Məhkəmə qərarları › İş №2(078)-102/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-102/2025

02.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-102/2025 02.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2900 (iki min doqquz yüz) manat borc məbləğinin və dövlət rüsumu olaraq ödədiyi 50 (əlli) manatın, ümumilikdə 2950 (iki min doqquz yüz əlli) manat pulun ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28 iyul 2024-cü ildə taksi fəaliyyəti ilə məşğul olduğu zaman Zivər Bədəl qızını Tumbul kəndindən “Araz” restoranına aparmışdır. Zivər həmin gündən etibarən mütəmadi olaraq onun taksi xidmətlərindən yararlanmağa başlamış və gündə 4-5 dəfə xidmət sifariş edirmiş. O, söhbətlər zamanı şəxsi həyatında çətinliklərlə üzləşdiyini, maddi vəziyyətinin yaxşı olmadığını və uşaqlarına məktəb ləvazimatları almaqda çətinlik çəkdiyini söyləmişdir. İnsani münasibətlərə önəm verdiyi üçün Zivərin vəziyyətinə acımış və könüllü şəkildə ona dəstək göstərmək istəmişdir. 06 avqust 2024-cü ildə Zivərə köməklik etmək istədiyini bildirmişdir. Zivər ona əvvəllər Şahbuz şəhərində icarəyə götürdüyü kafeni birgə işlətməyi təklif etmişdir. Onun təklifi ilə kafenin sahibi ilə görüşüb 500 manat məbləğində icarə haqqını ödəmişdir. Daha sonra kafeyə təmizlik vasitələri, qab-qacaq, içkilər, qəlyan və səs avadanlıqları almışdır. Yekun olaraq 2 gün ərzində kafeyə 3409.20 manat həcmində vəsait yatırmışdır. Zivər kafeni onunla ortaq işlətmək barədə razılaşsa da, qısa müddət sonra davranışlarında ciddi dəyişikliklər olmuşdur. Kafeyə gələn müştərilərə obyektin tamamilə ona məxsus olduğunu söyləyir, onu proseslərdən kənarda qoymağa çalışırmış. Zivərin niyyətlərinin dəyişməsi bu iş birliyinin davam etməsini mümkünsüz etmişdir. Daha sonra 08 avqust tarixində kafeyə Şahid adlı bir şəxs gəlmişdir. Zivər onu öz yaxını kimi təqdim etmişdir. Talehin kafeyə daxil olması ilə Zivərlə münasibətləri daha da gərginləşmişdir. Kafenin idarəçiliyində iştirak edə bilmədiyini gördükdən sonra qısa zamanda Zivərə bu qaydada ortaq işlədə bilməyəcəklərini bildirərək təklif etmişdir ki, obyekti ya sən işlət ya da mən. Bu zaman Zivər Talehə güvənərək bildirmişdir ki, obyektə nə qədər pul qoymusansa verəcəyəm. Obyektə qoyduğu pulu geri qaytarmasını təklif etmişdir. O, məbləği qaytarmağa razılaşmış və 10 avqustda Taleh ona 500 manat ödəyərək qalan 2900 manat məbləği hissə-hissə qaytaracağına dair yazılı razılaşma imzalamışlar. Həmin vaxt Zivər ona pulun qaytarılacağına şəxsən zəmanət vermiş və aralarında hal şahidlərin şahidliyi ilə yazılı razılaşma olmuşdur. Hazırda cavabdeh ona 2900 manat pul borcludur. Dəfələrlə cavabdehə ona borclu qaldığı 2900 manat borcunu geri qaytarmasını ondan tələb etsə də, cavabdeh bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır. Beləliklə də, cavabdeh hərəkətləri ilə həm onu çətin vəziyyətdə qoymuş, həm də pulunu geri qaytarmayaraq onu borca salmışdır. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 2900 (iki min doqquz yüz) manat borc məbləği, 50 (əlli) manat dövlət rüsumu, ümumilikdə 2950 (iki min doqquz yüz əlli) manat pulun ona verilməsinə dair müvafiq məlikəmə aktı qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında iddia ərizəsində yazılanları bir daha qeyd edərək əlavə olaraq bildirmişdir ki, aralarında ancaq dostluq və tanışlıq münasibəti olub. Hər dəfə öz ailəsi və 2 övladından danışırdı. Ona köməklik etmək istəmişdir. Özü demişdir ki, kafeni işlətmək işini yaxşı bilir. Çayçı, pivəxana kimi obyektlər işlətmişlər. O Zivərlə birlikdə Şahbuz rayonunda həmin obyekti götürmüşdür. obyekti Zivər işlədirdi, o pul qoymuşdur. Qazancdan həm onun pulu veriləcəkdi, həm də hər ikisinin payı olacaqdı. Oraya içkilər, qablar, dinamiklər almışdır. 2 gün işlətmişdir. Qazanc götürməmişdir. Sonra baxdı ki, Zivər onunla birlikdə işləmək istəmir. Taleh adlı dostunu gətirmişdir, onunla işləyidir. O da pulunu tələb etmişdir. onlar razılaşdılar ki, pulu hər ay 500 manat qaytaracaq. Hətta Taleh dedi ki, əgər Zivər qaytarmasa o qaytaracaq. Eçidib ki, 1 ay qabaq obyekti başqasına təhvil veriblər. Tək elə qablara 1000 manat pul vermişdir. 800 manat başqa şəxsdən pul alıb. Əlavə də kirayə verdiyi adamdan 1500 manat pul alıb. Cavabdehin ona 2900 manat borcu qalıbdır. Sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 07 yanvar 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X2 bildirmişdir ki, qardaşı taksi fəaliyyət ilə məşğuldur. Bir gün qardaşı Cabbar ona demişdir ki, obyekt açmaq istəyirəm, mənə maddi kömiəklik elə. Ondan 3000 manat pul istəmişdir. 1 kartla 3000 manat pul vermişdir. Hətta demişdir ki, 1 kart olduğuna görə faiz gələcək. O da “Problem yoxdur, qısa vaxta verəcəm” demişdir. Həmin vaxt “FİNCA” BOKT-də işləyirdi. İşdən gec vaxtlarda çıxırdı. Gedib qardaşıgilin işlətdiyi obyektə baxanda görmüşdür ki, işə pulu qardaşı qoysa da orada sahibliyi Taleh və Zivər edirlər. Hətta qardaşı fikrini bildirəndə ona imkan vermirdilər. 3000 manat pul qaytarılmayıb. Təxminən avqust ayının 4-5 tarixlərində qardaşı ondan pulu almışdır. 22 yanvar 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan Şahid bildirmişdir ki, hər iki tərəfi tanıyır. Zivər ondan 500 manat pul istəmiş və o da vermişdir. 200 manat da Cabbara vermişdir. Onlara “gedin bütün rəsmiləşdirmə sənədlərini öz aranızda həll edin və məni qarışdırmayın” demişdir. Zivərlə dostdur. Telefon dükanında işləyir. Heç Zivər ona olan borcunu verməyib. Özü heç bir öhdəlik sənədinə imza etməmişdir. Bu öhdəlikdə olan sənədlərdəki imza onun imzası deyil. Qətiyyən qəbul etmir. Demişdir ki, məni bu işlərə qatmayın. 500 manatı Zivər Cabbara pul verən zaman ondan alıb. 3400 manatın 500 manatını vermişdir. 2900 manatı sənədləşdirmişlər. Heç bir həftə keçmədən o Bakı şəhərinə getmişdir. O heç bir razılaşmaya imza etməmişdir. Necə sənədləşmə aparılıb onun məlumatı yoxdur. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq iddianın təmin edilməsi nəticəsinə gəlir. Naxçıvan Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək ekspert qarşısında öhdəlikdə hal şahidi yazısının qarşısında Şahid yazısından əvvəl icra edilmiş imzanın Şahid məxsus olubolmaması barədə sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 28 fevral 2025-ci il tarixdə verilmiş 207 nömrəli rəydə qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş 2(078)-102/2025 nömrəli mülki işin 06-cə vərəqəsində olan, damalı qoşa dəftər vərəqəsinin bir tərəfinin aşağı sağ küncündə “Şahid” ad soyadının qarşısındakı imza Şahid tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istisna deyil. Nəticə etibarilə onların hər birinin dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdu ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı tələbini borc müqaviləsi ilə əsaslandırsa da “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyi rəhbər tutan məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətləri borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri hesab etmək olmaz. Belə ki, həmin qərarda qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Hazırki vəziyyətdə məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı borc müqaviləsindən yaranan münasibətlərin olmaması müəyyən edilsə də, onlar arasında müqavilə münasibətlərinin olması məhkəmə araşdırılması zamanı istisna edilmir. Belə ki, tərəflər arasında birgə iş görmək üçün şifahi müqavilə bağlaması, yaranmış borc məbləğinin də məhz həmin fəaliyyət nəticəsində yaranması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 6.1, 6.1.2 və 6.1.5-ci maddələrinin mahiyyətindən görünür ki, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsipləridir. Həminin sözü gedən Məcəllənin 390.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbindən çıxış edərək belə hesab edir ki, mülki qanunvericilik müqavilə tərəflərinin özlərinin iradəsi əsasında müqavilə şərtlərinin müəyyən edilməsini və bağlamasını istisna etmir. Hazırda tərəflər arasında mövcud olmuş müqavilə növü Mülki Məcəllədə nəzərdə tutulmasa da, işin araşdırılmış hallarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında birgə fəaliyyət göstərməklə bağlı müqavilə bağlanıb və həmin müqavilə şərtlərinə görə onlar qarşılıqlı öhdəlik münasibətlərində olmuşlar. Belə ki, iddiaçının müqavilə üzrə öhdəliyi ondan ibarət olmuşdur ki, iddiaçı 2900 manat pulu cavabdehə təqdim etmiş, cavabdeh isə hər ay 500 manat sonuncu ay isə 400 manat olmaqla 6 ay müddətinə 2024-cü ilin sentyabr ayından 2025-ci ilin fevral ayına qədər ödənilmə aparılmaqla həmin pulu ödənilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1-ci maddəsində qeyd edilir ki, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Müqavilədən irəli gələn öhdəliklərini sübut etmə vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi, həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında olan razılaşma əsasında öhdəlik münasibətləri yaranmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 28 fevral 2025-ci il tarixdə verilmiş 207 nömrəli rəydə qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş 2(078)-102/2025 nömrəli mülki işin 06-cə vərəqəsində olan, damalı qoşa dəftər vərəqəsinin bir tərəfinin aşağı sağ küncündə “Şahid” ad soyadının qarşısındakı imza Şahid tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edilənlərə əsasən iddianın təmin edilməsi nəticəsinə gəlir. Beləliklə məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 18 oktyabr 2024-cü il tarixdə 17633 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 73 (yetmiş üç) manat İddiaçı və Cavabdeh tutularaq büdcə təsnifat kodu 142330, X3 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul tutularaq İddiaçı qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 18 oktyabr 2024-cü il tarixdə 17633 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 73 (yetmiş üç) manat iddiaçı Cavabdeh tutularaq büdcə təsnifat kodu 142330, X3 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar