Məhkəmə qərarları › İş №2(078)-1176/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1176/2021

22.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1176/2021 22.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı1 vəkili Vəkil və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı çəkilmiş xərcin qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4443.5 (dörd min dörd yüz qırx üç manat əlli qəpik) manat pulun alınıb İddiaçı2, 700 (yeddi yüz) manat pulun isə alınıb İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı2 iddianı müdafiə edərək, qızı İddiaçı1 2006-cı ildə Coşqun Məmmədovla rəsmi nikah qeydiyyatından keçməklə evləndiklərini, xasiyyətləri uyğun gəlmədiyindən 2019-cu ildə nikahlarının məhkəmə qətnaməsinə əsasən pozulduğunu, qudası ilə köməkli olaraq onların həyətində qızıgilə ayrıca ev tikmək barədə məsləhətləşdiklərini, ona görə də, 2009-cu ildə qudasıgilin köməkliyi ilə öz həyətlərində him açaraq ilkin olaraq 5x4 ölçüdə bir otaq tikdiklərini, sonrakı illərdə əlavə olaraq 3x4 ölçüdə bir otaq, salon, hamam-tualet və mətbəx tikdiklərini, 2019cu ildə nikah pozulduqdan sonra qudası Gülparənin qızını həmin evdən çıxarmaq istədiyini, qızının isə onunla birlikdə həmin evlərin tikintisinə çəkdikləri xərci tələb etdiyini, qayınanasının həmin pulu verəcəyini bildirsə də, sonradan pulu verməkdən imtina etdiyini, ona görə də qızının həmin evdən çıxmadığını, bu gün də həmin evdə vaşadığını, qavınanasının qızının məcburi qaydada evdən çıxarılması barədə məhkəmədə iddia qaldırdığını, Naxçıvan Şəhər Məhkəməsində 26 avqust 2021-ci il tarixli qətnaməyə əsasən Vüsalənin məcburi qaydada həmin evdən çıxarılmasının qət edildiyini, Gülparənin həmin məhkəmənin gedişində də dəfələrlə çəkilən xərci ödəyəcəyini bildirsə də, sonda nədənsə pulu ödəməkdən imtina etdiyini, ona görə də məcbur qalıb məhkəmədə iddia qaldırdıqlarını, birinci otağın tikilişinə 3 maşın çay daşı gətirdiyini, 1 maşın daş 100 manat olmaqla 300 manat xərc çəkdiyini, 1 maşını 70 manat olmaqla, 2 maşın qum gətirdiyini (140 manat), 20 kisə sement aldığını (4.50x20=90 manat), 2-ci evin tikintisinə sokola 1 maşın söküntü Bakı daşı gətirdiyini (150 manat), 1 maşın 100 manat olmaqla, 2 maşın dağ daşı 200 manat, sokol üçün 35 kisə sement 4.50x35=157.50 manat, sokol üçün 2 maşın qum 70x2=140 manat, 500 ədəd priket 55x500=275 manat, tikinti üçün 1 maşın qum 70 manat, tikinti üçün 30 kisə sement 135 manat, 2-ci otağa strapil, 5 ədəd 11x5=55 manat, salonun tikintisi üçün 500 ədəd priket 0.55x500=275 manat, 1 maşın qum 70 manat, 30 kisə sement 4.50x30=135 manat, zirzəminin tikintisi üçün- 16-lıq armatur 150 metr 150x0.80=120 manat, 3 ədəd 4 metrlik 50-lik truba 12x3=36 manat, 10 kisə sement 4.50x10=45 manat, salona 2 pəncərə 50x2=100 manat, salona qapı 90 manat, salonun üstünə strapila 12 ədəd 12x11=132 manat, 1 maşın söküntü taxta 150 manat, şiferin materiallarına 1000 manat, otağın alcısının çəkilməsinə görə 100 dollar (78 manat), əlavə olaraq özünün, qardaşlarının, yaxın qohumlarının həmin evin tikintisində fəhlə olaraq işlədikləri 500 manat fəhlə pulu, cəmi 4443.50 manat, nikah pozulduqdan sonra hamam, tualet və mətbəxin ancaq hörgüsünün olduğunu, salonla mətbəxin arasında olan orta divarı hördürdüyünü, hamamın yerinin metlağını, lambirini vurdurduğunu, su xətlərinin çəkilməsi, materialların alınması, hamamın mantaj olunması, şopen qoyulması, hamamın qapısı, cəmi 500 manat, mətbəxə lambirinin alınması və vurulması 100 manat, mətbəxin qapısı 100 manat, cəmi 700 manat xərc çəkdiyini, ona görə də evin tikintisi üçün çəkmiş olduğu 4443.50 manat pulun Cavabdeh alınaraq İddiaçı2, 700 manat pulun alınaraq İddiaçı1 verilməsini istədiklərini, bunları nəzərə alaraq, Cavabdeh 4443.5 (dörd min dörd yüz qırx üç manat əlli qəpik) manat pulun alınıb İddiaçı2, 700 (yeddi yüz) manat pulun isə alınıb İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı1 iddianı müdafiə etdiyini, İddiaçı2 dediklərini təsdiq etdiyini, əlavə fikrinin olmadığını, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında İddiaçı1 vəkili qismində izahat verən Vəkil, iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul edərək, maddi imkanı zəif olduğundan iddiaçılara borcunu qaytara bilmədiyini, iddia tələbində qeyd olunanların düzgün olduğunu, iddiaçılara borcunun olduğunu etiraf etdiyini, bu dediklərini nəzərə alaraq, müvafiq qərar verilməsini xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 04/448 nömrəli, 27 iyul 2021-ci il tarixli məktubuna əsasən, Naxçıvan MR-in daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına 01 fevral 2008-ci il tarixdə Naxçıvan şəhər 2-ci DNK-nın 07 yanvar 2008-ci il tarixli, 4/ə-02 nömrəli Bağışlama Müqaviləsi əsasında Naxçıvan şəhəri, 35-ci məhəllə 135 ünvanında 751 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 42.96 m2 olan 2 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. Məhkəmə izahatlara və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4443.50 (dörd min dörd yüz qırx üç manat əlli qəpik) manat pul alınıb İddiaçı2, 700 (yeddi yüz) manat pul isə alınıb İddiaçı1 verilməlidir. Belə ki, Cavabdeh məhkəmə baxışı iclasında iddianı qəbul etdiyini bildirmişdir. Cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsində nəzərdə tutulan əsaslar iş üzrə müəyyən edilmədiyindən, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" qərarının 6.6-cı bəndinə əsasən, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4443.50 (dörd min dörd yüz qırx üç manat əlli qəpik) manat pul alınıb İddiaçı2, 700 (yeddi yüz) manat pul isə alınıb İddiaçı1 verilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar