Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-105/2022 09.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və mütəxəssis Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X3 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən evin arxa divarında aparılmış tikilinin sökülməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı və onun nümayəndəsi Mirzəyev Şövqi Hüaməddin oğlu Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evinin arxa divarında tikilmiş toyuq hini deyilən tikilinin Cavabdeh öz vəsaiti hesabına sökülməsi, həmin ünvanda yerləşən evin arxa divarının suvanmasına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Hazırki mülkiyyətçisi olduğu evi 2005-ci ildə tikərkən maddi vəziyyətləri zəif olduğundan yarısı çiy kərpic, yarısı kubikdən olan evin arxa divarına suvaq çəkdirə bilməmişdir. Hal-hazırda da suvaqsızdır. Artıq vaxt keçdikcə yağış-külək yarısı çiy kərpic, yarısı kubikdən olan evin arxa divarını yuyaraq zəiflədir, divarlar nəm çəkməyə başlayıb. Qonşu ünvan 3 ünvanında yaşayan Cavabdeh onun evinin arxa divarına bitişdirməklə toyuq hini tikmişdir. Həmin toyuq hini deyilən evin arxa divarına bitişik tikilini tikərkən də onlardan heç bir razılıq almamışdır. Dəfələrlə xəbərdarlıq edərək toyuq hini deyilən tikilini söküb evin arxa divarından ayırmasını və həmin divara suvaq çəkdirməyə icazə verməsini istəsə də qonşuluq etməyərək icazə verməmişdir. Bu da evin arxa divarının nəm çəkərək qəzalı vəziyyətə düşməsinə səbəb olacaqdır. Buna görə də onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evinin arxa divarında tikilmiş toyuq hini deyilən tikilinin Cavabdeh öz vəsaiti hesabına sökülməsi, həmin ünvanda yerləşən evin arxa divarının suvanmasına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə etiraz daxil olmamış, lakin Cavabdeh məhkəmə hazırlıq iclasında iddiaya münasibətini yazılı şəkildə bildirmişdir. Cavabdeh yazılı izahatında göstərmişdir ki, iddiaçının öz ərizəsində göstərdiyi faktlar məsələnin həqiqiliyini əks etdirmir. İddiaçı göstərir ki, hal-hazırda yaşadığı mülkiyyət sahəsində 2005-ci ildə tikili apararkən hansı ki, həmin yeri tikili alıb və yalnız ona tərəf hissədə divarın yuxarı qurtaracağında iki cərgə çiy kərpiclə hörülmüşdür. divarın əsas hissəsi çay daşı və beton priketlə işlənmidşir. mübahisəli Məsələ arxa divar deyil, onunla müstərək hasar yerini zəbt edilmiş iddiaçının evinin yan divarıdır. Mübahisəli olan toyuq hini iddiaçı həmin yeri almamışdan öncə həmin yerdə var idi və onu təmir etmişdir. Həmin toyuq hininin daimi olaraq həmin yerdə olmasını da düşünmür. İddiaçının dediyi arxa divarın onunla heç bir əlaqəsi yoxdur. Onunla arasında olan divar yan divar hesab edilir və iddiaçı həmin divar boyu 27 metrdə ona aid şərikli hasar payını qəsb edərək 12.60 metrdə evin əsas divarını, 14.54 metrdə isə yenə müştərək hasarı zəbt edərək toyuq hini və mağaza tikmişdir. Toyuq hininin şiferinin suyu onun həyətinə axıdılırdı. Mübahisədən sonra düzəltmiş kimi görünsə də yenə də axmaqdadır. Digər tərəfdən iddiaçının evinin şiferi, toyuq hininin və mağazasının şiferi 30 sm divardan əlavə onun yerinə keçmişdir. Keçən bu illər ərzində qonşuluq haqqına və insanlıq naminə heç bir şey deməmişdir. Məsələ isə bağlı qanunvericilik nə tələb edirsə ona aid edilən qanunun qarşı tərəfə də (iddiaçıya) tətbiq edilməsini (müştərək hasarın qanunvericiliklə nəzərdə tutulmuş şərtlər daxilində azad edilməsi) məhkəmənin yüksək ədalətinə həvalə edir. İddiaçı və onun nümayəndəsinin hal-hazırda yaşadığı torpaq sahəsindəki artıq torpaq (600 kv.metr+34.90 kv.metr) hissəsi iddiaçı tərəfindən zamanında qeyri-qanuni yolla zəbt edilmişdir. onun mülkiyyətində olan hal-hazırki torpaq payı qanunən 600 kv.metr sənəddə qeyd olunsa da faktiki ölçü göstəriləndən 40 kv.metr azdır. Bu faktı torpaq komitəsinin son ölüçləri də təsdiq edir. Bu məsələnin həm məhkəmə, həm də torpaq komitəsi tərəfindən araşdırılmasını və qəsb edilmiş haqlarının Azərbaycan Respublikası Qanunları çərçivəsində ədalətli bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə vasitəsilə məhkəmədə təmsil olunmuşdur. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, anası İddiaçı ünvan 4 ünvanında yerləşən evin mülkiyyətçisidir. O iddiaçının övladıdır və həmin evdə anası ilə birgə yaşayır. Anasını nümayəndə qismində məhkəmədə təmsil edir. 2005-ci ildə evi tikərkən maddi imkanları olmadığı üçün evin arxa divarını çiy kərpicdən, qalan hissəsini də kubikdən tikmişlər. hazırda evin arxa divarı çiy kərpicdən olduğu üçün yağan yağış və qar suyu həmin divarın üzünü yuyub aparır. Bu da evin divarında uçma təhlükəsi yaradır. Evin arxa divarının yerləşdiyi hissədə yaşayan qonşu Cavabdeh bununla bağlı xahiş edirb divarı üzləmək lazım olduğunu bildirərək ondan icazə almağa çalışsa da cavabdeh qəti olaraq etiraz edib və imkan yaratmayıbdır. Sonra da öyrənmişdir ki, cavabdeh evin arxa divarında onlardan icazə almadan toyun damı tikib və evin divarına birləşdiribdir. Yenə də qonşuluq münasibətləri pozulmasın deyə heç nə deməmiş, ancaq xahiş etmişlər ki, evin arxa divarını üzləməyə şərait yaratsınlar. Lakin nə cavabdehin özü, nə də ailə üzvləri bunu qəti şəkildə rədd ediblər. Artıq heç bir razılıq olmadığını görüb bu barədə məhkəmədə iddia qaldırmışlar. İddianın təmin edilərək ünvan 1 ünvanında yerləşən evin arxa divarında tikilmiş toyuq hini deyilən tikilinin Cavabdeh öz vəsaiti hesabına sökülməsi, həmin ünvanda yerləşən evin arxa divarının suvanmasına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia əsassızdır. Bu barədə yazılı izahatını məhkəməyə təqdim etmişdir. Sözügedən divar iki qonşu arasında müştərək divardır. Həmin evin arva divarı onun həyətinin divarının bir hissəsini təşkil edir. Bu divar hər ikisinə məxsusdur. İddiaçı münasib olmayan vaxtlarda divarı üzləmək üçün ona müraciət etmişdir. O və ailə üzvləri iddiaçının təklifini qəbul etməmişdir. Razı olmadığı halda iddiaçı aidiyyəti qurumlara gedib əməkdaşlar gətirərək onun həyətinə baxış keçirməyə çalışmışdır. Dəfələrlə ölçü-biçi aparıb onları narahat ediblər. Bəlkə də normal xahiş etsəydi razı olacaqdı. Ancaq iddiaçı qonşuluq münasibətlərini tamamilə pozmuşdur. Onun tikdiyi toyuq hini evin arxa divarına birləşdirilməmişdir. Həmin divarla toyuq hininin divarının arasında əlavə divar hörülmüşdür. Bundan əlavə qış vaxtında iddiaçı divara necə suvaq çəkə bilər?. Onun həyəti həmin vaxt bərbad vəziyyətə düşəcəkdir. Bu da onun və ailə üzvlərinin haqlı narazılığına səbəb olur. Onun həyətinin 40 kvadrat metri iddiaçının çəkdiyi həyət divarının payına düşübdür. Neçə illərdir qonşu olduqları üçün heç nə deməmişdir. Hazırda o da torpağını tələb edir. İddiaçının övladının ondan icazəsiz həyətə daxil olub divarın şəklini çəkməsi düzgün deyil. İddiaçının evinə qoydurduğu kamera onun da həyətini çəkir. Özü oğluna həyətdə ev tikmək istəyir. Həmin vaxt toyuq hinini sökəcək, yalnız həmin vaxt iddiaçı evin divarına suvaq çəkə bilər. Oğluna nə vaxt ev tikəcəyini bilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən mütəxəssis Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisi X2 verdiyi izahatında bildirmişdir ki, tərəflərin iştirakı ilə həyətyanı torpaq sahələrinə 25 yanvar 2022-ci il tarixdə yerində baxış keçirilmişdir. Baxış zamanı faktiki ölçülər müəyyən olunmaqla İddiaçı tərəfindən sökülməsi tələb olunan yardımçı tikili (toyuq hini) Cavabdeh mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsində tikdiyi müəyyənləşdirildi. Lakin yardımçı tikili İddiaçı evinin divarına söykənili tikilmişdir. Cavabdeh ilkin torpaq sənədlərində 20 m ev 30 m uzunu olmaqla 600 kv.metr torpaq sahəsi göstərilmişdir. Lakin faktiki torpaq sərhədləri ilə sənəddəki torpaq sərhədləri uyğunsuzluq təşkil edir. İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi 634 kv.metr olsa da faktiki istifadəsində olan torpaq sahəsi 671.25 kv.metr təşkil edir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi isə 565.13 kv.metr təşkil edir. cavabdehin iddia etdiyi 35 kv.metr kəsir torpaq sahəsi qonşunun torpaq sahəsi sərhədləri daxilində deyil. Mübahisəli tikilinin ümumi sahəsi 14.45 kv.metrdir. həmin tikilinin iddiaçının evinin arxa divarına bişik hissəsi 6.59 metr təşkil edir. Tikilinin ölçüsü, evi və uzunluğu barədə sxematik planda daha dəqiq göstrəicilirə verilmişdir və sexamtik plan mütəxəssis rəyinə əlavə edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və mütəxəssisin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin əsasının mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və cavabdeh tərəfindən evin arxa divarında aparılmış tikilin sökülməsi təşkil etdiyini nəzərə alaraq iddia tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda qiymət verilməsini məqsədəuyğun hesab edir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən evin arxa divarında aparılmış tikilin sökülməsi barədə hissəsinin təmin edilməsini aşağıdakılarla əsaslandırır. Hazırki iddia tələbinin qeyd edilən hissəsinin qanuni əsasını Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsi təşkil edir. Həmin maddəyə görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri, 6-cı məhəllədə 0.0634 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 74.44 kv.metr yaşayış, 68.00 kv.metr köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 2234 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Order –Baş plandan aydın olur ki, Naxçıvan şəhər XDS İK-nın 10 sentyabr 1990-cı il tarixli 426 nömrəli qərarı əsasında vətəndaş Cavabdeh şəhərin Babək məhəlləsində /06 məhəllə fərdi mənzil tikintisi ilə əlaqədar 600 kv.metr torpaq sahəsi ilə təmin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin həyətyanı torpaq sahəsi hesab edərək qeyd etdiyi, torpaq sahəsi cavabdehin təqdim etdiyi order-baş plan əsasında Naxçıvan şəhər XDS İK-nın 10 sentyabr 1990-cı il tarixli 426 nömrəli qərarı ilə onun qanuni sahibliyində və istifadəsində olduğundan, həm milli qanunvericilik baxımından, eləcə də Avropa Məhkəməsinin president hüququ baxımından “qanuni gözləntiyə” malik hüquq olması nəzərə alınmalıdır. Mülki işin araşdırılmış hallarından aydın olur ki, cavabdeh özünə məxsus həyətyanı torpaq sahəsində iddiaçıya məxsus evin arxa fasadına bitişik toyuq hini inşa etmişdir. Həmin tikili öz xüsusiyyətlərinə, konstruksiyalarına görə ara məsafəsi gözlənilməklə tikilməli olan tikililər (qurğular) olmasa da, mübahisəli tikili iddiaçıya məxsus evin arxa fasadına bitişik inşa edilməsi üçün onun qanunverciliklə müəyyən edilmiş qaydada razılığı alınmadığından Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə uyğun hesab edilmir. Odur ki, həmin tiklililər yalnız iddiaçının mənafeyinə toxunan-onun mülkiyyətində olan evin arxa fasadına toxunan hissədə iddiaçıya məxsus yaşayış evinin divarı ilə təması kəsəcək ölçüdə Cavabdeh öz vəsaiti hesabına sökülməlidir. Belə ki, Cavabdeh ona məxsus torpaq sahəsində tikilini inşa etsə də, həmin tikili iddiaçıya məxsus evin divarı ilə təmas etməklə inşa edilmiş və bunun üçün ondan lazımi qaydada icazə alınmamışdır. Yəni, məhz həmin təmas qanunvericilik aktlarının tələbinə uyğun olmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsində göstərilmişdir ki, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Həmin normanın tələbindən aydın olur ki, qonşu sahələr arasındakı divar ortaq divar hesab olunmaqla həmin divara əlavə tikili yalnız digər qonşunun notarial qaydada yazılı razılığı ilə edilə bilər. İş üzrə hallarla müəyyən edilir ki, iş üzrə iddiaçının evinin divarı iddiaçının mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən inşa olunmuş və yaşayış evi də müvafiq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə hazırkı mübahisə üzrə cavabdehə məxsus toyun hini olaraq inşa edilmiş tikilinin divarla təmasının qəbuledilməzliyi həmin divarın iddiaçıya məxsus olması, cavabdehə məxsus olmamasıdır. Həmçinin yerində müayinə keçirilərkən də cavabdehə məxsus tikilinin iddiaçının mülkiyyətində olan yaşayış evinin arxa divarına təmas etdiyi müəyyən edilmişdir. Müvafiq tikili ara məsafəsi gözlənilməklə inşa edilməli tikili olmasa da yuxarıda qeyd olunduğu kimi, qanunvericilik aktlarının müddəaları müvafiq tikilini göstərilən şəkildə təmasla quraşdırılmasına iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada icazəsi olmadan imkan vermir. Məhkəmə iddia tələbinin mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması hissəsinin təmin edilməsini aşağıdakılarla əsaslandırır. İşin məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı evin arxa divarının üzlənməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müvafiq razılıq verilmədiyindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə tərəfindən mübahisəli ünvana yerində baxış keçirilərkən ayın olur ki, iddiaçının öz mülkiyyətində olan evin arxa divarının üzlənməsini həyata keçirmək üçün yalnız cavabdehin torpaq sahəsindən istifadə edərək müvafiq hərəkəti yerinə yetirmək imkanı mövcuddur. Başqa qaydada bu hüququnu həyata keçirə bilmir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Məhkəmə işini həqiqi hallarına yuxarıda qeyd edilən hüquqi aktlarla əlaqəli şəkildə tədqiq edib hesab edir ki, İddiaçı mülkiyyətində olan yaşayış evinin Cavabdeh sahiblik və istifadəsində olan torpaq sahəsi ilə sərhəddə inşa edilmiş evin yan divarının üzlənməsisuvaq vurulmasına Cavabdeh Musfata oğlu tərəfindən yaradılmış maneə aradan qaldırılmalı və iddiaçıya öz mülkiyyətində müvafiq yaxşılaşdırmalar aparmasına şərait yaradılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə Cavabdeh yazılı izahatında və şifahi məhkəmə baxışı iclasında verdiyi izahatında qeyd etdiyi 40 kvadrat metr torpaq sahəsinin iddiaçının istifadəsində olması, iddiaçı tərəfindən həyətində tikilmiş hin və dükanın dam örtüyünün sularının onun həyətinə axıdılması ilə bağlı arqumentlərinə münasibətdə cavabdehə hazırki iddia tələbinin predmetini və əsasını xatırlatmaqla izah edir, həmin dəlillər baxılan iddianın predmeti olmadığından onlar müzakirə edilə və hüquqi qiymət verilə bilməz. Beləliklə, bütün yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən evin arxa divarında aparılmış tikilinin sökülməsi tələbinə dair iddiası əsaslı olduğundan təmin olunmalı, İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin arxa fasadına toxunan hissədə Cavabdeh tərəfindən inşa edilmiş toyuq hini iddiaçıya məxsus yaşayış evinin divarı ilə təması kəsəcək ölçüdə-6.59 metr uzunluğunda cavabdehin öz hesabına sökülməli, İddiaçı mülkiyyətində olan yaşayış evinin Cavabdeh sahiblik və istifadəsində olan torpaq sahəsi ilə sərhəddə inşa edilmiş evin arxa fasadının üzlənməsinə-suvaq vurulmasına Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalıdır. Məhkəmə iddianı təmin edərək və tikilinin sökülməsi barədə nəticəyə gələrkən mütəxəssis arayışına əlavə edilən sxemdə toyun hini tikilisinin iddiaçının evinin arxa fasadına bitişik hissəsində tikilinin uzunluğunun ölçülərini nəzərə almış, mütəxəssisin xüsusi biliyə sahib olmaqla ölçülərin dəqiq formada ifadə edilməklə etibarlı olmasını şübhə altına alınmamasına, həmçinin tərəflərin də mütəxəssis tərəfindən aparılmış ölçülərə heç bir şübhəsinin olmamasını qeyd etmələrinə əsaslanmışdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 18.11.2021-ci il tarixdə 25816 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən Cavabdeh qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsində inşa etdiyi ümumi sahəsi 2.2 kv.metr və 1.5 kv.metr olan toyuq hini tikilisinin İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin arxa fasadı (divarı) ilə təması kəsəcək ölçüdə- 6.59 metr uzunluğunda olan hissəsi Cavabdeh öz vəsaiti hesabına sökülsün. İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən yaşayış evinin Cavabdeh sahiblik və istifadəsində olan torpaq sahəsi ilə sərhəddə inşa edilmiş evin arxa fasadının (divarının) üzlənməsinə-suvaq vurulmasına Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-105/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-105/2022
09.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver