Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-113/2022 06.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtonəqliyyat vasitəsinə vurulmuş maddi ziyan nəticəsində 3000 (üç min) manat pulun və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 50(əlli) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətini 09 dekabr 2021-ci il tarixdə ərizə ilə bildirmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahatında iddianı müdafiə edərək bildirmişdir ki, Şevrolet markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşın onun mülkiyyətindədir. 04 noyabr 2021-ci ildə maşının nasaz olması səbəbindən onu Vüqar ustaya aparmışdır. Vüqar usta maşına baxmış və demişdir ki, maşının radiatoru dəyişilməlidir. Vüqar usta İsmixan ustaya zəng vurdu ki, vaxtı varsa maşına baxsın. O da maşını İsmixan adlı ustaya aparmışdır. Radiator dəyişilən zaman suyun patrufkasını matorun remeninə birləşdirilməsi nəticəsində maşının matoru sıradan çıxmışdır. Bununla bağlı İsmixandan matorun alınmasını tələb etmiş, İsmixan isə imkanının olmadığını bildirərək matoru almaqdan boyun qaçırtmışdır. Bundan sonra maşını Babək yolunda yerləşən Avtomobillərin Təmiri MMC-ə aparmışdır. Matoru isə 2000(iki min) manata Bakı şəhərindən alaraq ustalara təhvil vermişdir. 100(yüz manat) matorun gətirilməsi üçün karqoya vermiş, 600(altı yüz) manat ustaların xərci təşkil etmişdir. 150(yüz əlli) manat yağla filtiri, 150 manat isə digər xərclərə getmişdir. Ümumiyyətlə ona 3000 (üç min) manat ziyan dəymişdir. Avtomobillərin təmiri MMC-nin ustalarının 15 noyabr 2021-ci il tarixdə tərtib etdikləri akta əsasən ** BB *** nömrəli maşınıma mühərrik ehtiyat hissələrinin nöqsanlaşdırılması zamanı məlum olmuşdur ki, soyutma sisteminə aid olan su şlanqının kondisioner skifinə toxunması nəticəsində avtomobilin su şalanqı partlamış və mühərrikdə soyutma olmamışdır. Nəticədə 4 ədəd porşen,4 ədəd giliz, 1 ədəd şilindir başlığı,1 ədəd şilindir başlığı ara qatı sıradan çıxmışdır. Yuxarıda göstərilən ehtiyat hissələrinin yenidən bərpası mümkün olmadığından həmin hissələrin yenisi ilə əvəz edilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq iddiaçı qeyd etmişdir ki, maşının partufkası zədələnəndən sonra patrufkanı İsmixan dəyişmişdir. İsmixanın yanından çıxdıqdan sonra gecə vaxtı maşını idarə etdiyi vaxt mator qızdırıb, asfaltın üstünə maşın yağı tökülübdür. O da İsmixanla əlaqə saxlamışdır. İsmixan dedi ki, kənardadır, Aqşin ustaya demişdi, o da gəldi və maşını sexə gətirmişlər. Sonra o artıq İsmixana inanmayıb maşını Babək rayonuna Nihad ustanın yanına aparmışdır. Nihad usta baxıb dedi ki, maşının matoru yanıb. İsmixan radiatırı dəyişib, Aqşin usta karopkanın yağını dəyişib. Maşını işlədə-işlədə su tökürdülər. İsmixana aparmazdan əvvəl Vüqar ustaya maşını aparmışdır. O demişdir ki, vaxtı yoxdur və İsmixana zəng etmişdir. İsmixan dedi gətirsin yoxlasın, o da maşını İsmixanın yanına aparmışdır. İsmixanla birlikdə Aqşin usta da orada idi ikisi birlikdə maşına baxış keçirdilər. Ancaq İsmixan maşını düzlətdiyini bildirdi. Hələ 40 dəqiqə sexdə maşını işlətdilər. İşləyə işləyə də maşına su tökdülər. Maşının radiatırını İsmixan usta dəyişdi. Şahbuz rayonu Kolanı kəndində yaşayır. İsmixanı 2-3 ildir tanıyır. 10 ildir avtomobil idarə edir. Həmin vaxt maşın sexdə 40 dəqiqədən çox işlədi. O da orda olubdur. Radiatırı da İsmixan dəyişdi. Onun 3000 manatdan çox xərci çıxıb. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı iddiaçının vəkili Vəkil2 izahatında iddianı müdafiə etdiyini, iddiaçının tələbində haqlı olduğunu bildirib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia əsassızdır. İddiaya qarşı münasibətini etiraz ərizəsində ətraflı şəkildə bildirmişdir. Əlavə olaraq qeyd edir ki, o Elmarın maşınını düzəldikdən sonra ona tapşırmışdır ki həmin gün maşını sürməsin. Ancaq o məhəl qoymayıb maşını idarə etmişdir. Həmin gün gecə vaxtı Elmar ona zəng etdi ki, maşın idarə edilmir, yağ axıdır. Elmarın yanına Aqşini göndərmişdir, özü şəhər kənarında olmuşdur. Aqşin bildirmişdir ki, həqiqətən onun maşının hərəkət etdiyi yolda maşın yağı tökülmüşdü. Maşını sexə gətirmişlər, səhəri baxanda patrufkanın cırıldığını görmüşdür. Elmar demişdir ki, başqa ustanın yanına gedecək. Ona demişdir ki, matorun yanmasında səbəb maşının qızdırmağı olub. Ancaq bunu ona başa sala bilməmişdir. Patrufka deşilmişdi. Partufkadan su axmırdı. Elmara demişdir ki, maşını sussuz idarə etdiyi üçün maşın qızıb nəticədə matoru yanıb. Burda onun günahı yoxdur. Məhkəmədə cavabdeh ona verilən sualları cavablandırarkən bildirmişdir ki, Elmarın radiatırı dəyişməsinin səbəbi radiatorun suyunun karopkanın yağına qarışması olmuşdur. Aqşin karopkanın yağını dəyişmişdir. Həmin gün patrufkanı dəyişməmişdir, karopkanın yağını dəyişmişdir. Lakin iddiaçı elə hesab etdi ki, onun maşınına düzgün baxılmayıbdır. Elmar başqa bir ustanın yanına maşını aparıbdır. Sonra da gəlib dedi ki, “maşınımın matoru yanıb, mənim bir aləm xərcim çıxıb, maşınımın bu vəziyyətdə olmağının səbəbi sənsən, mənim xərcimi qarşıla.” O da etiraz etmişdir. Vüqar usta ona zəng edib Elmarın maşınının radiatorunun dəyişiləcəyini deyibdir. O və Aqşin usta Elmara demişdir ki, maşını bu gün sürməsin qalsın sabah sürsün. Ancaq Elmar onları eşitməmişdir. Onlar maşının radiatırını, karopkasını dəyişmişlər. Patrufka cırılmışdı. O dəyişəndə demişdir ki, yeni patrufka almaq lazımdı. Elmar gedib başqa maşın modelinin patrufkasını alıb gətirmişdir, o da demişdir ki, böyükdür. Elmar bildirmişdir ki, kəsib salsın, o da patrufkanı maşına salmışdır. Elmar günortadan sonra maşını onların yanına gətirmişdir. 4-5 saat maşın sexdə qaldı. Radiator dəyişildi, tez-tez suyunu dəyişmiş, qızdırmasına baxmışlar. Təxminən axsam saat 10-da maşını Elmara vermişlər. İki saat keçməmiş Elmar zəng vurdu ki, maşın su, yağ axıdıb yolda qalıb. O uzaqda idi. Aqşinə demişdir və o gedib baxmış, maşını sexə gətirmişdir. Səhəri karopkanı açıb baxmışlar ki, radiotar və matora bağlanan su şlanqı deşilib. Elmar gedib yenisini aldı və onun üstünə bağlamışdır. Maşın axşam onların yanımızda aparanda su axıtmış olsaydı, şlanq deşilsəydi bilərdilər. Çünki maşında işləyirdilər. Nə olubsa onların yanından apardıqdan sonra olub. O su şlankının ancaq radiatora tərəf bağalanan hissəsini açmış, həmin hissəni görə bilmişdir. Matora tərəf bağlanan hissəsinii görə bilməmişdir. O radiatoru düzgün quraşdırmışdır, heç bir səhlənkarlığı olmayıbdır. Qeyd etdiklərinə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən cavabdehin vəkili Vəkil1 iddianı qəbul etmədiyini, iddia əsassız olduğunu bildirib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X1 ifadəsində göstərmişdir ki, Elmarı neçə illərdir tanıyır. Onların yanına gələndə Vüqar usta demişdi ki, maşının radiatoru dəyişiləcək. İsmixan radiatoru və o da karopkanın yağını dəyişmişlər. Həmin gün 1 saata kimi maşın yerində sexdə işləmişlər. Heç bir problem olmadığını görəndən sonra onu təhvil vermişlər. Gecə vaxtı İsmixan zəng etdi ki, Elmar qalıb yolda onu gətirmək lazımdır. Gedib Elmarın maşınını sürüb sexə gətirmişlər, baxmışlar ki, maşının patrufkası cırılıb, su yağ yerə axmışdı. İsmixan ancaq radiatırı dəyişmişdir. Həmin vaxt karopka radiator hamısı yağın içində olmuşdur. İsmixan yeni patrufka saldı. Elmara dedi, Elmar gedib, yeni patrufka aldı. Maşın susuz işlədiyi üçün matoru yanıb. Burda usta səhvi yoxdur. Ola bilər ki, patrufkanın keyfiyyət müddəti bitib ona görə cırılıb. Yoxsa ilk dəfə maşını düzəldəndə İsmixan heç patrufkaya toxunmadı. Ancaq radiatoru dəyişdi. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində göstərmişdir ki, avtoservisdə maşın elektriki işləyir. Elmar onun yanına gəlib demişdir ki, maşınında nasazlıq var. Maşına baxış keçirtmiş və demişdir ki, maşının radiatırı və karopkanın yağı dəyişilməlidir. Elmar gedib yeni radiator aldı. O da demişdir ki, vaxtı yoxdur, İsmixan ustaya deyər o dəyişər. Sonra eşitmişdir ki, Elmarın maşının matoru yanıb. Maşının xarab olması patrufkadan da ola bilər. Ancaq dəqiq baxmaq lazımdı. O surət qutusunu dəyişmişdir. Hələ neçə vaxt qabaq Elmarın özünə demişdir ki, maşını sürmə xarabdır. Yoxsa qızıb yanacaq. 3-4 gün sonra gəldi ki, radiator alıb. O da demişdir ki, vaxtı yoxdur deyər İsmixan usta dəyişər. Məhkəmə baxışı iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Naxçıvan Avtomobillərin Təmiri MMC-də usta işləyir. Sex Babək rayonu Qoşadizə kənd yolu üstündə yerləşir. İddiaçı sözügedən avtomobili onun yanına gətirmişdir. Orada üç nəfər işləyirlər. O, bir türk vətəndaşı (ustadır) və müdiri Süleyman müəllim. Elmar onun yanına maşını gətirəndə maşının su şlankını düzəltdirmişdi. Elmar dedi ki, maşının patrufkası cırılıb. O patrufka dəyişməmişdir. Matora baxaraq, sıradan çıxan hissələri Elmara demişdir. O da dedi ki, bu hissələri dəyişməkdənsə yeni mühərrik almaq daha məsləhətdir. Onlar da hesab etmişlər ki, yeni mühərrik almaq məsləhətlidir. Elmar Bakıdan mühərrik gətirdi və onu maşına yığmışdır. Sullara cavab olaraq şahid bildirmişdir ki, sıradan çıxan bir giliz bir porşen idi. Lakin biri sıradan çıxanda hamısı dəyişilməlidir. Radiatoru maşına quraşdırmaq çətin iş deyil. Yəqin ki, radiator düz quraşdırılmışdır. O dəqiq deyə bilməz ki, nədən maşın qızdırıb, lakin karopkanın yağı radiatorun suyuna qarışanda maşın qızdıra bilər. Onlar bir porşen və gilizi dəyişməmişdir. Porşen və gilizin üçü salamat idi. Xərci hesablayanda ona görə digər giliz-porşenləri yazmışlar ki, onlar dəyişiləndə cüt-cüt hamısı dəyişilməlidir. Köhnə ilə yeni yola getmir. O mühərriki yığdığına görə zəhmət haqqı olaraq səhv etmirsə 550-600 manat Elmardan pul almışdır. Səhv etmirsə aşağı qiymət hesablamış, 50 manat güzəşt etmişdir, tam yadında deyil 650 manat idi, 600 manat alıb, yoxsa 600 manat idi, 550 manat alıb. Məhkəmə baxışı iclasında mütəxəssis "xxxx" MMC-də sex rəisi vəzifəsində işləyən X2 izahatında göstərmişdir ki, İddiaçı "xxxx" MMC-yə gələrək ona avtomobilin mübahisəli olan hissəni (mühərrikini) təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş mühərrikə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mühərrikin qızması nəticəsində silindir qapağında cüzi əyilmə baş verib, 3-cü gilizdə birində qızma ilə bağlı qızarma yaranıb, 2 silindirin yanmış porşeni mühərrikin qızması ilə bağlı deyil, mühərrikdə qızmaya görə silindir ara qatı sıradan çıxıb, sürətlər qutusunun yağının mühərrikin soyutma sisteminə qarışması nəticəsində mühərrikin qızma etimalı var. Porşenin 4 ədədi-920 manat təşkil edir, gilizin 4 ədədi 290 manat təşkil edir. Porşenin yanmağı qızmadan baş vermir. Patrufkanı şkif də sürtə bilər. Ehtimallar müxtəlifdir. Əgər maşının mübahisəli hissləri sıradan çıxan zaman maşına baxış keçirsəydi dəqiqliklə hamısını deyə bilərdi. Porşenə dəqiq baxdıqdan sonra nəyə görə sıradan çıxdığını deyə bilər. Onu görmək üçün söküb çıxarmalıdır. Lakin mühərrikin qızması nəticəsində porşenin boltlarının sıradan çıxması mübahisəsizdir, onu sökülmədən də bilmək olar. Çünki mühərrik qızanda porşenin boltları yanır. Gilizdə qızma baş verəndə də porşen sıradan çıxa bilər. Patrufkanın deşilməsi nəticəsində su yerə axarsa onda mühərrik qıza bilər. Maşın həmin vaxt onun servisinə gəlsəydi onda patrufkanın sürtülmə nəticəsində cırılıb cırılmadığını bilə bilərdilər. Hazırda bunu demək çətindir. Maşının yalnız sökülmüş hissələrini görmüşdür, radiatoru dəyişiləndə patrufka motor tərəfdən sürtülə bilər. Tək tək sıradan çıxmış hissələrin əvəzlənməsinin mümkün olmadığını cüt şəkildə alınmalıdır, ona görə də bir ədəd giliz yanırsa 4 ədəd birlikdə dəyişilməlidir. Cırılmış su borusuna baxış keçirtmişdir, ilk görünüşdən su borusunun sürtünmə nəticəsində cırılması aydın olur. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən «Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqeyinin hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona maddi zərərin dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən aydın olur ki, 71BB418 nömrəli “Chevrolet markalı Malibu modeli sedan tipli nəqliyyat vasitəsi Şahbuz rayonu Kolanı kənd sakini İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan nöqsanlaşdırma aktından aydın olur ki, Şhevrolet markalı ** BB *** dövlət nişanlı avtomobilin mühərrik ehtiyat hissələrinin nösanlaşdırılmasə zamanı məlum olmuşdur ki, soyutma sisteminə aid olan su şlanqının kondisioner şkifinə toxunması nəticəsində avtomobilin su şlanqı partlamış və mühərrikdə soyutma olmamışdır. Nəticədə aşağıdakı ehtiyat hissələri sıradan çıxmışdır. 1.Porşen-4 ədəd 2.Giliz-4 ədəd 3.Silindr başlığı-1 ədəd 4.Silindr başlığı ara qatı-1 ədəd Göstərilən ehtiyat hissələrinin yenidən bərpası mümkün olmadığından həmin hissələrin yenisi ilə əvəz edilməsi məqsədəuyğun hesab edilmişdir. 26 yanvar 2022-ci il tarixdə iş üzrə kompleks məhkəmə nəqliyyat vasitələrinin texniki vəziyyətinin tədqiqi ekspertizası və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə nəqliyyat vasitələrinin tədqiqi ekspertizası üzrə ekspertin qarşısına aşağıdakı suallar qoyulmuşdur. 1.Su soyutma sistemi yenisi ilə əvəz edilərkən yeni su soyutma sistemi avtomobilə düzgün quraşdırılmışdırmı?
2. Su soyutma sisteminin yenisi ilə əvəz edilməsi zamanı su borusunu bütöv halda görmək, onda hər hansı partlama, və ya zədələnmə izini müşahidə etmək mümkündürmü?
3. Su borusunun zədələnməsinə səbəb su soyutma sisteminin düzgün quraşdırılıbquraşdırılmaması ilə əlaqədar olarmı?
4. Su borusunun zədələnməsinə səbəb su soyutma sisteminin quraşdırılması ilə əlaqəli deyilsə, nə ilə əlaqədardır?
5. Su borusunun zədələnməsi mühərrikin porşen, giliz və giliz başlığı ara qatının sıradan çıxmasına səbəb ola bilərmi?
6. Su soyutma sisteminin dəyişdirilməsi ilə mühərrikin porşen, giliz və giliz başlığı ara qatının sıradan çıxması arasında səbəbli əlaqə varmı, vardırsa hansılardır? Həmçinin məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması üzrə ekspertin qarşısına aşağıdakı suallar qoyulmuşdur.
1. Ekspert tədqiqatına təqdim edilmiş mühərrikin 4 ədəd porşen, 4 ədəd giliz, 1 ədəd silindir başlığı və 1 ədəd silindir ara qatı istifadəyə yararlıdırmı?
2. Ekspert tədqiqatına təqdim edilmiş mühərrikin 4 ədəd porşen, 4 ədəd giliz, 1 ədəd silindir başlığı və 1 ədəd silindir ara qatı əsaslı təmir olunmaqla rentabelli hesab edilə bilərmi?
3. Ekspert tədqiqatına təqdim edilmiş mühərrikin 4 ədəd porşen, 4 ədəd giliz, 1 ədəd silindir başlığı və 1 ədəd silindir ara qatı əsaslı təmir edilməsi nəticəsində rentabelli hesab edilmirsə onların bazar qiyməti nə qədərdir?
4. Ekspert tədqiqatına təqdim edilmiş mühərrikin 4 ədəd porşen, 4 ədəd giliz, 1 ədəd silindir başlığı və 1 ədəd silindir ara qatının yenisi ilə əvəz edilməsi üçün usta xərci nə qədər təşkil edir? Naxçıvan Şəhər Məhkəməsinə 21 fevral 2022-ci il tarixdə ekspert Azər Abdullayevin ekspertiza aparmaqdan imtina haqqında 18 fevral 2022-ci il tarixli məlumatı daxil olmuşdur. Məlumatda qeyd olunmuşdur ki, “nəqliyyat vasitələrinin texniki vəziyyətinin tədqiqi” ekspertizası yol-nəqliyyat hadisələrinin ekspertizasının bir növü olduğundan yol nəqliyyat hadisəsi olduqdan aparılır və sözügedən mülki iş üzrə avtomobildəki nasazlıq hər hansı növ yol-nəqliyyat hadisəsi baş vermədiyindən mövcud vəziyyətdə tədqiqat aparmaq üçün təsdiq olunmuş metodik vəsaity olmadığından və qoyulmuş suallar ekspertin xüsusi biliyindən kənara çıxdığından bu shaədə ekspertizanın aparılması ekspertin səlahiyyətinə aid deyil. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsini və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “nəqliyyat vasitələrinin texniki vəziyyətinin tədqiqi” ekspertizasının təyin olunması haqqında qərardad icrasız saxlanılaraq mülki işin materialları məhkəmə əmtəəşünaslıq ekspertizası bölməsinə təhvil verilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması barədə 07 aprel 2022-ci il tarixli 41-42 nömrəli rəyi 08 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən aydın olur ki, iş materiallarında qərardadda adları qeyd olunan “Chevrolet Malibu” markalı avtomobilin mühərriki üçün 4 ədəd porşen, 4 ədəd giliz, 1 ədəd silindr başlığı və 1 ədəd silindr ara qatının istifadəyə yararlı olub-olmamasını və əsaslı təmir olunmaqla rentabelli hesab edilməsini müəyyən etmək mümkün olmadı. Qərardadda adları qeyd olunan “Chevrolet Malibu” markalı avtomobilin mühərriki üçün 4 ədəd porşen, 4 ədəd giliz, 1 ədəd silindr başlığı və 1 ədəd silindr ara qatının orta bazar qiyməti ümumilikdə 1239 .36 (bir min iki yüz otuz doqquz manat otuz altı qəpik), usta xərcinin məbləği isə 600 (altı yüz) manat həcmində müəyyən olunur. İş materiallarında olan mütəxəssis arayışından aydın olur ki, Cehvrolet Malibu markalı avtomobilin mühərrikinə baxış keçirilmiş və aşağıdakı nöqsanlar aşkar edilmişdir. 1.Mühərrikin qızma nəticəsində silindr qapağında cüzi əyilmə baş verib. 2.İİİ gilizdə birində qızma ilə əlaqədar qızarma yaranıb. 3.İİ silindirin yanmış porşeni mühərrikdəki qızma ilə əlaqəli deyil.
4. Mühərrikdə qızmaya görə silindir ara qatı sıradan çıxıb. 5.Sürətlər qutusunun yağının mühərrikin soyutma sisteminə qarışması nəticəsində mühərrikin qızma ehtimalı var. Azərbaycan Respublikası MPM-nin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Həmin Məcəllənin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə yuxarıda sadalanan hüquq normalarını iş materiallarında olan sübutlarla əlaqəli şəkildə təhlil edir və belə nəticəyə gəlir ki, iş üzrə mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən sübutları tədqiq edir və belə hesab edir ki, bu halda sübutun qiymətləndirilməsi meyarları nəzərə alınmalıdır. İddiaçı məxsus olan Chevrolet Malibu” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilinin mühərrik sisteminin qızması nəticəsində bir neçə ehtiyat hissələrinin sıradan çıxması işin mübahisəsiz halıdır. Bu hal həm şahid ifadələri ilə, həm mütəxəssis arayışı, tərəflərin izahatları, nöqsanlaşdırma aktı ilə öz təsdiqini tapır. Mütəxəssis öz izahatında və arayışında sıradan çıxan hissələri göstərmiş, həmin hissələrin hansı səbəbdən sıradan çıxdığını bildirmişdir. Bundan əlavə mütəxəssis izahatında porşenin sıradan çıxması səbəbinin mühərrikin qızması ilə əlaqəli olmadığını bildirmiş, bunun səbəbini bilmək üçün mühərrikin sökülməli olduğunu, lakin hər bir halda mühərrik qızdıqda porşenin boltlarının yandığını bildirmişdir. Həmçinin tək tək sıradan çıxmış hissələrin əvəzlənməsinin mümkün olmadığını cüt şəkildə alınmalı olduğunu bildirmişdir. İşin mübahisəli halına-yəni cavabdehin nöqsanı, təqsiri nəticəsində həmin ehtiyyat hissələrinin sıradan çıxıb-çıxmaması məsələsinə gəldikdə məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. İddiaçı iddia tələbində qeyd etdiyi halları-yəni onun mülkiyyətində olan “Chevrolet Malibu” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş ziyanın məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş verməsini sübuta yetirə bilmişdir. Bu həm iş materiallarında olan nöqsanlaşdırma aktından, həm şahid ifadələrindən, mütəxəssis arayışından, ekspert rəyindən, eyni zamanda iddiaçı və cavabdehin öz izahatları ilə müəyyən edilmişdir. Belə ki, İddiaçı cavabdehin avtomobilin su soyutma sistemini (radiatorunu) dəyişərkən ona birləşdirilən su borusunun (patrufkanın) tam birləşdirməməsi səbəbindən patrufkanın sürtünmə nəticəsində kəsilməsi, nəticədə maşından su və yağın axıdılması və son nəticədə mühərrikin qızması və ehtiyat hissələrin sıradan çıxması ilə əlaqələndirmişdir. Cavabdeh iddiaya etiraz edərək yazılı etirazında onun tərəfindən maşının radiatorunun düzgün quraşdırıldığını, su borusunun mühərrikə birləşdirilən hissəsinə toxunmadığını, mühərrikin soyudulması sistemini dəyişərkən yalnız həmin hissəni açıb yeni cihazla əvəz etdiyini, avtomobilin bir saata yaxın yerində işlək vəziyyətdə saxlanıldığını, işi ilə bağlı heç bir nasazlıq olmadığını, Elmarın avtomobildə sükanın ön tərəfində şəffaf görüntülü göstərici cihazlarından olan mühərrikdə istiliyin dərəcəsini göstərən cihaza nəzarət etməməsi səbəbindən avtomobili susuz idarə etdiyi üçün mühərrikin qeyd edilən hissələrini sıradan çıxardığını bildirmişdir. İşə məhkəmədə baxılarkən istər iddiaçıya, istər cavabdehə verilən suallara cavablardan aydın olmuşdur ki, mübahisəli su borusunun (patrufkanın) cırılması və ya kəsilməsi məhz Cavabdeh tərəfindən mühərrikin su soyutma sisteminin yenisi ilə əvəz edildikdən sonra baş vermişdir. Belə ki, Cavabdeh ona verilən suallara cavab olaraq əgər su borusunda hər hansı cırılma, partlama olduğu halda maşından su və yağın axıdılmalı olmasını bildirmiş, onun yanına yeni su soyutma sistemi köhnəsi ilə əvəz edilmək üçün maşın gətirilən vaxt maşından hər hansı yağ, suyun axıdılmadığını bildirmişdir. Bundan əlavə cavabdeh maşının 4 saata qədər sexdə qaldığı müddətdə işlək vəziyyətdə olduğunu, həmin müddətdə dəfələrlə suyun dəyişildiyini, əgər yağ su axıdılması olardısa bunun görünəcəyini bildirmişdir. Həmçinin cavabdeh yalnız rezin su borusunun mühərrikin su soyutma sisteminə birləşdirilən yerini görmək imkanı olduğunu, mühərrikə tərəf birləşdirilən yeri görmək imkanının sökülmədən mümkün olmadığını, həmin hissədə su borusunda cırılma ehtimalı ola biləcəyini bildirsə də mütəxəssisə verilən sualdan aydın olur ki, mühərrikin su soyutma sistemi dəyişilən zaman ona birləşən rezin su borusunun digər tərəfi mühərrikə birləşir və dəyişilən halda onun usta tərəfindən görünməsi mümkündür. Məhkəmə belə hesab edir ki, İddiaçı tərəfindən avtomobil usta Cavabdeh su soyutma sisteminin yenisi ilə əvəz edilməsi üçün müraciət edilən zaman avtomobilin su borusunda (patrufkada) hər hansı nasazlıq olmamışdır. Əks halda nasazlıq olduğu halda avtomobilin mühərrikindən su axıdılardı ki, bu halın mövcud olması da usta tərəfindən su soyutma sistemi dəyişilən zaman mütləq şəkildə görülərdi və iddiaçıya həmin nasazlıq barədə məlumat verilərdi. Bu halın mövcud olmadığını cavabdeh özü etiraf edir. Yəni avtomobil ona gətiriləndə, eyni zamanda sexdə olduğu bir neçə saatlıq müddətdə mühərrikdə hər hansı su axıdılmadığını bildirir. Belə olan halda yeni su soyutma sistemi köhnə ilə əvəz edildiyi halda, avtomobilin müərrikində su soyutma sisteminin suyunun dəfələrlə dəyişildiyi və maşının yerində işlədiyi halda, sexdən avtomobil çıxdıqdan bir neçə saat sonra suyun, yağın axıdılması və nəticədə mühərrikin qızaraq ehtiyat hissələrinin sıradan çıxması zaman və nəticə baxımından cavabdehin gördüyü işin keyfiyyətlə yerinə yetirməməsi nəticəsinə gəlməyə imkan verir. Eyni zamanda cavabdeh özü izahatında bildirir ki, iddiaçı həmin gün gecə vaxtı ona zəng edərək bu barədə məlumat vermiş, onun usta yoldaşı maşını sexə gətirmiş və usta iddiaçının yanına gedəndə ona maşından su, yağ axdığını, mühərrikin qızdığını, maşında su olmadığını bildirmişdir. Səhəri gün o maşına baxarkən su borusunu cırıldığını görmüş, məhz özü həmin su borusunu yenisi ilə əvəz etmişdir. Cavabdehin öz izahatından bildirdiyi hallar onu deməyə əsas verir ki, mübahisə predmeti olan avtomobildə mühərrikin qızması səbəbi məhz su borusunun sürtünmə nəticəsində kəsilməsi səbəbindən suyun, yağın axıdılması, mühərrikin susuz qalması olmuşdur. Nöqsanlaşdırma aktından görünür ki, su borusunun cırılması səbəbi kondisionerin şkifinə toxunması olmuşdur. Mütəxəsəss izahatında su borusuna baxış keçirdiyini və onun sürtünmə nəticəsində cırıldığını bildirmişdir. Buna görə də məhkəmə nöqsanlaşdırma aktında qeyd edilənləri, mütəxəssis izahatını, cavabdehin öz izahatını əlaqəli şəkildə tədqiq edib hesab edir ki, cavabdeh usta olaraq mübahisə predmeti olan avtomobilin yeni su soyutma sistemini quraşdırarkən rezin su borusunda hər hansı nasazlığın olmasını görməmişdir. Həmin nasazlıq cavabdeh tərəfindən yeni su soyutma sistemi quraşdırıldıqdan sonra yaranmışdır. Bu işin mübahisəsiz halıdır. Su borusunda olan nasazlığın səbəbini cavabdeh etirazında və izahatında iddiaçı tərəfində su göstəricisinə olan cihaza nəzarət edilmədiyində mühərrikdə suyun olmadığını bilməməsi nəticəsində mühərrikdə qızma olduğunu qeyd etsə də bunun təsdiqi üçün mötəbər sübutlarını təqdim etməmişdir. Ümumiyyətlə Cavabdeh iddia ərizəsinə etirazını bildirməsinə baxmayaraq öz etirazının əsası kimi məhkəməyə hər hansı mötəbər və təkzibedilməz sübut təqdim etməmişdir. Cavabdehin vəsatəti əsasında ifadə verən şahid X1 ümumi məzmunlu ifadə verərək özünün tərəfindən görülmüş işlə bağlı məlumat vermişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən etirazın əsası sübut edilməlidir. Nə qədər ki, iddiaçı öz tələbinin əsasını sübut etmək üçün müxtəlif sübutlar təqdim edir, nöqsanlaşdırma aktı, şahid ifadələri, cavabdeh də məhz onun tərəfindən su soyutma sisteminin yenisi ilə əvəz edilməsi zamanı hər hansı təqsirinin olmamasını sübuta yeriməlidir. Cavabdeh isə bu sübutları təqdim edə bilməmişdir. Məhkəmə belə hesab edir ki, İddiaçı məxsus olan Chevrolet markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikin su soyutma sisteminin quraşdırılması Cavabdeh tərəfindən düzgün və keyfiyyətli şəkildə yerinə yetirilməmiş və görülmüş nöqsanlı işin nəticəsi olaraq su soyutma sisteminə birləşdirilən rezin su borusu sürtünmə nəticəsində kəsilmiş və su yerə axmış, nəticədə mühərrik qızmış və ehtiyyat hissələri sıradan çıxmışdır. Məhkəmə iddia tələbində qeyd edilən ehtiyyat hissələrinə görə 3000 (üç min) manat xərc çəkilməsi və həmin məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Belə ki, iddiaçı izahatında bildirmişdir ki, sözügedən ehtiyyat hissələrinin yenisi ilə əvəz edilməsi yeni mühərrik qədər keyfiyyətli olmayacağından yeni mühərrik almış və həmin mühərrik usta tərəfindən maşına yığılmışdır. Məhkəmə iddiaçının istəyi əsasında bərpası mümkün olmayan hissələrin yenisi ilə əvəz edilməsi əvəzinə yeni mühərrik alınması və onun pulunun cavabdehdən tələb etməsini əsaslı hesab etmir. Belə ki, işə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, bütöv halda mühərrik sıradan çıxmamış, bəzi hissələri sıradan çıxmışdır. Belə olan halda cavabdeh yeni alınan mühərrik üçün deyil, mühərrikin sıradan çıxan ehtiyyat hissələri üçün məsuliyyət daşıyır və həmin hissələrin pulunu iddiaçıya ödəməlidir. Məhkəmə bu halda ekspert rəyini sübut qismində qiymətləndirir və belə hesab edir ki, ekspert rəyində müəyyən edilmiş qiymətlər əsas götürülməlidir. Ekspert rəyində müəyyən edilmişdir ki, “Chevrolet Malibu” markalı avtomobilin mühərriki üçün 4 ədəd porşen, 4 ədəd giliz, 1 ədəd silindr başlığı və 1 ədəd silindr ara qatının orta bazar qiyməti ümumilikdə 1239 .36 (bir min iki yüz otuz doqquz manat otuz altı qəpik), usta xərcinin məbləği isə 600 (altı yüz) manat həcmində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh ümumilikdə 1839.36 (bir min səkkiz yüz otuz doqquz manat otuz altı) manat pul alınıb İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsini rədd edərkən gəldiyi nəticəni yuxarıda qeyd edilən hallara uyğun olaraq əsaslandırmış və bildirmişdir ki, yeni mühərrikin alınması üçün cavabdeh məsuliyyət daşımır, o ancaq sıradan çıxan ehtiyyat hissələri üçün cavabdehdir, ona görə də iddiaçı yeni mühərrikin alınması xərcini cavabdehdən tələb edə bilməz. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən 15 noyabr 2021-ci il tarixdə X4 Filialına 2400 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 31 (otuz bir) manatı cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1839.36 (bir min səkkiz yüz otuz doqquz manat otuz altı) manat pul Cavabdeh alınaraq İddiaçı oğuna verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh 1839.36 (bir min səkkiz yüz otuz doqquz manat otuz altı) manat pul alınaraq İddiaçı oğuna ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən 15 noyabr 2021-ci il tarixdə X4 Filialına 2400 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 31 (otuz bir) manatı Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.
Sədrlik edən: Gülnar Səfərəliyeva