Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1222/2025 13.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4400 (dörd min dörd yüz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 (altmış dörd) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında xx.xx.2024-cü il tarixdə 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin Notariat ofisində borc müqaviləsi bağlanmışdır. Bu müqavilənin şərtlərinə görə o, Cavabdeh notariusun bankda açılan depozit hesabı vasitəsilə 4800(dörd min səkkiz yüz) manat məbləğində pul borc verməyi, cavabdeh isə borcu xx.xx.2025-ci il tarixinədək hər ay ayın 10-na kimi ayda 400 (dörd yüz) manat olmaqla ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulu ona notariusun bankda açılan depozit hesabi vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin öhdəliyinin icrası üçün müəyyən olunmuş müddətin başa çatmasına baxmayaraq o, hələ də öhdəliyini icra etməmişdir. Belə ki, o, bu vaxtadək yalnız 400 (dörd yüz) manat ödəmiş qalan 4400 (dörd min dörd yüz) manatı isə ödəməmişdir. Odur ki, cavabdeh borcu qaytarmaqdan yayınır. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Hesab edir ki, cavabdehlə onun arasında müqavilə bağlandığından, həmin müqavilə üzrə cavabdeh ondan borca pul aldığından, öhdəliyin icrası üçün müddət müəyyənləşdirildiyindən öhdəliyin icrası müqavilədə nəzərdə tutulmuş müddət ərzində yerinə yetirilmədiyindən və öhdəliyin icrası müddəti başa çatdığından cavabdehə qarşı iddia tələbi qanuni və əsaslıdır, buna görə də iddia tələbi təmin olunmalıdır.
4. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 739.1 və 742.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdarlıq edilmələrinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı isə ərizə yazaraq məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
7. İş materiallarında olan, 09 iyun 2024-cü il tarixli, Borc müqaviləsindən müəyyən olunur ki; ● İddiaçı, Cavabdeh notariusun bankda açılan depozit hesabı vasitəsilə 4800 manat 00 qəpik (dörd min səkkiz yüz manat sıfır qəpik) məbləğində borc verir. ● "Borc alan" borcu xx.xx.2025 tarixinədək hər ay ayın 10-na kimi ayda 400 manat 00 qəpik (dörd yüz manat sıfır qəpik) olmaqla ümumi olaraq 4800 manat 00 qəpik (dörd min səkkiz yüz manat sıfır qəpik) məbləği "Borc verən"ə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürür. ● Tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər.
● Borc müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. ●"Borc alan" borc müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən borcu qaytara bilər. ●"Borc alan" müqavilə üzrə öhdəliyin icrasınin tamamilə və ya hissə-hissə notariusun depozit hesabi vasitəsilə həyata keçirir. ● Ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə borclunun borcluya yazılı bildiriş göndərməsindən 20 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır . ●"Borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. ● Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. ● Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yeni müqaviləsi əsasında, belə müqavilə olmadiqda isə məhkəmə qaydasında həyata keçirilir. ● Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini "Borc verən" çəkir. ● Bu müqavilə üç nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan biri notariat ofisində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
12. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
20. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
31. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
32. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.
33. Məhkəmə həmçinin qeyd edir ki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir.
34. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
35. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
36. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsi imzalanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. 37.Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh borc müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış 09 iyun 2024-cü il tarixli Borc Müqaviləsi üzrə qaytarılmamış 4400 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 38.Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 39.İddia təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia ərizəsi üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə 75552577 nömrəli qəbz ilə ödənilmiş 64 manat dövlət Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. 40.Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 09 iyun 2024-cü il tarixli Borc Müqaviləsi üzrə 4400(dörd min dörd yüz qırx) manat məbləğində borc İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə 75552577 nömrəli qəbz ilə ödənilmiş 64 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Aslan Heydarov