Məhkəmə qərarları › İş №2(078)-1103/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1103/2025

07.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1103/2025 07.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı mülkiyyətində olan ünvan 1-də yerləşən 34 saylı mənzilə Cavabdeh yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1-də yerləşən ümumi sahəsi 62.08 kvm olan 34 saylı 3 otaqlı mənzil Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 16 fevral 2023-cü il tarixdə adıma qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan çıxarış almışdır. Həmin mənzildə qardaşı Cavabdeh da qeydiyyatdadır. Qardaşı Cavabdeh 2-ci dəfə Naxçıvan şəhər Nikah evində 04 may 1992-ci il tarixdə Qazaxstan Respublikası vətəndaşı Əliyeva (Şeyxova) Qalina Əli qızı ilə evlənib yaşamaq üçün Qazaxıstan Respublikasına köçüb getdi. Həmin vaxtdan da orada yaşayır. Bu 33 ildən artıq müddətdə Cavabdeh bir neçə dəfə Naxçıvana gəlib. Evlənəndən sonra özünə daimi yaşayış yeri olaraq Qazaxıstan Respublikasını seçib, orada arvadı və qızı ilə birlikdə yaşayır. Cavabdehin mənzilin qeydiyyatında olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır, mənzilindən istədiyi kimi istifadə edə bilmir. Məhkəmə iclasında İddiaçı iddianı müdəfiə edərək izahatında cavabdehin onun qardaşı olduğunu, 33 ildir 2-3 dəfə gəlib getdiyini, əvvəllər bəzən əlaqə saxladıqlarını lakin son vaxtlar ona cavab vermədiyini, əlaqə saxlamadığını, Hüseynin cəmi iki dəfə Naxçıvana gəldiyini, daimi olaraq Qazaxıstanda yaşadığını, evin özünün adına olduğunu, 2022-ci ildən onun adına keçdiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndasi Vəkil iddianı müdəfiə edərək izahatında ünvan 1-də yerləşən yaşayış sahəsinin iddiaçının adına olduğunu, cavabdehin Qazaxıstanda yaşadığını, 30 ildən çoxdur mübahisəli evdən köçüb getdiyini, iddiaçının evində qeydiyyatda olması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığını bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X4 izahatında Hüseyni tanıdığını, ən son 2021-ci ildə bacısı rəhmətə gedəndə yasa gələndə gördüyünü, 92-ci ildə ailə qurduğunu, Hüseynlə 2021-ci ildə yasda görüşəndə danışdıqlarını, Qazaxıstanda işinin evinin olduğunu, orada rahat yaşadığını, buralara qayıtmaq istəmədiyini dediyini, 2021-ci ildən bəri Hüseyni görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X5 izahatında Cavabdehi ən axırıncı 2021-ci ildə gördüyünü, bacısının yasına gəldiyini, o zaman gördüyünü, Qazaxıstandakı ailəsinin gəlmədiyini, özünün tək gəldiyini, hal hazırda əlaqələrinin olmadığını, özünün əlaqə saxladığını lakin Hüseynin onunla heç bir əlaqə saxlamadığını, 2021-ci ildən bəri onu görmədiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 16 fevral 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 62.08 kvm-dən ibarət mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/28 nömrəli reyestr kitabının 5394 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər 5 saylı Mənzil İstismar İdarəsinin xx.xx.2025-ci il tarixli 410 nömrəli arayışından aydın olur ki, Şeyxov X3 şəhəri İstiqlal küçəsi ev 73 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər 5 saylı Mənzil İstismar İdarəsinin xx.xx.2025-ci il tarixli 439 nömrəli arayışından aydın olur ki, Şeyxova X7 şəhəri İstiqlal küçəsi ev 73 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunan AZ-V 217255 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. X1, anası X2r. İş materiallarına əlavə olunan xx.xx.2025-ci il tarixli 644500 nömrəli çıxarışdan aydın olur ki, Cavabdeh xx.xx.1952-ci ildə anadan olmuşdur. X1, anası X2r. İş materiallarına əlavə olunan xx.xx.2025-ci il tarixli 276593 nömrəli çıxarışdan aydın olur ki, xx.xx.1992-ci ildə Cavabdeh X6 ilə nikahları bağlanmışdır. İddiaçı cavabdehin ailə quraraq yaşayış və istifadə hüququ əldə etdiyi ünvandan getməsini, həmin ünvanda yaşamadığını bildirərək kompensasiya verilmədən yaşayış və istifadə hüququna xitam verilməsini tələb edir. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013cü il tarixli Qərarı). Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh mübahisəli mənzildə yaşayış və istifadə hüququ mövcud olmuşdur və bu hüququ mülkiyyətçinin ailə üzvü kimi yaranmışdır. İstər hüquq münasibətinin yarandığı dövrdə mövcud olan hazırda qüvvədə olmayan mənzil qanunvericiliyində, istərsə də hazırda qüvvədə olan mülki və mənzil qanunvericiliklərində mübahisə predmetini tənzimləyən hüquq normalarının təhlilindən belə nəticə çıxarmaq olur ki, yaşayış və istifadə hüququ şəxsin mənzilə ehtiyacı olduğu halda verilir və həmin ehtiyac aradan qaldırıldığı halda isə itirilmiş hesab edilir və ya xitam verilir. Yaşayış və istifadə hüququ verilmiş şəxsə kompensasiyanın verilməsi yalnız mənzildə yaşadığı və istifadə edildiyi təqdirdə mümkün hesab edilir. Hazırki işdə müəyyən edilmişdir ki, mənzilə istifadə hüququnu əldə etmiş şəxs Cavabdeh uzun müddət həmin mənzildən istifadə etməmiş və başqa yerdə yaşamışdır. Bu hallar iş materiallarına əlavə olunan sənədlər, iddiaçının izahatı və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Bütün bunların nəticəsində məhkəmə hesab edir ki, cavabdehin özünə daimi yaşayış yeri seçərək ailə qurduqdan sonra mübahisəli mənzildən çıxıb getməsi daimi olaraq mənzili tərk etmək kimi qiymətləndirilməli, bu halda mülkiyyətçinin mənafeyi nəzərə alınmalı və əsassız olaraq mülkiyyət hüququnun məhdudlaşdırılması aradan qaldırılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, cavabdeh özünə başqa yaşayış yeri seçməklə daim olaraq mübahisəli mənzildən getmişdir və sadəcə mənzil qeydiyyatında formal olaraq adının olması reallıqda mənzildən istifadə edən şəxsin mənzili üzərində hüquqlarını həyata keçirməyə maneə yaratması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa və ya xitam verilərsə məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı yenidən ikinci dəfə qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Bu həmçinin yenidən iddia qaldırılmasının qarşısını almaqla, həmçinin prosesssual qənaət prinsipinə xidmət etmiş olacaqdır. Nəticə: Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə xx.xx.2025-ci il tarixli 27104 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə xx.xx.2025-ci il tarixli 27104 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar