Məhkəmə qərarları › İş №2(078)-1298/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1298/2025

26.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1298/2025 26.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkil və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Tuncay qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Tuncay qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2765 (iki min yeddi yüz altmış beş) manatın və iş üzrə ödəmiş olduğu 48 (qırx səkkiz) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Tuncay qızı iddia ərizəsində tələbini əsaslandıraraq qeyd etmişdir ki, o, Türkiyə Respublikası vətəndaşıdır. Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün MY0731947 nömrəli icazə vərəqəsi alaraq, ünvan 1 ünvanını kirayə ev tutub orada yaşayaraq müvəqqəti olaraq həmin ünvana qeydiyyata düşmüşdür. 06 dekabr 2022-ci il tarixdə Naxçıvan MR Dövlət Vergi Xidmətinə müraciət edib, VÖEN alaraq vergi ödəyicisi kimi Türkiyə Respublikasından mebel gətirib, "ELİT" Ticarət Mərkəzində satışı fəaliyyəti ilə məşğul olmuşdur. 18 sentyabr 2024-cü il tarixdə isə Cavabdeh mağazaya gəlib, 4500 manat dəyərində mebel sifarişi vermişdir. O, Türkiyədən həmin mebeli gətirmiş, aylıq 300 manat ödəmək şərtilə ona satmışdır. Ustalar mebeli aparıb Xalidəgilin evinə quraşdırandan 3-4 gün sonra Xalidə bildirmişdir ki, “mebelin şifonerinin yan tərəfində defekti var”. Özü də təmir etməsi üçün usta göndərmişdir. Lakin Xalidə buna razılıq verməmişdir. Buna görə də o, məcbur qalaraq 4500 manata ona satmış olduğu mebelin 500 manatını çıxmışdır. Qalan 4000 manatı ödəməli idi. Belə də razılaşmışlar. Xalidə ona 4 dəfəyə müəyyən məbləğlərlə cəmi birlikdə 1235 manat ödəniş etmiş, lakin 8 ay olar ki, ona qalan borcunu, 2765 (iki min yeddi yüz altmış beş) manatı birmənalı olaraq mebeldə olan balaca bir defektə görə qaytarmaq istəmir. Özünün həmin pula çox böyük ehtiyacı var. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi tam olaraq təmin edilməlidir. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə İddiaçı Tuncay qızına mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı Tuncay qızının vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə baxış iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə baxış iclaslarının keçirilməsini mümkün hesab etmişdir. 12 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı Tuncay qızı izahatında cavabdehin gəlib mebel aldığını, yoldaşı ilə birlikdə işlədiklərini, mağazanın özünün adına olduğunu, özünün malları olduğunu, mebeli apararkən yolda mebeldə problem olduğunu, mebeldə yaranan problem üçün 500 manat endirim edib aylıq pulu ödəmələrini dediyini, 8 aydır ödəniş edilmədiyini, özünün də pula ehtiyacı olduğunu, iddia ərizəsində hər şeyi qeyd etdiyini, qeyd etdiklərinin nəzərə alınmasını istədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında iddia ərizəsində göstərilənlərə əlavə olaraq cavabdehin qaynı ilə münasibəti olduğunu, zəng edib “xanımdır, məhkəməyə vermək istəmirəm, ödəniş etsin” dediyini, onunla razılaşdıqlarını, ancaq üzərindən bir müddət keçməyinə baxmayaraq, ödəniş olmadığını, iddiaçının müqavilə bağlandığını, lakin özünün heç bir hərəkət etmədiyini bildirib onu konsulluğa şikayət etdiyini, cavabdehin anasının gəlib “məhkəməyə verməyin, ödəniş olacaq” dediyini, anası getdikdən yarım saat sonra cavabdehin zəng edib “pulu ödəməyəcəm, hara müraciət edirsinizsə, edin” dediyini, ödənişin edilməməsinə əsas səbəbin satılan mebelin defektli olması olduğunu, iddiaçı tərəfin problemin aradan qaldırılması üçün usta göndərdiyini, lakin cavabdeh tərəfin buna imkan vermədiyini, 4500 manata satılan mebeldən defekt üçün 500 manat endirim etməklə, hər ay da 300 manat ödəniş edilməsi şərtilə razılıq olduğunu, ümumilikdə cavabdehin iddiaçıya 1235 manat ödəniş etdiyini, 4500 manatdan ona 3265 manat borcu qaldığını, iddia tələbi verilərkən borcdan 500 manat çıxıb tələb etdiklərini, lakin sonradan heç bir ödəniş olmadığı üçün hal-hazırda da məhkəməyə müraciət edilməsi zərurəti yarandığını, İddiaçı daima mağazada oturduğunu, sadəcə həmin vaxt xanımın mal almaq üçün getdiyini, o ərəfədə yoldaşı ilə alqı-satqı etdiklərini, mağazanın xanımın adına olduğunu, VÖEN-i də olduğunu, dəfələrlə usta aparıldığını, cavabdehin qəbul etmədiyini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının vəkili və nümayəndəsinin dediyi qaydada razılıq olmadığını, özünün həmişə mebelin probleminin aradan qaldırılmasını, ödənişi edəcəyini bildirdiyini, özünün evinə usta da gəlmədiyini, 500 manat endirim də olmadığını, özünün Rəhman Alagözlə alqı-satqı etdiyini, mebeli Elit mebeldən aldığını, özünün İddiaçıı görmədiyini, yazılı müqavilə bağlamadıqlarını, X4 Zuhalın yoldaşı olduğunu, 1 dəst yataq dəsti aldığını, aylıq 300 manata razılaşdıqlarını, 500 manat ilkin ödəniş etdiyini, defekti görmədiyini, 5-6 gün sonra görüb müraciət etdiyini, iddiaçının vəkili və nümayəndəsinin qaynı ilə danışdığını bildirdiyini, lakin danışdığı şəxsin özünün bacısının yoldaşı olduğunu, bacısının yoldaşının əşyanın şəklini Rəhman Alagözə göndərdiyini, onun da “narahat olmayın, düzəldəcəyik” dediyini, Rəhman Alagözün ona pula ehtiyacı olduğunu, düzələcəyini dediyini, sonra əlaqə saxlaya bilmədiyi üçün usta ilə danışdığını, onun da “mənə də borcları var, tapa bilmirəm” dediyini, özünün ödənişləri İddiaçı etdiyini, ona yazıb niyə ödəniş etmədiyini soruşduğunu, kart nömrəsi göndərib, ödənişi həmin karta ödəməyini dediyini, özünün də Rəhman Alagözə zəng edib kart nömrəsinə ödənişi göndərib-göndərməməyi soruşduğunu, onun da yoldaşı olduğunu, ödənişi həmin karta ödəməyini dediyini, kartda da İddiaçı adı çıxdığını, bir dəfə də ondan 50 manat borc istədiyini, özünün də kartında olan 35 manat pulu göndərib, borcundan çıxmağını bildirdiyini, bir dəfə evə usta göndərdiyini, ölçü aparıldığını, ümumilikdə 3265 manat borcu qaldığını, anasının, bacısının və bacısının yoldaşının yanında 500 manat ödəniş etdiyini, “dəyişdiriləcək” sözü ilə razılaşdığını, indi də dəyişdiyi halda pulunu ödəyəcəyəyini, balaca bir əşya olmadığını, böyük əşya olduğunu, onu özünün aparıb ona verməyinin mümkün olmadığını, mart ayı Rəhman Alagözün zəng edib “görüşək” dediyini, özünün də “sizi axtarırdım” dediyini, Türk məscidinin yanında görüşdüklərini, “gəl malını götür” dediyini, “mənə icazə ver, malı qoyacaq yerim yoxdur, gəlib götürəcəyəm” dediyini, yenə razılaşdığını, iddiaçının qeyd etdiklərinin yalan olduğunu, özünün İddiaçı dəfələrlə ona səs atdığını, səsə qulaq asmadan “Allah bəlanı versin” yazdığını, pula görə yalan danışmağın düzgün olmadığını, özünün o pulu ödəyəcəyini, 500 manat endirim edəcəyini indi dediyini, 4500 manata aldığını, 500 manat ilkin ödəniş etdiyini, 300, 300, 200 və 35 manat olmaqla ödənişlər etdiyini, ümumilikdə iddiaçıya 1235 manat ödəniş etdiyini, 4500 manatdan ona 3265 manat borcu qaldığını, iddia tələbi verilərkən borcdan 500 manat çıxıb tələb etdiklərini, ancaq özünün ona razı olmadığını, 1 ildir həmin əşyanın evində olduğunu, istifadə etdiyini, kiminsə pulunu yemədiyini, müştərinin hər zaman haqlı olduğunu, əşyanı aldığını, defektli çıxdığını, gəlib onu düzəltməsini istədiyini, Şahin adlı ustanın zəng etdiyini, həmin vaxtı səhhəti ilə əlaqədar Naxçıvanda olmadığını, “şəklini atım baxın” dediyini, şəklinə baxdıqdan sonra düzəldilə biləcəyini, lakin rənginin fərqlənəciyini bildirdiyini, özünün də rəngi fərqlənəcəyi üçün razılaşmadığını, əşyanın düzəldilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı ifadə verən şahid X2 ifadəsində özünün cavabdehin bacısının yoldaşı olduğunu, alqı-satqının Rəhman Alagözlə edildiyini, dəfələrlə Rəhmanın yanına getdiyini, alınan əşyada olan defekt məsələsini necə həll edəcəklərini soruşduğunu, “2 günə mal gəlir, düzələcək” dediyini, 4 dəfə onları aldatdığını, Əli usta olduğunu, onun da şahid kimi gələcəyini, lakin onun susdurulduğunu, gəlmədiyini, İddiaçıla heç bir alış-veriş edilmədiyini, iddia ərizəsində ustaların gəlib baxdığının deyildiyini, elə şey olmadığını, heç bir ustanın baxmaq üçün gəlmədiyini, sadəcə Şahin adında ustanın zəng edib, mebelə baxmaq üçün gəlmək istədiyini bildirdiyini, özlərinin də Bakıda olduqlarını dediklərini, cavabdehlə bir həyətdə yaşadıqlarını mebelin qiymətindən, 500 manat düşmədiklərini, elə bir təklif edilmədiyini, ona görə də hər hansı razılaşma olmadığını, özlərinin Zuhalın üzünü görmədiklərini, Rəhmanın sözünə əməl etmədiyini, sonra da çıxıb getdiyini, mağazasını boşaltdığını bildirdi. Məhkəmə iclası zamanı ifadə verən Şahid ifadəsində mebeli özünün aparıb cavabdehin evində qurduğunu, mebeli satanın İddiaçı xanımın yoldaşı olduğunu, zəng edib mebeldə defekt olduğunu dediyini, Rəhman bəyin isə “qalsın, sonra çarəsinə baxarıq” dediyini, 2-3 gün sonra Xalidə xanımın zəng edib mebeldə defekt olduğunu dediyini, özünün də usta olduğunu, özünün edə biləcəyi heç nə olmadığını bildirdiyini, sonra Xalidə xanımın Rəhman bəylə danışdığını, onun da dəyişiləcəyini bildirdiyni, normalda 2-3 gün sonra deyiləndə dəyişilməli olduğunu, ancaq bildiyinə görə hələ də dəyişilmədiyini, bir dəfə də özünün gedib mebelə baxıb ölçünü verdiyini, ancaq dediyi kimi dəyişiklik olmadığını, bir dəfə də Xalidə xanımın zəng edib “pulu ödəmək istəyirəm, məni bloka atırlar” dediyini, özünün də usta olduğunu, iş olanda onların ona dediyini, məlumatı olmadığını bildirdiyini, onu evə mebelin ölçüsünü götürməyə mebeli satanın göndərdiyini, əgər öz materiallarından tapılsa, defekt olan hissəni dəyişməyin mümkün olduğunu, özünün bunu xanıma da dediyini, Naxçıvan ərazisində həmin defektli hissənin dəyişilməyinin 150-200 manat xərc tutacağını bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, həmin izahat və ifadələri iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında şifahi alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Həmin Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasındakı razılaşmaya əsasən iddiaçı cavabdehə dəyəri 4500 (dörd min beş yüz) manat olan mebel verməyi, cavabdeh isə həmin əşyanın dəyərini hissə-hissə ayda 300 manat olmaqla iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qeyd olunan mebeli vermiş, cavabdeh həmin əşyanın dəyəri olan 4500 (dörd min beş yüz) manat pulu ödəməyi öhdəsinə götürmüş, 1235 (bir min iki yüz otuz beş) manat ödəniş etmiş, 3265 (üç min iki yüz altmış beş) manat borcu qalmış, verilmiş mebel qüsurlu olduğundan iddiaçı tərəfindən həmin borcdan 500 (beş yüz) manat çıxılmış və cavabdehin ödəməli olduğu ümumilikdə 2765 (iki min yeddi yüz altmış beş) manat borcu qalmışdır. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasındakı razılaşmaya əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində mebeli cavabdehə təhvil verməyi, cavabdeh isə həmin razılaşmaya əsasən həmin əşyanın dəyərini iddiaçıya ödəməyi öz öhdələrinə götürmüşlər. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan əşyanı cavabdehə təhvil vermiş, cavabdeh isə tərəflər arasındakı razılaşma üzrə müəyyən olunmuş şərtlər daxilində əşyanı əldə etməsinə, həmin əşyanın dəyərini iddiaçıya ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin mebelin dəyərini tam olaraq ödəməkdən yayınmışdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının cavabdehlə aralarında olan şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş üzrə tərəflərin izahatları və məhkəmə iclasında dindirilən şahidlərin ifadələri ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı şifahi alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin satılan mebelin qüsurlu olması ilə bağlı istinadlarını qiymətləndirərək qeyd edir ki, bu hal özlüyündə cavabdehi alqı-satqı müqaviləsindən irəli gələn pul öhdəliyinin icrasından azad etmir. Belə ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, cavabdeh pulu ödəməməsinin səbəbi qismində mebelin defektli olmasını bildirir. Lakin aparılan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mebel yəni satılan əşya qüsurlu olsa da cavabdeh həmin əşyanı qəbul etmiş, uzun müddətdir həmin əşyadan istifadə edir. İddiaçı isə əşyanın qüsurunu aradan qaldırmaq istəmiş, lakin rəng fərqi olacağı üçün bu hal cavabdeh tərəfindən qəbul edilməmiş, nəticədə iddiaçı tərəfindən qeyd edilən qüsur üçün əşyanın dəyərindən 500 manat çıxılmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən hal yəni 500 manat məbləğində pulun qalan borcdan çıxılması əşyanın qüsurunun aradan qaldırılması üçün iddiaçı tərəfindən nəzərə alındığından, cavabdeh isə həmin qüsurun olduğunu bilə-bilə əşyadan istifadəyə davam etdiyindən qeyd edilən əşyanı qəbul etmiş sayılır. İddiaçı tərəfindən isə 500 manat məbləğində pul çıxılması qeyd edilə qüsurun aradan qaldırılması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında dindirilən Şahid ifadəsində Naxçıvan ərazisində həmin defektli hissənin dəyişilməyinin 150-200 manat xərc tutacağını bildirmişdir. Məhkəmə həmin şahidin mebel ustası olmasını nəzərə alaraq belə hesab edir ki, həqiqətən də şahidin bildirdiyi məbləğ nəzərə alınmaqla iddiaçı tərəfindən ümumi borcdan çıxılan 500 manat məbləğin həmin qüsuru aradan qaldırmağa kifayət edəcəyi qənaətinə gəlinməyə əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: -587.1.1. alış qiymətinin mütənasib azaldılması; -587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; -587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinin tələbindən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən satış qiyməti əşyanın qüsuruna mütənasib azaldılmış, cavabdeh isə həmin əşyadan istifadə etməyə davam etməklə əslində qüsura görə satış qiymətinin azaldılması ilə razılaşmış və bunu qəbul etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən satıcıya qarşı bu günə qədər hər hansı bir tələb irəli sürülməməsi də həmin qiymətin azaldılması ilə razılaşdığını təsdiq edir. Ona görə də cavabdeh tərəfindən qalan borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini əsaslı sayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 48 (qırx səkkiz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin edilməli; - 2765 (iki min yeddi yüz altmış beş) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı Tuncay qızına ödənilməli; - 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı Tuncay qızına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 2765 (iki min yeddi yüz altmış beş) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı Tuncay qızına ödənilsin. 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı Tuncay qızına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar