Məhkəmə qərarları › İş №2(078)-1227/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1227/2021

21.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1227/2021 21.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evin tərkib hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında izahat verən İddiaçı iddia ərizəsini müdafiə edərək qeyd etdiklərini nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 iddiaçının bacısıdır. Cavabdeh1 1980-ci illərdə ailə qurub Türkmənistana köçmüşdür. Onun Cavabdeh2 adlı övladı var. Daha sonra 1990-cı illərin sonunda Naxçıvana gəlib bir müddət ata evində yaşamışlar və həmin evin qeydiyyatına düşmüşlər. Artıq 2004-cü ildən iddiaçının mülkiyyətində olan evdən çıxıb özlərinə məxsus evdə yaşmağa başlamışlar. Cavabdeh2 adına olan torpaq sahəsində ev olsa da hazırda qeydiyyata alınmamışdır. Artıq Cavabdeh1 iddiaçının dediyinə görə Gəncə şəhərində yaşayır və 2004-cü ildən sonra Naxçıvana iddiaçının evinə qayıtmamışdır. Cavabdeh2 isə sonuncu dəfə Türkiyədə olması barədə iddiaçı ona məlumat vermişdir. Cavabdehlərin mənzildən getdikləri 2004-cü ildə keçmiş Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəlləyə görə yaşayış yerini tərk etmiş kirayəçinin və ailə üzüvünün həmin yerdə istifadə hüququ altı ay müddətinə saxlanılır. Əgər şəxs daimi olaraq yaşayış yerini tərk edirsə kirayə müqaviləsi getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüquqları itirilir. İddia ərizəsinə əlavə olaraq toplanmış sənədlərdən aydın olur ki, cavabdehlər 2004-cü ildən mənzildən çıxıb getmişlər. Belə olan halda onların mənzildən getməsi daimi olaraq getmək kimi qiymətləndirilməlidir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclaslarının və məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X4 ifadəsində göstərmişdir ki, İddiaçı ilə qonşudur. Səmədin bacısı Sədaqəti, oğlu Tərxanı təxminən 15 il əvvəl görmüşdür. Daha sonra onların kirayə yaşadıqlarını eşitmişdir. Lakin uzun müddətdir ki, onları Səmədin evinə gələn görməmişdir. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində göstərmişdir ki, iddiaçı ilə qonşudur. Sədaqət Səmədin bacısıdır və təxminən 1985-ci ilə qədər qonşuluqda yaşamışdır. Daha sonra onun ailə qurub Türmənistana köçdüyünü bilmişdir. Bir neçə il keçdikdən sonra oğlu ilə geri qayıtmışdır. Təxminən 2-3 ay Səmədin evində qaldıqdan sonra yenə oğlu ilə çıxıb getmişdir. Oğlunun adı Tərxan idi. Uzun müddətdir ki, onları Səmədin evinə gələn görməmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri, Şaxtaxtınski küçəsində 702 kv.metr torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 29.9 kv.metr yaşayış, 30.21 kv.metr qeyri-yaşayış, 10.2 kv.metr köməkçi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Naxçıvan şəhəri 1 saylı Dövlət Notariat Kontorunun 27.07.04 tarixli 4ə-514 qüydiyyat nömrəli bəxşiş müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində 1011 nömrəli reyestr kitabının 99 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 26 noyabr 2018-ci il tarixli 01/2618 nömrəli arayışdan aydın olur ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 09 dekabr 2021-ci il tarixli 01/4572 nömrəli arayışlardan aydın olur ki, Məmmədov X3 şəhəri Şaxtanxtınski ev 25 ünvanında qeydiyyatdadır, lakin 2004-2006-cı ildən həmin ünvanda yaşamır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 09 dekabr 2021-ci il tarixli 01/4573 nömrəli arayışlardan aydın olur ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır, lakin 2004- 2006-cı ildən həmin ünvanda yaşamır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin yaranması vaxtını nəzərə alaraq hazırki mübahisəyə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə— bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə... 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2004-2006-cı ildən ünvan 4 ünvanında yaşamır. Məhkəmə cavabdehlərin qeyd edilən vaxtdan iddiaçının mülkiyyətində olan mənzildən köçüb getməsini daimi çıxıb getməsi kimi qiymətləndirir. Bu hal cavabdehlərin mübahisəli evdən istifadə hüququnun saxlanılmaması kimi qəbul edilməlidir. Buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Naxçıvan şəhəri, Şahtaxtınski küçəsi ev 25-də yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 29.09.2021-ci il tarixli 6213 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 5 ünvanında İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə yaşayış və istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 29.09.2021-ci il tarixli 6213 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar