Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1235/2021 17.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili X3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsinə hüququn itirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və nəvələri olan X7, X9 Naxçıvan şəhəri, Nizami 57, mənzil 38-ə hüquqlarının itirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, ünvan 1 ünvanında yerləşən bir otaqdan ibarət mənzilin mənzil kommunal təşkilatının orderi əsasında onun və mərhum həyat yoldaşının istifadəsinə verildiyini, həmin mənzildə yalnız özünün yaşadığını, övladlarının isə həmin evdə yaşamadıqlarını, başqa məntəqələrdə məskunlaşdıqlarını, lakin yaşadığı mənzilin pasport qeydiyyatında olduqlarını, mənzildə tənha yaşadığını, onların mənzilin qeydiyyatında olmalarına görə mənzili özəlləşdirə bilmədiyini və razılıq ərizəsi vermədiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, sözügedən evdə Kənanın ailəsi ilə yaşadığını, digərlərinin ailə qurub getdiyini, özlərinin yaşayış sahələrinin olduğunu, Raminin Bakı şəhəri, Xırdalan rayonunda ailəsi ilə təxminən 8 il olar yaşadığını, kirayədə qaldığını, Anarın Hövsanda ailəsi ilə 4 il olar kirayədə yaşadığını, Vüsalın ailəli olduğunu, həmin evdən çoxdan çıxdığını, qaynatasının evində qaldığını, digər cavabdehlərin onunla razılaşdığını, Vüsalın isə razılaşmadığını, cavabdehlərin yalnız qeydiyyatının olduğunu, həmin mənzilə ehtiyaclarının qalmadığını, onların qeydiyyatına görə əlavə vəsait xərclədiyini, nəvələrinin az yaşlı olduğunu, valideyinlərinin himayəsində yaşadıqlarını göstərərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və nəvələri olan X7, X9 Naxçıvan şəhəri, Nizami 57, mənzil 38-ə hüquqlarının itirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən X4 iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxış iclasında cavabdeh qismində izahat verən Cavabdeh2 iddianı qəbul etməyərək, evdən 2005-2006-cı illərdən çıxaraq kiralarda qaldığını, hazırda 2016-cı ildən qaynatasının evində ailəsi ilə yaşadığını, həmin evin onlara verilmədiyini, özlərinə ev əldə edənə qədər yaşadıqlarını, Raminin 2014-cü ildən, Anarın isə 2017-ci ildən Bakıda yaşadıqlarını, özünə aid mənzilin olmadığını, mübahisəli mənzildə qeydiyyatda olduğunu, qeydiyyata düşəcək mənzilin olmadığını, atası ilə qardaşı Kənanın həmin mənzildə yaşadığını, atasının adına mənzilin özəlləşdirilməsinə razılıq verdiyini, lakin qardaşının adına rəsmiləşdirilməsini istəmədiyini göstərərək qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Yaşayış-kommunal təşkilatının 106 nömrəli müvəqqəti orderinə əsasən, İddiaçı ünvan 2 ünvanında yerləşən 17.5 sahəyə malik mənzildə yerləşə bilər. Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsinin 197 nömrəli, 13 yanvar 2021-ci il tarixli arayışına əsasən, Naxçıvan şəhəri, Nizami 57, mənzil 38 ünvanında yaşayan İddiaçı öhdəsində aşağıdakı ailə üzvləri vardır:
1. Cavabdeh1 oğlu 1977-ci il təvəllüdlü;
2. X6 qızı 1980-ci il təvəllüdlü;
3. Cavabdeh2 oğlu 1983-cü il təvəllüdlü;
4. Cavabdeh3 oğlu 1987-ci il təvəllüdlü;
5. Cavabdeh4 oğlu 1996-cı il təvəllüdlü;
6. X13 nəvəsi 2011-ci il təvəllüdlü;
7. X15 nəvəsi 2016-cı il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsinin 88 nömrəli, 12 oktyabr 2021-ci il tarixli arayışına əsasən, ünvan 4 ünvanında qeydiyyatdadırlar:
1. Cavabdeh1 1977-ci il təvəllüdlü;
2. Cavabdeh2 1983-cü il təvəllüdlü;
3. Cavabdeh3 1987-ci il təvəllüdlü;
4. Cavabdeh4 1996-cı il təvəllüdlü. Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, İddiaçı istifadəsində olan ünvan 4 ünvanında yerləşən mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı nəvələri olan X7 və X9 istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddia İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilə Cavabdeh4 istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair hissədə rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən onların mübahisəli mənzilə ehtiyaclarının olmasına və iddiaçının onların mübahisəli mənzildən istifadəsini mümkünsüz etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus mübahisəli mənzilə ehtiyaclarının aradan qalxdığı və onların daimi olaraq başqa ünvanda yaşadıqlarıı müəyyən edilmişdir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzilə ehtiyaclarının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onların həmin mənzilə istifadə hüquqları itirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzilə ehtiyaclarının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onların həmin mənzilə istifadə hüquqlarının itirilməsi müəyyən edilə bilər. Cavabdeh4 isə haliyyədə ailəsi ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzildə yaşamaqda davam edir. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli 2890, 2891, 2892, 2893, 2894 və 2895 nömrəli arayışlardan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13 və X2 şəhəri, Nizami küçəsi, bina 57, mənzil 38 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar lakin həmin mənzilldə yaşamırlar, Cavabdeh4 isə ünvan 4 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşamaqda davam edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının müraciət etməkdə məqsədi ona order əsasında verilmiş evi özəlləşdirmək olmuşdur. Özəlləşdirilmənin həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməsi və müvafiq sənədlərin toplanılması üçün orderdə adı qeyd edilən lakin uzun müddətdir ki, həmin mənzildə yaşamayan şəxsin razılıq ərizəsi tələb edildiyindən iddiaçı istifadəsində olan mənzilin özəlləşdirilməsi hüququnu həyata keçirə bilməmişdir. İşin hallarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvü olaraq mübahisli mənzildə uzun müddətdir ki yaşamırlar. Bu hal iddiaçı tərəfindən bildirilməklə yanaşı digər Cavabdeh2 izahatında da qeyd edilmişdir. İzahatlardan aydın olur ki, cavabdehlər ailə quraraq getmiş, hazırda özlərinə yeni yaşayış yeri seçməklə yaşayırlar. Beləliklə, icarədarın ailə üzvü kimi cavabdehlərin yaşayış sahəsindən getməsi onların yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal cavabdehlərin mübahisəli yaşayış sahəsinə olan hüquqlarının saxlanılmaması kimi qəbul edilməlidir. Məhkəmə belə hesab edir ki, yetkinlik yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır, uşaqlar valideynin himayəsində, valideynlərlə bir ailədə yaşamaq hüququna malikdirlər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlərin uşaqları ilə birlikdə iddiaçının istifadəsində olan mənzildə yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdehlərin mənzilə olan hüquqlarının itirilməsi nəticəsinə gələrkən həmçinin qeyd edir ki, onların yaşayış sahəsinə olan ehtiyacını iddiaçının istifadəsində olan evindən istifadə etməklə qarşılamaq məcburiyyətində deyillər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, cavabdeh uzun müddətdir ki, özünə başqa yaşayış yeri seçməklə daim olaraq mübahisəli mənzildən getmişdir və sadəcə mənzilin orderində adının olması reallıqda mənzildən istifadə edən şəxsin mənzili özəlləşdirmək və onun üzərində sərəncam vermək kimi hüquqlarını həyata keçirməyə maneə yaratması ilə nəticələnir. İnsan hüquqlarının və X5 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. İddiaçı istifadəsində olan ünvan 4 ünvanında yerləşən mənzilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı nəvələri olan X7 və X9 istifadə hüquqları itirilmiş hesab edilsin. İddia İddiaçı istifadəsində olan ünvan 4 ünvanında yerləşən mənzilə Cavabdeh4 istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair hissədə rədd olunsun. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu özünə aid hesab edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.