Məhkəmə qərarları › İş №2(078)-107/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-107/2025

24.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-107/2025 24.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi və pul tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ümumilikdə 1000 (bir min) manat pul vəsaitinin və ona vurduğu maddi-mənəvi ziyanın ödənilməsi, yaxud yarımçıq qoyduğu işləri gəlib görməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandıraraq bildirmişdir ki, usta Cavabdeh 2018-ci il tarixdə 2 ədəd darvaza qapı düzətmişdi. Ancaq həmin qapılar elə vəziyyətdə idi ki, onları təzədən düzəltdirməli olmuşdur. Cavabdeh yenidən quraşdırma və rəngləmə üçün ondan 300 (üç yüz) manat pul almışdır. Bu qapılardan birini elə düzəltmişdiki qapı açılıb-bağlanmırdı. Digərini isə heç qurmağa belə gəlmədi sonra gəlib düzəldəcəyini bildirsə də gəlmədi. Sonradan ayrı ustalar çağırıb ödəniş etmişdir və onlar təzədən düzəldib. Sonradan əlaqə saxladılar ki, tikinti işləri var gəlib onları etsin və həmin qapıları da düzətsin. 2023-cü ilin sentyabr ayında danışdıqda tikinti işləri üçün 1200 (min iki yüz) manat pul istədi. Həmin məbləğin qarşılığında görəcəyi işlər kətil, hamam otağının və mətbəğinin dam örtüyünü, tuğla ilə 4 bir tərəfi hörüb suvaq vurmalı və ışıq çəkməli idi və hamam otağı və mətbəxin kafelini vurub, su qızdırıcısını və su çənini qurmalı idi. O da 1000 (min) manat verə biləcəyini dedi. O isə sonra danışarıq dedi. Sonra heç nə demədən gəlib işlərə başladı və o da elə bildi ki, 1000 (min) manat ilə razılaşıb. O işlədiyi 20 gün ərzində pulu ödədi. İşıq xəttini söküb yararsız vəziyyətə salmışdır. Həmçinin kətil işində gördüyü qaynaq işləri, yarımçıq və təhlükəli vəziyyətdədir. Həmin razılaşdığı puldan əlavə olaraq o 1 ay müddətində cavabdehin yemək, qalmaq və siqaret xərclərini qarşıladı. Kəndin mağazasından özünə aldığı məhsulların pulunu o ödəməli olmuşdur. Hər dəfə evə qayıtdığında həyətdən cəviz və badam yığaraq bunun qarşılında artıqlamasıyla gəlib işini görəcəm deyirdi. Hər dəfə müxtəlif bəhanələrlə mənim ona olan etibarımdan sui-istifadə edirdi. Əlavə olaraq qonşulardan nisyə cəviz və heyva alıb sonra qaytaracağını bildirib ancaq ödəmədiyinə görə məcbur qalıb həmin pulu da ona ödəmişdir. Tikinti matrielları daşıyan sürücü Məhərrəm adlı şəxsdən ona aid olan 17 (on yeddi) manat pulu demədən alıb. Evindən antik xonça və böyük tutumlu qaz balonu apararaq və yenə deyib ki, artıqlamasıyla işləyib əvəzini ödəyəcək. Və televizorun antenasını elə edib ki, 1 ildən artıqdır ki, televizora baxa bilmirlər, mətbuatdan bixəbərdir. 2023-cü ilin oktyabr ayının ortalarından Cavabdeh dəfələrlə zəng etmişdir, amma o ya zənglərinə cavab verməyib ya da müxtəlif bəhanələrlə gələcəm deyib. 1 ildən artıqdır ki, evin içinə yağış yağır, evi artıq pis vəziyyətdədir. Evin bu vəziyyətdə olmasının şəkil və video kimi təqdim edir. Bütün bu dələduzluqlarına görə ailə üzvlərinə şikayət etdikdə onlar da artıq bu hallardan bezdiyini bildirib. Yəni bu cür hadisələr dəfələrlə yaşanıb. Ona aldırdığı bütün materialların hamısı yağışın altında qalaraq pis vəziyyətə düşmüşdür, yararsız olmuşdur. O da məcbur qalıb məhkəməyə müraciət etməli olur. O 1988-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü üzrə gedən döyüşlərdə iştirak etmişdir. Həmçinin ÇAES-də 2-ci qrup əlliliyi var. Mülki iş üzrə cavabdeh-iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərdiyini bildirmiş və ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın icraata qəbul edilərək, qarşılıqlı iddia üzrə İddiaçı 2300 (iki min üç yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı “pul tələbi, vurulmuş ziyanın ödənilməsi və yarımçıq qoyduğu işlərin mənim tərəfimdən görülməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Naxçıvan şəhər Məhkəməsinin 2 (078)-1555/2024 nömrəli mülki işi üzrə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Hesab edir ki, iddiaçı X3 ona qarşı iddia tələbi tam əsassızdır. Bildirir ki, iddiaçı əvvəllər onun toylarda muzukant yoldaşı olmuş və bir-birini tanıyırdılar. Sonralar o usta işləməyə başladı. İddiaçı 2018-ci il tarixdə ona Şahbuz rayonu, Badamlı kəndində yerləşən fərdi yaşayış evinin hasarına darvaza yığdırmaq üçün müraciət etdi. O da onun hasarına darvaza yığdı. Qapını təhvil verən vaxt hava soyuq idi və qar yağmağa başlamışdı. O darvazanı aparıb üstünə saldı və İddiaçı bildirdi ki, hava soyuq olduğu üçün qapıya rəng vurmaq olrnaz. O da razılaşdı. 2019-cu ilin yazında o darvazaya baxmağa gedəndə gördü ki, iddiaçı X4 özü səliqəsiz şəkildə qapıya antipas vurubdur. O iddiaçıya bildirdi ki, qapıya rəng vurmaq olmaz və özü rənglə. İddiaçı qapının yerinə asılması üçün xidmət haqqı olan 100 (yüz) manat pulu ona ödəmədi. Sonra İddiaçı ona bildirdi ki, ona mansar və kətil yığılacaq. O mansar və kətilin yığılması üçün 1200 (min iki yüz) manat xidmət haqqı olduğunu bildirdi və iddiaçı da bununla razılaşdı. O mansarı və kətili yığdıqdan sonra iddiaçı ona mansarın kənarında hörgünün olacağını və onu da hörəcəyini bildirdi. O mansarın kənarında hörgünü də işlədi. Sonra yenə iddiaçı X5 ona bildirdi ki, hamamın içinə beton tökülüb düzəliş edilməli, suvaq vurulmalı, mətbəxin içinə beton tökülməli və koridora beton verilməlidir. O bu işlərin də hamısı gördü. Əlavə olaraq iddiaçının əl damı deyilən yerə dəmir qapı yığdı. Bütün bu işlərin qarşılığında iddiaçı X5 tərəfindən cəmi ona darvazanın yerinə asılması üçün xidmət haqqı olan 100 (yüz) manat pulu, kətilin və mansarın hazırlanması üçün əvvəlcədərı razılaşdığı 1200 (min iki yüz) manat puldan 960 (doqquz yüz altmış) manat pul ödəməklə qalıq 240 (iki yüz qırx) manat pulu, digər gördüyü işlərin xidmət haqqını olan 1660 (min altı yüz) manat pulu və onun iddiaçının həyətində olan qiyməti 300 (üç yüz) manat olan yandırdığı aparatın qiyməti ilə birlikdə cəmi 2300 (iki min üç yüz) manat pul ödəməli olduğu halda pul ödəmədi. O da artıq iddiaçının ona pul vermək niyyətində olmadığını görüb heç bir iş görmədən iddiaçının ünvanın tərk etdi. İddiaçı isə 22 oktyabr 2024-cü il tarixli iddia ərizəsinə ona qarşı 1000 (min) manat pul tələbi, ona vurulan ziyanın maddi və mənəvi ziyanın ödənilməsi və gördüyü yarımçıq qalan işlərin tamamlanması ilə bağlı bu cür iddianı irəli sürməklə iddia tələbində göstərməsi ona aydın olmur və qəbul edilməzdir. İddiaçı öz tələbinin hüquqi əsaslandırmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 739, 742-ci maddələri ilə əsaslandırılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul olunaraq, mülki işə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi və pul tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı iddianı müdafiə edərək izahatında qarşılıqlı iddiaya münasibətdə iddianın yalan və böhtan olduğunu, şəxsin ona olan etibarından sui-istifadə etdiyini, özündən asılı vəziyyətə salıb işini bitirmədiyini, 2 qapının pulunu artıqlaması ilə aldığını, düzəldilib rənglənməsi və antipası üçün bu qiymətə razılaşdıqlarını ustanofkası üçün də daxil olduğunu, şəxsin 1 qapını taxdığını, digərin taxmayıb getdiyini, qapıları rəngləmədiyini, antipasını belə vurmadığını, sonra yarımçıq qalan işlərlə bağlı çağırdığını, özünün qapını başqa ustada düzəltməsi ilə bağlı qiyməti düşüb razılaşacağını zənn etdiyini, usta ilə danışdıqda bütün xərci yazdırıb 1200 manat etdiyini, 1000 manat özünün təklif etdiyini, o da baxarıq danışarıq dediyini, özü Bakıda olanda ustaya işləri götür işlə hazır olsun dediyini, sonra qardaşının vəfat etdiyini, işlərin yarımçıq qaldığını, keçən il danışdıqlarında axşam vaxtı həyətə gəldiyini, özü işini görməyə başladığını, heç bir qiymət danışmadığını, özü başqa müştərilərdən qaçdığı üçün onların evinə gəlib işlədiyini, onlarda yemək yediyini siqaretini aldığını, mağazaya borcunu bağladığını, sonra ustanın başqa adamın evində işi yarımçıq qoyduğunu, qaçıb onlara gəlib o müştərisindən gizləndiyini, həmin müştərinin onlara gəlib Elşəni axtardığını, özünün xəta törənməsin, hadisə olmasın deyə yalandan o şəxsə usta burda deyil dediyini, ustanın qaçıb həyətdə tualetdə gizləndiyini, kənddəki hamının işini yarımçıq qoyduğunu, sonra gecələr gəlib onlarda işlədiyini, gündüz başqa adamın evində işlədiyini, özünün işini yarımçıq qoyduğu kimi hərkəsin işlərini yarımçıq gördüyünü qarşılıqlı iddianı qətiyyən qəbul etmədiyini, cavabdehin bütün işinin haqqını ödədiyini, artıqlaması ilə verdiyini, məhkəməyə təqdim etdiyi yazılı vəsatətdə bütün xərcləri və cavabdehin borclarını qeyd etdiyini, bugünkü gün də bütün işlərin yarımçıq qaldığını bildirmişdir. Daha sonra məhkəmə iclasında iddiaçı-cavabdeh izahatında ekspertlərin gəldikləri zaman cavabdehin gəlmədiyini, işinin qüsurlu olduğunu bildiyi üçün boyun qaçırdığını, adamın bütün işlərini yarımçıq olduğunu, özünün həddindən artıq humanistlik edib 1000 manat pul tələb etdiyini, materialı özünün aldığını, suvaka aparatını kirayə götürüb pulunu özü verdiyini, şəxsə 980 manat pul verdiyini, özünün evində yemək yediyini, aldığı siqareti çəkdiyini, xərclər barədə qiymətləndirmə ekspertizasının keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında iddiaçı-cavabdeh izahatında ekspertlərin ekspertiza keçirilməsinə icazə vermədiyini, ustanın ona vurduğu ziyanın hesablanmasını istədiyini, ustanın gördüyü işin dəyərinin hesablanmasını istəmədiyini, ekspertlərin görülən işin nöqsanının dəyərinin hesablanmayacağını bildirdiklərini, o səbəbdən ekspertiza keçirilməsinə etiraz etdiyini, 980 manat cavabdehə ödəniş etdiyini, birinci ekspertizadan narazı qaldığını, məbləğin artıq hesablandığını, qüsurların çox olduğunu, cavabdeh onun həyətini sex kimi istifadə etdiyini, başqa adamların işlərini gördüyünü, işinə can yandırmasını istədiyi üçün buna etiraz etmədiyini, cavabdehin avadanlığının yanmadığını, yalan dediyini, cavabdehin gəlmədiyini, səhlənkarlıq etdiyini, onun başına da çox oyunlar gətirdiyini, cavabdehin peşəkar dələduz olduğunu, cavabdehin ona çox ziyan vurduğunu, materialların yararsız vəziyyətə düşdüyünü, evini su basdığını, yağış yağanda suyun evə sızdığını, alçının gəcin yararsız vəziyyətə düşdüyünü, özünün son dərəcə humanist yanaşdığını, tələbi 1000 manat qoyduğunu bildirərək məhkəmədən ədalətli yanaşıb qanuni qərar verilməsini bildirmişdir. Məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh izahatında şəxsə qapı yığdığını, o zaman qar yağmağa başladığını, qar yağa-yağa qapını asdığını, qar yağmağa başladığı üçün o vəziyyətdə qoyub çıxdığını, sonra getdiyini və qapının üstündə əlavələr etdiyini, iddiaçının qapıya kistlə antipas vurduğunu, kraskanı o səbəbə vura bilmədiyini, qapını asmaq pulunu vermədiyini, sonra mansart yığmaq istədiyini, tuğla gəlməsini danışdıqlarını, özü kömək edib tuğlanı boşaltdığını, gecələr ayrı iş gündüz ayrı iş gördüyünü, hörgünü, suvağı mansarın pulunu və digər bütün işləri o pula qatdığını, işləri artırıb pulu vermədiyini, hər gördürdüyü iş üçün ayrıca qiymətin hesablandığını, işin yarımçıq qalma səbəbinin özünün pulunu vermədiyini, bütün işləri qarışdırıb bir birinə üstüstə gördüyünü, pulunu vermədiyini, hər işin öz qiymətinin olduğunu, lakin iddiaçının pulları vermədiyi üçün o da başqa işlər götürüb işləyib pul qazandığını, iddiaçının iş gördürüb pulunu vermədiyini, ona 1187 manat verməli pul borcu olduğunu, bu barədə məhkəməyə yazılı olaraq bildirdiyini, daha sonra izahatında 10 gün əvvəl iddiaçının ona zəng etdiyini, gəl işlərin davamını gör bu məsələni bağlayaq dediyini, özünün də pulu ver gəlim işi görüm dediyini, pul vermədən gedib işləməyəcəyini dediyini, təkrar ekspertizanın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra məhkəmə iclasında özünün 200 manatını istədiyini, pulu verdikdən sonra işləri görməyə davam edə biləcəyini, razılaşa biləcəklərini, lakin iddiaçının bugünkü gün də ona pul vermədiyini, ona cəmi 960 manat pul verdiyini, cəvizin pulunu qaytardığını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışa, əsasən, İddiaçı xx.xx.2003-cü il tarixdən Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatdadır. İddia ərizəsinə iddiaçının şəxsiyyət vəsiqəsinin, əlillik vəsiqəsinin surəti və bir ədəd CD əlavə olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(078)-1555/2024 nömrəli qərardadı ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi və pul tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ekspertin qarşısında Şahbuz rayon Badamlı kəndində İddiaçı məxsus fərdi yaşayış evində cavabdeh-iddiaçı Cavabdeh gördüyü işlər üzrə təmir-tikinti və usta xərci nə qədər təşkil edir? -Cavabdeh-iddiaçı Cavabdeh gördüyü işlərdə qüsurlar vardırmı? - Cavabdeh-iddiaçı Cavabdeh gördüyü işlər başa çatmışdırmı? Başa çatmamışdırsa işlərin tam başa çatdırılması üçün nə qədər vəsait tələb olunur (usta xərci olaraq)? kimi suallar qoyulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(078)-1555/2024 nömrəli qərardadı ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi və pul tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə icraat ekspertizanın müvafiq rəyi məhkəməyə təqdim olunanadək dayandırılmışdır. Mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2025-ci il tarixli, 3-16-16/33-3/2-1563/2025 nömrəli məhkəmə ekspertizasına dair məktubdan məlum olmuşdur ki, həmin iş üzrə məktub və mülki iş ekspert rəyi ilə birlikdə həmin tarixdə məhkəməyə göndərilmiş, mülki iş 24 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzin tarixli tikinti-texniki ekspertizası üzrə 20 fevral 2025-ci il tarixli, 1563 saylı ekspert rəyində bildirilir ki, rəyin tədqiqi hissəsində göstərilənləriə əsasən, Qərardadın 1ci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri, mülki iş materiallarında olan, eləcə də baxış zamanı əldə edilmiş zəruri məlumatları nəzərə alaraq, Şahbuz rayonu, Badamlı kəndi inzibati ərazisində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində iş üzrə cavabdehiddiaçı Cavabdeh gördüyü işlər üzrə təmir-tikinti (usta xərci və xidmət haqqı) 2025-ci ilə dair orta bazar qiymətlərinə uyğun olaraq təqribən 7455,85 (yeddi min dörd yüz əlli beş manat, səksən beş qəpik) manat məbləğində olduğu müəyyən edilir. Qərardadın 2-ci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri, mülki iş materiallarında olan, eləcə də baxış zamanı əldə edilmiş zəruri məlumatları nəzərə alaraq, Şahbuz rayonu, Badamlı kəndi inzibati ərazisində yerləşən, həmin kənd sakini İddiaçı məxsus fərdi yaşayış evində, iş üzrə cavadeh tərəfindən, həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində kərpicdən (qırmızı kərpicdən) və dəmir konstruksiyalardan inşa etdiyi yarım tikilinin, həmin tikilinin önündə dəmir konstruksiyalardan qaynaq vasitəsi ilə inşa etdiyi çardağın ayrı-ayrı konstruktiv elementlərinə baxış keçirilən zamanı, sözügedən yarımtikilinin divarlarında aparılan hörgü zamanı həmin tikilinin künc bağlama hissələrində hörgü texnologiyasına düzgün əməl edilməməsi (hörgü zamanı blokların və kərpiclərin bir-birinə düzgün kilidlənməməsi), eyni zamanda sözügedən yarımtikilinin üzərinə və onun ön fasad hissəsində dəmir metal konstruksiyalardan qaynaq olunaraq inşa edilmiş çardağın damına vurduğu dəmir şifer təbəqələrin yük daşıyan divarlardan ayıran karniz konustruksiyasının düzgün quraşdırılmadığı üçün iddiaçının birinci mərtəbədə yerləşən fərdi yaşayış evinin (iş üzrə iddiaçının hal-hazırda yaşadığı ev) divarlarına atmosfer çöküntüləri (yağış, qar suları) axıdılmaqla yaranan qüsurlar nəticəsində (rütubət, sızma, sıradan çıxma və s. kimi) maddi ziyan vurduğu müəyyən edilmişdir. Qərardadın 3-cü sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri, mülki iş materiallarında olan, eləcə də baxış zamanı əldə edilmiş zəruri məlumatları nəzərə alaraq, iş üzre Cavabdeh, iş üzrə İddiaçı məxsus fərdi yaşayış evində gördüyü işlər tam başa çatmamışdır və işlərin başa çatdırılması üçün tələb olunan vəsaitin dəyəri, həmin işlərin yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək əlavə işlərin (söküntü, gücləndirmə və s.), alına biləcək əlavə materialların həcmi və növü dəqiqləşdirildikdən sonra müəyyən oluna bilər. Naxçıvan Şəhər Məhkəməsinin 03 mart 2025-ci il tarixli 2(078)-107/2025 nömrəli qərardadı ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi və pul tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2(078)-107/2025 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, Ekspertin qarşısında: -Şahbuz rayon Badamlı kəndində İddiaçı məxsus fərdi yaşayış evində cavabdeh-iddiaçı Cavabdeh gördüyü işlər üzrə təmir-tikinti və usta xərci nə qədər təşkil edir? -Cavabdeh-iddiaçı Cavabdeh gördüyü işlərdə qüsurlar vardırmı? -Cavabdeh-iddiaçı Cavabdeh gördüyü işlər başa çatmışdırmı? Başa çatmamaışdırsa işlərin tam başa çatdırılması üçün nə qədər vəsait tələb olunur (usta xərci olaraq)? Kimi suallar qoyulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2(078)-107/2025 nömrəli qərardadı ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi və pul tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə icraat ekspertizanın müvafiq rəyi məhkəməyə təqdim olunanadək dayandırılmışdır. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2025-ci il tarixli, 3-16-16/2-10/3253/2025 nömrəli məhkəmə ekspertizasına dair məktubdan məlum olmuşdur ki, həmin iş üzrə məktub və mülki iş ekspert rəyi ilə birlikdə həmin tarixdə məhkəməyə göndərilmiş, mülki iş 14 noyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzin tarixli tikinti-texniki ekspertizası üzrə 17 oktyabr 2025-ci il tarixli, 10/3253 saylı ekspert rəyində bildirilir ki, Qərardadın birinci və üçüncü sualları üzrə: Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Qərardadın ikinci sualı üzrə: Şahbuz rayon Badamlı kəndində yerləşən, baxış zamanı təqdim olunmuş fərdi yaşayış evi və çardaq tikilisi üzrə aşağıdakı qüsurlar müəyyən olundu: - çardağın metal dirəklərinin torpaq səthinə tam möhkəmlənməmişdir, metal profillərin bəzi hissələrdə bir-birinə qaynaq qaynaq olunması tam aparılmamışdır (tam çevrəsi qaynaq olunmayıb), - fərdi yaşayış evi üzrə qırmızı kərpicdən aparılmış hörgü işlərinin künc bağlama hissələri bir-birinə düzgün bağlanmamışdır (hörgü zamanı bloklar və kərpiclər bir-birinə düzgün kilidlənməmişdir), - dam örtüyünün kənarlarına vurulmuş novların (jalob) tikilinin divarından çöldə deyil, içəridədir. - dam örtüyünün birləşmə hissələrində açıqlıqlar vardır. Həmçinin qeyd olunur ki baxış zamanı fərdi yaşayış evinin 1-ci mərtəbəsində nəmişlik və su sızma izləri vardır. Naxçıvan Şəhər Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli 2(078)-107/2025 nömrəli qərardadı ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi və pul tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli 2(078)-107/2025 nömrəli qərardadı ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi və pul tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmə qiymətləndirməsi təyin edilsin. Qiymətləndirmə aparılması “X2” MMC-yə həvalə edilsin. Qiymətləndirilən əmlak üzrə “X2” MMC-nin daşınar əmlaklar üzrə şəhadətnamə almış müstəqil qiymətləndiricisinin qarşısında -Şahbuz rayon Badamlı kəndində İddiaçı məxsus fərdi yaşayış evində cavabdeh-iddiaçı Cavabdeh gördüyü işlər üzrə təmir-tikinti və usta xərci nə qədər təşkil edir? Kimi sual qoyulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli 2(078)-107/2025 nömrəli qərardadı ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi və pul tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə icraat qiymətləndirmənin müvafiq rəyi məhkəməyə təqdim olunanadək dayandırılmışdır. Mülki iş üzrə X1 23 dekabr 2025-ci il tarixli, qiymətləndirmə aparılmasının mümkün olmaması barədə məktubundan məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixli məktuba və № 2(078)-107/2025-ci il tarixli qərardada əsasən verilmiş tapşırığın icrası məqsədilə cavabdeh İddiaçı ilə əlaqə saxladıq, bizə fərdi yaşayış evinə baxış keçirməyimizə icazə vermədi. Fərdi yaşayış evinə baxış keçirə bilmədiyimiz üçün sənədlər sizə geri göndərilir. Mülki iş 26 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli 2(078)-107/2025 nömrəli qərardadı ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi və pul tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 443.1, 448.1, 449, 739.1-ci maddələri ilə əsaslandırmışdır. Hazırki tələb üzrə hüquqi dəyərləndirmə sözügedən maddələr üzrə deyil, podrat müqaviləsindən irəli gələn öhdəliklər üzrə qiymətləndirmə mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Maddə 755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Maddə 756. Sifarişçinin zərərin əvəzini ödəmək vəzifəsi 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 768. Podratçının sifarişçini vaxtında xəbərdar etmək vəzifəsi 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 768.2. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə 770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Maddə 771. Sifarişçinin əmlakının məhv olması üçün podratçının məsuliyyəti Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Maddə 772. Podratçının riski 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. 772.2. Materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür. Maddə 773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi podrat müqaviləsi bağlanmış, müqavilə şərtləri tərəflərin izahatları əsasında müəyyənləşdirildikdə aydın olur ki, cavabdeh-iddiaçı tərəfindən görülmüş işlər iddiaçıcavabdehə məxsus fərdi yaşayış evində 2 ədəd darvaza qapısının düzəldilməsi, kətil, hamam otağının və mətbəxinin dam örtüyünü tuğla ilə hörülməsi, suvaq vurulması, işıq çəkilməsi, hamam otağı və mətbəxin kafelinin vurulması, su qızdırıcısını və su çəninin qurması olmuşdur. Tərəflərin izahatlarından aydın olur ki, şərtləşdirilmiş işlər cavabdehiddiaçı tərəfindən lazımi qaydada yerinə yetirilməmiş, bunun nəticəsində iddiaçıcavabdehə ziyan vurulmuşdur. Cavabdeh-iddiaçı tərəfindən görülmüş işlərin qüsurlu şəkildə həyata keçirilməsi müvafiq ekspert rəyi ilə sübuta yetirilir. Bununla yanaşı görülmüş işlərin dəyərinə münasibətdə ekspert rəyi ilə müəyyən edilmişdir ki, görülmüş işlərin dəyəri 7455.85 manat təşkil etmişdir. Həmin xərclərə həm materialların dəyəri, həm də usta xərci aid olsa da iddiaçı-cavabdehə verilən suallar əsasında müəyyən edilmişdir ki, yarımtikilinin hörülməsi, yarımtikilinin bir divarının qismən hissəsinin bir mərhələli sement məhlulu ilə hamarlanması, yarımtikilinin tavanına müxtəlif ölçülü dəmir və taxta konstruksiyalardan karkasın yığılması və üzərinə rəngli dəmir şifer təbəqələrin vurulması, çardaq konstruksiyasının inşası üçün müxtəlif ölçülü dəmir profillərin qaynaq olunması və üzərinin rəngli dəmir şifer təbəqələri ilə örtülməsi, həyətyanı torpaq sahəsinə giriş-çıxış üçün 1 ədəd alaqapı və 1 ədəd dəmir setkada jalyüz tipli qapının hazırlanması və yerinə quraşdırılması cavabdeh-iddiaçı tərəfindən aparılmışdır. Sözügedən işlərin həyata keçirilməsi üçün usta xərci ekspert rəyinə əsasən 2803 (iki min səkkiz yüz üç) manat təşkil etmişdir. İddiaçı-cavabdehin izahatına əsasən 300 manat qapının düzəldilməsi və 1000 manat qeyd edilən işlərin görülməsi üçün pul ödənilmişdir, cavabdeh-iddiaçının izahatına əsasən isə ona 960 manat pul ödənilmişdir. Tərəflərin izahatları ilə ekspert rəyinə əsasən görülmüş işlərin dəyərinin cavabdeh-iddiaçıya iddiaçı-cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyi kəsir ödədiyi aydın olur. Bu halda isə cavabdeh-iddiaçının gördüyü işləri qüsurlu şəkildə həyata keçirdiyi ekspert rəyi ilə təsdiq edilsə də, iddiaçı-cavabdeh tərəfindən görülmüş işlərin tam dəyəri cavabdeh-iddiaçıya ödənilməməsi də təsdiq edilir. Burada həm iddiaçı-cavabdehin, həm də cavabdeh-iddiaçının təqsiri mövcuddur. Buna görə də məhkəmə belə hesab edir ki, iddiaçı-cavabdeh tərəfindən görülən iş üzrə muzd tam şəkildə ödənilmədiyindən görülmüş işlər üzrə qüsurların aradan qaldırılması barədə nə qədər xərc çəkildiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin bununla bağlı təyin edilən təkrar qiymətləndirmə iddiaçı-cavabdehin şərait yaratmamış əsası ilə icra edilməmişdir. Bununla yanaşı iddiaçı cavabdehlə razılaşmadığı digər hərəkətlər nəticəsində də ona ziyan vurulduğunu bildirmiş və bununla bağlı maddi və mənəvi ziyan tələb etmişdir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh-iddiaçı tərəfindən qeyd edilən hərəkətlərin edilməsi nəticəsində iddiaçı-cavabdehin xərc çəkməsi hər hansı sübutla təsdiqini tapmamışdır. Mənəvi zərərin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, mənəvi zərərin məbləği cavabdeh-iddiaçı tərəfindən qiymətləndirilməmiş, hər hansı mənəvi zərər cavabdeh-iddiaçının təqsirli hərəkətləri nəticəsində vurulması sübuta yetirilməmişdir. Buna görə də məhkəmə həm ilkin iddianın, həm də qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, hər iki iddia rədd edildiyindən müvafiq ekspertiza xərcləri tərəflərdən müştərək qaydada tutularaq ekspertiza hesablarına ödənilməlidir. Belə ki, iş üzrə təyin edilən məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 20 (iyirmi) manat iddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh tərəfindən müştərək qaydada tutularaq Naxçıvan MR Maliyyə Nazirliyinin ********** VÖEN nömrəli, AZ21NABZ******************** hesab nömrəsinə ödənilməlidir. İş üzrə təyin edilən təkrar məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat iddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh tərəfindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** VÖEN nömrəli, AZ34CTRE******************** hesab nömrəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi və pul tələbi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İlkin iddia və qarşılıqlı iddia verilən zaman ödənilən dövlət rüsumu tərəflərin özünə aid edilsin. İş üzrə təyin edilən məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 20 (iyirmi) manat iddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh tərəfindən müştərək qaydada tutularaq Naxçıvan MR Maliyyə Nazirliyinin ********** VÖEN nömrəli, AZ21NABZ******************** hesab nömrəsinə ödənilsin. İş üzrə təyin edilən təkrar məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat iddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh tərəfindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** VÖEN nömrəli, AZ34CTRE******************** hesab nömrəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar