Məhkəmə qərarları › İş №2(078)-1007/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1007/2025

15.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1007/2025 15.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunun nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 254,53 manat məbəğində (5 %) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində pul, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və bank xidmət haqqı 0,40 qəpik olmaqla cəmi 286,73 (iki yüz səksən altı manat 73 qəpik) manat məbəğində pulun tutularaq İddiaçı (Sunny Electronics) mağazasına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə aralarında bağlanmış 15 fevral 2013-cü il tarixli, 7154 saylı alqı-satqı müqaviləsinə əsasən, borclu 516 manat dəyərində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 12 ay müddətinə hissəhissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdehlər müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdılar.

3. Daha sonra borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-631/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Cavabdeh1 və Cavabdeh2 cəmi 736 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 06 il, 11 ay, yəni (83 ay) müddətində xx.xx.2020-ci il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər iddiaçı, öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin, cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, iddiaçı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 736 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (736 azn x 0,05 % = 36,80 azn / 12 ay = 3,06 azn x 83 ay = 254,53 azn) təşkil edir. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdehlərə rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 (beş) gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdehlər icra etməmişlər.

4. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Mülki Məcəlləsinin 21.1, 385.1, 442, 445.2.1, 445.2.2, 445.3, 445.1, 445.7, 449.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İş üzrə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılmasın xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməməsinin səsəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavadehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

Sübutların tədqiqi:

7. İş materiallarında olan, Naxçıvan Şəhər Məhkəməsinin 05 dekabr 2013-cü il tarixli, 2(078)-631/2013 saylı məhkəmə əmrindən məlum olur ki, birgə borclular ünvan 1 ünvanında qeydiyyatda olan X1 və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 tələbkar İddiaçı xeyrinə 516 (beş yüz on altı) manat əsas borcun, 199 (bir yüz doxsan doqquz) manat cərimə borc və 21 (iyirmi bir) manat dövlət rüsumu olmaqla 736 (yeddi yüz otuz altı) manat məbləğində pul tutulması barədə məhkəmə əmri çıxarılmışdır.

8. İş materiallarında olan, 24 dekabr 2020-ci il tarixli, 7154 nömrəli, İddiaçı tərəfindən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə və Yasamal rayon İcra şöbəsinə yazılmış ərizədən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-613/2013 saylı, xx.xx.2013cü il tarixli məhkəmə qərarına əsasən, borclular Cavabdeh1 və Cavabdeh2 tərəfindən borc tam şəkildə ödənilmiş buna görə də, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

9. İş materiallarında olan, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(078)-950/2025 saylı qərardadından məlum olur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina olunmuşdur.

10. 26 aprel 2025-ci il tarixli Xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

13. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 14.Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı:

15.İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

16. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

17. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

18. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. 27.Məhkəmə ilk növbədə qeyd edir ki, azad sahibkarlığın və bazar iqtisadiyyatının formalaşdığı şəraitdə mülki hüquq münasibətlərinin əsasını təşkil edən əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətləri sosial-iqtisadi münasibətlərin tənzimlənməsində mühüm yer tutur. Bu münasibətlər çərçivəsində yaranan öhdəliklərin, xüsusilə müqavilə öhdəliklərinin, qanunvericiliklə müəyyən olunmuş qaydada və tərəflərin razılaşdırdığı şərtlərlə vicdanla və vaxtında icra olunması, yalnız ayrı-ayrı şəxslərin hüquq və maraqlarının deyil, eyni zamanda mülki dövriyyənin təhlükəsizliyi və sabitliyinin qorunması baxımından da fundamental əhəmiyyət kəsb edir.

28. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. 29.İşin hallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 05 dekabr 2013-cü il tarixli, 2(078)-631/2013 saylı məhkəmə əmri qəbul edildikdən uzun illər sonra yəni xx.xx.2020-ci il tarixdə icra olunmuşdur. 30.Məhkəmə qeyd edir ki, borcun ödənilməsi gecikdirildiyi üçün qanunvericiliyə uyğun olaraq gecikdirilmiş məbləğə illik beş faiz ödənişin tələb edilməsi iddiaçının hüququdur. 31.Bu səbəbdən məhkəmə hesab edir ki, müqavilə müddəti bitdikdən sonra, yəni 2013cü il tarixdən 2020 il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 254.53 manat məbləğində borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. 32.Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. İddia ərizəsi təmin edilməli olduğundan, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı qaytarılmalıdır.

34. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 256,73 manat pul və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar