etmişdir.Ona görə də,məhkəmə qeyd etməyi zəruri hesab edir ki,ekspert rəyinə əsasən qeyd edilən mübahisəli avtomobilə 7817 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilməli,"xxxx" ASC tərəfindən İddiaçı1 5000 manat sığorta ödənişi ödənildiyindən (7817- 5000=2817) Cavabdeh 2817 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilməlidir.Bu hissədə iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələləbinin İddiaçı2 səhətinə vurulmuş ziyanın əvəzi olaraq 10000 manat məbləğində pulun tutulması hissəsinə gəldikdə hesab edir ki,"xxxx" ASC tərəfindən İddiaçı2 PXA89291 nömrəli sığorta aktına əsasən 750 manat sığorta ödənişi ödənilmiş və İddiaçı2 səhətinə həmin məbləğdən əlavə ziyan dəydiyinə dair hər hansı bir mötəbər sübutlar təqdim etmədiyindən iddia tələbi bu hissədə rədd olunmalıdır. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2.5-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin yüngül xəsarət alması- 15% nisbətlərində ödənilir. Eyni zamanda İddiaçı2 azyaşlı qızı X1 dəymiş zərərin ödənilməsini tələb etsə də,X7 iddiaçı qismində göstərilmədiyindən iddia tələbi bu hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 11-ci bəndində isə Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə iddia tələləbinin mənəvi zərərə görə 10000 manat məbləğində pulun tutulması hissəsinə gəldikdə iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olmasını mümkün və ağlabatan hesab edir.Odur ki,məhkəmə İddiaçı2 dəymiş mənəvi zərər hissəsində iddianın qismən təmin edilərək 500 manat həcmində müəyyənləşdirilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu üçün 30 manat və ekspertiza xərci üçün 100 manatdan ibarətdir. İddia qismən təmin edildiyindən,ödənilmiş dövlət rüsumu olan 30 manat pul vəsaitinin 20 manat məbləğindəki hissəsi cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Eləcə də ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaiti tərəflər arasında bərabər şəkildə bölünərək, 50 manat iddiaçılardan və 50 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh İddiaçı1 xeyrinə avtomobilə dəymiş maddi ziyana görə 2817 manat, İddiaçı2 xeyrinə mənəvi zərərə görə 500 manat və 20 manat dövlət rüsumu tutulmalı,iddiaçılar İddiaçı1 və İddiaçı2 50 manat və Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə dəymiş maddi ziyana görə 2817 (iki min səkkiz yüz on yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar