Məhkəmə qərarları › İş №2(078)-1063/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1063/2024

05.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1063/2024 05.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh4 Qibləli oğlunun və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Qənbər qızına, Cavabdeh2 Qibləli qızına, Cavabdeh3 Qibləli oğluna və Cavabdeh4 Qibləli oğluna qarşı müqavilənin bağlanmış hesab olunması, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və yaşayış evinə onun mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Qənbər qızına, Cavabdeh2 Qibləli qızına, Cavabdeh3 Qibləli oğluna və Cavabdeh4 Qibləli oğluna qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, müqavilənin bağlanmış hesab olunması, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və yaşayış evinə İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, o, 2001-ci ildən ünvan 1-u X3 almış və həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin ünvanda maneəsiz və heç kimin müdaxiləsi olmadan yaşamışlar. 1987-ci ildən bu günədək evin bütün komunnal ödənişləri özünün adından olmuşdur və bununla bağlı arayışları məhkəməyə təqdim etmişdir. Eyni zamanda ətrafda yaşayan bütün qonşular da özünün ünvan 1-u 1987-ci ildən almağını və orada yaşamalarını təsdiq edirlər. Əvvəllər maddi imkanı olmadığından evin sənədlərini adına rəsmiləşdirməmişdir və sonra rəsmiləşdirmək istəsə də X11 tapa bilməmişdir. Evi aldığı X20 2004-cü il tarixdə vəfat etmiş və vərəsələri evin və torpaq sahəsinin özünün mülkiyyətinə keçməsinə imkan vermirlər. Halbuki ev və torpaq sahəsi bilavasitə onların şifahi razılığı əsasında özünə satılmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 Qənbər qızına, Cavabdeh2 Qibləli qızına və Cavabdeh3 Qibləli oğluna mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X5, X6 və X2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında iddiaçının ünvan 2 ünvanında yerləşən evi X3 aldığını, həmin evin pasport qeydiyyatına düşdüyünü, kommunal xərclərini ödədiyini, sadəcə həmin vaxt hansısa səbəbdən mərhum X20 ilə alqı-satqı müqaviləsi bağlanmadığını, həmin evdə hal-hazırda heç kimin yaşamadığını, iddiaçının həmin evin pulunu tam şəkildə ödədiyini, evə yaxşılaşdırma edilmədiyini, ancaq evin sökülmədiyini, həmin evdə iddiaçının uzun müddət ərzində aralıqsız yaşadığını, ona görə də alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmalı və ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və yaşayış evinə İddiaçı mülkiyyət hüququnun tanınmalı olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 Qibləli oğlu izahatında iddiaçının iddia ərizəsində evi adına keçirməyə vərəsələrin maneə olduqlarını qeyd etdiyini, halbuki elə bir şey olmadığını, bu barədə iddiaçının özü ilə də telefon əlaqəsi saxladığını, ondan kimin maneə olduğunu soruşduqda isə “mən sizin arxanızca düşməli deyiləm” deyə cavab verdiyini, halbuki maraqlı tərəf iddiaçının olduğunu, elə onun etməli olduğunu, ünvan 2 ünvanında yerləşən ev iddiaçıya satılan vaxt özünün 12 yaşı olduğunu, bu hadisələrin 1989cu ildə baş verdiyini, evdə həmin söhbətlərin çox getdiyini, buna görə bildiyini, 40000 manat qarşılığında razılaşdıqlarını, 10000 manatını iddiaçının ödədiyini, qalanını ödəmədiyini, böyük qardaşının evi satdığını, ailədə narazılıq olduğunu, ona görə heç kimin maraqlanmadığını, iddiaçının həmin evdə yaşadığını, hal-hazırda evin söküldüyünü, ancaq pulu ödəmədiyini, pulu ödəməsini istədiyini, pulun ödənilmədiyi halda evin iddiaçının adına sənədləşdirilməsinə razı olmayacaqlarını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X27 izahatında ünvan 2 ünvanında yerləşən evin atasının adına olduğunu, həmin əmlakı atasının özünə verdiyini, özünün də həmin vaxt Sumqayıt şəhərinə getdiyini, gəlib satıldığını gördüyünü, böyük qardaşının satdığını, bu səbəbdən heç kimin heç nə demədiyini, arada inciklik olduğunu, özünün həmin evin alqısatqı müqaviləsi olmamasını, pulun ödənilməməsini bilmədiyini, həmin evdə iddiaçının illərdir əsassız yaşadığını, iddiaçının iddia ərizəsində onları tapa bilmədiyi üçün əmlakı adına sənədləşdirə bilmədiyini qeyd etdiyini, bunun yalan olduğunu, çünki böyük bacısının elə həmin məhəllədə yaşadığını, iddiaçının özünə zəng etdiyini, özünə “pulu tam verməməmişəm gəl aramızda həll edək dediyini, Zakirə “niyə məhkəməyə vermisən, evi satım puldan sən də nə qədər ödəmisənsə götür” dediyini, onun da “yox istəmirəm, mənim pulumu verin” dediyini, özünün də cavabında “mənə pul verməmisən” dediyini, iddiaçıya vərəsələri özünün razı salacağını, pul verməsi qarşılığında evin adına sənədləşməsinə razı olacağını bildirdiyini, iddiaçının pulu olmadığını bildirdiyini, Zakirin evin pulunu tam ödəmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadəsində iddiaçı ilə alqı-satqı olanda X1 olduğunu, həmin vaxt özünün təxminən 25 yaşı olduğunu, qayınanasının bu məsələyə vasitəçilik etdiyini, evi Qibləlinin satdığını, Zakirin aldığını, Zakirlə qohum olduqlarını, sovet dövrü olduğunu, sənədlərə çox fikir verilmədiyini, sənədlərdə nə isə problem olduğunu, X7 iki ailəsi olduğunu, ikinci evliliyindən doğulan uşaqlarının həmin vaxt balaca olduqlarını, Qibləlini Zakirlə danışanda gördüyünü, 3-4 dəfə gedib evə baxdıqlarıını, Vəlinin həmin vaxt Bakıda olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X28 ifadəsində ünvan 2 ünvanında yerləşən Zakirin evində 10 il kirayədə yaşadığını, evin Zakirin öz evi olduğunu, özlərinin, qayınanasıgilin həmin evdə yaşadıqlarını, həmin evdə təxminən 2003-2013-cü illər arası yaşadıqlarını, Zakirgilin həmin vaxt Bakı şəhərinə köçdüklərini, özləri yaşayan vaxta kimi yəni 2003-cü ilə kimi də Zakirin özünün həmin evdə yaşadığını, evin Zakirin özünün olduğunu, cavabdeh tərəfi ümumiyyətlə tanımadığını bildirdi. İddia ərizəsinə əlavə olunmuş Kəngərli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 aprel 2019-cu il tarixli, AZ-İ seriyalı, 115117 nömrəli çıxarışdan görünür ki, X20 23 oktyabr 2004-cü il tarixdə miokard infarkt səbəbindən Kəngərli rayon, Böyükdüz kəndində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 30 oktyabr 2018-ci il tarixli, 01/1587 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportdan görünür ki, M.Qorki küçəsi, ev 6/24 ünvanında yerləşən ev X7 adına qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən verilmiş 16 oktyabr 2018-ci il tarixli, 496 nömrəli arayışdan görünür ki, N.Naxçıvani, döngə 6, ev 19 yaşayan İddiaçı xx.xx.2007-ci il tarixindən, xx.xx.2018-ci il tarixinədək istifadə etdiyi təbii qazın ödəyicisidir. İddia ərizəsinə əlavə olunmuş Kəngərli rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş 24 aprel 2019-cu il tarixli, 32 nömrəli arayışdan görünür ki, Kəngərli rayon, Böyükdüz sakini olmuş və 23 oktyabr 2004-cü il tarixdə vəfat etmiş mərhum X7 adına Kəngərli rayon Dövlət Notariat Ofisində 2004-2019-cu illər ərzində vərəsəlik işi açılmamışdır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 08 oktyabr 2018-ci il tarixli, 13/1027 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər Maliyyə şöbəsinin 1966- 1968-ci illərə dair 18 nömrəli kitabında mərhum X7 adına M.Qorki küçəsi, ev 6/24 olmaqla 800 m2 torpaq sahəsi göstərilmişdir. İddia ərizəsinə əlavə olunmuş 192748 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 20000 manat məbləğində sığorta edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli, 696 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yaşamış mərhum X7 arvadı X4 (vəfat edib), oğlu X21 (vəfat edib), oğlu X31 (vəfat edib), qızı X12 (vəfat edib), qızı X16, qızı X17, oğlu X27 və qızı X8 adlı vərəsələri vardır. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İcra Hakimiyyəti Böyükdüz kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli, 57 nömrəli arayışdan görünür ki, mərhum X7 Kəngərli rayon, Böyükdüz kənzində arvadı Cavabdeh1 Qənbər qızı, qızı Cavabdeh2 Qibləli qızı, oğlu Cavabdeh3 Qibləli oğlu və oğlu Cavabdeh4 Qibləli oğlu adlı vərəsələri olmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli, AZ-İİ seriyalı, 025025 nömrəli çıxarışdan görünür ki, X21 xx.xx.2001ci il tarixdə hipertomiya xəstəliyi səbəbindən Sumqayıt şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 665 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli, AZ-İ seriyalı, 235479 nömrəli çıxarışdan görünür ki, X31 xx.xx.2007ci il tarixdə baş beyinin ödəmi səbəbindən Sumqayıt şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 265 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli, AZ-İİ seriyalı, 871267 nömrəli çıxarışdan görünür ki, X12 xx.xx.2022ci il tarixdə beyin ödemi səbəbindən Bakı şəhər, Nəsimi rayonunda vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 814 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 08 avqust 2024-cü il tarixli çıxarışdan görünür ki, X9 ilə X20 arasında 18 avqust 1949-cu il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 115 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli, 733661 nömrəli çıxarışdan görünür ki, X9 ilə X7 birgə nikahlarından xx.xx.1959-cu il təvəllüdlü X18 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli çıxarışdan görünür ki, X4 ilə X7 birgə nikahlarından xx.xx.1953-cü il təvəllüdlü X16 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan zaks bürosu tərəfindən verilmiş 21 aprel 1978-ci il tarixli, İİ-ЖГ seriyalı, 486633 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 ilə X7 birgə nikahlarından xx.xx.1966-cı il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş X19 tərəfindən 09 avqust 2024-cü il tarixdə notariat ofisinə verilmiş ərizədə qeyd etmişdir ki, X20 xx.xx.2004-cü il tarixində vəfat etmişdir, özünə çatan miras payını qəbul etməmişdir, qəbul etmir, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə heç bir iddia qaldırmayacaqdır. İş materiallarına əlavə olunmuş X24 tərəfindən 09 avqust 2024-cü il tarixdə notariat ofisinə verilmiş ərizədə qeyd etmişdir ki, X20 xx.xx.2004-cü il tarixində vəfat etmişdir, özünə çatan miras payını qəbul etməmişdir, qəbul etmir, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə heç bir iddia qaldırmayacaqdır. İş materiallarına əlavə olunmuş X13 tərəfindən 09 avqust 2024-cü il tarixdə notariat ofisinə verilmiş ərizədə qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X14 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmişdir, etmək fikrində deyildir. Məhkəmə iş materiallarını təhlil edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlak 1987-ci ildə İddiaçı və X7 şifahi razılaşmasına əsasən iddiaçıya satılmış, lakin aralarında hər hansı bir yazılı müqavilə bağlanmamışdır. Göründüyü kimi mübahisəli hüquq münasibəti 1987-ci ildə yaranmışdr. Qeyd olunan hala əsasən iddiaçının müqavilənin bağlanmış hesab olunması barədə tələbi iddiaçı ilə X7 daşınmaz əmlakın alqı-satqısı barədə şifahi razılaşmaya gəldikləri vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 42-ci maddəsinə əsasən əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Həmin Məcəllənin 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır.Yaşayış evini alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən on gün gec olmayaraq qeydə alınmalıdır. Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelnumunun 3 may 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə münasibətdə həmin vaxt qüvvədə olan qanunvericilik birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur.Hazırki iş üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı bir yazılı müqavilə bağlanmamış, aralarındakı şifahi razılaşmaya əsasən ev iddiaçıya satılmışdır. Yuxarıda sadalanan Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında olan mövqedən də görünür ki, yazılı bağlanmayan əqdin bağlanmış hesab edilməsi mümkün deyildir. İddiaçı özü iddia ərizəsində daşınmaz əmlakı şifahi müqavilə əsasında aldığını bildirir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə müqavilə bağlanmış hesab edilə bilməz. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən təbiq olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi iddiaçı qanunla nəzərdə tutulmuş iddia müddəti keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Halbuki qeyd olunan normalardan da göründüyü kimi ümumi iddia müddəti 3 ildir. Tərəflər arasındakı şifahi razılaşma 1987-ci ildə olsa da iddiaçı müqavilənin bağlanmış hesab edilməsi tələbi ilə iddia müddətini keçirdikdən sonra məhkəməyə müraciət etmişdir 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə pozulmuş hüquq müdafiə edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir...İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Lakin yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə aralarında olan şifahi razılaşmadan sonra 3 il müddətində məhkəmədə iddia qaldırmamışdır. Bununla da iddia müddəti buraxılmışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi yəni həm müqavilənin bağlanmış hesab edilməsinə dair hissədə həm də daşınmaz əmlaka mülkiyyət hüququnun tanınmasına dair hissədə iddia müddəti keçdiyindən rədd edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı cavabdehlər Cavabdeh1 Qənbər qızına, Cavabdeh2 Qibləli qızına, Cavabdeh3 Qibləli oğluna və Cavabdeh4 Qibləli oğluna qarşı müqavilənin bağlanmış hesab olunması, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və yaşayış evinə iddiaçının mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətеtdi: İddiaçı cavabdehlər Cavabdeh1 Qənbər qızına, Cavabdeh2 Qibləli qızına, Cavabdeh3 Qibləli oğluna və Cavabdeh4 Qibləli oğluna qarşı müqavilənin bağlanmış hesab olunması, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və yaşayış evinə iddiaçının mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar