Məhkəmə qərarları › İş №2(078)-1134/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1134/2024

19.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1134/2024 19.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan halların aradan qaldırılması, qanunsuz olaraq evlərinin divarına bitişik tikilmiş hamam binasının öz hesabına sökülməsi və evə vurulmuş zərərin onlara ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 86.17 m2 yaşayış sahəsində Cavabdeh tərəfindən mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan halların aradan qaldırılması, Cavabdeh tərəfindən qanunsuz olaraq evlərinin divarına bitişik tikilmiş hamam binasının öz hesabına sökülməsi və evə vurulmuş zərər olaraq 3000 (üç min) manat pulun onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi iddiaçı X2 tərəfindən imzalanmış, lakin sistem məlumatlarından görünür ki, X2 xx.xx.2014-cü il təvəllüdlüdür. X2 azyaşlı olduğundan bu, iddia ərizəsinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması nəticəsini yaratmışdır. Ona görə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Həmin Məcəllənin49.4-cü maddəsinə görə on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.2-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki tələbdə X2 azyaşlı olduğundan iddia ərizəsi onun tərəfindən imzalana bilməzdi. İddia ərizəsi qaytarıldığına görə, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 16 iyul 2024-cü il tarixli, 726 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan halların aradan qaldırılması, qanunsuz olaraq evlərinin divarına bitişik tikilmiş hamam binasının öz hesabına sökülməsi və evə vurulmuş zərərin onlara ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 16 iyul 2024-cü il tarixli, 726 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət eməyə mane olmur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar